“Azərbaycan Türkləri milli səfərbərlik məsələsində problemlər yaşayır” - BƏDRƏDDİN QULİYEV

“Azərbaycan Türkləri milli səfərbərlik məsələsində problemlər yaşayır” - BƏDRƏDDİN QULİYEV

“Avropada yaşayan soydaşlarımızın vahid informasiya məkanı olmadığı üçün milli pərakəndəlik hökm sürür”

“Təəssüflər olsun ki, Moskvanın iki yüz ildə formalaşdırdığı metropol siyasətinin yürüdənlər Azərbaycanın Türk Dünyasındakı mövqelərinə sarsıdıcı zərbələr vuraraq, bizləri dünyanın azsaylı və heç bir önəmi olmayan ermənilərin istədiyi səviyyəyə endirməyə çalışırlar”

Son illərdə Avropada yaşayan Türklər sadəcə icmalar şəklində deyil, artıq yaşadıqları ölkələrin idman, siyasət, mədəniyyət və iqtisadi həyatında çox güclü mövqelərə çıxmağa başlayıblar. Hətta Avropa dövlətlərinin iriçəkili siyasi partiyalarının təmsilçisi kimi yerli parlamentlərdə və hökumət vəzifələrində təmsil olunurlar. Demək olar ki, Avropa türkləri adlı anlayış özünü daha geniş miqyasda doğrultmaqdadır. Avropa Türklərinin siyasi və ictimai təşkilatları ilə uzun illərdir ciddi əlaqələrə malik Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyevin bu barədə fikir və görüşlərini öyrənməyə çalışdıq.

– Bədrəddin bəy, Avropa Türklərinin son illərdə revanş götürərək möhtəşəm addımlar atmalarının sirri nədən ibarətdir?

– Əvvəla onu qeyd edək ki, Avropada yaşayan türklər iki qrupa bölünürlər. Balkan yarımadası ölkələrində yaşayan və yerli əhali statusuna malik olanlar və ötən yüzilin ortalarından kütləvi şəkildə mühacirətə gedənlərdən. Bu siyahıda yer alanlar əsasən Suriya, İraq, Livan, Liviya və digər Orta Doğuda ölkələrində radikal ərəb şovinizminin antitürk siyasətinin nəticəsi kimi mühacirətə gedənlər vardır. Bundan əlavə, II Dünya Savaşının sonucu kimi, başda Almaniya olmaqla işçi qüvvəsinə olan tələbata görə miqrasiya edənlərdir. Quzey Kıbrısda 1974-cü ilə qədər yunan hökuməti tərəfindən törədilən “Enosis”, yəni türk soyqırımına görə Avropaya köçənlərin də sayları az deyil. 1978-ci ildə İranda baş verən inqilabdan sonra, mollakratiya rejiminin ifrat diktatorluq siyasətinin ucbatından Güney Azərbaycandan köçən miqrantların sayı bir milyona yaxındır. Bizim hesablarımıza görə, Avropada bu gün 10 milyondan çox türk topluluqları yaşayır. O da bəllidir ki, onların əksəriyyəti, yəni 5 milyona yaxını Anadolu Türkləridir. Avropada “Soyuq Savaş” dönəminə kimi türk əhalisinə və ya miqrantlara münasibət çox sərt idi. Türklər avropalılar üçün sadəcə “ucuz işçi” qüvvəsi kimi dəyərləndirilirdi. “Soyuq Savaş”ın başa çatması, Avropanın dünyada demokratiyanın mərkəzinə çevrilməsi sayəsində türklər də öz vətəndaşlıq hüquqlarından istifadə edərək biznes, siyasət, mədəniyyət, idman və digər sahələrdə yetənəklərini nümayiş etdirməyə başladılar. Hətta onu da deyə bilərik ki, bu gün Avropanın ən güclü həkimləri, mühəndisləri, elmin müxtəlif sahələrinin siyahısında Avropada yaşayan türklərin adları qürurla səsləndirilir.

– Bütün bunlar çox gözəldir. Bəs Avropanın ictimai-siyasi mühitində türklərin yeri və mövqeyi nədən ibarətdir?

– Bu gün Makedoniya, Yunanıstan, Bolqarıstan, Xorvatiya, Bosniya-Hersoqovina, Rumıniya, Qaradağ (Çernoqoriya), Albaniya və digər Balkan ölkələrində yerli türklərin toplam sayları iki milyondan çoxdur. Öncələr bu dövlətlərdə türkləri azsaylı toplum kimi qəbul edirdilər. Bolqarıstanda türklərdən ibarət “Hak və Özgürlükler Harekatı” bir siyasi təşkilat kimi parlamentdə və koalisiya hökumətində iştirak edir. Ölkənin beş nüfuzlu siyasi partiyasında da türklər yetərincə təmsil olunurlar. Rumıniyada “Demokratik Türk Birliyi” partiyası ciddi mövqelərə sahibdir. Demək olar ki, bu partiyanın iştirakı olmadan heç bir siyasi güc hakimiyyət ortaqlığını qura bilmir. Makedoniyada “Türk Demokrat Partisi” həm parlamentdə, həm də hökumətdə yetərincə təmsil olunurlar. Yunanıstanda Batı Trakiyanı təmsil edən “Dostluq. Eşitlik. Barış Partisi” son illərdə çox böyük uğurlar əldə etməkdədir. Bu prosesləri digər Balkan ölkələrində də müşahidə edirik.

– Macarıstanı sanki unutduq?!.

– Bu ölkə tamamilə fərqli bir dəyərlə Avropada Türk Dünyası adına möhtəşəm addımlar atır. Qısaca YOBBİK adı ilə tanınan “Jobbik Magyarorszagert Mozgalom” partiyası 2010-cu il parlament seçkilərindən sonra ölkənin üç ən güclü siyasi partiyası kimi qəbul edilir. Bu partiyanın strateji hədəfi ölkənin Türk Dünyası ilə inteqrasiya doktrinasıdır. Hətta onu da demək gərəkdir ki, türk dövlətlərinin heç birində əcdad kultumuz TURAN anlayışı dövlət siyasətinin tərkib hissəsi olmasa da, Macarıstanda bu partiya TURAN ÜLKÜSÜ-nü dövlət siyasətinin bir parçasına çevrilməsi üçün bütün səyləri ilə çalışır.

– Sizin fikrinizcə bu nə ilə bağlıdır?

– Unutmayaq ki, Türk Dünyası dörd ailədən ibarətdir. Bu, Oğuz, Karluk-Qıpçaq, Ural-Altay və Fin-Uqor ailəsidir. Türkologiya elmi uzun illərdir Rusiya, Almaniya, Fransa, İngiltərə və digər dövlətlərin monopoliyasında olduğu üçün, mümkün qədər türk tarixi, türk kimliyi, türk coğrafiyası və türk mədəniyyətinin unutdurulmasına çalışılıb. Bu da öz növbəsində bəşəriyyətə böyük bir zərbə deməkdir. Halbuki, türk xalqları dünyanın bütün dinlərinin, buddizm, yəhudilik, xristianlıq və islamın daşıycıcsı olan tək toplumdur. Bizlər heç zaman başqa dinlərə və toplumlara qarşı həqarətli siyasət yürütməmişik. Çox yalnış olaraq, tarixdəki 18 türk imperiyası və 35 qüdrətli türk dövlətlərini vəhşi və işğalçı siyasət yürütməkdə ittiham ediblər. İndi dünya tamamilə dəyişir. Bəşəriyyət artıq fərqli baxışlara möhtacdır. Macarıstanın belə bir addım atması, Avropanın mərkəzində türkün varlığını duydurması gerçəklikdir. Macar xalqı Fin-Uqor ailəsinin ayrılmaz bir parçasıdır. TURAN ÜLKÜSÜ-nü elmi şəkildə ilk dəfə İsveç kralı IV Karl irəli sürmüşdü. Hətta Stohkolm Universiteti bu yöndə xüsusi ekspedisiyalar təşkil edirdi. XVII - XIX yüzilliklərdə böyük uğurlar da əldə etmişdilər. Skandinav ölkələrinin etnik kökəninin TURAN anlayışı doktrinası da belə yarandı. Avropanın iri dövlətləri XIX yüzilin ortalarında bu prosesin qarşısını müxtəlif təzyiqlərlə aldılar. Xüsusilə Çarlıq və Sovet Rusiyası düz üç yüz il bu prosesi əngəlləməyə çalışdı. İndi hər il avqustun 3-5 tarixlərində Macarıstanda “TURAN QURUTAYI” keçirilir. Bu mərasimə Türk Dünyasını təmsil edən 30-50 min adam qatılır. Bu, həm də Türk Dünyasının mədəni, mənəvi, ictimai və sosial baxımından birliyinin güclənməsi deməkdir.

– Bəs Azərbaycan bu prosesdə nə üçün passiv görünür?

– Bizim xalqımız 1987-ci ildən etibarən Türk Dünyasının yüksəlişinin flaqmanı olub. Bu proses indi də davam edir. Təəssüflər olsun ki, Moskvanın iki yüz ildə formalaşdırdığı metropol siyasətinin yürüdənlər Azərbaycanın Türk Dünyasındakı mövqelərinə sarsıdıcı zərbələr vuraraq, bizləri dünyanın azsaylı və heç bir önəmi olmayan ermənilərin istədiyi səviyyəyə endirməyə çalışırlar. “Dağlıq Qarabağ sindromu” da məhz buna görə ortaya atılıb. Türkiyə üçün “PKK”, Özbəkistanda “radikal islam”, digər türk dövlətləri üçün fərqli “sindromlar” ortaya atmaqla hər birimizi problemlər içində əzməyə çalışılır. Bir həqiqəti dərk etmək gərəkdir ki, bu klassik və çoxdan köhnəlmiş zəka ilə Türk Dünyasını kimsə çökdürə bilməz.

– İndiki durumda hansı addımlar atılmalıdır?

– Avropadakı türklərdən örnək götürmək gərəkdir. Müasir dünyanın inkişaf mərkəzi və həm də demokratiya ocağı Avropadır. Bayaq adlarını sadaladığım Balkan dövlətlərindən savayı, Almaniya, Hollandiya, Belçika, İngiltərə, İsveç, Norveç, Avstriya, İsveçrə, Polşa və digər dövlətlərdə yaşayan türklər öz milli təşkilatlarında, həm də yaşadıqları ölkənin bütün siyasi partiyalarda təmsil olunmaqla parlamentdə, yerli və mərkəzi hakimiyyətdə təmsil olunurlar. Onlar belə bir səfərbərlik sayəsində dünyanın bəşəri mənada inkişafı üçün örnək olan dəyərlərə sahib çıxırlar. Rəhbəri olduğum Cümhuriyyət Xalq Partiyası məhz türklərə məxsus olan təşkilatlarla uzun illərdir çox ciddi əlaqələr qurmuşuq. Hər dəfə tədbirlərimizdə qarşılıqlı şəkildə iştirak edirik. Müzakirələr aparırıq. Gələn ayın 25-27-də Makedoniyada böyük bir toplantımız olacaq. “Makedoniya Türk Hərəkat Partisi” bu tədbirin əsas təşkilatçısıdır. Hər hansı cəmiyyət demokratikləşməyincə orada inkişaf ola bilməz. Bu gün Avropada əsas məsələ hər bir toplumun kimliyinin inkişafı ilə yanaşı, demokratik dəyərlərin önə çıxarılması başlıca şərtlərdən biridir. Türklər hüquqlarından yararlanaraq, köhnə sterotipləri yıxırlar. Onlar eyni zamanda mənsub olduqları tarixi ölkənin taleyi üçün də gərəkən addımların atılması üçün çalışırlar. Yəni demokratik dünyanın parlaq örnəkləri tarixi vətənlərində də inkişaf etsin.

– Avropada yaşayan bizim soydaşlarımız necə, bu barədə hansısa uğurlara nail ola bilirlərmi?

– Azərbaycan diasporu Avropada hələ çox gəncdir. Onların çoxu, istər güneyli, istərsə də quzeyli olsunlar Avropa miqyasında ciddi uğurlar atmaqda təcrübəli deyillər. Bunun əsas səbəblərindən biri də, Quzey Azərbaycan torpaqlarının işğalı ilə bağlıdır. Güney Azərbaycanda isə, pəhləvilər istibdadının 53 illik fəsadları, mollakratiya rejiminin 40 illik irticasının davam etməsi köklü problemlərə səbəb olubdur. Milli maarifçilik hərəkatı isə, olduqca bəsit formadadır. Avropada yaşayan və vətənimzin hər iki tayını təmsil edənlər vahid milli hədəflər üzərində köklənməyiblər. Bu bizim milli sorunumuzdur. Avropada yaşayan soydaşlarımızın vahid informasiya məkanı olmadığı üçün, təəssüflər olsun ki, milli pərakəndəlik hökm sürür. Adlarını müxalifət qoyanlar isə milli problemlərimizi bir kənara qoyaraq, prosesləri “fərdi” və ya “qrup” maraqlarından çıxış edərək intiqamçılıq üzərində kökləyiblər. Ona görə də Azərbaycan Türkləri digər türk topluluqlarından fərqli olaraq milli səfərbərlik məsələsində problemlər yaşayırlar.

– Bu ağrılı məsələnin həlli nədən ibarətdir?

– Avropa səfərlərimdə bütün görüşlərdə soydaşlarımızın digər türk topluluqları ilə birgə inteqrasiya yollarını gündəmə gətirmişəm. Onların əldə etdikləri uğurların bəşəri dəyəri və bu mənada hansı addımların atılmasının yollarını göstərmişəm. Məncə, yaxın illərdə bu problemlər öz həllini tapacaqdır. Çünki, geriyə yol yoxdur.

(ardı var)

Söhbətləşdi: Ənvər Yusifoğlu, Hurriyyet.org