Azərbaycan Avropa Birliyi ilə niyə Assosiativ saziş imzalamır?

Azərbaycan Avropa Birliyi ilə niyə Assosiativ saziş imzalamır?

Əvəz Həsənov: “Assosiativ sazişi imzalasaydıq, Rusiya bizə heç vaxt öz orbitindən asanlıqla çıxmağa imkan verməzdi”

“Hökumətin hərtərəfli sazişə getmək strategiyasının arxasında bölgənin güc mərkəzlərinin fikirlərini nəzərə alması durur”

2017-ci ilin fevral ayından Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar gedir ki, artır sazişin 90 faizindən çoxu ilə bağlı razılığa gəldiyi bildirilir. Görünür, razılaşdırılmayan məsələlərin müzakirəsi vaxt tələb edir. O baxımdan, may ayında sazişin bağlanmaması ehtimalı var. Çünki danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyi gözlənilir.

Mayın 13-14-də isə Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək. Bu sammitdə də Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldava Avropa İttifaqı ilə Assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb, Azərbaycan da hərtərəfli saziş imzlamağa hazırlaşır.

Əslində, bu sazişlərin mahiyyəti ictimaiyyətə açıqlanmalıdır. Maraqlıdır ki, Assosiativ saziş ilə hərtərəfli sazişin fərqi nədir və niyə Azərbaycan Avropa Birliyi ilə Assosiativ saziş imzalamır?

“Hürriyyət”in bu və digər suallarını Avropa İttifaqının “Şərq Tərədaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov cavablandırdı:

Картинки по запросу Əvəz Həsənov

- Assosiativ razılaşma Avropa İttifaqının “Şərq Tərəfdaşlıq” proqramı ilə tam hüquqlu əməkdaşlığı nəzərdə tutur. Onun əsas şərtlərindən biri ondan ibarətdir ki, ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olmalıdır, ölkə ilə iqtisadi əməkdaşlıq xaricində müqavilələr imzalanmalıdır, ölkənin gömrük, sərhəd idarə olunma isistemi, böyük korporasiyaların ölkəyə gəlişi və ölkədə iş qurması şəffaf olmalıdır, hamısı Avropa İttifaqının tələblərinə uyğun təşkil olunmalıdır. Təbii ki, “Şərq Tərəfdaşlığı” proqramı yaranan vaxtdan 6 ölkəyə eyni cür yanaşılırdı və heç bir ayrı-seçkilik yox idi. Onlar fikirlərşirdilər ki, həm Avropa Birliyinin iqtisadiyatı, həm də həmin ölkələrin iqtisadiyyatı üçün bu Assosiativ razılaşma imzlandıqdan sonra çoxlu sərfəli iqtisadi təkliflər ola biləcək. Xüsusən həmin “Şərq Tərəfdaşlığı” ölkələrinin məhsullarının Avropa bazarlarına çıxışı istiqamətində çox ciddi addımlar atılmalıydı. Bu prosesin özü gecikib. Baxmayaraq ki, bu gün Ukrayna, Gürcüstan, Moldova “Şərq Tərəfdaşlığı” proqramı ilə Assosiativ razılaşmanı imzalayıblar, ancaq onların özündə belə, o proses çox uzun gedir. Demək olmaz ki, bu gün Assosiativ razılaşmanı imzalayan ölkə ilə hərtərəfli əməkdaşlıq razılaşmasını imzalayan ölkə arasında ciddi bir fərq var. Elə bir ciddi fərq yoxdur. Çünki prosesin özü çox ləng gedir. Yəni “Şərq Tərəfdaşlığı” proqramının özünə inamın azalması ölkədə ciddi problemə çevrilir. Məsələn, Ermənistanla hərtərəfli əməkdaşlıq haqqında razılaşma imzalanıb. Azərbaycan bunu bir az fərqli görmək istəyir. Azərbaycan strateji əməkdaşlıq haqqında razılıq imzalamaq istəyir. Təxminən Avropa ittifaqının Rusiya ilə imzaladığı razılaşmaya yaxın bir razılaşma nəzərdə tutulur. Çünki Azərbaycan yeganə “Şərq Tərəfdaşlığı” proqramı ölkəsidir ki, Avropa Birliyi ilə razılaşma imzalamaqla yanaşı, eyni zamanda enerji təhlükəsizliyi ilə bağlı Avropa İttifaqı ilə ayrıca sənəd imzalayıb. Yəni Avropanın enerji təhlükəsiziliyi prosesində Azərbaycanın üstün rolunu və eyni zamanda öhdəliklərini göstərir. Ona görə bizim sənədimiz Ermənistanın sənədindən fərqli olacaq.

- Ermənistanın sənədində əsas nəyə önəm verilir?

- Ermənistanın sənədində əsas önəm verilən istiqamətlər islahatların aparılması, yaxşı idarəetmə, insan hüquqları sahəsində islahatların aparılması əsas elementlərdən biridir. Baxmayaraq ki, hər iki dövlət “Şərq Tərəfdaşlığı” proqramı readmissiya sazişini bağlayıb, amma Ermənistanın readmissiya sazişinin icrası da tam anlaşılan deyil. Dağlıq Qarabağ məsələsi ilə bağlı Ermənistanla imzalanan müqavilədə xüsusi bənd göstərilmişdi ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Ermənistan Respublikasının səylərinin artırılması, ATƏT-in Minsk Qrpunun bu səylərin artırılmasında iştirakı, yəni tam müəyyən olunmayan bir maddə göstərilmişdi. Ola bilsin ki, bizim sənəddə də Azərbaycanın ərazi bütövlüyünün qorunması və millətlərin müqəddaratı məsələləri, ATƏT-in Minsk Qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərinin dəstəklənməsi kimi oxşar bir bənd olsun. Bizdə əsas üstünlük məhz eneji təhlükəsizliyi və Azərbaycanın tranzit roluna önəm verilməsindən gedir. Baxmayaraq ki, biz readmissiya sazişini imzalamışıq, ancaq Azərbaycanın hələ bu readmissiya sazişinin icrasında da müəyyən irəliləyişləri o qədər deyil. Çünki Azərbaycandan kənarda mühacirətdə olan çoxlu insanlar və yaxud Azərbaycandan tranzit bölgə kimi istifadə gedən əcnəbilər var, onların da taleyi, ölkəyə qaytarılması ilə bağlı qaydalar tam müəyyən olunmayıb. Məsələn, Azərbaycan məhsullarının Avropa bazarlarına çıxarılması məsələsi də tam həll olunmayıb. Avropa Birliyi təxminən 5 min adda məhsulun Avropa bazarına çıxarılması ilə bağlı ölkələrlə razılaşmaya gələ bilər. Bunlar hamısı hələ tam aydın deyil.

- Sizin fikirlərinizdən belə aydın olur ki, bu saziş çərçivəsində Azərbaycan ancaq enerji təhlükəsizliyinə diqqət yetirir. Bəs, insan hüquq və azadlıqları, siyasi məhbuslar məsələsi sazişdə əhatə olunmur?

- Onların hamısı var, mən demədim ki, onlar yoxdur. Sadəcə, qırmızı xətt bizim razılaşmamızda enerji təhlükəsiziliyidir. Ancaq Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramının 4 əsas prinsipi var, onların heç birini kənara atmayıb. Yəni birinci əsas bənd insan hüquqları, demokratiya və yaxşı idarəetmə ilə bağlı bənddir. Mən də Avropa Birliyinin əməkdaşları ilə görüşlərimdə onlar etiraf edirlər ki, heç kim o bəndi razılaşmadan çıxarda bilməz. Ümumiyyətlə, bu barədə söhbət gedə bilməz. Ancaq dediyim kimi, əsas qırmızı xətt enerji təhlükəsizliyidir. Yəni bu, həm Azərbaycan, həm də Avropa Birliyi üçün önəmlidir. Ona görə, bəzən Avropa Birliyini ittiham edirlər ki, Azərbaycanla bağlı müqavilənin imzalanmasında insan hüquqları və demokratiya sahəsində islahatları enerji təhlükəsizliyinə qurban veriblər. Ancaq bu, belə deyil. Çünki Avropa Birliyi çoxplanlı şəkildə bu prosesi idarə edir və sənəd üzə çıxanda görəcəyik ki, heç də Ermənistandakı ümumi sənəddən, xüsusən onun birinci hissəsindən çox da fərqlənə bilməz. Bizim sənddə də demokratiya, insan hüquq və azadlıqları ilə bağlı müddəalar var.

- Maraqlıdır ki, Gürcüstan, Moldava, Ukrayna Assosiativ sazişi imzalayırsa, Azərbaycan niyə imzalamır? Bunu Azərbaycan, yoxsa Avropa İttifaqı istəmir?

- Düzü, Assosiativ saziş çox riskli idi. Bu gün Gürcüstanın, Ukraynanın taleyi və yaxud Moldavadakı proseslər onu göstərir ki, Assosiativ sazişi imzalamaqla ölkənin birbaşa Rusiyanın zərbəsi altına qoydular. Mən “Şərq Tərəfdaşlığı” proqramına qoşulanda fikirləşmirdim ki, Azərbaycan Assosiativ razılaşmanı imzalayacaq. Çünki bu, ölkənin hələ tam maraqlarına uyğun deyil. Ona görə ki, bizim həll olunmamış konfliktimiz var. Eyni zamanda Azərbaycanın hələ bəlli olmayan siyasi yönümü var. Bunlar hamısı çox çətin idi. Tutaq ki, biz 3-4 il bundan əvvəl Assosiativ sazişi imzalasaydıq, Rusiya bizə heç vaxt öz orbitindən asanlıqla çıxmağa imkan verməzdi. Ona görə, bu proseslər gecikdi. Gördüyünz kimi, Ermənistanda da Assosiativ razılaşma imzalamaq haqqında Sərksiyan hökuməti o vaxtı razılaşmışdı, ancaq bir gecənin içində Rusiya bunun qarşısını aldı. Bizdə də eyni proseslər ola bilərdi. Yəni hökumətin hərtərəfli sazişə getmək strategiyasının arxasında müəyyən qədər bu bölgənin güc mərkəzlərinin fikirlərini nəzərə alması durur. İndi Assosiativ sazişin tam olaraq konturları işləmədiyi üçün də ciddi bir proses görsənmir. Məsələn, Belarusiya heç bir sazişi imzalamağa tələsmir. Ancaq Avropa Birliyi Belarusiya ilə əməkdaşlığı dayandırmır, əksinə bu saat Belarusiyaya çox ciddi dəstək göstərirlər. Halbuki, Belarusiya nə Asosiattiv sazişi, nə də hərtərəfli razılaşmanı imzalayır. Orada heç bir proses getmir. Ancaq orada yenə də Avropa Birliyi öz maraqları daxilində Belarusiyanı tələsdirmir. Bizdə də tələsməməyin məntiqi əsası bu idi. Bu, bizə Rusiya ilə gərginlik yaratmaqda qorxulu idi. Biz qorxurduq ki, gərginlik yaranacaq. Təbii ki, belə də ola bilərdi.

- Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov dünənki açıqlamasında deyib ki, sazişin imzalanması ilə münasibətlər növbəti mərhələyə keçəcək. Növbəti mərhələyə keçəcək deyəndə S. Səmədov gələcəkdə Assosiativ sazişin imzalanacağını nəzərdə tutur?

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA