“Azərbaycana qarşı təhdidlər var, amma…” - ƏNVƏR BÖRÜSOY

  • 2019-04-16 11:38:18
  • |

“Azərbaycana qarşı təhdidlər var, amma…” - ƏNVƏR BÖRÜSOY

“Söhbət ondan gedir ki, guya, Dağıstan üzərindən “Ləzgistan”, İran üzərindən də “Talışıstan” ideyası var...”

“Təəssüf edirəm ki, Pənah Hüseyn Azərbaycanı gözləyəcək bu təhlükəyə qarşı iradəsini ortaya qoymur...”

“Uzun müddətdir ki, “Ləzgistan” ideyası ilə müəyyən problemləri gündəmə gətirmək, qabartmaq istəyirlər, bunların heç biri alınası deyil. Bu ideya müəyyən qruplaşmalar var, onlarındır”

Keçmiş baş nazir, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseyn musavat.com-un Facebook və Youtube üzərindən yayımlanan canlı debatı zamanı sensasion açıqlamalar verib.

Pənah Hüseyn bildirib ki, o, ölkəmizlə bağlı ciddi informasiyalar alıb: “Mənə xaricdəki dostlarımız bildirdilər ki, bu ayın sonu, gələn ayın əvvəlində ölkənin həm şimalında, həm də cənubunda təxribatlar hazırlanır. Bunu milli zəmində və xüsusi xarici xidmət orqanlarının əli ilə etmək istəyirlər. Çox diqqətli, ehtiyatlı olmaq lazımdır. Cürbəcür məqsədlər üçün bu təxribatlar hazırlanır. Bunlardan birinin Avropa Birliyi ilə bağlanan müqavilənin imzalanmasını dayandırmaq, ya da sıradan çıxarmaq olduğunu iddia edirlər. Bu məsələdə ermənilərin də işləməsi, ölkədə xaosun olmasında onların da marağının olması aydındır”.

Keçmiş baş nazir hesab edir ki, konkret hadisələrə görə konkret şəxslərin haqqında inzibati və cinayət hüququ əsasında tədbirlər görülməlidir: “Gözümüzün qabağında bəzi ölkələrdə baş verənləri xatırlatmaq istəyirəm. Onlarda da heç bir şey gözlənilmirdi. Amma iqtidarların devrilməsini müşahidə edirik. O baxımdan, pereventiv tədbirlər kimi, hesab edirəm ki, ölkədə real islahat, real dəyişim, real, demokratik seçki tətbiq olunmalıdır. Allah eləməsin ki, bu cür hadisələr xoşagəlməz nəticələrə səbəb olsun”.

Açığı, keçmiş baş nazir Pənah Hüseynin açıqlaması faktlara söykənirsə, bu dövlətimiz, xalqımız adına ciddi təhlükədir. Amma bu, nə dərəcədə doğru informasiyadır?

“Guya, “Ləzgistan” və “Talışıstan” ideyası var”

Keçmiş baş nazir, Qarabağ Komitəsinin təsisçilərindən olan Pənah Hüseynin açıqlamasını Qafqaz üzrə araşdırmaçı ekpsert Ənvər Börüsoy “Hürriyyət”ə şərh etdi: “Burada söhbət ondan gedir ki, guya, Dağıstan üzərindən Azərbaycana qarşı “Ləzgistan”, İran üzərindən də Azərbaycanın cənub regionunda “Talışıstan” ideyası var. Bunların heç biri baş tutan məsələ deyil. Bu, növbəti bir “provakasiya”dır. Ona görə ki, Dağıstanla Azərbaycan münasibətlərində inkişaf prosesi başlayıb. Bu yaxınlarda Dərbənd şəhərinin merinin Bakıda olması, Bakı şəhərinin meri ilə görüşməsi və bunun qarşılığında Azərbaycan tərəfindən Dərbənd şəhərinin inkişafına 5 milyon dollar həcmində investisiya layihələrinin daxil ediməsi və bu barədə protokolların imzalanması məsələsi var.

İkinci tərəfdən isə “Talışıstan” ideyası deyəndə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ölkədə 180 min nəfərə yaxın mənşəcə talış olan insan yaşayır. Onlar da ölkənin bərabərhüquqlu insanlarıdır. Sadəcə olaraq Azərbaycanın yaxın müddətdə bir sıra layihələri gözlənilir, hər dəfə də bu proses gedir. Bu proses zəncirvari olan bir məsələdir.

Belə ki,1994-cü ildə neft kontraktı ilə bağlı ölkədə çevriliş siyasəti oynanıldı, xarici müdaxilənin, daxildəki bəzi gerizəkalı qüvvələrin əli ilə dövlət çevrilişi cəhdləri oldu və bunun qarşısı alındı.

Sonra Bakı-Tibilisi-Ərzurum qaz kəməri ortaya çıxdı, yenə araqarışdıranlar oldu, Bakı-Tbilisi-Qars dəmiryolu layihəsi ortaya çıxdı, yenə araqarışdıranlar oldu.

TANAP layihəsi ortaya çıxdı, yenə araqarışdıranlar var. Hər dəfə Azərbaycan beynəlxalq siyasətdə iqtisadi, sosial, maliyyə, strateji əhəmiyyət baxımından bir sıra böyük layihələrə imza atanda bu qarşdurmalar həm ölkə daxilindən diplomatik formada və yaxud qismən müəyyən cəmiyyətlər tərəfindən qabardılır, yaxud da ölkə xaricindən bu ortaya atılır. Bu gün də Azərbaycana qarşı təhdidlər var, amma bu təhdidlər demək olar ki, öz effektini verə bilməyəcək. Xüsusilə də Azərbaycanın şimal ərazisindən bu zahiri görüntü yarada bilər. Ona görə ki, şimal ərazisində, yəni Dağıstandakı hakimiyyətin dəyişdirilməsi, Dağıstanda klanların uzun illərboyu idarəetmə modelinin tamamilə çökməsi, sonra Rusiyada baş verən iqtisadi problemlərin bir az da böhran həddinə çatması elə bir güc yaratmır ki, bu məsələ orada yerini tapsın. Uzun müddətdir ki, “Ləzgistan” ideyası ilə müəyyən problemləri gündəmə gətirmək, qabartmaq istəyirlər, bunların heç biri alınası deyil. Bu ideya müəyyən qruplaşmalar var, onlarındır”.

“Bu, beynəlxalq şirkətləri qorxutmaqdan ötrüdür”

“Bu informasiyalar “prokasiya”dırsa, nədən qaynaqlanır” sualına cavab olaraq Ə.Börüsoy belə söylədi: “Bu, beynəlxalq şirkətləri qorxutmaqdan ötrüdür. Çünki dünyada bütün şirkətlər o halda rahat iş görə bilirlər ki, orada siyasi riskləri hesablayırlar. Əgər bir ölkədə vətəndaş müharibəsi, etnik separtizim varsa, ora heç kim investisiya qoymur. Çünki qoyacağı pul sabah itəcək. Adətən investiya bu risklərə görə hesablanılır. Ona görə də bu siyasi provakasiyalar ortaya atılır”.

“Bu, bəsit bir informasiya müharibəsidir”

“İran üzərindən “Talışıstan”ın yaranmasına gəlincə, İranda bu dəqiqə elə dəhşətli infliyasiya baş verir ki, İran tüməni dollara nisbətdə 13 dəfə infliyasiyaya məruz qalıb. Artıq 1 dollar 13 min tümənlə hesablanılır və bir yandan İranda əhalinin maaşı artırılmır. İnfliyasiya, devalvasiya proseslərinin heç birini İran hökuməti tənzimləyə bilmir. Ona görə də nə etməlidi: siyasi provaksion addımlar atmalıdı. Bu “Ləzgistan” və “Talışıstan”, yəni mədəni şəkildə şimal ilə cənubda baş verəcək təxribatlar ideyasını ortaya atırlar. Bu, işin birinci tərəfidir. İkinci bir məsələ var ki, Ermənistanda mülki hakimiyyət ki, iqtidara gəlib və əvvəlki hərbi xunta devrilib, o hərbi xuntanın rıçaqları müəyyən qədər qalıb, onlar da dolayı yollarla Azəbaycana qarşı informasiya müharibəsi aparırlar. Yəni, bu, informasiya müharibəsindən başqa heç nə deyil. Yaşayacağıq, görəcəyik. Bu, bəsit bir informasiya müharibəsidir”,-deyə Ə. Börüsoy vurğuladı.

“Sən bir informasiyaya maliksənsə, bu xalqa, dövlətə əgər zərəri ola biləcək bir fikir varsa, sən bunun önünə çıxmalısan”

“Belə çıxır ki, siz heç bir təxribat törədilməsi ehtimalını görmürsünüz” dedikdə Ə. Börüsoy belə cavab verdi: “Yox, görmürəm. Çünki bunlar hamısı bəsit şəkildə ortaya atılan “provakasiya”lardır. Mən burada həm Azərbaycan hakimiyyətinin müəyyən sorumlu insanlarını, həm xüsusilə müxalifəti, həm də vətəndaş cəmiyyəti adına fəaliyyət göstərən təşkilatları günahlandırıram. Niyə? Bunlar sadəcə olaraq tası atıb, kölgədə dayanırlar. Sən bir informasiyaya maliksənsə, bu xalqa, dövlətə əgər zərəri ola biləcək bir fikir varsa, sən bunun önünə çıxmalısan, fərqi yoxdur, sən müxalfətdəsən, ya ümumi mövqedə dayanmısan, yaxud da dövlət sorumlususan. Hakimiyyətdə sorumlu olan insanlar, müxalifətdə olanlar və yaxud vətəndaş cəmiyyəti təşkilatları bunun önünə çıxmalıdır və bu barədə açıqlamalar verməlidirlər ki, belə bir provakasion şeylər var, bu “provakasiya”nın dalında nə dayanır, bu “provakasiya” indki məqamda nəyə görə atılıb?”

“Bu “provakasiya”nın arxasında bu şirkətləri təhdid etmək dayanır ki, bu ölkəyə gəlməsinlər”

“İndiki məqamda bu təxribatın dalında nə dayanır” sualına Ə. Börüsoyun cavabı belə oldu: “Yenə də deyirəm, bu “provakasiya”nın dalında Azərbaycanın gözlənilən iri həcmli layihələri var. May ayının axırından sonra bu proseslər başlayacaq. Bu “provakasiya”nın arxasında bu şirkətləri təhdid etmək dayanır ki, bu ölkəyə gəlməsinlər. Dediyim kimi, hansı ölkədə bir vətəndaş müharibəsi, daxili qarşıdurmalar, etnik separtizim varsa, gündə biri hakimiyyətə gəlib, o hakimiyyət devrilirsə, təbii ki, o ölkəyə heç kim risk edib milyonlarını qoymaz. Çünki bu gün Azərbaycan artıq neft bumunun ardınca, qaz bumu prosesini başlayır. Bu prosesdə Qazaxıstan da, Türkmənistan da Azərbaycanla birlikdə dünya bazarına öz resurslarını çıxarırlar. Bu resurslarını dünya bazarına çıxaranda nə olur? İranın qazı, neftinin dünya bazarında satışına maraq azalacaq. Bax, bu tərəfi də var. Neynəmək lazımdır? İctimai fikri yayındırmaqdan ötrü burada bəzi dindarların dini emosiyalarından istifadə edib, dini dövlət siyasətinə yönəltəmək, hansı ki, din dövlət siyasətinə qarışmamalıdır, müəyyən milli azlıqları bizim üstümüzə qısqırtmaq, onların hüquqları adı altında fitnələri ortaya qoymaq, ondan sonra, o şirkətlər ki, burada sərmayə qoyacaqlar, onları buradan hürkütmək, bu “provokasiya” bütün bunlara hesablanıb. Mən təəssüf edirəm ki, Pənah Hüseyn bu fikri deyir, amma bu fikri açıqlamır və Azərbaycanı gözləyəcək bu təhlükəyə qarşı iradəsini ortaya qoymur. O fərd, təşkilat şəklində də iradəsini ortaya qoya bilər. “Mən dedim, qurtardı getdi”, həyatda belə şey olmur. Dəxli yoxdur müxalfətdədir, hakimiyyətdir və yaxud vətəndaş cəmiyyətinin içindədir, vətənini, dövlətini sevən şəxs bunun mübarizəsini aparmalıdır, açıqlamalarını verməlidir, proqnozlarını ortaya qoymalıdır. Ola bilər ki, hakimiyyətdə, müxalifətdə kimlərsə bunu görə bilmir, bunu görən şəxs cəmiyyəti maarifləndirməlidir. Bizim əsas məqsədimiz cəmiyyəti maarifləndirməkdir. Cəmiyyət maariflənəndə o problemlər öz-özünə həll olunur”.

(Ardı var)

Şamo EMİN

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA