“Azərbaycan iqtidarı 30 ildir eyni siyasəti aparır” - SƏRDAR CƏLALOĞLU

“Azərbaycan iqtidarı 30 ildir eyni siyasəti aparır” - SƏRDAR CƏLALOĞLU

“Heydər Əliyev yoluna sadiqlik o deməkdir ki, sən Azərbaycan cəmiyyətini 1990-cı illərə qaytarmalısan...”

“O vaxtı biz Amerikanın, İngiltərənin və Avropa ölkələrinin səfirləri ilə görüşəndə onların hamısı bir şeyə ümid edirdilər ki, İlham Əliyev atasının apardığı siyasətdən fərqli bir siyasət aparacaq...”

“Azərbaycan iqtidarı cəmiyyəti irəliyə yox, geriyə, yəni Sovet dövrünə, totalitar cəmiyyət dövrünə qaytarmaq siyasəti aparır”

Milli Məclisin İctimai Birliklər və Dini Qurumlar Komitəsinin sədri, YAP-ın icra katibinin müavini Siyavuş Novruzovun keçmiş nazirlərə yönəlik sərt açıqlamaları medianın və ictimaiyyətin ciddi müzakirəsinə səbəb olub. Hakim partiyanın yetkilisi bildirib ki, bir sıra keçmiş nazirlər vəzifələrindən uzaqlaşdıqdan sonra “qeyb”ə çəkiliblər: “Keçmişdə dövlət rəhbərliyində işləmiş nazirlər var. Biri 20 il işləyib, biri 18 il, biri 15 il, digəri 10 il. Bunlar hamısı çəkilib qırağa, mövqeyini bildirmir. Soruşan gərək, atan, baban sənə vəzifə vermişdi?! Hələ bəzi problemləri də elə siz, keçmişdə nazir vəzifələrində çalışanlar yaradırsınız, bunu unutmayın! Ya çıxın ortaya mövqeyinizi qoyun, ya da sizinlə bizim davamız daha gərgin olacaq! Hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər. Ona görə gəl ortaya, rəhmətlik ulu öndər demişkən, “mövqeyini bildir!””

S.Novruzov keçmiş nazirlərlə bağlı dosyenin masa üzərində olduğunu deyib: “Xaricdə oturanları maliyyələşdirmə! Masamın üzərində hamınızın siyahısı var, kimə nə verirsiniz”.

“Mən onların hər birinə mətbuat vasitəsilə xəbərdarlıq edirəm. Ya mövqeyini bildir, ya da ki, başqa məsələlərə əl atılacaq!”,- deyə YAP rəsmisi bəyan edib.

Əslində, S. Novruzovun açıqlamaları iqtidarın durumunun gərgin və müdafiəyə ehtiyacı olduğunu aşkar ortaya qoyur. YAP yetkilisinin “hərəsi milyardı yığıb altına, qaçıb gizləniblər” deməsi isə Yeni Azərbaycan Partiyasının hakimiyyətdə olduğu illərdə rüşvətin, korrupsiyanın miqyasının etiraf edilməsidir və bu, dolayısilə indi hökumətdə təmsil olunan nazirlərə, komitə sədrlərinə də şamil olunur. Çünki uzun illər hakimiyyətdə təmsil olunan nazirlər, komitə sədrləri milyardları yığıb altına qoyublarsa, indikilər də o sistemin davamçılardır. Bir də ki, bəzi nazirlər elə milyardları talayan keçmiş nazirlərlərin vaxtından, uzun illərdir nazirdirlər.

Göründüyü kimi, S. Novruzovun iqtidarın müdafiəsi üçün keçmiş nazirlərə xəbərdarlıq etməsi həm də həqiqəti YAP yetkilisinin dili ilə ifadə etməyə imkan verib ki, bununla da iqtidar özünü ifşa edib. Bu, həm də cəmiyyət olaraq bizim vəziyyətimizi izhar edir. Çünki nazirləri milyardları talayan xalqın güzəranı yaxşı ola bilməz.

(Əvvəli bu linkdə: https://hurriyyet.org/xeber/azerbaycan_iqtidari_mudafiesiz_qalmaqdadir_-_srdar_clalolu)

“Ola bilərdi ki, Heydər Əliyevin o zaman apardığı siyasət bu və ya başqa şəkildə əsaslı olsun”

“Azərbaycan iqtidarı 30 ildir bir siyasəti, yəni Heydər Əliyev siyasətini aparır. Heydər Əliyev 1993-cü ildə hakimiyyətə gəlmişdi. O zamankı əhalinin, o seçki elektoratının 90%-i Heydər Əliyevin rəhbərliyi altında doğulmuş, böyümüş və inkişaf etmiş adamlar idi. İlk dəfə Heydər Əliyev 1969-cu ildə hakimiyyətə gəlib. O, 1993-cü ildə hakimiyyətə gələndə 1969-cu ildə dünyaya gələn adamlar Heydər Əliyevi rəhbər kimi görmüşdülər və düşünürək yox, ətalət üzrə Heydər Əliyevi lider kimi qəbul edirdilər. Yəni Heydər Əliyevin rəhbərliyinə adət üzrə uyğunlaşmışdılar. İkincisi də Heydər Əliyev ikinci dəfə hakimiyyətə gələndə dünyada, bölgədə, ölkədə gedən proseslər tamamilə fərqli idi. Ona görə də, ola bilərdi ki, Heydər Əliyevin o zaman apardığı siyasət bu və ya başqa şəkildə əsaslı olsun. Bu gün nə dünyadakı vəziyyət əvvəlki kimidir, nə də ölkə əhalisi həmin əhalidir. Heydər Əliyev dünyasını dəyişəndən bu tərəfə yeni bir nəsil əmələ gəlib. Yeni nəsil çoxusu heç Heydər Əliyevi görməyib, tanımır və Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəldiyi dövrdə anadan olan adamlar bu gün əsas elektoratdır. Onlar da şüurlu vaxtında Heydər Əliyevi görməyiblər. Beləliklə cəmiyyətin Heydər Əliyevlə heç bir əlaqəsi yoxdur və onun siyasətinin mənası yoxdur. Mahatma Qandi deyir ki, “məni ittiham edirlər ki, mən fikirlərimi dəyişirəm. Deyir ki, bəs dünyada, ölkədə şərtlər dəyişirsə, mən necə fikirlərimi dəyişməyim?””,-deyə partiya sədri xatırlatdı.

“Qısa bir müddətdən sonra İlham Əliyevi məcbur elədilər, bəyanatını dəyişdi”

S. Cəlaloğlunun sözlərinə görə, İlham Əliyev 2003-cü ildə hakimiyyətə gələndə belə bir bəyanat verdi ki, “bütün sferalarda indiyə qədər aparılan siyasət yanlışdır. Biz hər şeyi yenidən başlayacağıq”: “Onda biz də təqdir elədik ki, doğurdan da Azərbaycana yeni bir lider gəlir. Azərbaycan doğurdan da ola bilsin ki, yeniləşə bilər. O vaxtı biz Amerikanın, İngiltərənin və Avropa ölkələrinin səfirləri ilə görüşəndə onların hamısı bir şeyə ümid edirdilər ki, İlham Əliyev atasının apardığı siyasətdən fərqli bir siyasət aparacaq. Yəni gəncdir, enerjilidir, ingilis dilini bilir, Qərb elmini, mədəniyyətini mənimsəmiş bir adamdır, nəsə bir yenilik edə bilər. Amma qısa bir müddətdən sonra İlham Əiyevi məcbur elədilər, üstündən heç 5 ay keçmədi, bəyanatını dəyişdi. Belə bir bəyanat verdi ki, “biz Heydər Əliyev yoluna sadiqik”. Heydər Əliyev yoluna sadiqlik o deməkdir ki, sən Azərbaycan cəmiyyətini 1990-cı illərə qaytarmalısan, bunun üçün inkişafın qabağını saxlamalısan, inkişafda olan tendensiyaların hamısını söndürməlisən və əksinə geriyə bir prosesə, Heydər Əliyev, Kommunist Partiyası dövrünə təkan verməlisən”.

“Bu gün Çin kimi güclü bir dövlətin özü totalitarizmdən imtina edib”

“İlham Əliyev hakimiyyətə gələndən sonra Ramiz Mehdiyev Moskvaya getdi, gələndən sonra elan etdi ki, “biz ölkədə totalitar nəzarət həyata keçirəcəyik”. İkinci bir şüar da bundan ibarət oldu ki, “biz ölkədə yeni milli elita formalaşdıracağıq”. Bu iki şüarın özü açıq şəkildə göstərdi ki, Azərbaycan iqtidarı cəmiyyəti irəliyə yox, geriyə, yəni Sovet dövrünə, totalitar cəmiyyət dövrünə qaytarmaq siyasəti aparır. Bu zaman Heydər Əliyev sizin üçün nümunə ola bilər. Siz geriyə, 1990-cı illərə, ondan da əvvəlki Sovet dövrünə qayıdırsınızsa, doğurdan sizə Heydər Əliyev, onun ideyaları lazımdır. Amma bu gün Rusiyanın özü də 1990-cı illərdəki Rusiya deyil, eləcə də dünya. Hətta Çin özü 1990-cı illərdəki Çin deyil. Yəni dünyada ideologiyalar, totalitar nəzarət əsasında formalaşan dövlətlər yox dərəcəsindədir. Bu gün Çin kimi güclü bir dövlətin özü totalitarizmdən imtina edib. Yalnız Koreya, Azərbaycan kimi kiçik, dünya siyasətində əhəmiyyəti olmayan, öz taleyini özü həll edə bilməyən dövlətlərdə bu cürə cəmiyyətlər formalaşır”,-deyə partiya sədri bildirdi.

“İnsanlar getdilər, gördülər ki, bizdən başqa bütün dünya çiçəklənir”

S.Cəlaloğlu Azərbaycanda yaranmış ağır vəziyyətin səbəbini onunla izah etdi ki, iqtidar keçmişə doğru bir siyasət aparır: “Cəmiyyət isə irəliyə gedir. Bu, cəmiyyətin özündən asılı deyil. Tarix və dünyada gedən proseslər cəmiyyəti irəliyə sürükləyir. Çünki Heydər Əliyevin vaxtında sərhədlər bağlı idi, heç kəs Avropaya, Amerikaya getməmişdi. İnsanlar Rusiyadan başqa heç bir yeri görməmişdi. Amma indi Azərbaycan əhalisi görür ki, İranda da vəziyyət Azərbaycandan yaxşıdır. O vaxtı deyirdilər, İran batır, xaric dağılır. İnsanlar getdilər, gördülər ki, bizdən başqa bütün dünya çiçəklənir. Bizdən başqa, bəyənmədiyimiz ölkələrin hamısında demokratiya, azadlıq, inkişaf var, insanlar öz qabiliyyət və istəklərini həyata keçirdə bilirlər. Bunu Azərbaycan iqtidarı nəzərə almadı”.

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org