“Azərbaycan və Gürcüstanın qarşı-qarşıya gəlməsinə qarşıyıq” - HÜSEYN YUSUBOV

“Azərbaycan və Gürcüstanın qarşı-qarşıya gəlməsinə qarşıyıq” - HÜSEYN YUSUBOV

“Azərbaycan və Gürcüstan hakimiyyətlərindən tələb edirik, bu məsələ sülh yolu ilə həllini tapmalıdır”

“Putin bu şeyləri ermənilərə verirsə, demək onun qarşılığında ermənilərdən nələrsə alır və yaxud almağı planlaşdırır. Alacağı şeylər də Azərbaycan və Gürcüstan ərazisindədir”

Son vaxtlar Gürcüstan Azərbaycan arasında münasibətlərə zərbə vuran məsələlər gündəmə gəlməkdədir. Əvvəl xalqımızın hüzn günü, yəni 20 Yanvar günü Axalkalakidə azərbaycanlıların qatili Mixail Avakyana abidə qoyuldu, ardınca Marneulidə Nəriman Nərimanovun abidəsinin götürülməsi gündəmə gəldi. İndi isə neçə gündür ki, Keşikçidağ məbədi məsələsi Azərbyacan-Gürcüstan münasibətlərinə zərbə vurmaq üçün ortaya atılıb. Maraqlıdır ki, bu məsələlərin ardıcıl baş verməsi təsadüfdür? Bu və digər suallarımıza cavab almaq üçün Gürcüstan Azərbaycanlıları Konqresinin sədri Hüseyn Yusubovla söhbətləşdik:

- Birincisi, təsadüfi heç nə olmur. İkincisi də bütün məsələlərlə bağlı mən Gürcüstan Azərbaycanlıları Konqresinin sədri olaraq öz möveyimdən çıxış edirəm. Bu məsələnin Avakyanla yaxından-uzaqdan bir əlaqəsi yoxdur. Tutaq ki, artıq Xudu Borçalıya heykəl qoymaqla bağlı Gürcüstanda qərar qəbul olunub. Bunu indi erməni götürüb nə iləsə əlaqələndirməlidirmi? Gürcüstanda azərbaycanlıların bir qəhrəmanına heykəl qoyulursa, bu, ermənilərə nəsə olurmu deməkdir? Yox, ermənilər də öz işində-gücündədir.

Amma kilsə ilə bağlı ayın 2-də Azərbaycanın İctimai kanalı məni dəvət etdi, biz birlikdə həmin sərhəd bölgəsinə getdik, orada kilsənin hər iki biri tərəfinin də vəziyyəti ilə tanış olduq, heç də mətbuatda deyilən həyacanı orada biz müşahidə etmədik. Ümumiyyətlə, biz orada heç bir həyacan görmədik. Hətta Rusiyanın başqa-başqa şəhərlərindən orada çoxlu turistlər var idi, onlardan da soruşduq ki, Azərbaycan sərhədçiləri sizi o tərəfə keçəndə narahat edirmi? Əksinə dedilər bizi çox gözəl qarşılayırlar, müşayət edirlər. Yəni bu ajiotajı yaradan kiçik qruplardır. İndi son günlərdə buralarda belə informasiya yayımlanır ki, gənclərdən ibarət bir patrul xidməti yaratsınlar. Bunu dövlət yox, gənclər öz aralarında yaratmağı nəzərdə tutur. Sərhəd bölgəsində patrul xidməti yaratmağı da bu cür xırdalayırlar ki, Azərbaycan sərhədçiləri ora keçənlərə mane olarsa, həmən qüvvələr də Azərbaycan sərhədçilərinə mane olmalıdır. Ondan başqa, bu saat demarkasiya-delimitasiya ilə bağlı mövzular aktuallaşıb. Bütün bu şeyləri biz Gürcüstan azərbaycanlıları olaraq hər iki tərəfdən tələb edirik ki, bu məsələlər sülh yolu ilə həllini tapsın. Beynəlxalq normalarda bunun həlli yolları var. Bu yolları araşdırsınlar hər iki tərəfi də qane edən bir qərar qəbul etsinlər. Əgər beynəlxalq normalarda hər iki tərəfi də qane edən bir norma tapa bilmirlərsə, oturub ikisi tapmağı bacararlar, öz normativlərini qursunlar, amma əsas odur ki, dostluqdan, qardaşlıqdan uzaqlaşmasınlar. Azərbaycan tərəfindən də mən xahiş edirəm ki, “provakator” dediyimiz adamlara saqqız verməsinlər. Sən bayram günlərində sərhəddi bağlayanda, xalq ora ziyarətə gedə bilməyəndə həmin günlərdə əlbəttə ki, “provakatorlar” da, hamı da ortaya çıxacaq. Belə şeylərə şərait yaratmaq lazım gəlmir. Amma burada da Şalva Natelaşvili, İrakli Okuraşvili kimi “siyasi prostitutka” adlandırılan adamların sözlərini də Gürcüstan ictimaiyyətində nə gürcülər, nə də biz, azərbaycanlılar ciddiyə almır. Natelaşviliyə Gürcüstanın Jirinovskisi deyirik. Okuraşvili də ki, əvvəl “Rusiyaya qarşı ordu hazırlayıram, Rusiyaya hücum edəcəm” deyə-deyə sonra da Rusiyaya satıldı. Belə adamlardan ciddi bir söhbət, mövqe gözləmək lazım deyil. Amma belə adamlara saqqız da vermək lazım deyil. Çünki onun ikisinin də mövqeyi məlumdur, Rusiya ilə əlbir olan adamlardır. Rusiya burada “provakasiya” yaratmaq üçün çöpdən də istifadə edir, istəyir Gürcüstanın içərisində “provakasiya” yaratsın. Amma həmişə deyirəm, bir daha da vurğulamaq istəyirəm ki, Azərbaycanla Gürcüstan bir gəmidədirlər, inşallah, həmin gəmi ilə gözəl bir sahilə birlikdə çıxarlar. Düzdür, Azərbaycan dövləti yarandıqdan sonra onun inkişaf xətti ilə Gürcüstanın müstəqil inkişaf xətti təəssüflər olsun ki, fərqli istiqamətlərdə gedir. Biri Amerika, NATO, Avropa istiqamətində, digərinin xarici siyasəti Rusiya ağırlığı ilə gedir. Bu şeylər də tənzimlənsə, daha yaxşı olar. Çünki fərqli istiqamətdə inkişaf gedəndə fərqli getdiyi yerlər bunları bir-biri ilə qarşı qoya bilər. Mən istəmirəm ki, bu şeylər olsun.

- Gürcüstan-Azərbaycan münasibətlərinin pozulmasında konkret Rusiyanın adını çəkdiniz. Belə məlum olur ki, son vaxtlar baş verən gərginliyin arxasında da Rusiyanın maraqları dayanır…

- Bəli, mən Rusiyanı bir daha vurğulayıram. Çünki Rusiya üçün Gürcüstan itirilmiş bir torpaqdır. Bu itirilmiş torpağı Rusiya öz əlində saxlamaqdan ötrü öncə Abaxaziya, Osetiya kartlarından istifadə etdi. Cavaxetiyada yaşayan ermən kartı da həmişə Rusiya üçün aktual kartdır. O kartdan zaman-zaman istifadə edir. Qarabağ hadisələri yeni başladığı dövrdə ilk dəfə orada bir “Krunq” erməni təşkilatı yaranmışdı. Bu gün “Krunq” təşkilatının səsi Abxaziyadan gəlir. Həmin “Krunq” təşkilatı oradan elan edir ki, Abxaziya ermənilərinə Abxaziya ərazisində milli muxtariyyət verilsin. Bu şeylər boşuna olmur. Putin bu şeyləri ermənilərə verirsə, demək onun qarşılığında ermənilərdən nələrsə alır və yaxud almağı planlaşdırır. Alacağı şeylər də Azərbaycan və Gürcüstan ərazisindədir. Azərbaycan ərazisinin, yəni Dağlıq Qarabağ muxtar vilayətinin ərazisi nə qədərdirsə, onun dörd qatı qədər işğal altındadır. Ondan başqa, Gürcüstan ərazsində Gürcüstanın üç böyük bölgəsi işğal altındadır. Təkcə Abxaziya və Çxinvali bölgəsi yox, eyni zamanda Lori bölgəsi 1918-ci illərdə ermənilər tərəfindən işğal olunub. Bu gün də həmin işğal Rusiya tərəfindən davam edir. Rusların apardığı borderizasiya siyasəti nəticəsində Axalqori tərəfdə hər gün yatıb, yuxudan qalxanda görürlər ki, kiminsə evi Rusiyanın ərazisidir və yaxud kəndin qəbristanlığı Rusiya ərazisinə çevrilib. Hər gün sərhəd hasarı orada irəliləyir. Orada dövlət sərhəddi yoxdur. Dövlət sərhəddi dağlarla gedir, onu gətirib kəndlərə çıxarıblar. Yəni rus faktoru var.

Bu gün Ermənistandakı iqtidarın dəyişməsi Rusiyanı bir daha silkələdi. Çünki Ermənistan diasporası dəyişdi. Yeni gələn erməni iqtidarı yükləndi ki, Ermənistan dövləti öz xarici siyasətini Avropa və NATO istiqamətində inkişaf etdirməlidir. Əlbəttə ki, Putin bu siyasəti sevmədi. Paşinyana qarşı da qüvvələr yaratmaqdan ötrü Azərbaycandan istifadə edir, amma Qarabağı vermir. Bu biri tərəfdən, əgər Ermənistan həqiqətən gedib NATO-ya və yaxud Avropa Birliyinə qarışarsa, onda daha ağır qüvvələr Ermənistanı qorumuş olacaq. Yenə Azərbaycan işğaldan qurtulacaqmı? Mən buna inanmıram. Ona görə, gərək, Azərbaycan öz xarici siyasətini quranda Gürcüstanla indiyə qədər qurulan Heydər Əliyev siyasəti, dostluq, qardaşlıq siyasətini davam etdirsin. Heydər Əliyev siyasətini biz həmişə alqışlamışıq. Çünki Qafqazda iki dövlətlə düşmən olmaq ola bilməz. Azərbaycan və Türkiyə Gürcüstanın qonşuları içərisində yeganə ölkədir ki, Gürcüstana heç bir ərazi iddiası yoxdur. Əksinə ikisi də maraqlıdır ki, Gürcüstanın ərazi bütövlüyü təmin olunsun, iqtisadiyyatında bir sıçrayış olsun. Ermənistan isə Cavaxetiya bölgəsini almaq üçün bu gün hər şeyə hazırdır. Ermənistanın 100 il bundan qabaq işğal altına aldığı Gürcüstan torpağı olan Lori bölgəsini qaytarmaq heç müzakirə mövzusu da deyil. Abxaziyada, Osetiyada gedən proseslər isə Rusiyanın nəzarətində olan proseslərdir. Ondan başqa, Pankisidə olan son hadisələri mən heç də təsadüfi saymıram. Hesab etmirəm ki, orada rus barmağı yoxdur. Ona görə, Azərbaycan bu məsələlərdə diqqətli olsa, daha yaxşı olar.

- Azərbaycan-Gürcüstan münasibətlərinin pozulmasında erməni faktorunu istisna edirsiniz?

- Ermənilər həm Azərbaycan, həm də Gürcüstan torpaqlarını (Lori bölgəsini) işğal altında saxlayırsa, Cavaxetiyanı qarışdırmaqdan ötrü hər şeyə əl atırsa, mütləq var. Bir neçə gün öncə Amerikada yaşayan erməni diasporası Cavaxetiyanın çiçəklənməsi üçün fond yaratdı və kənarda yaşayan ermənilərdən Cavaxetiyanın çiçəklənməsi üçün pul toplayırlar. Biz çox gözəl xatırlayırıq, vaxt var idi ki, həmin erməni diaspora təşkilatları Qarabağı çiçəkləndirmək üçün pul topladılar və cənnət Qarabağı azərbaycanlılar üçün cəhənnəmə çevirdilər. Bu gün həmin şeyləri Gürcüstanın başın gətirməyə hazırlaşırlar. Harada rus faktoru var, eyni zamanda ona paralel mütləq erməni faktoru var. Bu, bir aksiomadır.

- Bildiyimiz kimi, Keşikçidağ məbədi məsələsində bəzi gürcü siyasətçiləri daha da irəli getdilər. Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili məbədi ziyarət edərkən Azərbaycan sərhədçilərinə üz tutaraq söylədi ki, “Siz Orta Asiyadan gəlmisiniz, bu mədəniyyəti biz yaratmışıq. Keçmiş daxili işlər naziri İrakli Okuraşvili isə “500 min sərhəddə qarşılayarsınız”. Necə düşünüsünüz bu, Gürcüstanın dövlət siyasətidir, yoxsa..?

- Nə Şalva Natelaşvili, nə də İrakli Okuraşvli Gürcüstan siyasi arenasında ciddi qəbul olunan fiqur deyil. Onlara hamı gülür. Onlar bizim Jirinovskilərdir. Okuraşvli “siyasi prostitutka” sayılan bir fiqurdur. Gürücüstan siyasi arenasında o adamın adı budur. Şalva Natelaşvili barəsində isə hamı deyir, o bizim Jirinovskimizidir. Onlar gülmək üçündür, ciddi qəbul olunmaq üçün deyil. Amma mən Qareci kilsəsini gürcü mədəniyyətinə aid bir abidə sayıram. Çünki Qafqazda ilk xristianlıq gürcülərdə olub. Ondan çox əsrlər sonra ermənilər buralara xristian olaraq gəlib çıxıblar. Amma Qafqaz xristianlığı deyiləndə gürcü-xristian mədəniyyəti yada düşür. Burada gürcü-xristian arxitekturasından söhbət gedir.

- Keşiçi dağ mədəbədi Alban tarixi abidəsidir. Niyə gürcü-xristian kilsəsi hesab edirsiniz?

- Alban məbədləri haralardasa ola bilər. Mən mübahisə etmirəm. Amma həmin Qareci kompleksi sərhəddin gürcü tərəfində 6 ayrı-ayrı detalları olan çox böyük kompleksdir və bir monastr Azərbaycan sərhəddinin içərsindədir. O binada olan daş yazılarda, portretlərdə o dövrün gürcü çarlarının şəkilləri çəkilib. Daş yazıların üzərində gürcü hərfləri var. Birincisi, tarix rəqəmlərlə yazılmağına baxmayaraq dəqiq elm sayılmır, humanitar bir elmdir. Dünyanın bütün qoşunlarına məğlub olmuş Hindistan da özünün tarixini bir qəhrəmanlar salnaməsi kimi yazıb. Yəni tarix daha çox vətənpərvərliyə çağıran bir elmdir. Oradakı müxtəlif versiyalarda hərənin öz düzü həmişə var. Bu, gürcü kilsəsi olanda Azərbaycana burada pis nə olur ki?! Olsun gürcü kilsəsi, Azərbaycan ərazisində yerləşir. Azərbaycan dövlətindən indiyə qədər istənilən o olub ki, sərhədlər açılsın, gürcü dindarları gedib oranı problemsiz ziyarət edə bilsin. Heydər Əliyev siyasəti o cür qurulmuşdu ki, Azərbaycan bunu təmin edə bilirdi və bu iş gözəl olurdu. Bu dəfə isə problem çıxdı və “provaktor”lara bu boyda saqqız verildi.

- Hüseyn müəllim, siz hansı tarixi mənbəyə istinadən deyirsiniz ki, bu gürcü kilsəsidir?

(Ardı var)

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA