“Azərbaycan heç vaxt kino ölkəsi olmayıb, olmayacaq da” - TAHİR ƏLİYEV

“Azərbaycan heç vaxt kino ölkəsi olmayıb, olmayacaq da” - TAHİR ƏLİYEV

“Amma dövlətin hazırkı kino siyasəti ilə milli kinonun inkişafı perspektivlərini görmürəm”

“Televiziya kanallarımızda kifayət qədər bayağı verilişlər, məzmunsuz şou proqramlar hazırlanır”

“Ölkəmizdə kino yalnız o zaman inkişaf edə bilər ki, kinostudiya ilə paralel olaraq televiziyalarda da bədii filmlərin istehsalına başlansın”

Budəfəki qonağımız kino aləmində “Tahir Tahiroviç” kimi tanınan peşəkar kinorejissor, ARB "Aranfilm" Yaradıcılıq Mərkəzinin bədii rəhbəri, Beynalxalq festivalların mükafatçısı Tahir Əliyevdir. Onunla söhbəti “Hürriyyət”in oxucularına təqdim edirik.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/medeniyyet_nazirliyi_kino_sahesine_kifayet_qeder_diqqet_ayirmir_-_tahir_liyev)

- Müstəqil Azərbaycan kinosunun inkişaf etdiyini söylədiniz. Doğrudur, artıq qeyd etdiyimiz kimi, vaxtaşırı müxtəlif beynəlxalq kino festivallarından Azərbaycan filmlərinin də sorağı gəlir, amma Azərbaycan dünyada kino ölkəsi kimi tanınmır axı. Biz bu gün də nə bədii, nə də sənədli filmlərimizlə dünya bazarına çıxa bilmirik.

- Azərbaycan heç vaxt kino ölkəsi olmayıb, olmayacaq da. Xahiş edirəm, özümüzü aldatmayaq.

- Bunun səbəbini nədə görürsünüz?

- Gəlin müqayisə üçün qonşu ölkəmiz Gürcüstanı seçək. Şübhəsiz ki, bizdə olan musiqi gürcülərdə yoxdur, amma gürcülərdə olan kino da bizdə yoxdur. Biz nə qədər çalışsaq da kino ölkəsi ola bilmərik. Biz neft ölkəsiyik, musiqimizlə, idmanın müəyyən növləri üzrə dünyada tanınırıq, əslində bu çox gözəldir. Amma kino ölkəsi kimi tanınmaq üçün kifayət qədər potensialımız yoxdur. Bizdə kino məktəbi zəifdir, kinonu ictimailəşdirməmişik.

Bayaqkı fikrimə qayıdıram. Ölkəmizdə kino yalnız o zaman inkişaf edə bilər ki, kinostudiya ilə paralel olaraq televiziyalarda da bədii filmlərin istehsalına başlansın. Yalnız sağlam rəqabət inkişfa təkan verə bilər.

Amma dövlətin hazırkı kino siyasəti ilə milli kinonun inkişafı perspektivlərini görmürəm.

- Tamamilə razıyam. Özümüzü aldatmağa dəyməz. Doğrudur, bizim zəngin mədəniyyətimiz, incəsənətimiz var, bu torpaq kifayət qədər istedadlı insan yetirib. Amma təəssüf ki, nə teatr, nə də kino sahəsində dünyada tanınan ölkələrin sırasında olmamışıq, bu gün də o cərgədə adımız yoxdur.

- Buna görə darılmağa, məyus olmağa dəyməz. Milli teatr və kinomuzun inkişafı üçün dövlət qayğısı olmalıdır. Dövlət müstəqil kinoya, eləcə də müstəqil teatra maddi-mənəvi dəstək verməlidir. Müstəqil kinostudiyaların, prodüser mərkəzlərinin fəaliyyəti üçün dövlət büscəsindən vəsait ayrılmalıdır. Özü də bu iş aidiyyati dövlət qurumlarının ciddi nəzarəti altında aparılmalıdır, yaradıcı proses diqqətdən kənarda qalmamalıdır, hər şey milli kinonun inkişafına hesablanmalıdır.

Onu da qeyd etmək lazımdır ki, ötən əsrin 80-ci illərinin sonu, 90-cı illərinin ortalarınadək milli kinomuz sözün əsl mənasında intibah dövrünü yaşadı.

- Amma onda da dünya miqyasına çıxa bilmədik.

- Çünki bu inkişafı davam etdirə bilmədik.

- Əslində xatırlatdığınız illər yalnız milli kinomuzun deyil, eləcə də milli teatrımızın intibah dövrü kimi tarixiləşdi.

- Razıyam sizinlə. Həmin dövrdə Azərbaycanda bir sıra müstəqil teatrlar yarandı. Ölkənin, xüsusilə də paytaxt Bakının həyatında əsl mədəni inqilab baş verdi.

- Əslində sözügedən dönəm ölkəmiz və xalqımız üçün ən ağır bir dönəm idi. Müharibə şəraitində yaşayırdıq, qan-qada, aclıq, səfalət, torpaqlarımızın, igid vətən övladlarının itkisi hər birimizi sarsıtmışdı. Bununla belə, artıq qeyd etdiyimiz kimi, ölkədə mədəni inqilab baş verirdi. Çox böyük bir ziddiyyətdir. Bəlkə o dövrdə milli incəsənətin, mədəniyyətin inkişafına təkan verən məhz həmin kataklizmlər idi?

- Birmənalı şəkildə. Özü də həmin illərdə incəsənət xadimlərimiz böyük, sarsılmaz xarakter nümayiş etdirirdi.

- Doğrudur. O dönəmdə xalqımız siyasi cəhətdən daha prinsipial idi, incəsənətimizdə də həmin prinsipiallığı görürdük. Bu gün isə çox təəssüf ki, hər şey tamamilə fərqlidir.

- Razıyam sizinlə o dövrkü prinsipiallıqdan əsər-əlamət qalmayıb. Bu günün incəsənət adamları çox mənfəətpərəstdir, demək olar ki, hər biri dövlətdən nəsə umur.

- Elədir. Prezident mükafatı, prezident təqaüdü, mənzil və s…

- Bəli, bu gün hədəf məhz sadaladıqlarınızdır. Umacağı olan insan isə təbii ki, prinsipial ola bilməz, çünki asılıdır. Bu da həm mənəviyyatımıza, həm mədəniyyətimizə, həm də incəsənətimizə öz sarsıdıcı təsirini göstərir. Sənət eşqi ikinci plana keçib, yarınmaq istəyi hər şeyi üstələyib.

Əslində, Azərbaycan xalqı teatr və kinodan bir az küsüb. Televiziya kanallarını zəbt edən, hökumətə heç bir zərəri dəyməsə də, xalqın mənəviyyatına çox böyük zərbə endirən bayağı verilişlər teatr və kino seyriçilərini oğurlayıb.

- Televiziya verilişlərindən danışmışkən, peşəkar televiziya işçisi kimi teleməkanımızın hazırkı vəziyyəti-şou proqramları, verilişlər haqda fikirlərinizi də eşitmək istərdik.

- Doğrudur, televiziya kanallarımızda kifayət qədər bayağı verilişlər, məzmunsuz şou proqramlar hazırlanır. Amma bunu bütün tv kanallara şamil etmək olmaz. Misal üçün, İTV son zamanlar çox yaxşı işləyir, dəyərli proqramlarla seyrçilərinin zövqünü oxşayır, AzTV-nin “Mədəniyyət” kanalında da ara-sıra maraqlı verilişlər, sənədli filmlər təqdim edilir.

Mənə elə gəlir ki, istəsələr, hər şeyi yoluna qoya bilərlər, sadəcə o zaman işləri çoxalacaq. Bax söhbət bundan gedir.

- İşləmək istəmirlər?

- İşləmək üçün insana ruh lazımdır, vaxt lazımdır, səbr lazımdır. Gərək səhər saat 8-dən, axşam saat 10-a kimi televiziyada olasan. Şou proqramlardan ibarət telekanalı işlətmək üçün isə director olmağa ehtiyac yoxdur.

Biri var ki, yağ qaynadırsan, onun üstündə durmalısan ki, daşıb eləməsin. Bir də var ki, kartof qızardırsan, tavanın qapağını örtüb gedirsən öz işlərinin dalınca. Yananda da deyirsən, cəhənnəmə yansın, elə bir təhlükəsi yoxdur.

- Cəhənnəmə yansın deyirsiniz, amma yanan övladlarımızın əxlaqıdır, gənclərimizin mənəviyyatı aşılanır, zövqlər korlanır.

- Zənnimcə, Azərbaycanda telekanalların sayı artmalıdır ki, tamaşaçı seçim qarşısında qalsın və daha səviyyəli, daha kanalları, daha məzminlu proqramları seçə bilsin.

- Amma ölkəmizdə kifayət qədər televiziya kanalı var.

- Düşünürəm ki, bur az da artmalıdır. Daha 5-6 televiziya kanalına da ehtiyac var.

- Amma mən düşünürəm ki, bizə lazım olan kəmiyyət yox, keyfiyyətdir. Əgər bütün telekanallar yağışdan sonar bitən göbələklər kimi, eyni şou proqramılara çıxırsa seyriçilərin qarşısına, onların sayını artırmaqla nəyə nail ola bilərik? Bir çox ölkələrdə telekanallar hər hansı bir sahə üzrə ixtisaslaşıblar. Uşaqlar üçün, yeniyetmələr üçün ayrıca kanallar var, elmi-kütləvi verilişlərin, bədii, sənədli, televiziya filmlərinin öz kanalları var və s. və i. a. Bizdə də belə olsa, bəlkə hansısa inkişafdan danışmaq olar.

- Təbii ki, hər bir televiziya kanalının öz siması olmalıdır. Bu məsələdə sizinlə tam razıyam.

- Maraqlı söhbətə görə təşəkkür edirəm. Sizə yaradıcılıq uğurları diləyirəm.

- Çox sağ olun.

Hazırladı: Banu OĞUZ

“Mədəniyyət Nazirliyi kino sahəsinə kifayət qədər diqqət ayırmır” - TAHİR ƏLİYEV