“Azərbaycan öz gələcəyini Avropa evi ilə birgə qurmalıdır” - ADP-dən BƏYANAT

“Azərbaycan öz gələcəyini Avropa evi ilə birgə qurmalıdır” - ADP-dən BƏYANAT

ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub.

Bu barədə Hurriyyet.org-a partiyanın mətbuat xidmətindən məlumat verilib.

Toplantı iştirakçıları ilk növbədə 17 noyabr Dirçəliş günü ilə əlaqədar BMM-də keçirilən tədbirdən sonra Şəhidlər Xiyabanını ziyarət etmək məqsədi ilə hərəkətə keçən bir çox fəalın polislər tərəfindən saxlanılması, zorakılıq göstərilməsi, AXCP sədri Ə.Kərimlinin, Milli Şuranın sədri C.Həsənlinin və bir çox fəalın saxlanılaraq polis idarəsinə aparılmasını qətiyyətlə pisləyib və bu faktın arxasında Azərbaycanla Avropa arasında əlaqələrin möhkəmlənməsindən əndişə duyan ruspərəst qüvvələrin durduğunu diqqətə çatdırıb.

İdarə Heyəti Qarabağ Komitəsinin 24 noyabrda keçirmək istədiyi mitinqə hökumət tərəfindən icazə verilməməsini pisləyib, bunun vətəndşların konstitusiya ilə təsbit olunmuş sərbəst toplaşma hüququnun pozulması, insan hüquq və azadlıqlarının gözardı edilməsi kimi dəyərləndirib. Qeyd edilb ki, İrəvandan başlayaraq DQ ərazisinə avtoyürüş təşkil edilməsinin, bir qrup erməni fəallarının Şuşada iclas keçirməsinə səsini qaldırmayan, bu cür separatçı hərəkətlərin qarşısını almaqda acizlik göstərən iqtidarın, şəhidlərimizi ziyarətə gədən insanlara qarşı polis zorakılığı göstərməsi milli düşüncə ilə bir araya sığmayan məsələdir. ADP iqtidarı DQ-ın işğalının legitimləşməsinə xidmət edən hər hansı addıma qarşı beynəlxalq hüquqa uyğun üsul və vasitələrdən, o cümlədən hərbi müdaxilədən istifadə etməyə çağırır.

İdarə Heyəti ABŞ-ın Kaliforniya ştatında baş verən yanğınlar nəticəsində çoxlu sayda insanın itkin düşməsi, 100-ə qədər insanın həlak olması faktından təəssüfləndiyini bildirib, həlak olanların doğmalarına, bütövlükdə ABŞ dövlətinə dərin hüznlə başsağlığı ünvanlayıb.

İdarə Heyəti BDU-in rektoru A.Məhərrəmov ətrafında baş verən olaylara, onun dərhal tutduğu vəzifədən azad edilməsinə münasibət bildirib və böyük skandal yaradan bu məsələnin arxasında iqtidarın yeritdiyi yanlış kadr siyasətinin durduğunu diqqətə çatdırıb. Bir şəxsin eyni zamanda bir neçə yüksək vəzifə daşıması, dövlət tərəfindən müxtəlif orden, medallarla təltif edilməsi üzərindən onun biabırçı şəkildə vəzifəsindən azad edilməsi, vəzifələrə yerləşdirdiyi qohumların qara siyahıya salınması faktı ölkəmizdə kadr təyinatının bilik, bacarıq, zəngin təcrübə əsasında deyil, tayfa, region prinsiplərinə, proteksionizmə söykəndiyini göstərir ki, bu da nəticə etibarı ilə Azərbaycanın beynəlxalq imicinə ciddi zərbə vurur. Bu neqativ hallar eyni zamanda diplomatiyamızda, ölkəmizin xarici siyasətinin təmsilçisi olan şəxslərin fəaliyyətində açıq şəkildə özünü büruzə verir. Sonradan bəlli olur ki, bir çox səfir və konsullarımız onlara verilən səlahiyyət hədlərini aşır, ölkəmizi layiqincə təmsil etmək, təmsil olunduqları ölkələrlə Azərbaycanın əlaqlərinin hərtərəfli inkişafını təmin etmək əvəzinə alverə, biznesə qurşanır, ölkəmiz haqda mənfi rəy formalaşdırır. İdarə Heyəti dünyada anoloqu olmayan, ölkəmizi gözdən salan bu cür fəaliyyətin yolverilməz olduğunu qeyd edib və dövlət başçısını xarici işlər nazirliyinin işinin yenidən qurulması, bu sahədə ciddi islahatlar aparılması barədə ciddi addımlar atmağa çağırıb.

İdarə Heyəti son vaxtlar ayrı-ayrı şəxslərin, dövlət rəsmilərinin Azərbaycanın Rusiyanın patronajlığı ilə yaradılan və mahiyyət etibarı ilə adı çəkilən dövlətin imperiya ambisiyalarının gerçəkləşməsinə xidmət edən KTMT-na üzv olmasını təqdir etməsini qətiyyələ pisləyib bu cür bəyanatların ölkəmizin ərazi bütövlüyünə, suvernliyinə qəsd kimi dəyərləndirib. Qeyd olunub ki, hər hansı bir ad altında, verilən vədlərlə KTMT-a üzv olmaq Azərbaycanın Avroatlantik məkana inteqrasiya olunması ilə bağlı elan olunmuş strateji hədəflətinə ziddir və Azərbaycan öz gələcəyini iqtisadi embarqolar içində çabalayan, yaxın ətrafında olan ölkələrin ərazilərində münaqişə mənbəyi yaradan, onların müstəqilliyini, sərbəst siyasət yürütməsini qəbul etməyən Rusiya ilə deyil, demokratiyanın, insan haqlarının, qanunun aliliyinin qorunduğu, elmin tərəqqinin yüksək nailiyyətlərlə müşahidə olunduğu Avropa evi ilə birgə qurmalıdır.

İdarə Heyəti Yaxın və Orta şərqdə barıt çəlləyi rolunu oynayan İsrail-Fələstin münaqişəsinin region, eləcə də dünya üçün təhlükə yaratdığını diqqətə çəkib və son günlər bu iki ölkə arasında atəşkəsin elan olunmasını təqdir edib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz