Azərbaycan YUNESKO əlaqələrinin inkişaf yolu

Azərbaycan YUNESKO əlaqələrinin inkişaf yolu

1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan bir sıra nüfuzlu beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq etməyə başladı. Bu beynəlxalq təşkilatlar içərisində BMT-nın Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı - YUNESKO öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin, texniki yardımların, elmi kadrların hazırlanması, qlobal layihələrdə iştirak etmək imkanlarından bəhrələnmək imkanı verir. Xalqların təhsil, elm və mədəniyyət üzrə əməkdaşlığını genişləndirmək yolu ilə sülhün və təhlükəsizliyin möhkəmlənməsinə xidmət göstərən YUNESKO ilə Azərbaycanın əlaqələri öz tarixinə görə ölkəmizin BMT-yə qəbul olduğu dövrdən əvvəlki illərə təsadüf edir. Azərbaycan YUNESKO- ya 1992-ci iyulun 3-də üzv qəbul olunmuşdur. Azərbaycan-YUNESKO əlaqələrinin inkişafında ən mühüm addım prezidenti Heydər Əliyevin Fransaya 1993-cü ilin dekabrın 19-dan 21-dək davam edən ilk rəsmi səfəri çərçivəsində YUNESKO-nun Baş Direktoru Federiko Mayorla görüşü zamanı atılmışdır. Görüş zamanı ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri və inkişaf perspektivləri müzakirə edilmişdir.

Beynəlxalq humanizmin mərkəzi

YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə, üzv-dövlət təhsil, elm və mədəniyyətlə məşğul olan qurumların fəaliyyətini YUNESKO- nun işi ilə əlaqələndirmək üçün ilk növbədə Milli Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər həyata keçirməlidir. Ona görə də YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının yaradılması üçün lazımi addımlar atılmış və 1994-cü il fevralın 21-də prezident Heydər Əliyev bununla əlaqədar sərəncam imzalamışdır. Sərəncama əsasən Milli Komissiya Azərbaycanın Xarici İşlər Nazirliyinin nəzdində yaradılmış, Xİ naziri onun sədri təyin edilmiş və eyni zamanda sədrə Milli Komissiyanın tərkibini müəyyən etmək səlahiyyəti verilmişdir. Azərbaycanın müxtəlif beynəlxalq təşkilatlarla mədəniyyət sahəsində qurduğu geniş əməkdaşlıq əlaqələri ölkəmizin milli- mədəni ənənələrə sadiq qalaraq dünya sivilizasiyasına inteqrasiyası üçün əlverişli şərait yaratdı. Bundan sonra müvafiq nazirlik və idarələrinin rəhbərlərindən, ziyalılardan və ictimaiyyətin digər nümayəndələrindən ibarət Milli Komissiyanın 25 nəfərlik tərkibi və daimi katibliyi formalaşdırılmışdır. 2005-ci il sentyabrın 15-də prezident İlham Əliyev YUNESKO ilə Azərbaycan arasında qarşılıqlı əlaqələrin inkişaf səviyyəsini nəzərə alaraq, YUNESKO üzrə Azərbaycan Milli Komissiyası ilə bağlı əlavə tədbirlər haqqında Sərəncam imzalamışdır. Sərəncama əsasən Azərbaycan Milii Komissiyasının yeni tərkibi müəyyənləşdirilmişdir. Milli Komissiya Azərbaycanın YUNESKO- dakı siyasətinin əsas istiqamətlərini müəyyən edir. Azərbaycanın YUNESKO əməkdaşlığı ilə bağlı gündəlik operativ iş Bakıda XİN-in nəzdində Milli Komissiyanın Daimi Katibliyi və Parisdə Azərbaycanın YUNESKO yanında Daimi Nümayəndəliyi tərəfindən həyata keçirilir. 1994-cü il iyunun 18-də Budapeştdə YUNESKO-nun Avropa regionu komitəsinin VII Federiko Mayor tərəfindən Azərbaycan Respublikası ilə YUNESKO arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Memorandumda respublikamıza təhsil, mədəniyyət və digər sahələrdə yardımların göstərilməsi nəzərdə tutulurdu. Azərbaycanın mədəniyyət abidələrinin mühafizəsi və bərpası sahəsində əməkdaşlıq məsələləri öz əksini tapmışdı.

YUNESKO-nun baş qərargahında dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 500 illiyinə həsr olunmuş mərasimin keçirilməsi, həmin tədbirdə Federiko Mayorun şəxsən iştirakı, nəhayət, Baş direktorun 1996-cı ilin noyabrında Bakıya gəlişi və yubiley mərasimlərində iştirakı əlamətdar hadisə olmaqla yanaşı, Azərbaycanla YUNESKO arasında əməkdaşlığın yüksək səviyyədə qurulmasını göstərən amillərdəndir.

Səfər zamanı mədəniyyət sahəsində ikitərəfii əməkdaşlıq haqqında saziş də imzalanmışdır. Bununla yanaşı, “Mədəni sərvətlərin qanunsuz olaraq ölkədən aparılması, gətirilməsi və onların barəsində mülkiyyət hüququnun başqasına verilməsini qadağan etmək yolları” haqqında beynəlxalq konvensiyanın müddəalarını əsas götürməklə Azərbaycanın işğal olunmuş ərazilərindəki maddi- mədəniyyət abidələrinin qaytarılması, mühafizəsi və bərpası istiqamətində YUNESKO ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir.

Azərbaycana beynəlxalq mqiyasda olan münasibət

BMT-nin ixtisaslaşmış qurumları ilə elm sahəsində əməkdaşlıq özünü əsasən elmi konfranslarda, simpoziumlarda, seminarlarda iştirak etməkdə göstərir. Azərbaycan alimləri müxtəlif məsələlərə həsr olunmuş konfrans və seminarlarda çıxış etməklə yanaşı, qlobal problemlərlə bağlı beynəlxalq məclislərdə də öz sözlərini deyirlər. Bir sıra elmi toplantıların Bakıda keçirilməsi isə, Azərbaycan elminin böyük uğurudur. Qeyd etmək lazımdır ki, YUNESKO dünya şöhrətli alimlərin elmi irsinin öyrənilməsinə və təbliğinə də xüsusi diqqət verir. Görkəmli alim akademik Azad Mirzəcanzadənin elmi-pedoqoji irsi haqqında YUNESKO xətti ilə konfrans keçirilməsi qərarı hələ 1992- ci ildə qəbul edilmişdi. Bu cür konfransların keçirilməsi istər Azərbaycan alimlərinin dünyada tanınmasında, istərsə də respublikada elmin inkişafında böyük əhəmiyyət kəsb edir.

BMT və onun ixtisaslaşmış qurumları ilə mədəni əlaqələr çərçivəsində sərgilərin, baxış müsabiqələrinin, foto sərgilərin təşkil edilməsi səmərəli nəticələr vermişdir. Görkəmli Azərbaycan rəssamı S.Bəhlulzadənin əsərlərindən ibarət sərginin BMT-nin Nyu-Yorkdakı iqamətgahında nümayiş etdirilməsi respublikanın təsviri incəsənət sahəsində qazandığı uğurların beynəlxalq səviyyədə təsdiqi kimi qiymətləndirilməlidir. BMT Baş Katibinin həmin sərginin açılışında iştirakı Azərbaycan mədəniyyətinə göstərilən böyük diqqətdir. YUNESKO Baş Direktorunun kabineti yanındakı sərgidə dünya incəsənət inciləri ilə bir sırada Lətif Kərimovun müəllifi olduğu “Memar Əcəmi” xalçasının asılması (bu xalça 1983- cü ildə Bakıda YUNESKO xətti ilə keçirilən xalça simpoziumunda o dövrki Baş direktor A.Bouya hədiyyə edilmişdi) Azərbaycan mədəniyyətinə olan diqqətin nəticəsi idi. Azərbaycan YUNESKO əməkdaşlığına dair 1996-cı ilin noyabrında imzalanmış saziş təhsil, elm, mədəniyyət və humanitar sahələrdə əməkdaşlığın yeni mərhələsinin başlanğıcı idi. Təsadüfi deyil ki, məhz bundan sonra Azərbaycanda ali təhsilin TASİS və TEMPUS proqramlarına uyğun şəkildə yenidən qurulmasına dair iki layihə reallaşdırılmağa başladı, 2000-ci il YUNESKO tərəfindən Böyük İpək yolu - TRASEKA ili elan olundu. Bundan əlavə, president Heydər Əliyevin təşəbbüsü ilə YUNESKO ilə əlaqələri möhkəmləndirmək və Azərbaycan elminin, təhsilinin və mədəniyyətinin inkişaf etdirilməsi məqsədilə Azərbaycan YUNESKO çərçivəsində qəbul edilmiş bir sıra konvensiyalara qoşulmuşdur. Bu mənada, Azərbaycanın qoşulduğu YUNESKO konvensiyalarından - Silahlı münaqişə baş verdikdə mədəni dəyərlərin qorunması haqqında 14 may 1954- cü il tarixli Konvensiyası, Ümumdünya mədəni və təbii irsinin mühafizəsi haqqında 16 noyabr 1972-ci il tarixli Konvensiyası, Asiya və Sakit Okean dövlətlərində tədris kurslarınm, Ali təhsil haqqında diplomların və elmi dərəcələrin tanınması haqqında 16 dekabr 1983-cü il tarixli regional Konvensiyası, mədəni dəyərlərin qanunsuz olaraq ölkəyə gətirilməsi, ölkədən çıxarılması və mülkiyyət hüququnun qanunsuz olaraq başqasına verilməsinin qadağan olunması və qarşısının alınmasına yönəldilmiş tədbirlər haqqında 14 noyabr 1970-ci il tarixli Konvensiyalarının adlarını çəkmək olar. Prezident Heydər Əliyevin 1997-ci il sentyabrın 3-də YUNESKO- nun Baş direktoru Federiko Mayora ünvanladığı məktubunda YUNESKO- nun İnsanların Sülh Hüququ haqqında Bəyannaməsinin qəbul edilməsi təklifini təqdirəlayiq hal hesab etdiyini və dəstəklədiyini baş direktorun diqqətinə çatdırdı. Məktubda Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyi qeyd edilirdi.

YUNESCO Ermənistanın təcavüzkar siyasətinə qarşıdır

Prezident Heydər Əliyevin məktubunda, xüsusilə Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ərazimizin 20 faizinin işğal edilməsinə, 1 milyondan artıq vətəndaşımızın yurdlarından didərgin düşməsinə, mədəni sərvətlərimizin dağıdılmasına baxmayaraq, Azərbaycanın sülhsevər siyasət apararaq, ölkədə siyasi sabitliyə, vətəndaş həmrəyliyinə nail olduğunu və bu münaqişəni yalnız sülh yolu ilə həll etmək niyyətində olduğu bildirilirdi. Məktubda bütün bunların Azərbaycanın insan hüquqlarına nə qədər hörmət etməsinin əyani sübutu olduğunu və Azərbaycanın demokratik, hüquqi, dünyəvi dövlət kimi bundan sonra da öz siyasətini yalnız sülhün bərqərar olmasına yönəldəcəyi qeyd edilmişdir. Azərbaycanın mədəni irsinin dünyaya çatdırılmasında növbəti addım president Heydər Əliyevin 1997-ci il aprelin 20-də "Kitabi- Dədə Qorqud"un 1300 illik yubileyinin keçirilməsi ilə əlaqədar imzaladığı fərman olmuşdur. Yubiley çərçivəsində elmi, ictimai, siyasi və bədii nöqteyi- nəzərdən böyük işlər görülüb və bütün bunları yüksək qiymətləndirən Heydər Əliyev "Kitabi-Dədə Qorqud" ensiklopediyasının nəşrini böyük nailiyyət adlandırıb. Bu tədbirlərə YUNESKO nümayəndələri də biganə yanaşmamış və 2000-ci il “Kitabi Dədə Qorqud Dastanının” 1300 illik yubileyi ilə əlaqədar YUNESKO çərçivəsində, Drezdendə, Moskvada, Türkiyənin müxtəlif şəhərlərində yubiley tədbirləri təşkil olunmuşdur (1, s.222). Bu tədbirlər 2000- ci ilin aprelində Bakıda Türkdilli Dövlətlər Birliyinin VI zirvə toplantısına dəvət olunmuş dövlət başçılarının iştirakı ilə keçirilmiş təntənəli yubiley mərasimi ilə başa çatmışdır. Azərbaycanın mədəni və təbii irsinin qorunması məsələsi də YUNESKO ilə əməkdaşlığın əsas istiqamətlərindən biridir. Bu baxımdan, Bakı şəhərinin tarixi mərkəzi olan İçərişəhər memarlıq kompleksi 2000-ci ilin dekabr ayında Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Lakin, Azərbaycanda baş vermiş zəlzələ nəticəsində İçərişəhərin ərazisində yerləşən memarlıq abidələrinə dəymiş zərər və bununla bağlı bir sıra problemlərə görə 2003-cü il iyulun 4-də Ümumdünya İrs Komitəsinin 27-ci sessiyasında İçərişəhər kompleksi YUNESKO-nun təhlükədə olan ümumdünya irs siyahısına daxil edilmişdir. Azərbaycan prezidenti İlham Əliyevin müvafiq fərman və sərəncamlarına uyğun olaraq, İçərişəhərə dövlət qayğısı artırılmışdır. YUNESKO- nun Ümumdünya İrs Komitəsinin ekspertlərinin hesabatlarında Azərbaycan hökuməti tərəfindən İçərişəhər Qoruğunun mühafizəsi istiqamətində görülən işlər təqdir edilmişdir. Nəticədə 2009-cu il iyun ayının 22-dən 30-dək İspaniyanın Sevilya şəhərində keçirilən Ümumdünya Mədəni İrs Komitəsinin 33-cü sessiyasının qərarına əsasən, İçərişəhər Kompleksi YUNESKO-nun Təhlükə altında olan abidələr Siyahısından çıxarılmışdır. YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 2007-ci ildə Yeni Zelandiyada keçirilmiş 31-ci sessiyasında qəbul edilmiş qərara əsasən Qobustan Dövlət Tarixi Bədii Qoruğu Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Azərbaycanın təbii irsinin qorunması məqsədi ilə Hirkan meşələrinin namizədlik sənədləri hazırlanaraq Ümumdünya İrs Komitəsinə təqdim edilmişdir. Hazırda bu istiqamətdə müvafiq işlər həyata keçirilmişir. 2003-cü ilin noyabr ayının 7-də Azərbaycan muğamı YUNESKO-da bəşəriyyətin qeyri maddi irsinin şah əsəri elan olunmuşdur. 2008- ci ildə aərbaycanlı bəstəkar və pedaqoq Firəngiz Əlizadəyə YUNESKO-nun “Sülh naminə incəsənət xadimi” fəxri adı verilmişdir. 2009-cu il 28 sentyabr - 02 oktyabr tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Əbu- Dabi şəhərində keçirilən YUNESKO-nun Qeyri-maddi Mədəni İrsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 4-cü sessiyasında Komitənin yekun qərarına əsasən, Azərbaycan aşıq sənəti və beynəlmiləl qeyri-maddi mədəni irs nümunəsi kimi Novruz Bayramı YUNESKO- nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmişdir ki, bu da Azərbaycan mədəniyyəti üçün mühüm hadisə hesab edilməlidir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA