“Azərbaycan ekstremal həddən 10 dollar aralıqdadır” - Böhran təhlükəsi

“Azərbaycan ekstremal həddən 10 dollar aralıqdadır” - Böhran təhlükəsi

Rusiya Energetika naziri Aleksandr Novak barel neftin 50 dollara olmağını ədalətli qiymət adlandırıb. Nazirin sözlərinə görə, bir barel üçün 100 dollar kimi qiymətləri artıq unutmaq lazımdır.

Bəs verilən proqnozun gerçəkləşəcəyi təqdirdə Azərbaycanı nələr gözləyir?

İqtisadçı ekspert Akif Nəsirli mövzu ilə əlaqədar "Yeni Sabah"a açıqlamasında bu proqnozla razılaşmadığını bildirib:

“Hər hansısa bir energetika nazirinin qənaəti dünyada neftin qiymətini müəyyən etmir. Neftin qiymətində iqtisadi və son dövrlərdə siyasi amillər daha böyük rol oynayır. Neftin qiyməti nə vaxtsa 50 dollardan az da ola bilər. Dünyada siyasi proseslər kataklizm səviyyəsinə çatarsa, münaqişə və qarşıdurma artarsa, sonu iqtisadi böhranla nəticələnə bilər. Amma neftin qiyməti gələcəkdə 100 dollar da ola bilər, 150 dollar da. Neftin qiyməti tələb-təklifdən asılıdır, ona müxtəlif amillər təsir edir. Ona görə də “ədalətli qiymət” ifadəsi müasir dövrümüzə uyğun ifadə deyil".

Onun sözlərinə görə, son bir il üçün neftin qiyməti beynəlxalq ekspertlər tərəfindən 50-70 arası müəyyənləşib:

"Azərbaycan üçün neftin qiyməti nə qədər baha olsa, bu bir o qədər yaxşıdır. Çünki Azərbaycan büdcəsi birbaşa neftdən asılı büdcədir. Büdcəmizin 60-70%-dən çoxu təbii sərvət hesabına formalaşır. Bu da dünya standartlarından 2-3 dəfəyə qədər artıqdır. Dünyada normal büdcələrin 25%-dən çoxunu təbii sərvətdən formalaşmasına imkan verilmir. Belə yazılmamış qaydalar mövcuddur. İkinci bir tərəfdən bizim büdcəmiz idxaldan asılı büdcədir. Ona görə də biz daha çox valyuta ehtiyyatlarına ehtiyac duyuruq. Neftin qiymətinin 50 dollar olması Azərbaycan üçün müəyyən narahatlıqlar doğura bilər. Amma böhran həddi deyil. Azərbaycan üçün böhran həddi neftin 1 barrelinin 40 dollardan aşağı düşməsidir. Ekstremal həddən 10 dollar aralıqdayıq. Azərbaycanda problemi aradan qaldırmaq üçün hökümət ciddi addımlar atmalıdır. Ölkə bazar iqtisadiyyatına tam keçid etməlidir və büdcənin neftdən asılılığı aşağı salınmalıdır".