Azərbaycan Dilinin Orfoqrafiya lüğətinə "cüzi dəyişikliklər olub"

Azərbaycan Dilinin Orfoqrafiya lüğətinə "cüzi dəyişikliklər olub"

Azərbaycan Respublikası Nazirlər Kabineti "Azərbaycan dilinin Orfoqrafiya Normaları"nı təsdiq edib və yeni lüğətin bu ilin sentyabr ayında dərc ediləcəyi gözlənilir.

Dəyişikliklərlə bağlı BBC News Azərbaycancaya məlumat verən Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutunun şöbə müdiri Sevinc Əliyeva bildirib ki, Azərbaycan Dilinin Orfoqrafiya lüğətinə cüzi dəyişikliklər edilib.

"Təklif edilən bəzi dəyişikliklər qəbul edilmədi. Məsələn, "əsgər" sözünün "əskər" sözü ilə əvəz edilməsi, "alqı-satqı" sözünün "alğı-satqı" kimi yazılması təklifi qəbul edilmədi", Sevinc Əliyeva deyib.

O əlavə edib ki, yazılışda qoşa "y" hərfinin bir "y" ilə əvəzlənməsi təklifi də rədd edilib.

Lakin o, təsdiq edilən dəyişikliklərlə bağlı qeyd edib ki, bundan sonra Azərbaycan Respublikasının Baş naziri sözündə "nazir" böyük hərflə yazılacaq. Eyni qayda ilə Azərbaycan Respublikası Milli Məclisinin sədri sözündəki "sədr" sözü.

"Çünki bu vəzifələrdə bir nəfər təmsil olunur, yəni Baş nazir və ya Milli Məclisin sədri bir nəfər ola bilər. Lakin digər nazirlər və ya komitə sədrləri çox olduğuna görə, misal üçün, Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri sözündəki "nazir" kiçik hərflə yazılacaq", şöbə müdiri əlavə edib.

Mütəxəssis son günlər bu dəyişikliklərlə bağlı gedən müzakirələrə və fikir ayrılığına da toxunaraq bildirib ki, dilin dəyişməsi normal hadisədir. O qeyd edib ki, bir neçə illər bundan əvvəl azərbaycan dilindəki apostrof işarəsinin ləğvi "azərbaycan dilinə müsbət təsir edib və əlifbamızı asanlaşdırıb".

Sevinc Əliyeva həmçinin başqa dillərin azərbaycan dilinə təsiri mövzusuna da toxunub və bildirib ki, son vaxtlar azərbaycan dilinə türk dilinin təsiri müşahidə edilir və o, bir türkoloq kimi"buna görə təəssüf hissi keçirdiyini" deyib.

Lakin o bildirib ki, bu təsir subyektivdir və hesab edir ki, "türk dili azərbaycan dilinə təhlükə ola bilməz".

"Dilimizdə süni dəyişikliklərə ehtiyac yoxdur və bu təsir daimi olmayacaq", o vurğulayıb.

Sevinc Əliyeva bu cür süni təsirlərin qarşısının inzibati yollarla alınacağını bildirərək əlavə edib ki, bununla bağlı Dövlət Dil Komissiyasının nəzdində yeni Monitorinq Mərkəzi yaradılıb.

"Dil qaydalarının pozulmasına görə hüquqi şəxslərə qarşı cərimələr nəzərdə tutulub", Sevinc Əliyeva deyib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA