Azərbaycan və BMT münasibətləri

Azərbaycan və BMT münasibətləri

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il oktyabrın 29-da BMT-nin Baş Məclisinə və dünya dövlətlərinə müraciət edərək, BMT-yə üzv qəbul olunmasını xahiş etmişdir. Beləliklə, BMT Baş Məclisinin 1992-ci il martın 2-də keçirilən 46-cı sessiyasında Azərbaycan Respulikasının BMT-nin üzvlüyünə qəbul olunması barədə qətnamə qəbul edildi. Xalqımızın haqq səsinin dünyaya çatdırılması, obyektiv ictimai rəyin formalaşdırılması, eləcə də dünya dövlətləri ilə qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi məqsədi ilə 1992-ci il martın 6-da Nyu-Yorkda Azərbaycanın BMT yanında daimi nümayəndəliyi fəaliyyətə başlamış, həmin ilin noyabr ayında isə BMT-nin Azərbaycanda daimi nümayəndəliyi açılmışdır. Azərbaycanın BMT-də fəaliyyət göstərən daimi nümayəndəliyi həm BMT, həm də onun ixtisaslaşdırılmış qurumları ilə siyasi, iqtisadi, elmi-texniki, mədəni və humanitar sahələrdə əməkdaşlıq edir.Siyasi sahədə əməkdaşlığın əsas məqsədi Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişləndiyi bir vaxtda beynəlxalq birliyin diqqətinin münaqişə bölgəsində baş verən hadisələrə cəlb edilməsi və dünya ictimaiyyətində obyektiv rəy formalaşdırılmasıdır.

BMT-nin dəstəyi və yeni münasibətlər

BMT Nizamnaməsinin 39-cu maddəsinə uyğun olaraq və Ermənistanın açıq-aşkar təcavüzünün genişlənməsi ilə əlaqədar Azərbaycan BMT-nin Baş Katibinə, Təhlükəsizlik Şurasının sədrinə müraciət edərək bu təcavüzü dərhal dayandırmağa, beynəlxalq hüquq normaları və BMT Nizamnaməsinin açıq-aşkar pozulmasının qarşısının alınmasında, münaqişənin dinc, siyasi yolla nizama salınmasında köməklik göstərməyə çağırdı. BMT-nin Baş Katibi münaqişə bölgəsində vəziyyəti öyrənmək üçün 1992-ci il martın ortalarında BMT Baş Katibinin xüsusi nümayəndəsi, ABŞ-ın keçmiş dövlət katibi Sayrus Vensin başçılıq etdiyi nümayəndə heyətini Bakıya, Dağlıq Qarabağa və Yerevana göndərmiş, səfərin yekunları barədə BMT Təhlükəsizlik Şurasına məlumat vermişdir. 1992-1993-cü illər ərzində Ermənistanın Azərbaycana qarşı təcavüzünün genişlənməsi ilə bağlı Təhlükəsizlik Şurası sədrinin 6 bəyanatında, eləcə də Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir, işğalçı ölkənin qüvvələrinin zəbt olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılması, atəşkəsin əldə edilməsi və münaqişənin danışıqlar yolu ilə həll olunması tələb olunur. BMT Baş Assambleyası (BA) Azərbaycanda humanitar vəziyyətin ciddi şəkildə pisləşməsi, qaçqın və məcburi köçkünlərin sayının 1 milyonu keçməsindən dərin narahatlıq hissi keçirərək 1993-cü ildə keçirdiyi 85-ci plenar iclasında "Azərbaycanda olan qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardımın göstərilməsi haqqında" Qətnamə (A/RES/48/114) qəbul etmişdir. 1992-1996-cı illər ərzində BMT TŞ-nın Sədri və BMT Baş Katibi Azərbaycannın ərazi bütövlüyünü, suverenliyini təsdiqləyən və münaqişənin sülh yolu ilə həll olunmasına yönəlmiş, ATƏT-in Minsk Qrupunun münaqişə üzrə səylərini dəstəkləyən bir sıra bəyanatlarla çıxış etmişlər. Azərbaycanın BMT ilə əməkdaşlığının dərinləşməsində BMT-nin Baş katibi B.Butros Qalinin 1994-cü ilin oktyabrında Bakıya səfəri mühüm rol oynamışdır. Azərbaycanın ictimai-siyasi və iqtisadi həyatı, Ermənistanın təcavüzünün ağır nəticələri ilə yaxından tanışolan B.Butros Qali mövcud problemlərin həllində Azərbaycana dəstək vermək üçün BMT-nin müxtəlif təsisatlarının öz səylərini artıracağını bildirmişdir. Prezident Heydər Əliyev 1994-cü ilin sentyabr ayında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirak edərək, bu universal beynəlxalq təşkilatın tribunasından ölkəmiz ilə bağlı, xüsusilə Ermənistanın Azərbaycana təcavüzü və Dağlıq Qarabağ problemi haqqında həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmışdır. 1995-ci ilin oktyabrında BMT-nin 50 illik yubileyi ilə bağlı keçirilən BMT Baş Məclisinin xüsusi təntənəli iclasında iştirak edən prezident Heydər Əliyev bu qurumun kürsüsündən dünya dövlətlərinə müraciət edərək, mövcud qlobal problemlərə dair Azərbaycan Respublikasının prinsipial mövqeyini açıqlamış, xüsusilə Ermənistanın təcavüzünün aradan qaldırılması ilə bağlı beynəlxalq səylərin artırılmasına çağırmışdır. 2000-ci ilin sentyabr ayında BMT-də Minilliyin sammitində çıxış edən Heydər Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasına dair Azərbaycanın mövqeyini bir daha bəyan etmişdir.

Yeni mərhələ və dönüş prosesləri

BMT Baş Məclisinin 2004-cü ilin sentyabrında keçirilən 59-cu sessiyasında çıxış edən prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamənin hələ də yerinə yetirilmədiyini bəyan etmiş və onların həyata keçirilməsinin işlək mexanizmin yaradılmasını ümdə məsələ kimi irəli sürmüşdür. Bununla yanaşı, həmin il oktyabrın 29-da BMT Baş Məclisinin sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salınmışdır. Daha sonra BMT Baş Məclisinin 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edilmişdir. Bu sənədlərdə Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması, həmin ərazilərdə yanğınların törədilməsi pislənilir, Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə istinad edilməklə erməni silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal, təmamilə və qeyd-şərtsiz çıxarılması tələb olunur. Bununla yanaşı, qətnamələrdə Azərbaycanın suverenliyi, ərazi bütövlüyünə hörmət ifadə olunur, eləcə də öz torpaqlarından qovulmuş azərbaycanlıların doğma yurdlarına qayıtmaq hüququ bir daha təsdiqlənir. Hazırda ölkəmiz “Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət” adlı bəndi hər il BA-nın gündəliyində saxlayır. Həmçinin, “GUAM məkanında davamlı münaqişələr və onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” adlı bənd də BA-nın gündəliyində qalmaqdadır. Ehtiyac olduğu təqdirdə, həmin bəndlər altında müvafiq qətnamələr istənilən sessiyada səsverməyə çıxarıla bilər. Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi BMT Nizamnaməsində əks olunmuş əsas məqsəd olan beynəlxalq sülh və təhlükəsizliyin bərqərar olunmasına davamlı olaraq töhfə verir. Azərbaycan bu məqsədlə BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə iştirak edir və BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Azərbaycan BMT-nin seçkili orqanlarında iştirak etməklə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinin yerinə yetirilməsinə öz töhfəsini verir. Ölkəmiz UNİCEF-in İcra Heyətinə (1995-1997, 1998-2000, 2005-2009), Qadınların vəziyyəti haqqında Komissiyaya (2000-2002), BMT-nin Davamlı İnkişaf üzrə Komissiyaya (2002-2004), BMT-nin İqtisadi və Sosial Şurasına (ECOSOC) (2003-2005), İnsan Hüquqları Komissiyasına (2005-2006), İnsan Hüquqları Şurasına (2006-2009), Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasına (2006-2009), Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə (2009-2011), BMT-nin Təhlükəsizlik Şurasına (2012-2013) və BMT Ümumdünya Turizm Təşkilatının İcra Şurasına (2013-2017) üzv seçilmişdir. Son olaraq, ölkəmiz 2016-cı ilin iyun ayında 2017-2019-cu illər üzrəECOSOC-un üzvü seçilmişdir. Bundan əlavə, Azərbaycan BMT-nin əsas orqanları, ixtisaslaşmış və digər qurumları ilə yaxından əməkdaşlıq edir. Onların sırasında BMT-nin İnkişaf Proqramı (BMTİP), BMT-nin Qaçqınlar üzrə Ali Komissarı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Qadınlar Fondu, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan olunması haqqında Müqavilə Təşkilatı və s. qeyd etmək olar.

İntellektual səviyyədə beynəlxalq əlaqələrin qurulması

Təhsil, elm və mədəniyyət məsələlərinin vacibliyini nəzərə alaraq, Azərbaycan Respublikası BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı (YUNESKO) ilə geniş əməkdaşlıq edir və bu məqsədlə 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycanın YUNESKO nəzdində Milli Komissiyası təsis edilmişdir. Azərbaycan və BMT-nin Uşaq Fondu (UNİCEF) arasında əməkdaşlıq qaçqın və məcburi köçkün uşaq və yeniyetmələr arasında vəziyyətin yaxşılaşdırılması məqsədilə bərqərar olmuşdur. 2000-2002-ci illərdə Azərbaycan Qadınların statusu haqqında Komissiyanın üzvü olmuşdur.Azərbaycan, həmçinin, Komissiyanın "Hərbi münaqişələr nəticəsində girov götürülmüş qadın və uşaqların azad edilməsi haqqında" qəbul etdiyi illik qətnaməsinin əsas sponsorudur. Azərbaycanın müxtəlif nazirlik və qurumları BMT sistemində olan müvafiq qurumlarla sıx əməkdaşlıq edirlər. Azərbaycanın BMT çərçivəsində görülən işlərə verdiyi töhfələr sırasında, onun qlobal səviyyədə terrorizmə qarşı aparılan mübarizədə fəal şəkildə iştirakı xüsusilə qeyd edilməlidir. Bu baxımdan respublikamız BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edərək, həmin Komitəyə Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim etmişdir (S/2001/1325, S/2002/1022, S/2003/1085). Ölkəmiz BMT və İslam Əməkdaşlığı Təşkilatının qurumları ilə birlikdə “Terrorçuluğun qarşısının alınması və əməkdaşlığın gücləndirilməsi” üçün 18-19 mart 2013-cü tarixlərində Bakıda keçirilmiş yüksək səviyyəli beynəlxalq konfransa ev sahibliyi etmişdir. Bundan əlavə, terrorçuluğa, mütəşəkkil cinayətkarlığa, narkotik vasitələrin yayılmasına qarşı mübarizə və digər müvafiq sahələrdə BMT-nin Narkotik və Cinayətkarlıq üzrə Ofisi (UNODC) ilə effektiv əməkdaşlıq həyata keçirilməkdədir.

Azərbaycan 2011-ci ildə BMT Baş Məclisinin Prosedur Qaydalarının 142-ci bəndinə əsasən BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə 2012-2013-cü illər üçün keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyini irəli sürmüşdür. Azərbaycan seçkilərdə əvvəl Macarıstan, sonra isə Sloveniya üzərində şərtsiz üstünlük qazanaraq 155 səs əldə etmişdir. Beləliklə, Azərbaycan 2011-ci il oktyabrın 24-də 2012-2013-cü illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə inamlı qələbə qazanmışdır. Azərbaycan Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda BMT Təhlükəsizlik Şurasının üzvü seçilən ilk ölkə olmuşdur. Bununla yanaşı, BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması və artıq dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması, Azərbaycanın dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, ölkəmizin regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir. Azərbaycan Beynəlxalq Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçildikdən qısa müddət sonra prezident İlham Əliyev bəyan etdi ki, BMT Nizamnaməsində qeyd olunmuş ədalət və beynəlxalq sülhün aliliyi prinsipinin irəli sürülməsi və inkişaf edilməsi Azərbaycanın bu qurumda əsas və birinci dərəcəli hədəfi olacaqdır. Bu xətti əsas tutaraq, üzvlük müddəti ərzində Azərbaycan Təhlükəsizlik Şurasının başlıca vəzifəsi olan beynəlxalq sülh və təhlükəsizliyin qorunması istiqamətində gücünü əsirgəməmişdir. 2012-ci ilin may və 2013-cü ilin oktyabr ayında Azərbaycan Təhlükəsizlik Şurasına sədrlik etmişdir. Bu iki ay müddətində Şura 30 ictimai və fərdi iclas, 29 qapalı müşavirə keçirmiş, 7 qətnamə və sədrinin 3 bəyanatı qəbul etmiş, mətbuat üçün 13 bəyanat vermişdir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA