Azərbaycan bayrağını təhqir edən məktəb direktoru haqda SENSASİON FAKTLAR - ASTARADAN ŞİKAYƏT

Azərbaycan bayrağını təhqir edən məktəb direktoru haqda SENSASİON FAKTLAR - ASTARADAN ŞİKAYƏT

Ötən ayın sonunda Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin direktorunun Azərbaycan bayrağına hörmətsizlik etdiyi haqda mətbuatda məlumat yayılmışdı. Belə ki, məktəbin direktoru Həsənova Maya Əliməmməd qızı binanın üzərindən asılan bayrağın dalğalanmasının qarşısını almaq üçün onu 3 yerdən bağlamışdı. Buna valideynlər etiraz etsə də, Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Qanununa zidd olaraq, direktor onlara əhəmiyyət verməmişdi…
Qeyd edək ki, sözügedən qanuna əsasən, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikasının ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının Dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Qanunda həmçinin qeyd olunur ki, dərs ilinin birinci günü təhsil müəssisələrində Azərbaycan Respublikasının Dövlət bayrağı qaldırılır (asılır) və ya yerləşdirilir. Azərbaycan Respublikasının Dövlət bayrağı ya bayraq dirəyi, ya da xüsusi tutqaclara bərkidilən dəstək üzərində qaldırılır. Azərbaycan Respublikasının Dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı üç metr hündürlükdə olsun.
Astara rayon Ziya Bünyadov adına 2 saylı tam orta məktəbin direktorunun dövlət bayrağımızı 3 yerdən bağlaması isə mətbuatla yanaşı, sosial şəbəkələrdə də geniş etiraz doğurmuş, hətta onun ünvanına kəskin ifadələr işlədilmişdi.

“Direktorun sağlamlığı yerində deyil, yaddaşı tez-tez itir…”

Hurriyyet.org-un əldə etdiyi məlumata əsasən, direktor Maya Həsənova bu biabırçı hadisədən nəticə çıxarmaq əvəzinə, bayrağın təhqir olunmasına etiraz edən valideyn və müəllimlərdən qisas almaq qərarına gəlib.
Bu haqda məlumat verən mənbə deyir ki, ümumiyyətlə, pensiya yaşını keçən Maya Həsənovanın sağlıq durumunda problem var: “Direktorun sağlamlığı yerində deyil, sərbəst hərəkət edə bilmir, axsaya-axsaya yeriyir, yaddaşı tez-tez itir. Bu səbəbdən də çox vaxt dərslərini başqa müəllimlər keçir, amma onun adı gedir. Kimyadan uşaqlara dərs deyir, amma dərsi izah etmir. Yəni dərs başlayandan qurtaranadək sinifdə oturur, şagirdlərə heç bir dərsi izah etmir”.
2 saylı məktəbin müəllimləri deyir ki, dəfələrlə Təhsil Nazirliyindən məktəbə nümayəndə gəlsə də, heç birində onların xəbəri olmayıb: “Nazirlikdən bir neçə dəfə nümayəndə gəlib, bundan bizim xəbərimiz olmayıb. Çünki direktor bizdən gizlədir”.

“Direktorun əvəzinə katibəsi imza atır və möhür vurur”

Məlumata əsasən, məktəbdə direktorun qol çəkməli olduğu sənədlərə çox vaxt onun əvəzinə katibəsi imza atır və möhür vurur: “Halbuki direktorun möhürü altında katibənin imza atması tamamilə qanunsuzluqdur”.
Mənbə deyir ki, Ziya Bünyadov adına 2 saylı orta məktəb 2016-cı ildə “tam təmir olunub” adı altında təhvil verilsə də, hələ də idman zalı və akt zalı təmirsizdir: “Prezidentin ehtiyat fondundan məktəbin təmirinə 2,5 milyon manat pul ayrılmışdı. 2016-cı ilin 15 sentyabrında məktəb “tam təmirli” adı ilə təhvil verildi. Rəsmi saytlarda da bu haqda məlumat gedib. Amma məktəbin idman meydançası hələ də təmirsizdir. İstilik sistemi yarıtmaz vəziyyətdədir. Akt zalında isə oturacaqlar quraşdırılmayıb”.

“Saxtakarlıq yolu ilə “ilin ən yaxşı məktəbi” seçildi”

Mənbə bu təhsil ocağının “ilin ən yaxşı məktəbi” seçilməsinin də saxtakarlıq nəticəsində mümkün olduğunu deyir: “Buraxılış imtahanında bütün şagirdlərə şərait yaratmışdılar ki, hamı bir-birindən köçürsün. Ən zəif oxuyan uşaqlar belə, “4”, “5” qiymətlər almışdılar. Bu səbəbdən də məktəbə 10 000 manat qrant ayırdılar. Hansı ki, bu pulun da çox hissəsi məktəbin infrastrukturuna sərf olunmalı idi. Amma o puldan məktəb üçün yalnız 1 printer alındı. Qalan pul hara sərf olundu, kim tərəfindən yeyildi, məlum deyil”.

“Həqiqətən də direktor bayrağı üç yerindən bağlamışdı”

Bildirilir ki, məlum bayraq qalmaqalından sonra direktor M.Həsənova müəllimləri toplayaraq iclas keçirib və kimsənin ona bata bilməyəcəyini deyib: “”Azadlıq” radiosu direktorun bayrağı təhqir etməsi ilə bağlı məqalə vermişdi. Həqiqətən də direktor bayrağı üç yerindən bağlamışdı. Bu yazı Facebook-da paylaşılmışdı və insanlar öz rəylərini bildirmişdilər. Həmin rəy yazanlardan biri də müəllimlərdən birinin həyat yoldaşı olub. Direktor müəllimlərin vəsiqələrini yığıb ki, guya həmin şəxs bütün müəllimləri təhqir edib, onların adından prokurorluğa müraciət etmişdir. Halbuki, sosial şəbəkələrdə müəllimlər haqqında heç bir fikir yox idi, hər kəs direktoru tənqid etmişdi. Amma direktorun özü şikayət etmədi.
Ötən 5-ci gün direktor müəllimləri toplayaraq bildirib ki, kimin nə etməsindən asılı olmayaraq 70 yaşına qədər bu vəzifədə çalışacaq. Hətta o, kimlərəsə acıq verirmiş kimi, məktəbin ona məxsus olduğunu, özəlləşdirəcəyini və 2 ildən sonra öz adını daşıyacağını deyib”.


“Bütün qohum-əqrabası bu məktəbdə çalışır”

Məlumata əsasən, direktorun 70 yaşlı bacısı və çoxsaylı qohumları da bu məktəbdə çalışır: “Bütün qohum-əqrabası bu məktəbdə çalışır. Məsələn, 70 yaşlı bacısını, gəlinini, qardaşı uşaqlarını, gəlininin qohumlarını, hətta 2-ci dərəcəli qohumlarını da orada yerləşdirib. Məsələn, təkcə 6 nəfər ibtidai sinif müəllimi, eləcə də digər müəllimlərin əksəriyyəti onun qohumudur. Məktəbi şəxsi təssərrüfatı kimi idarə edir. Pensiya yaşı keçsə də, rayon Təhsil Şöbəsi onu himayə edir. Bu, ancaq o halda ola bilər ki, həmin məktəbin özündə direktorluğa namizəd yoxdur. Halbuki, kifayət qədər cavan kadr var, lakin onların qabağını kəsirlər, Maya xanımla müqaviləni hər il uzadırlar. Onu birbaşa rayon Təhsil Şöbəsinin müdirəsi Qızbəs Məmmədova himayə edir”.
Mənbə deyir ki, bu gün – dekabrın 26-da direktorun qanunsuz əməlləri ilə bağlı məhkəmə prosesi keçiriləcək: “Dekabrın 26-da məhkəmə prosesi keçiriləcək. Məhkəmə qərar verməlidir və biz istəyirik ki, rayon Təhsil Şöbəsinə də cinayət işi açılsın”.

Hurriyyet.org

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Loading...

QALEREYA