Azərbaycan beynəlxalq aləmdə: qlobal dəyişikliklər və prioritetlər

Azərbaycan beynəlxalq aləmdə: qlobal dəyişikliklər və prioritetlər

Hər bir suveren dövlət beynəlxalq münasibətlərin subyekti kimi, özünün xarici siyasətini həyata keçirir. Bu siyasət sosial-iqtisadi və ictimai-siyasi inkişafın səviyyələri, coğrafi mövqe, milli-tarixi ənənələr, suverenliyin və təhlükəsizliyin təmin edilməsi məqsədləri ilə müəyyən edilir. Bu amillər xarici siyasət prizmasından milli maraqlar konsepsiyasında cəmləşir. Milli maraqlar bir çox amillərin - daxili və xarici, siyasi, iqtisadi, təbii, iqlim, ekoloji və texnogen amillərin təsiri altında formalaşır. Amerika siyasi realizminin müəllifi Hans Morgentaunun fikrincə, milli maraqlar dövlət tərəfindən müəyyən olunan elə uzunmüddətli standartlardır ki, onların əsasında siyasi qərarları və hərəkətləri mühakimə etmək və qiymətləndirmək olar.

Dövlətin milli maraqları düzgün hədəflərlə beynəlxalq birliyə doğru

Bütün dövrlərdə milli maraqların düzgün müəyyən edilməsində və onlara dönmədən riayət olunmasında uğurlu xarici siyasət xəttinin seçilməsi böyük rol oynayır. Dövlətin xarici siyasəti daxili siyasətin davamı, onun təzahürüdür. Xarici siyasət, ilk növbədə, milli dövlətin digər dövlətlərlə milli maraqların müdafiəsi uğrunda mübarizəsidir. Bu maraqlar suverenliyin vəhdət təşkil edən üçcəhətli konsepsiyasında - dövlət suverenliyi, milli suverenlik və xalq suverenliyində birləşmişdir.
Bu səbəbdən də dövlətdə birlik nə qədər möhkəm olarsa, dövlətin xarici siyasəti bir o qədər uğurlu olur. Bununla yanaşı, ümummilli maraqların formalaşdırılması mental ənənənin, tarixi təcrübənin mütləq nəzərə alınmasını tələb edir ki, bunun da dövlət tərəfindən yerinə yetirilməsi olduqca mürəkkəb, böyük zəhmət tələb edən məsələdir. Hər bir demokratik dövlətin xarici siyasəti rəsmi və qeyri-rəsmi institutların, vətəndaş cəmiyyəti təsisatlarının tələb və istəklərinin sintezi nəticəsində formalaşmış ümumi rəyə əsaslanır.
Milli maraqları ifadə edən bu umumi rəyin ardıcıl və davamlı fəaliyyət proqramına çevrilməsi, milli səviyyədə gerçəkləşdirilməsi və koordinasiyasını isə dövlət həyata keçirir. Azərbaycan dövlətinin müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya nümayiş etdirərək özünü doğruldan, ölkənin milli və dövlətçilik maraqlarının təmin olunmasına uğurla xidmət edən çoxvektorlu müstəqil xarici siyasəti özünün konseptual bazisinə malikdir.
Azərbaycanda həyata keçirilən, milli maraqların təmininə, beynəlxalq aləmlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa, tarazlığa və praqmatizmə əsaslanan xarici siyasət ümummilli liderin əsasını qoyduğu balanslaşdırılmış siyasi kursun varisliyini təmin etməklə yanaşı, müasir dünyanın geosiyasi gerçəkliklərinə maksimum adekvatlığı ilə cəlbedici olmuşdur. Rəsmi Bakı son illərdə də beynəlxalq hüquq prinsiplərindən çıxış edərək praqmatizmə, ədalətli və bərabər əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeritmiş, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiya nümayiş etdirmiş, ikitərəfli və çoxtərəfli əməkdaşlığa üstünlük vermişdir.
Bütün dövlətlərin suverenliyi, ərazi bütövlüyü və daxili işlərinə qarışmamaq Azərbaycanın başqa ölkələrlə qarşılıqlı əlaqələrində əsas prinsiplərdir. Ölkəmizin xarici siyasəti, ilk növbədə, onun ərazi bütövlüyünün və suverenliyinin tezliklə bərpa edilməsi, qonşu dövlətlərlə mehriban və qarşılıqlı surətdə faydalı münasibətlərin inkişaf etdirilməsi, yeni dünya nizamı çərçivəsində regional və qlobal proseslərdə ölkənin fəal iştirakının təmin edilməsi, regionda sabitliyin və təhlükəsizliyin gücləndirilməsi, Xəzər dənizi hövzəsinin demilitarizasiyası, Avropa və Transatlantik strukturlarına inteqrasiya məsələlərinə və s. yönəldilmişdir. Hazırda hansısa dövlətin müstəqil, güvənli xarici siyasət yeritməsi, milli maraqlarını beynəlxalq miqyasda qoruya bilməsi üçün əvvəllər əsas götürülən ərazi və əhali amilləri bugünkü reallıqda o qədər də aktual səslənmir. Ərazisinə və əhalisinin sayına görə iri dövlətlər kateqoriyasına daxil edilməyən, dünyanın zəngin karbohidrogen resurslarının cəmi bir faizinə malik olan Azərbaycan praqmatik diplomatiya yeritməklə, bölgədə və ümumən Avropa subregional məkanında layiqli yerini təmin etmişdir.

Qarabağ probleminin həlli yolunda qəti addımlar və milli hədəflər

Demokratik dəyərlərə, sosial-iqtisadi liberalizm xəttinə sadiq qalan rəsmi Bakı əlverişli coğrafi-siyasi yerləşməsindən, tranzit-kommunikasiya imkanlarından, fövqəlgüc dövlətlərinin strateji maraq dairəsində olmasından səmərəli bəhrələnməklə, hər bir konkret zaman, məkan və şərait çərçivəsində xarici siyasət hədəflərini müəyyənləşdirir. Son illər ərzində Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həlli, coğrafi baxımdan yaxın-uzaq dövlətlərlə, aparıcı beynəlxalq təşkilatlarla ikitərəfli və çoxtərəfli əməkdaşlıq münasibətlərinin dərinləşdirilməsi, respublikamızda həyata keçirilən mütərəqqi ruhlu islahatlar barədə dünya ictimaiyyətində obyektiv rəyin formalaşdırılması, sivil, ədalətli oyun qaydaları əsasında enerji resurslarının ixracı və diversifikasiyası prosesinin gerçəkləşdirilməsi xarici siyasətində diqqəti xüsusi çəkən prioritetlər olmuşdur.
Məhz bu diplomatik reallıqlar fonunda respublikamızın Avropa üçün geosiyasi və iqtisadi əhəmiyyəti daha da yüksəlmiş, avrostrukturlara inteqrasiya prosesi sürətlənmişdir. Azərbaycanın bölgədə artan rolunun yanlış olaraq respublikanın karbohidrogen ehtiyatları ilə əlaqələndirilməsi cəhdlərinə də rast gəlinir. Bu reallıq sanki unudulur ki, Qərb dövlətləri iqtisadi dirçəliş və demokratiya yolunda olmayan heç bir ölkə ilə davamlı, uzunmüddətli, qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri qurmamışdır. Bəzi dövlətlərin timsalında bunu əminliklə demək olar.
Azərbaycanla Avropa dövlətləri arasında qarşılıqlı səmərəli əməkdaşlıq da məhz xalqımızın sivil Qərb dəyərlərinə tolerant münasibət, habelə respublikamızda demokratik proseslərin dönməzliyinə olan inamdır. Siyasi sistemin xarakteri, cəmiyyətin liberal dəyərlərə adaptasiyası prosesi respublikamızın, eyni zamanda, beynəlxalq sülh və əməkdaşlıq mərkəzinə çevrilməsini şərtləndirir.

Bütövlükdə dünya siyasətində bütün siyasi qütblərin hesablaşdığı və rəğbət bəslədiyi fenomen siyasi liderə çevrilməsi də məhz bu reallıqlarla şərtlənir. "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı ölkəmizin necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Azərbaycanın mühüm taleyüklü xüsusiyyəti dünya və regional maraqların kəsişməsində yerləşməsidir. Ölkəmiz bir çox dövlətlər və nüfuzlu transmilli təşkilatların maraqlarının toqquşduğu mürəkkəb geosiyasi məkanda yerləşir. Çox vacib haldır ki, Azərbaycan dövləti bu gün dünya siyasətinin təhlükəli dəyişikliklərinin qarşısını almağa və konfliktogen situasiyaları müxtəlif siyasi sistemli ölkələrlə əməkdaşlıq məcrasına keçirməyə müvəffəq olmuşdur. Göstərilən xüsusiyyət xarici siyasətin çoxvektorluğunda təcəssümünü tapır.

Cənubi Qafqaz siyasətində beynəlxalq birlik və Azərbaycan

Azərbaycanın bir dövlət olaraq tarixilik, realizm, mənəvilik, mədəniyyəttutumlu müstəqillik millətin xarici siyasi mentallığı ilə təmin edilir. Dövlətimiz bunu uğurla əlaqələndirilmiş, ölkəmizin həyata keçirdiyi siyasət milli və bəşəri maraqların tarazlığı üzərində qurulmuşdur. Məhz buna görədir ki, Azərbaycan dövlətinin problemlərin siyasi həlli modeli bütün dövlətlərlə qarşılıqlı surətdə səmərəli əməkdaşlıq perspektivləri açır.

Azərbaycan nəinki Cənubi Qafqazda, bütövlükdə MDB və Avropa məkanında çox az sayda dövlətlərdən biridir. Ona görə də ABŞ, Rusiya, İran, İsrail kimi maraqları toqquşan dövlətlərlə bərabərhüquqlu, qarşılıqlı hörmətə, praktik əməkdaşlığa əsaslanan münasibətlər qurmağa nail olmuşdur. Azərbaycan geniş Xəzər və Qara dəniz bölgəsində baş verən strateji siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir regional liderə çevrilmişdir. Yalnız enerji istehsalçısı və ixracçısı kimi deyil, eyni zamanda, vacib tranzit ölkəsi kimi Azərbaycanın regionun mərkəzi oyunçusu olaraq imkanları getdikcə artır.
Azərbaycanın həyata keçirdiyi dəyərtutumlu və məqsədyönlü çoxvektorlu xarici siyasət, sözün tam mənasında, postsovet məkanı dövlətləri üçün model ola bilər. Çünki bu kurs milli maraqların, Azərbaycan dövlətinin maraqlarının maksimal təminatına yönəlmişdir və müasir beynəlxalq münasibətlərdə mövcud çağırış və təhdidlərə adekvat reaksiya kimi özünü uğurla doğruldur. Azərbaycanın həyata keçirilməkdə olan milli və dövlət maraqları ümumi inkişaf və tərəqqi, xalqın maddi rifahının yüksəldilməsi, Azərbaycanın dünyada mövqelərinin möhkəmləndirilməsi deməkdir.

Geoiqtisadi proseslər və dünyanın maraqları

Azərbaycan üçün digər önəmli məqam isə mövcud olduğu regionun inkişafının hərəkətverici qüvvəsinə çevrilməklə burada artıq tamamilə fərqli bir geosiyasi mənzərənin formalaşmasına yol açmasıdır. Xüsusən də reallaşması bilavasitə Azərbaycanın iştirakından asılı olan transregional layihələr dünya miqyasında Cənubi Qafqaza diqqətin artması ilə yanaşı, onun geosiyasi əhəmiyyətini artırmaqda, iqtisadi inkişafını sürətləndirməkdədir.
Bunlara misal olaraq Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərini misal göstərmək olar. Hazırda inşası üzərində iş gedən Bakı-Tbilisi-Qars dəmir yolu xətti də regionun əhəmiyyətini dünya miqyasında artırır. Perspektivdə Nabukko layihəsinin, bütövlükdə "Cənub dəhlizi"nin reallaşması, şübhəsiz ki, Azərbaycanın səyləri sayəsində Cənubi Qafqazın dünyanın siyasi, iqtisadi, o cümlədən enerji xəritəsində tutduğu mövqeyini xeyli dərəcədə gücləndirəcək, regionda təhlükəsizliyin və sabitliyin təminatına çevriləcəkdir.
Azərbaycan mühüm geoiqtisadi məkandır və bunun aktuallığı təkcə zəngin neft və qaz ehtiyatlarının olmasında, respublikamızdan keçən nəqliyyat arteriyalarında deyil, həm də Şərqi Avropa ölkələri ilə sıx iqtisadi əlaqələr qurulmasına imkan yaradacaq mühüm boru kəmərlərinin (Odessa-Brodı, Konstansa-Triyest) mövcudluğu və perspektivdə yeni boru kəmərlərinin çəkilməsi ilə şərtlənmişdir.
Bu, dünyada təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın iştirakı üçün təməl yaradır. Göründüyü kimi, Azərbaycanın geostrateji mövqeyi, neft və qaz ehtiyatları onu dünyada gedən geostrateji proseslərə böyük təsir potensialı olan dövlətə çevirib. Azərbaycanın milli mənafelərin təmin olunması üçün beynəlxalq əməkdaşlığın bütün imkanlarından istifadə edilməsinə yönəldilmiş fəal çoxvektorlu xarici siyasət yürütmək xətti getdikcə daha çox səmərə verməkdə, ölkəmizin dünya səviyyəsində əhəmiyyətini artırmaqda və həlledici söz sahiblərindən biri kimi mövqelərini gücləndirməkdədir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA