Azərbaycan gəncliyi uğrunda mübarizə - Və yaxud müasir gənclər niyə öz gələcəyi uğrunda mübarizədə silahsız qalıb?

  • 2019-03-07 12:44:05
  • |
  • Sosial /

Azərbaycan gəncliyi uğrunda mübarizə - Və yaxud müasir gənclər niyə öz gələcəyi uğrunda mübarizədə silahsız qalıb?

Azərbaycan gəncləri nə istəyir? Bu sual 28 illik müstəqillik dönəmimizdə, bu gün olduğu qədər heç bir zaman aktual olmamışdı. Ən əsası ona görə ki, bu gün Azərbaycanda gənclər istər say, istərsə də düşüncə və savad baxımından çoxşaxəli tərkibə malikdir. Belə demək mümkündürsə, müasir gənclərimiz müstəqil Azərbaycanın ortaya çıxardığı müstəqil düşüncəyə malik nəsildir. Bütün bunlarla yanaşı, bu günki gənclik Azərbaycan tarixində ciddi formada siyasiləşməyə məruz qalmış nəsildir. Bəs, bu sayasiləşmə meylləri Azərbaycan gəncinə nə vəd edir? Bax, bu, üzərində ciddi düşünülməli olan bir sualdır. Ən əsası ona görə ki, gələcək 20 ilimiz indiki özünü gəncliyin əllində olacaq. Dövlətimizin ərazi bütövlüyü, siyasi istiqaməti, diplomatiyası, mədəniyyəti məhz bu gənclərin çiyinlərinə yüklənəcək. Biz istəsək də, istəməsək də gələcəyimiz gənclərimizin ixtiyarındadır.

Mövcud siyasi sistemin mahiyyətinə haqq qazandırmadan qeyd etmək lazımdır ki, ənənəvi müxalifətin son 15 illik fəaliyyəti, daha doğrusu, uğursuzluğu gənclərin siyasiləşməsi sahəsində yaranmış problemin kökünü təşkil edir. İnsan hər bir şəraitdə öz bioloji keyfiyyətlərini göstərməyə qadir olan varlıqdır. Bu keyfiyyətlər içərisində bəlkə də həyat üçün ən vacib olanı insanın adaptasiya bacarığı, çətin şəraitlərə və mühitə uyğunlaşmasıdır. Təəssüflə qeyd etməliyik ki, Azərbaycan siyasi sistemi yeni gənclik üçün bəhs etdiyimiz “çətin şərait”, “çətin mühit” rolunu oynayıb və oynamaqda da davam edir. Çətinliklərdən danışarkən işsizlik, korrupsiya bataqlığı, məmur özbaşınalığı, maddi ehtiyac problemi, cəmiyyətin deqredasiyası, ideoloji boşluq kimi əsas cəhətləri qeyd etmək yerinə düşərdi. O cümlədən, illərdir davam edən nəticəsiz mitinqlər, müxalif qurumların öz daxilində baş verən fikir ayrılıqları və parçalanmalar, fəal gənclərin uzunmüddətli həbs olunmaları, çarəsiz məhbus valideynləri, siyasi sistemin hər cür hegemoniyasını öz üzərində hiss edən gənclik yeni şəraitə uyğunlaşmalı idi...

Etiraf etməliyik ki, bu gün Azərbaycan gənci ənənəvi müxalifətə də inanmır. Onun ideyaları və fikirləri üçün meydanlara çıxıb döyülməyi və ya həbs olunmağı ağıllı addım hesab eləmir. Çünki, artıq gəncliyimiz əksər müxalif partiya rəhbərlərindən fərqli olaraq, dünya hadisələrindən baş çıxaracaq dərəcədə təməl siyasi biliklərə malikdir.

Nəzərə alsaq ki, gəncliyimiz siyasi sistemə olan inamını da çoxdan itirib, deməli, Azərbaycan gənci öz müqəddəratını düşünməyə məcbur idi. Bunun nəticədir ki, bəzi gənclər üçün vətən, millət, dövlətçilik maraqları kimi məfhumlar sadəcə mücərrəd anlayışlardan başqa bir şey deyil. Məşhur psixolog Otto Kernbergin dediyi kimi, “həyatda qalmaq mübarizəsi aparan insandan hər hansı bir dəyərələrə malik olmasını gözləyə bilməzsiniz”. Məhz ona görə də, gənclərimiz fərdi mübarizə aparmağı seçir, lakin bu mübarizə siyasi sistemi, hakimiyyəti dəyişmək üçün deyil, onun pərdəsi altında öz həyatını daha da yaxşılaşdırmaq, siyasi mühacir ünvanı alaraq fikrində xarabaya çevrilmiş Azərbaycandan kənarda Almaniya, Kanada, Norveç kimi ölkələrdə nicat axtarmaqdır. Azərbaycan gənci içərisində yaşadığı vakuuma alternativ olaraq praqmatik düşüncələr formalaşdırmış və belə demək mümkünsə, öz azadlığı və istiqbalı uğrunda mübarizə aparmaq yolunu seçmişdir. Nə qədər çətin olsa da, bu məsələdə gənclərə haqq qazandırmamaq olmur.

Düşünürəm ki, hamımız - qocamız, yaşlımız, ahılımız, müxalif düşüncəlimiz, iqtidaryönlümüz əl-ələ verərək tək bir şeyi bacarmışıq: birlikdə Qarabağı geri qaytara, yaxud da Azərbaycanı inkişaf etmiş dövlətə çevirə bilməsək də gəncliyimizin, dolayısı ilə də gələcəyimizin taleyini qaraltmışıq. Bütün xarici təsirlərə açıq, müdafiəsiz və istifadə olunması asan olan bir nəsil formalaşmasına imkan yaratmışıq.

Ortada daha praqmatik, haqlı olaraq uğursuz cəmiyyətdə öz nicat yolunu tapmağa çalışan bir gənc nəsil varkən biz nə edirik? Ya da başqaları bizim əvəzimizə nə edir? Bunu anlamağın ən yaxşı yolu sosial şəbəkələrdə gənclərin fəaliyyətinə yaxından nəzər salmaqdır. Azərbaycan gəncliyi bu gün öz vaxtını siyasi mitinqdən daha çox hər hansı təlimdə və maarifləndirici seminarda keçirməyi üstün tutur. Gənclik özünü intellektual və asan sosiallaşa biləcəyi bir mühitdə daha yaxşı hiss edir. Azərbaycan gəncliyi artıq neçə ildir ki, uğursuzluqdan bezdiyini, naliyyətə olan aclığını açıq şəkildə hayqırır. İstədikləri keyfiyyətləri isə ancaq xüsusi təlimlərdə və mühazirələrdə, tələbə klublarında tapmağı bacarır.

İndi isə sualımızın xarakterini bir qədər də dəyişək. Azərbaycanda dövlətçiliyə xidmət edən, birbaşa dövlətin köməkliyi ilə gənclər üçün təşkil olunmuş hansı təlimləri tanıyırsız? Ağlınıza ciddi bir adların gəlmədiyini bilmək sadəcə olaraq çox üzücüdür.

Buna alternativ olaraq müxtəlif xarici ölkə səfirlikləri vasitəsilə maliyyələşdirilən “llderlik təlimləri”, psixoloji seminarlar, gender və təhsillə bağlı gənclərin rolunun, bilik və bacarıqlarının artırılması, jurnalistika təlimləri, hüquq təlimləri, kitab müzakirə klubları və adını çəkmədiyim neçə-neçə təlimlər gənclərimiz üçün göydəndüşmə dərəcdə mütərəqqi hadisələrdir. Bu təlimlərdə iştirakla Azərbaycan gənci pulsuz iştirak edəcəkləri təlimlər, universitetlərdə yaradılmayan müzakirə mühiti, sorğulamaq bacarıqlarının inkişafı, öz hüquq və azadlıqlarının dərk olunması, qarşılıqlı sosial ünsiyyət və gənclər arasında şəbəkələşmənin yaradılması, pulsuz dil kursları, xaricdə təhsil imkanları kimi şanslar əldə edir. Gənclərdə özlərinə və uğur qazanacaqlarına olan inam meydana gəlir. Bu, Azərbaycan gəncliyi üçün çox önəmli bir addımdır. Təbii ki, hər birimiz gənclərimizi daha uğurlu, daha bacarıqlı və aktiv görməkdən qürur duyuruq. Belə bir tədbirləri bizim dövlətimizin əvəzinə təşkil etdikləri üçün az qala xarici səfirliklərə minnətdar olmalıyıq, yoxsa yox?

İndi isə gözümüzü örtən uğur parıltılarına səbəb olan şəffaf toru kənara çəkərək, bir də hadisələrə reallıq prizmasından baxmağa çalışaq. Niyə soruşmuruq ki, Azərbaycan gəncinin inkişaf etməsi, liderlik keyfiyyətlənə malik olması, gender, təhsil kimi məsələlərdə söz sahibi olması, öz azadlığını hüquqlarını dərk etməsi kimə sərf edir? Xarici səfirliyin Azərbaycan gəncliyi niyə bu qədər marağındadır, axı? Hansı səbəbə görə demokratiya carçısı hesab olunan sistemlər mitinqlərə çıxan müxaliflərin başını buraxıb, siyasi cəhətdən passiv görünən gəncləri özlərinə hədəf seçiblər?! Ölkədə demokratik azadlıqları təbliğ edən, bununla bağlı müxtəlif pulsuz təlimlər həyat keçirən qurumların maliyyələşməsi hardan həyata keçirilir? Niyə təlimlər üçün müraciət edən gənclər arasından daha çox istedadlı, savadlı və lider olmaq arzuların malik insanlar seçilir?

Əvvəldə də qeyd etmişdim ki, növbəti 20 il bu günki Azərbaycan gəncinin əlindədir. Müasir gəncləri idarə etmək, onların fikirlərini formalaşdırmaq Azərbaycanın gələcəyini formalaşdırmaq deməkdir. Sizə sadəcə bir nümunə təqdim etmək istəyirəm ki, yaxın gələcəkdə baş verəcək hadisələr və bu hadisələrdə Azərbaycan gənclərinə biçilməkdə olan rolun fərqinə varasız. Yəqin ki, çoxlarınız 2018-ci ildə İrəvanda baş verən xalq hərəkatı haqqında məlumatlısınız və təbii olaraq da hərəkatın əsas təkanverici qüvvəsinin tələbə gənclər olduğunu yaxşı bilirsiz. Tələbələrin mitinq meydanını neçə süpürdükləri bu gün də yadımdadır. Hansı ki, bu tələbə gənclər daha öncələri indi Azərbaycan gəncliyinin iştirak etdiyi liderlik təlimlərinin, sosial iş, gender və təhsil kimi məsələrdə aktivliyi olan, Azərbaycandakı təlimlərin Ermənistandakı analoqlarını bitirmiş, sosiallaşmış, xarici təhsil görmüş, soğrulayan gənclər idi. Məncə, məsələ aydındır.

XXI əsrdə siyasi sistemlərə təsir ancaq onun daxili resursları hesabına gerçəkəşdirilir. Artıq o zamanlar deyil ki, xaricdən kimsə ekspansiya yolu ilə demokratiya gətirsin, əgər bunu istəyiriksə biz özümüz gerçəkləşdirməliyik. Onlar isə sadəcə bizə bu yolda istiqamət verə bilərlər, necə ki verirlər də. İşin səmimiyyətinə baxacaq olsaq məsələnin gəncliklə, liderliklə əlaqədar olmadığını görə bilərik. Biz Azərbaycan gəncinin hər hansı gözəl ideya və təklif altında müxtəlif siyasi oyunlarının iştirakçısına, Azərbaycan gəncliyinin siyasi alətə çevrilməsinə qarşıyıq. Lakin elə Azərbaycanın özü kimi çarəsizlik içərisindəyik. Alternativlərimiz olmadığı kimi, gözümüzün önündə gəncliyimizi oğurladıqlarını gördüyümüz təqdirdə əlimizdən bir şey gəlmir. Öz gəncliyimiz, öz gələcəyimiz uğrunda mübarizədə silahsız vəziyyətdə, əli yalın qalmışıq.

Sonda fikirlərimi Amerikan prezidenti Cimmi Karterin bir ifadəsi ilə yekunlaşdırmaq istəyirəm: “Mən Vyetnam gəncinin etməli olduğu bir şey üçün Amerikan əsgərlərinin ölməsinə icazə verə bilmərəm”.

Rəvan Əliyev

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA