“Azərbaycan rəhbərliyinin həmin sənədin altında imzası olsaydı, bu, ürəkaçan olmazdı” - ƏVƏZ HƏSƏNOV

“Azərbaycan rəhbərliyinin həmin sənədin altında imzası olsaydı, bu, ürəkaçan olmazdı” - ƏVƏZ HƏSƏNOV

“Avropa İttifaqı qəbul etdiyi sənədlərdə ərazi bütövlüyü prinsipini konkret göstərmir”

Dünən Avropa İttifaqının “Şərq tərəfdaşlığı” təşəbbüsünün 10 illiyinə həsr edilən və Brüsseldə keçirilən yubiley toplantısı zamanı diplomatik qalmaqal yaşanıb. Məlumata görə, toplantıda Avropa İttifaqı ölkələrinin və “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan ölkələrin xarici işlər nazirləri tərəfdaşlığın 10 illiyinə həsr edilmiş yekun bəyannamə imzalamalı idilər. Lakin sənəddə tərəfdaş ölkələrin ərazi bütövlüyünə dəstək ifadə olunmayıb və nəticədə Azərbaycan nümayəndə heyəti sənədi imzalamaqdan imtina edib.

Bildirilir ki, Azərbaycan nümayəndə heyəti yubiley bəyannaməsinin mətnindən narazılıq ifadə edib və onun dəyişdirilməsini istəyib. Çünki sənəddə ərazi bütövlüyü prinsipi dəstəklənmirdi. Lakin bəyannamənin mətnini dəyişdirməyiblər və əvəzində statusunu aşağı salmağa qərar veriblər. Belə ki, bəyannaməni nazirlər yox, təkcə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsi Federiko Mogerini imzalayıb.

Bundan əlavə, bəyannamənin mətninin müzakirələri zamanı Gürcüstan və Ukrayna nümayəndə heyətləri də narazılıq ifadə ediblər. Çünki sənəddə Brüssel tərəfindən “Şərq tərəfaşlığı”ına daxil olan ayrı-ayrı ölkələrin Avropa İttifaqına üzvlük səyləri tanınmır. Bununla belə, Tbilisi və Kiyev bəyannamədə “Şərq tərəfdaşlığı”nın əvvəlki sənədlərinə istinad göndərilməsini kafi hesab ediblər.

“Bu, hamısı onunla bağlıdır ki, sənəddə konkret olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipi göstərilməmişdi”

Brüsseldə keçirilən toplantıda yaşanan diplomatik qalmaqalla bağlı Avropa İttifaqının "Şərq Tərəfdaşlığı” proqramının Vətəndaş Cəmiyyəti Forumunun Azərbaycan üzrə koordinatoru Əvəz Həsənov “Hürriyyət”lə fikirlərini bölüşdü: “Avropa ittifaqı Ermənsitanla imzaladığı müqavilədə faktiki olaraq Dağlıq Qarabağ məsələsi ilə bağlı 4-5 bəyanat vermişdi və bəlli idi ki, Avropa İttifaqı Qarabağ münaqişəsində hər hansı bir məsələnin həll olunmasında maraqlıdır, amma onlar ərazi bütövlüyünü konkret göstərmirdilər. Bu arada Azərbaycan nümayəndə heyəti də bunu incələdi. Bu, hamısı onunla bağlıdır ki, sənəddə konkret olaraq Azərbaycanın ərazi bütövlüyü prinsipi göstərilməmişdi”.

“Azərbaycan tərəfi Helsinki Yekun Aktında millətlərin müqəddaratı ilə ərazi bötövlüyü prinsipinin eyniləşdirilməsini qəbul etmir”

“Belə çıxır ki, Avropa İttifaqının bu addımı Azərbyacanın əleyinədir” dedikdə Ə. Həsənov belə cavab verdi: “Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünün əleyhinə deyil, amma qəbul elədiyi sənədlərdə ərazi bütövlüyü prinsipini konkret göstərmir. Yəni deyir ki, Dağlıq Qarabağ məsələsi tərəfdaş ölkələrin ərazi bütövlüyü və millətlərin müqəddaratını həll etmə prinsipi, xüsusən Helsinki Yekun Aktınını prinsipi əsasında həll olunacaq. Azərbaycan tərəfini də qane etməyən budur. Azərbaycan tərəfi Helsinki Yekun Aktında millətlərin müqəddaratı ilə ərazi bötövlüyü prinsipinin eyniləşdirilməsini qəbul etmir. Söhbət bundan gedir. Avropa Birliyinin vaxtilə özünün qəbul etdiyi bəyanatlarda Azərbaycanın ərazi bütövlüyünü tanıyan bəyanatları olub, ancaq bu müqavilələrin, sənədlərin imzalanmasında Avropa Birliyi daha çox Helsinki Yekun Aktının prinsiplərinə istinad edir, özünün bu münaqişənin həllində rolunu da sülhyaratma prosesində və ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyətini dəstəkləməkdə görür”.

“Tərəf tutmurlar, ancaq sənəddə bu, görsənməyəndə Azərbaycan tərəfini qıcıqlandırır”

“Avropa Birliyi tək Azərbaycanla işləmir, eyni zamanda Ermənistanla da işləyir. Təbii ki, Avropa Birliyi üzv qəbul etdiyi ölkənin ərazisinə hörmətlə yanaşır. Biz bunu əməllərində görürük. Avropa Birliyinin hansısa bir rəsmisi heç vaxt Qarabağın tanınması ilə bağlı söz deməyib, faktiki rejimlə əlaqələri yoxdur. Belə məsələlərdə çox ehtiyatlıdırlar. Yəni burada tərəf tutmurlar. Əməllərində bu, var, ancaq sənəddə bu, görsənməyəndə Azərbaycan tərəfini qıcıqlandırır. Ancaq yenə də deyirəm, Avropa Birliyinin qəbul elədyi bəyantlar var və bu bəyanatlarda birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü dəstəklənib”, - deyə Ə. Həsənov əlavə etdi.

“Azərbaycan hökuməti ərazisinin tanınmasını onun əməkdaşlıq etdiyi bir dövlət qurumundan tələb etməkdə haqlıdır”

“Azərbaycan nümayəndə heyətinin sənədi imzalamamasını doğru hesab edirsinizmi” sualına gəlincə, Ə. Həsənov belə söylədi: “Təbii ki, bu dövlət başçısının veto hüququ idi, dövlət başçısı bundan istifadə edib. Onu da deyim ki, vaxtilə Lissabon sammitində də prezident Heydər Əliyev bu cür addım atmışdı və sənədə veto qoymuşdu. İndi də eyni vəziyyətdir. Təbii Azərbaycan hökuməti ərazisinin tanınmasını onun əməkdaşlıq etdiyi bir dövlət qurumundan tələb etməkdə haqlıdır. Əgər Azərbaycan BMT-yə həmin ərazi ilə giribsə, Avropa Birliyi Azərbaycanla onun BMT-yə daxil etdiyi ərazilər sərhəddində iş qurursa, təbii ki, Azərbaycan tərəfi burada özünün haqlı olduğunu göstərməlidir”.

“Əgər kompromisə gələ bilməyiblərsə, sənədin statusunun aşağı salınması daha düzgün qərardır”

“Bəyannamənin statusunun aşağı salınmasının Azərbaycan üçün bir əhəmiyyəti varmı” sualını isə Ə. Həsənov belə cavablandırdı: “Bir var bu bəyannaməni Nazirlər Kabineti imzalayır, bir də var ki, Avropa Birliyinin institutunun rəhbəri imzalayır. Bu, böyük bir şeydir. Azərbaycan rəhbərliyinin belə bir sənədin altında öz imzası olsaydı, təbii ki, bu, Azərbaycan üçün heç də ürəkaçan və yaxud uğur gətirən olmazdı. Əgər kompromisə gələ bilməyiblərsə, onun statusunun aşağı salınması daha düzgün qərardır. Çünki Avropa Birliyinin rəsmisinin adından bu qərar gedir. Yəni məsuliyyət onun üzərindədir, Azərbaycan tərəfi orada məsuliyyət daşımır. Ona görə, məncə, bu optimal variant idi”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA