“Azərbaycan özünün yaxşı idarəetmə sistemini Avropa İttifaqı üçün açıq elan edəcək” - ƏVƏZ HƏSƏNOV

“Azərbaycan özünün yaxşı idarəetmə sistemini Avropa İttifaqı üçün açıq elan edəcək” - ƏVƏZ HƏSƏNOV

Əvəz Həsənov: “Avropa İttifaqı Azərbaycanı, Ermənistanı, Belarusiyanı təhrik etməyəcək ki, Assosiativ sazişi imzalayın”

2017-ci ilin fevral ayından Avropa İttifaqı və Azərbaycan arasında yeni hərtərəfli saziş üzrə danışıqlar gedir ki, artır sazişin 90 faizindən çoxu ilə bağlı razılığa gəldiyi bildirilir. Görünür, razılaşdırılmayan məsələlərin müzakirəsi vaxt tələb edir. O baxımdan, may ayında sazişin bağlanmaması ehtimalı var. Çünki danışıqları davam etdirmək üçün Azərbaycana daha bir nümayəndə heyətinin səfər edəcəyi gözlənilir.

Mayın 13-14-də isə Brüsseldə Şərq Tərəfdaşlığı çərçivəsində 10 illik əməkdaşlığın nəticələri və gələcəyi müzakirə ediləcək. Bu sammitdə də Avropa İttifaqı və Azərbaycan arasında yüksək səviyyəli danışıqların baş tutması nəzərdə tutulur.

Nəzərə çatdıraq ki, Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramına daxil olan 6 ölkədən Ukrayna, Gürcüstan, Moldava Avropa İttifaqı ilə Assosiativ saziş, Ermənistan isə hərtərəfli saziş imzalayıb, Azərbaycan da hərtərəfli saziş imzlamağa hazırlaşır.

Əslində, bu sazişlərin mahiyyəti ictimaiyyətə açıqlanmalıdır. Maraqlıdır ki, Assosiativ saziş ilə hərtərəfli sazişin fərqi nədir və niyə Azərbaycan Avropa Birliyi ilə Assosiativ saziş imzalamır?

“Hürriyyət”in bu və digər suallarını Avropa İttifaqının “Şərq Tərədaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov cavablandırdı:

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycan_avropa_birliyi_ile_niye_assosiativ_sazis_imzalamir)

- Sizin fikirlərinizdən belə aydın olur ki, Rusiyanın təzyiqinə görə Azərbaycan uzun illər sonra da Avropa İttifaqı ilə Assosiativ sazişi imzalaya bilməyəcək.

- Assosiativ sazişi nə Ermənistan, nə də Belarusiya imzalaya biləcək. Biləsiniz ki, biz tək deyilik. Ukrayna və Gürcüstan de-yure Rusiyanın orbitindən çıxdı, ancaq faktiki bəlli deyil, necədir. Onlar imzaladılar, bitdi. Avropa İttifaqı bundan sonra Azərbaycanı, Ermənistanı, Belarusiyanı təhrik etməyəcək ki, Assosiativ sazişi imzalayın. Məncə, hələ bir müddət strateji əməkdaşlıq müqaviləsi ilə onlar öz əməkdaşlıqlarını quracaqlar, yəni bununla keçinəcəklər.

- Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iki gün öncə açıqlamasında deyib ki, sazişin imzalanması ilə münasibətlər növbəti mərhələyə keçəcək. Növbəti mərhələyə keçəcək deyəndə S. Səmədov gələcəkdə Assosiativ sazişin imzalanacağını nəzərdə tutur?

- İnanmıram, Assosiativ razılaşmanın imzalanması hələ gündəlikdə durmur. Ancaq növbəti mərhələdə söhbət dərin əməkdaşlıqdan gedəcək. Mənə elə gəlir ki, o, bunu nəzərdə tutur. Çünki bu, hərtərəfli deyil, Azərbaycanın qeyd etdiyi kimi strateji əməkdaşlıq müqaviləsidir. Hər halda Azərbaycan belə adlandırır. Bu əməkdaşlıq müqaviləsinin imzalanması Azərbaycanda islahatlarına aparılmasına təkan verəcək, islahatlar qaçılmazdır. Söhbət ondan getmir ki, hökumət və yaxud cəmiyyət bunu istəyir. Xeyr, bu islahatlar qaçılmaz olacaq. Çünki faktiki olaraq Azərbaycan özünün yaxşı idarəetmə sistemini Avropa İttifaqı üçün açıq elan edəcək. Bundan sonra, islahatların və proseslərin geriyə dönüşü yoxdur, yalnız irəliyə gedəcək. Yalnız inkişaf, yaxud müəyyən dimanikanın gətirilməsi üçün bu islahatlar gedəcək, yoxsa geriyə dönüş olmayacaq. O baxımdan, mənə elə gəlir ki, yeni mərhələdən söhbət gedir.

Eyni zamanda Azərbaycan vətəndaşları üçün gediş-gəlişin sadələşdirilməsi böyük rol oynaya bilər. Məsələn, Azərbaycan məhsullarının Avropa bazarına çıxışı ilə də bağlı müəyyən bir razılaşma ola bilər. Ondan başqa, Azərbaycanda monopoliyanın aradan qaldırılmasında bu sazişin böyük rolu olacaq. Təbii ki, Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil. Yəni biz öz daxili bazarımızı hələ qoruya bilirik. Ancaq monopoliyanın aradan qaldırılmasında bu saziş müəyyən qədər təkan olacaq.

- Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyev isə deyib ki, 400 səhifədən artıq nəzərdə tutulan sənəddə əks olunan müddəalar həm Azərbaycan, həm də Avropa İttifaqı ölkələrinin siyasi, iqtisadi, ticari, humanitar əlaqələrini tənzimlədiyini deyir. Amma konkret heç nə açıqlanmır. İmzalanması nəzərdə tutulan müqavilədə əks olunan müddəalar ictimaiyyətə açıqlanmalı deyilmi?

- Cavanşir müəllim Avropa “Şərq Tərəfdaşlığı” proqramının 4 prinsipi əsasında razılaşmanın əldə oluncağından danışır. Mənə görə sənəd elə 4 bölmədən ibarət olacaq. Təbii ki, sənəd açıqlanmalıdır və sənəd barəsində ictimaiyyətin məlumatı olmalıdır. Bu, qaydalardan biridir. Ancaq nəzərə alsaq ki, Gürcüstan və Ukrayna ilə Assosiativ razılaşma imzalananda, hətta Ermənistanla əməkdaşlıq müqaviləsi imzalananda da belə ictimaiyyət nümayəndələri bu məlumatları sonda, imzalanmaya bir neçə gün, yaxud 1-2 həftə qalmış əldə etdi. Ona görə, bu sənədlə bağlı təxəyyülün məhsullarını xüsusən düşüncə mərkəzləri, ekspertlər, jurnalistlər cəmiyyətə ötürməliydi. Yəni bizdə razılaşma sənədini araşdıra, onu təhlil edə biləcək ən azı jurnalist yazısı yoxdur və yaxud araşdırma mərkəzlərinin təhlil yazısı yoxdur. Biz hamımız, bu işlə məşğul olan adamlar nəzəri olaraq bilirik ki, hansı bəndlər var və hansı bəndlər ətrafında razılaşma gedə bilər. Eyni zamanda Ermənistanın da Avropa İttifaqı ilə müqaviləsi var və Ermənistan ictimaiyyətinin müqavilənin təhlili sənədləri var. Ancaq bizim cəmiyyət çox tənbəldir, elə gözləyir ki, hökumət açıq elan etsin və sonra da cəmiyyət onu müzakirə etsin. Mən özümü də müəyyən qədər günahkar sayıram. Mənim o sənədlərin mövcudluğu barəsində təsəvvürüm ola-ola indiyə kimi belə bir təhlil, araşdırma sənədi yazmamışam, ancaq yazı yazmışam, müsahibələr vermişəm. Siyasi partiyaların, vətəndaş cəmiyyətinin böyük günahı odur ki, indiyə kimi biz millətin başının altına yastıq qoyuruq. Əslində, milləti biz məlumatlandırmalıydıq, biz deməliydik ki, bu bəndlər var, onların heç birini etməmişik. Ancaq bizdən fərqli olaraq Ermənistanda, Ukraynada, Gürcüstanda, Moldovada hələ sənədin adı çıxmamış artıq vətəndaş cəmiyyətinin nümayəndələri təhlil yazıları verirdilər, camaat ondan bilirdi ki, bu bəndlər əsasında razılaşmalar gedəcək. Biz isə ancaq hökumətdən açıqlama gözləyirik. Hökumət açıqlamanı sonda verir. Başqa ölkələrin də təcrübəsi göstərdi ki, hökumət faktiki olaraq bu sənədlərlə bağlı tam açıq mövqe və yaxud tam mətni 1-2 həftə qalmış verir. Ona görə günah bizimdir.

- Bildiyimiz kimi, ilin əvvəlində Avropa Birliyi Dünya Bankı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrinə infrastruktur layihələri çərçivəsində təxminən 13 milyard avro ayırmaq haqqında qərar qəbul edib. Layihə çərçivəsində üçüncü ən böyük vəsait Azərbaycana ayrılıb, yəni 2 milyard 78 milyon avro nəzərdə tutulub. Bu vəsait hərtərfli saziş imzalanandan sonra Azərbaycana yatırılıcaq, yoxsa necə? Bununla bağlı heç bir informasiya yoxdur.

- Məncə, o 10 il ərzində olacaq. Təbii ki, bu vəsaitin sazişə aidiyyatı var. Saziş o vəsaiti institutlaşdıracaq. Yəni sazişlə artıq Avropa Birliyi bu ayrılan vəsaitə nəzarəti gücləndirəcək. O yardım infrastruktur layihələrinə ayrılır. Sazişin olmağı burada tam önəmli də deyil, saziş sadəcə o nəzarəti institutlaşdırır. Məsələn, Avropa Birliyi digər ölkələrə məhkəmə sisteminin islahatları ilə bağlı pul ayrır və o pulu Avropa Birliyi büdcəyə keçirir, büdcəyə nəzarət də Avropa İttifaqı vasitəsilə olur. Mən bildiyim qədər müqavilə imzalamış dövlətlər hələ o pulu qəbul etməyiblər. Çünki büdcəyə nəzarəti Avropa İttifaqına vermək üçün mexanizmlər bəlli deyil. Tutaq ki, Avropa o pulu keçirdi və pula nəzarəti necə edəcəklər? Bu sistem hələ tam işlənmədiyi üçün mən inanmıram ki, belə tezliklə pulların xərclənmə prosesi getsin. Azərbaycana ayrılan 2 milyarddan çox vəsait 10 il çəkəcək və konkret marşurutlar üzərə infrastrukturun qurulmasına sərf oluncaq vəsaitdir

- Əvəz bəy, dünya ölkələrinin əksəriyyəti, o cümlədən də post-sovet ölkələri Ümumdünya Ticarət Təşkilatına üzv olsalar da, Azərbaycanın bu saziş çərçivəsində belə bu təşkilata üz olunması müzakirə belə olunmur. Bu, nə ilə əlaqədardır? Azərbaycan hökuməti niyə bu təşkilata üzv olmaq istəmir?

- Azərbyacan Ümumdünya Ticarət Təşkilatına üzv olacaqsa, ilk növbədə, monopoliyaya son qoyulacaq və Azərbaycanın gömrük, sərhəd sistemi, Azərbaycanda malların qeydiyyatı sistemi çox şəffaf olacaq. Yəni bunun müsbət və mənfi tərəfləri var. Müsbət tərəfi ondan ibarətdir ki, biz çox asanlıqla dünya ticarət sisteminə inteqrasiya oluruq. Mənfi tərəfi də ondan ibarətdir ki, Azərbyacanın daxili bazarı çökə bilər. Yəni qloballaşma heç də kiçik dövlətlərə xeyir vermir. Vaxtilə Azərbaycanda kiçik bizneslə məşğul olan adamlar Avropaya gedib müəyyən təcrübəni görüb gəlib, onu burada danışırlar. Mən bir dəfə müsahibələrimin birində demişdim ki, əgər siz doğurdan da Avropadakı biznes strukturlarının inkişaf dinamikasına baxsanız, Aropada ərzaq ticarəti yalnız bir neçə brendlərin əlindədir. Azərbaycanda indi biz o prosesləri görürük. Məsələn, ərzaq satışı ilə məşğul olan şirkətlər artıq birləşirlər. Onda bizdə kiçik bizneslə məşğul olan marketlər neynəycəklər? Yəni onlar məcbur olacaqlar ya birləşsinlər, ya bağlansınlar, ya da onların flialı olsunlar. Bunun üçün də məhsul saxlanılması və keyfiyyətli məhsul vacibdir, onu edə biləcəklərmi? Onlar hamısı məhv olub, gedəcəklər. Mən elementar ərzaq sahəsini dedim.

- Qeyd etdiniz ki, Ümümdünya Ticarət Təşkilatına da daxil olmayanda gömrük sistemində malların qeydiyyata alınmasında şəffaflıq olmur, bunu nəzərə almalı deyilikmi?

- Doğrudur, mənfi tərəfi odur ki, Ümumdünya Ticarət Təşkilatna üzv olmayanda Azərbaycanda monopoliya qalır, gömrük nəzarəti yenə də monopliyadadır. Ancaq mən yenə də daxili bazarın riskini deyirəm. Təkcə daxili bazarın riski var. Məsələn, azərbaycanlı üçün gələcəkdə kartof, xiyar yetişdirmək, onu Avropadan ucuz almaqdan daha çətin olacaq. Yəni daxili bazarı tənzimləmədən, dünya ticarət sisteminə rəqabətə öyrətmədən bizim daxili bazarmız tez çökəcək. Çünki bizim keyfiyyətli məhsullarımız çox azdır. Bizim deməyimizlə deyil, axı. Azərbaycanın Avropa bazarında rəqabət göstərə biləcək hansı keyfiyyətli məhsulu var? Keyfiyyətli məhsul çox azdır. Bu necə olacaq, bunu necə tənzimləyəcəklər? Bu, çox ciddi məsələdir.

- Kefiyyətli məhsul istehsal etsinlər və Avropa bazarına keyfiyyətli məshul çıxarsınlar ki, Azərbaycan da Ümümdünya Ticarət Təşkilatına üzv ola bilsin...

- Bəli, Azərbaycanda bazarı idarə etmək, yəni Azərbaycanın Avropa bazarına inteqrasiyasına nail olmaq üçün ölkə daxilində keyfiyyətə fikir vermək lazımdır. Bizim ölkədə keyfiyyət sıfır vəziyyətindədir. Ekskluziv sayıla biləcək bir neçə ərzaq məhsulunu çıxmaq şərtilə bir məhsulumuz Avropada rəqabətə davamlı deyil. Belə olan halda adamlar Avropa məhsulunu alacaqlar. İndi bir neçə ticarət şəbəkələri var. Tutaq ki, adamlar “Bravo”dan ucuz apelsin, mandarin ala bilirlər, ancaq evinin yanındakı kiçik bir butkaya gəlir, görür ki, “Bravo”da apelsinin qiyməti 1.69 qəpikdir, ancaq evinin yanındakı butkada 2.20 qəpikdir. Təbii ki, gedib “Bravo”dan alacaqlar. Yəni gələn ucuz məhsul yerli bazarı məhv edəcək. Gərək, yerli bazarın məhsulları keyfiyyətli, rəqabətə davamlı olsun. Mən məsələn, konserv məhsullarını yerli şirkətlərdən alıram, istəyirəm şokaladı, peçenyeni də oradan alım, yəni bu olmayandan sonra bizim yerli məhsul məhv olacaq. Camaat gərək, buna diqqət yetirsin.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz