Azərbaycan onu Vətən sayan hər kəsindir!

Azərbaycan onu Vətən sayan hər kəsindir!

Və ya Mehdibəy Səfərovla Məhəmməd Əsədullazadənin mübahisəsinə sözardı...

"Azəri-Talış" İctimai Birliyinin rəhbəri Mehdibəy Səfərov bugünlərdə özünün "facebook" səhifəsində bildirib ki, fevralın 14-dən etibarən Xalqların Demokratik Partiyasının (XDP) yaxın 3 ay müddətində keçiriləcək 1-ci qurultayına hazırlıqla bağlı partiya fəalları ilə görüşlərə start verilib. Onun sözlərinə görə, XDP dilindən və dinindən asılı olmayaraq, ölkəmizdə azad, demokratik, bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu uğrunda mübarizə aparacaq, eləcə də hər bir Azərbaycan Respublikası vətəndaşının təmsil oluna biləcəyi, sivil dünya dəyərlərinə əsaslanan, daha yeni, modern bir siyasi təşkilatdır: "Ölkəmizi monoetnik, yerliçilik, tayfabazlıq, qohumbazlıq və s. bu kimi, antidemokratik, zərərli traybalizm prinsip və vərdişləri ilə deyil, etnik və dini mənsubiyyətindən asılı olmayaraq, biliyi, bacarığı, qabiliyyəti və istedadı ilə seçilən, hər bir Azərbaycan Respublikası vətəndaşı tərəfindən idarə olunmasını arzulayan, bütün vətən övladlarını yanımızda görmək istəyirik".

Nəzərinizə çatdıraq ki, Mehdibəy Səfərovun məhz bu açıqlaması Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun sədri, politoloq Məhəmməd Əsədullazadənin kəskin etirazına səbəb olub. Belə ki, bununla bağlı özünün "facebook" səhifəsində mövqeyini bildirən politoloq "Azəri-Talış" İctimai Birliyinin rəhbərini Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham edib: "Xalqların Demokratik Partiyası" adlanan separatizmi, etnik düşmənçiliyi, xalqlar arasında dözümsüzlüyü təbliğ edən, Ermənistan xüsusi xidmət orqanlarının planlarını yerinə yetirən Mehdibəy Səfərov və onun havadarları yeni partiya təsis edirlər. Ölkəmizin bütövlüyünə qarşı fəaliyyət göstərən Mehdibəy Səfərov talış qardaşlarımızın adından istifadə edərək mənfur planları Azərbaycanı bölməkdi. Bir neçə ildir ki, Ermənistanla ölkəmizə qarşı fəaliyyət göstərən Əlikram Hümbətov, Yerevandan televiziya açıb separtizmi təbliğ edən Zabil Mədoş onlara hər cür siyasi dəstəyi verən Ataxan Əbilov, Faxraddin Abbaszadə, Şahin Mirzəyevin planları Ermənistanın ölkəmizə qarşı planlarını həyata keçirməkdi". Bu gün İrəvan dövlət universitetində Şərqşünaslıq kafedrasının Azərbaycanşünaslıq bölməsinin fəaliyyət göstərdiyini vurğulayan Məhəmməd Əsədullazadə hesab edir ki, bu fakültə Ermənistan kəşfiyyatının bir bölməsidir: "Bu fakültə birbaşa Azərbaycana qarşı etnik separatizmi qızışdırmağa və Zabil Mədoş kimi iradəsi zəif, xalqını pula satan şəxsləri asan şəkildə ələ alır. Məhz XDP adlanan partiyanı təsis edən Mehdibəy Səfərov bu tapşırıq və təlimatları Zabil Mədoşdan alması elə də təəccüblü deyil. Belə bir mənfur planın qarşısını almaq üçün ölkəmizin təhlükəsizlik orqanları lazımi tədbirlər görməlidir! Təssüf ki, Azərbaycanın müxalifətində olan bəzi şəxslər belə bir bölücü partiyanın yaranmasına dəstək verir. Bu gün Azərbaycana qarşı Ermənistan bütün cəbhələrdə müharibə aparır, torpaqlarımızın 20 faizini işğalda saxlayır. Paralel olaraq ölkəmizə qarşı bu kimi amillərdən istifadə etməyə cəhd edir. Xaricdə bir neçə nəfəri öz alətinə çevirərək, əlaqələndiricilər vasitəsi ilə ölkəmizdə separatizmi təbliğ edirlər. Mütləq şəkildə ölkəmizə qarşı bu xain planın qarşısı alınmalıdır! Azərbaycan üçün təhlükə budur!"

Beləliklə, indi isə keçək, mövzu ilə bağlı mənim düşüncələrimə. İnanan inansın, inanmayan isə özü bilər, lakin bu, bir həqiqətdir ki, Azərbaycanda dini və milli zəmində ayrıseçkilik etməyin, bu tip açıqlamalarla cəmiyyəti parçalamağın qəti şəkildə əleyhinə olanlardan biri də mənəm. Çünki bu kimi hərəkətlər ümumilli maraqlarımıza ciddi zərbədir. Odur ki, şəxsən mən ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələrinə – təbii ki, əbədi və əzəli düşmənimiz olan erməniləri çıxmaq şərtilə – hörmətlə yanaşır, onların hər birini özümə dost, qardaş bilirəm. Əslində, Azərbaycanın güclü, qüdrətli dövlət olmasını arzulayan hər bir şəxs məhz bu cür düşünməli, ermənilər istisna olmaqla, ölkə vətəndaşı olan bütün millətlərlə mehriban və xoş ünsiyyət qurmalıdır. Çünki biz azərbaycanlılar – türklər, talışlar, ləzgilər, kürdlər, avarlar, ruslar, məhsətilər, tatarlar, ukraynalılar, saxurlar, gürcülər, tatlar, yəhudilər, udinlər, inqloylar, almanlar, osetinlər, qaraçılar, xınalıqlar və digərləri ancaq bir yerdə və birlikdə olduğumuz təqdirdə düşmənə qalib gələ, dövlətimizin mənafeyini lazımınca qoruya bilərik. Təbii ki, tarix boyu hansısa təxribatçı qüvvələr və ya Azərbaycanın inkişafını, onun güclü dövlət olmasını istəməyən xarici ölkələr bizi dini və milli amillərə görə bir-birimizdən ayırmağa, ölkəmizdə dini və milli ayrıseçkilik mərəzinin daha geniş formada yayılmasına çalışıblar. Şükürlər olsun ki, onların bütün cəhdlərə baxmayaraq, bu, baş tutmayıb və ümid edirəm ki, gələcəkdə də baş tutmayacaq. Çünki bu ölkədə yaşayan, onun havasını udan, suyunu içən, çörəyini yeyən hər bir şəxs qanunla eyni hüquqa malikdir. Odur ki, Azərbaycan dilindən, dinindən, milli mənsubiyyətindən asılı olmayaraq, burada yaşayan, onu özünə Vətən hesab edən hər kəsin ölkəsi, evi, əbədi yurdudur. Bu məqam hətta Azərbaycanın Konstitusiyasında da xüsusi vurğulanır. Bir sözlə, Azərbaycan bu məmləkətdə yaşayan, onun üçün canını və malını qurban verməyə hazır olan, ölkənin milli maraqlarını qoruyan, bu yerləri Vətən sayan hər kəsindir!

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA