Azərbaycana “46.4" təhlükəsi - BAKI ÜÇÜN KRİTİK GÜN

Azərbaycana “46.4" təhlükəsi - BAKI ÜÇÜN KRİTİK GÜN

Yola birgə davam, yoxsa tamam?; REAL sədrinin işi ilə bağlı Avropa Şurasının Azərbaycan hökumətinə verdiyi vaxt bitir; AŞ Nazirlər Komitəsinin sabahkı qərarı nə olacaq, Strasburqda daha 4 həftə gözləyəcəklərmi?..

Sabah - dekabrın 5-də həbsdəki REAL sədri İlqar Məmmədovla bağlı Azərbaycanla Avropa Şurası arasında bir müddətdir yaşanan gərginlik həlledici nöqtəyə çata bilər. Avropa Şurasının baş katibi Törbron Yaqlandın təşəbbüsü ilə başlamış bu gərginliyin nə ilə sonuclanacağı yəqin ki, ən çox təşkilatın özündən, daha doğrusu, Avropa Şurası Nazirlər Komitəsinin verəcəyi qərardan asılı olacaq.

Komitə isə elan edib ki, REAL sədri ilə bağlı Azərbaycanın Avropa Konvensiyasının 46.4 maddəsini yerinə yetirib-yetirməməsinə dair Avropa İnsan Haqları Məhkəməsinə müraciət edə bilər. Xəbər verildiyi kimi, rəsmi Bakı artıq məsələ ilə bağlı yekun mövqeyini 7 səhifədən ibarət izah-şərhlə təşkilata çatdırıb.

Fakt budur ki, İlqar Məmmədov buraxılmayıb və ehtimal ki, dekabrın sonunda gözlənilən əfv sərəncamı və ya parlamentin qəbul elədiyi yeni qanunla azadlığa çıxacaq. Sual da belədir ki, məsələ ilə bağlı neçə il gözləyən Strasburqun daha bir neçə həftə gözləməyə hövsələsi çatacaqmı, yoxsa hər iki tərəf üçün ən arzuolunmaz ssenari - Azərbaycanın təşkilatdan çıxarılması proseduru işə salınacaq?

*****

İstənilən halda “top” indi AŞ tərəfindədir. Doğrudur, bu məsələ ilə bağlı Azərbaycana münasibətdə birtərəfli yanaşmanın olduğunu düşünənlər az deyil. Belə rəylər var ki, Avropa İnsan Haqları Məhkəməsinin çoxsaylı qərarları indiyədək icra olunmamış qaldığı halda, REAL sədri ilə ilgili məsələyə bunca həssaslıq göstərilməsi qərəzli və “ikili standart” yanaşmasıdır. Gərginliyin erməni çevrələrinə bağlı qruplar tərəfindən körükləndiyi haqda rəylər də mövcuddur.

Image result for Avropa Şurası

Bu yerdə qeyd edək ki, ötən həftə Yaqland Krımın işğalına görə Avropa Şurasının, Avropa Birliyi və ABŞ-ın sanksiyalar tətbiq elədiyi Rusiyanın təşkilatdan çıxa biləcəyindən narahat olduğunu bildirib və ona qarşı sanksiyaların götürülməsi təklifi ilə çıxış edib. Baş katibin fikrincə, Rusiya qurumdan çıxarsa, o zaman bütün dünyada insan haqlarının qorunmasına zərbə dəyə bilər. Sitat: “Rusiya Avropa Şurasından çıxsa, həqiqətən çox pis vəziyyət olar. Bu, Avropa üçün neqativ hadisə olar. Çünki onda Avropa Rusiyasız olacaq. Bu da Avropa üçün geriyə böyük bir addım deməkdir”.

Bununla da Yaqland faktiki şəkildə iki üzv dövlət - Azərbaycan və Rusiya arasında əsassız fərq qoyduğunu büruzə verib, “ikili standart” yanaşmasını sərgiləyib. Bundan əlavə, Rusiya təşkilatdan gedərsə 140 milyonluq əhalinin Avropa İnsan Haqları Məhkəməsinə müraciət imkanından məhrum olacağından narahatlıq ifadə edən Yaqland nədənsə Azərbaycanın 10 milyonluq əhalisinin eyni aqibətlə üzləşəcəyini görməzlikdən gəlib.

Image result for Yagland

Lakin hətta “ikili standart” yanaşması varsa belə, Avropa İnsan Haqları Məhkəməsinin neçə-neçə qərarı icrasız qalıbsa belə, bu, ölkəmizin durumunu yüngülləşdirmir. Nədən ki, Avropa Birliyi kimi, faktiki, xristian klubu olan Avropa Şurasında müsəlman-türk dövləti kimi Azərbaycana daim məxsusi diqqət var və həmişə də olacaq.

Söhbət əlbəttə ki, Avropada bizi xoşlamayan, Qarabağ məsələsində beynəlxalq səviyyədə mövqeyimizi zəiflədib erməni işğalına haqq qazandırmağa çalışan məkrli anti-türk dairələrindən gedir. Mövqeyimizi zəiflətməyin bir yolu da ölkəmizin nüfuzunu zədələmək, onu sivil dünyanın gözündən salmaqdır. Ən azı, bu üzdən Azərbaycan bütün sahələr üzrə, o cümlədən də demokratiya və insan haqları məsələsində daima işğalçı Ermənistandan bir, mümkünsə, iki addım öndə olmalıdır.    

Image result for İlqar Məmmədov

*****

Söz yox ki, Azərbaycan da Avropa Şurasına, Qərbə lazımdır. Əks halda, yəni ölkəmizin təşkilatdan çıxması ilk növbədə Rusiya üçün yaxşı sürpriz olar, Kremlə anti-Qərb koalisiyasını genişləndirmək, Azərbaycana təsirləri artırıb bölgədə möhkəmlənmək, regiondakı Qərb obyektlərini sıxışdırmaq üçün yeni fürsət verər. Erməni çevrələrinin sevinci də öz yerində.

Yada salmaq gərəkdir ki, Avropa Şurası Azərbaycanın ATƏT-dən sonra üzv olduğu ikinci mötəbər Avropa (Qərb) strukturudur. Bakının Qərblə münasibətlərində, balans siyasətinin qorunmasında bu amil az önəm kəsb eləmir. Üstəlik, bu təşkilat (AŞ PA) illər öncə Ermənistanı işğalçı kimi tanıyan qətnamə qəbul edib. Bu ilin əvvəlində isə Sərsəng su anbarı ilə bağlı təsdiqlədiyi sənəddə bir daha Dağlıq Qarabağ və ətraf 7 rayon işğal altındakı ərazilər kimi göstərilib.

Bu sənədlər indi də qüvvədədir. Ancaq şübhə yox ki, Azərbaycanın olmayacağı Avropa Şurasında ermənilərə bağlı çevrələr həmin sənədlərin gücünü heçə endirən qərarların qəbuluna çalışacaq. Ümumiyyətlə, ölkəmizin təmsil olunmadığı siyasi meydançalarda düşmən ölkənin hansı hoqqalardan çıxdığı, gərək ki, qaranlıq olmasın.

Image result for KTMT

“Rus NATO-su”nun (KTMT) ötən həftəsonu Minskdə keçirilən toplantısı da göstərdi ki, Ermənistan Azərbaycan olmayan yerdə siyasi təxribatlara əl atır, Qarabağa dair özünə sərf edən formulirovkaların (öz müqəddəratını təyinetmə prinsipinin) yer aldığı sənəd və bəyanatların qəbuluna çalışır. Bu, o demək deyil ki, Azərbaycan qeyd-şərtsiz KTMT-yə qoşulmalıdır. Biz öncəliklə qat-qat mühüm olan beynəlxalq təşkilatlarda ermənilərin ideoloji və siyasi xarakterli təxribatlarını önləməyi bacarmalıyıq. Bunu həm də gələn il daha aktual mahiyyət kəsb edəcək Qarabağ məsələsi diktə edir.      

Odur ki, Avropa Şurasında qalmaq Azərbaycanın da marağındadır. Ümid edək ki, REAL sədri ilə bağlı məsələ “xoşbəxt sonluqla” bitəcək və “yola davam” deyilməklə ermənilər və onlara bağlı çevrələr pəjmürdə ediləcək. Bütün hallarda bu olay, özəlliklə həll olunmamış Dağlıq Qarabağ ixtilafı Azərbaycan hökumətinə bir daha belə fors-major vəziyyətlərin yaranmaması üçün daha diqqətli olmağa və effektli ön tədbirlər görməyə çağırır./musavat.com/

  • Hamısı
  • Loading...

    QALEREYA