Azərbaycana qarşı daha bir XAİN ADDIM: Gürcü generalları ermənilərlə...

Azərbaycana qarşı daha bir XAİN ADDIM: Gürcü generalları ermənilərlə...

Gürcüstanın Cavaxetiya bölgəsində yaşayan ermənilərin Axalkalaki rayonunun Buqaşen kəndində Xocalıda azərbaycanlılara qarşı törədilən soyqırımının iştirakçısı Mixail Avaqyana qoyduqları abidə bütün etirazlara rəğmən hələ də “ayaq üstədir”. Hər iki ölkənin ictimaiyyəti ciddi etirazdan sonra abidənin söküləcəyini gözlədiyi bir vaxtda Azərbaycan-Gürcüstan münasibətlərinin ruhuna zidd olan daha bir hadisə baş verdi.

Hurriyyet.org publika.az-a istinadən xəbər verir ki, yanvarın 28-də Ermənistanın Gürcüstandakı səfirliyi işğalçı ölkənin silahlı qüvvələrinin 27-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Ermənistan səfirliyinin belə bir qəbul keçirməsi ilk baxışda normal görünür, lakin gözdən yayınmayan bir sıra nüanslar var:

a) Gürcüstanın müdafiə naziri Levan İzoriya, onun birinci müavini Lela Çikovani, Baş qərargah rəisi David Tevzadze, müdafiə nazirinin məsləhətçisi, general-leytenant Enriko Apriamov rəsmi qəbula qatılanlar arasında idi. Bu, Gürcüstanın hərbi rəhbərliyinin tam heyəti deməkdir.



b) Rəsmi qəbul Ermənistan səfirliyinin binasında yox, Gürcüstan Parlamentinin kitabxanasında keçirilib. Kitabxana Gürcüstan parlamentinin rəsmi strukturu sayılır. Hazırda Gürcüstan parlamentinin binası Kutaisi şəhərindədir. Bu baxımdan, parlamentin kitabxanası paytaxt Tbilisidə qanunverici orqanın yeganə strukturu olaraq fəaliyyət göstərir.



c) Qəbulda Gürcüstan parlamentinin erməni deputatları ilə yanaşı, I Qarabağ müharibəsində iştirak etmiş və əli azərbaycanlıların qanına batmış erməni döyüşçülər də iştirak edib.

Gürcüstanın müdafiə naziri Levan İzoriya da erməni döyüşçülərin qarşısında çıxış edərək, “hərbi əməkdaşlığın iki ölkənin və regional təhlükəsizliyin xeyrinə olduğunu”, “iki ölkə arasında hərbi münasibətlərin dərinləşdiriləcəyini” vurğulayıb və Ermənistan silahlı qüvvələrinin yaradılmasının 27-ci ildönümünü şampan və tortla qeyd edib (fotoda bu açıq şəkildə görünür). Gürcü nazirin təmtəraqlı ifadələrlə təbrik etdiyi Ermənistan ordusu 1992-ci ilin 28 yanvarında yaradılıb və bir ay sonra – fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı XX əsrin ən dəhşətli soyqırımını həyata keçirib. Qəbulda iştirak edən erməni döyüşçülərin də Xocalı soyqırımında iştirak etdiyi və bunun Levan İzoriyanın da bildiyi şübhəsizdir.

Son günlərin hadisələri fonunda bu qəbul və orada baş verənlər Azərbaycanın qarşılıqsız dəstəyi ilə ayaqda duran Tbilisinin Bakıya qarşı davranışında təəccüblə qarşılanan dəyişikliklərin baş verdiyini göstərir.

- Yanvarın 14-də Ermənistanın baş naziri Nikol Paşinyan hakimiyyətini legitimləşdirən kimi dərhal Gürcüstana qeyri-rəsmi səfər gəldi və gürcü həmkarı Mamuka Baxtadze ilə azərbaycanlıların tarixi yurdu olan Bolnisidə görüşdü.



- Bu görüşdən 6 gün sonra – Gürcüstan da daxil olmaqla, postsovet ölkələrinin bir çoxunun müstəqilliyə qovuşmasında presedent rolu oynayan, Azərbaycan tarixinə “Qanlı Yanvar” olaraq keçən 20 yanvar hadisələrinin ildönümü günündə Xocalı soyqırımında iştirak edən erməni terrorçu Mixail Avaqyana abidə ucaldılır və Gürcüstan rəsmiləri bütün etirazlara rəğmən sükutu pozmur.



- Qalmaqallı abidədən 8 gün sonra – 28 yanvarda Gürcüstanın hərbi rəhbərliyi tam heyətdə erməni ordusunun ildönümü mərasimində “qardaşlıq” tostu deyirlər.

Gürcüstan deyə bilər ki, Ermənistan səfirliyinin rəsmi qəbul keçirməsində təəccüblü heç nə yoxdur. Doğrudur, bütün ölkələrdə bütün səfirliklər rəsmi qəbullar keçirirlər və bu normal haldır. Kimsə Gürcüstana erməni səfirliyinin rəsmi qəbul keçirməsinin qarşısını al demir. Lakin burada iki məqam məsələnin heç də normal olmadığını göstərir: birincisi, Gürcüstanın hərbi rəhbərliyinin tam heyətdə qəbulda iştirak etməsi; ikincisi, rəsmi qəbulun Ermənistan səfirliyinin binasında, yaxud hər-hansı oteldə deyil, məhz Gürcüstan parlamentinin paytaxtdakı yeganə strukturu olan kitabxananın binasında keçirilməsi;

Bu iki məqamın üzərinə son hadisələri də gələndə baş verənlərin heç də təsadüfi olmadığı və arxasında Ermənistan və Gürcüstan arasındakı yeni ittifaqın elementlərinin olduğu görünür. Mümkündür ki, regionda Tbilisi-İrəvan yaxınlaşması bu ölkələrdə hakimiyyətləri siyasi Olimpə yüksəldən Qərb dairələrinin istəyinə uyğun həyata keçirilir. Lakin yeni ittifaqın Azərbaycan maraqları üzərindən həyata keçirilməsi regionda təhlükəli tendensiya yaradır. Xüsusilə Gürcüstanın heç nə olmamış kimi bu prosesdə iştirakı Tbilisinin ya Bakının indiyə qədər verdiyi dəstəyi unutduğunu, ya da erməni terrorunun gürcüləri qana boyayan tarixini yaddan çıxardığını göstərir. Yeri gəlmişkən, fevralın 9-da Abxaziyada gürcüləri məhv edən “Baqramyan” batalyonunun yaradılmasının ildönümüdür. Gürcü generallar bu batalyonun da yubiley mərasimində iştirak edəcəklərmi? Rəsmi Tbilisi bu haqda da düşünməlidir.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA