Azərbaycanda dini sektaları kim himayə edir? - II HİSSƏ

Azərbaycanda dini sektaları kim himayə edir? - II HİSSƏ

Mən söymürəm, bu qəbahətdir, amma lənətləyirəm

Evlərə, bloklara həyasızcasına soxulan “Yəhova şahidləri”nin təbliğatçılarına söz deyən yoxdur. Xalq kor deyil, hamı görür ki, adamaoxşamaz vəhabilər özlərini şəhərdə ağa kimi aparırlar. Türk-islam dünyasının bu mənfur düşmənləri heç bir ölkədə özlərini bizdəki kimi belə sərbəst aparmağa cürət eləmirlər...

Bunlar o qədər azğınlaşıblar ki, əhalisinin əksəriyyəti şiə məzhəbli olan ölkədə “biz şiələrin axırına çıxacayıq!” hədəsini hər yerdə səsləndirirlər, qorxmurlar. Təəccüblü deyil, pul onlarda, dargözlük, hərislik, pulgirlik... bizdə.

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azrbaycanda_dini_sektalari_kim__himay_edir)

Vacib bir ricət!

Bu il Yanvar qətlamı çox sönük yad edildi. Telekanallarda gedən verilişlərdən hiss olunurdu ki, hansısa namərd artıq “Kefinizdən qalmayın!” əmrini verib. Bir –iki il belə davam etsə, axırda deyəcəklər ki, xiyabandakı şəhidləri rus əsgərləri, zabitləri yox, yad planetdən gələnlər qətlə yetiriblər.

Mən ifrata varmıram, əgər bir torpaqda ki, ümmanlar qədər qan töküləndən sonra, ruslaşma böyük vüsət alırsa, azərbaycanlı valideynlər övladlarını rus dilli məktəblərə salmaq üçün dəridən-qabıqdan çıxırlarsa orada hansı milli qeyrətdən, təəsübkeşlikdən danışmaq olar?

Şəhidlər xiyabanını ziyarət artıq adi gəzinti halına düşüb. Televizoru icad edənin Allah günahlarından keçsin, oturub baxırsan(son illər ayaqlarım ağırdığı üçün xanənişin olmuşam), qanın qaralır, üzündə hüzn, kədər bilinən insanlara sakit baxmaq qeyri mümkündür, amma bununla belə əlləri ciblərində, bəzən də telefonla danışa-danışa, laqeyd-laqeyd keçənləri görəndə ürəyim az qalır partlasın. İstəyirəm bar-bar bağırım, ay biganələr, hərdən Moskva kanallarına baxın, görün ruslar memorialların qarşısından necə keçirlər.

On-on beş günün sözü olar, Leninqradın alman mühasirəsindən azad edilməsinin il dönümü qeyd olundu. On minlərlə insan məşhur Riskaryov memorialının ziyarətinə gəlmişdi. O şaxtalı, sazaqlı havada bir nəfərin də əlləri cibdə deyildi, üzlərin ifadəsinə də söz ola bilməzdi. Matəm saxlayanda da belə saxlayarlar, dünyadan köçənlərə belə hörmət bəsləyərlər.

Əlamətdar hadisələrlə bağlı gözəl konsertlər gedir. Vətənpərvərlik, hərbi mahnılar səslənən kimi bütün tamaşaçılar ayağa qalxır, hamı oxuyur. İki göz də lazımdır ki bu mütəssir olub vəcdlə hərbi mahnıları oxuyanlara baxsın. Belə xalqı sındırmaq qeyri –mümkündür.

Bizdə isə ən təntənəli dövlət tədbirlərində belə hakim partiyanın nəinki sıraviləri, hətta qaulyeterləri belə himn səslənəndə yalandan da olsa ağızlarını tərpətmirlər. Bütün xalq bunu görür və lazımi qiyməti də verir.

Bu əsnada bir tanışım mənə feysbukda deputat Elmira Axundovanın sərvətləri barədə geniş məlumatın getdiyini xəbər verir. Mən bədbəxt üç ildir ki, dad-fəryad edib Elmira Axundovanın bu qədər cah-cəlalı necə əldə etdiyini soruşmuşam. Nəticəsini bütün qələm əhli bilir... Xudanakərdə, söyüş söymürəm, ağzımı Allah yoluna qoyub onu-bunu təhqir etmirəm. Ömrün qürub vaxtında, doxsanı xırdaladığım məqamda gücüm ancaq qələmimə çatır. Elə buna görə də həmin qələmin köməyi ilə deyirəm, sizi görüm lənətə gələsiniz, heç vaxt üzünüz gülməsin, haram yolla qazandığınız mal-dövlət irin olub gözlərinizdən gəlsin. Axı belə şərəfsizlik, belə alçaqlıq olmaz, mən müalicəyə adi dərmana möhtac qaldım, insan kimi qidalanmayım, nəvələrimin yanında xəcil olum, amma saray məddahı, beş il ərzində neçə-neçə bayrağa qulluq etmiş qələm zinakarı oğlu ilə birlikdə neçə-neçə bahalı maşın, imarət sahibi olsun. Bu bəcəhənnəm, bu xanım orda-burda bir zərrə də utanmadan bütün məhkəmə proseslərini udduğunu deyir.

Bütün respublika bilir ki, bu məhkəmə proseslərinin məcrasını dəyişdirən hansı binamusdur.

Dostum rəhmətlik yazışı Əlibala Hacızadə demişkən, bilirəm ki, Allah – taalanın mənə verdiyi limit artıq tükənib, amma iqtidardan soruşuram, ölümüm sizə nə verəcək? Geci-tezi var, sizin aqibətiniz indidən məlumdur, ziyankarlıqla, mənən pozğun “xadimlərin”, yırtıcı məmurların, yağ-bal içində saxlanılan xüsusi təyinatlı dəstələrin, yaltaq məddahların köməyi ilə hakimiyyətdə həmişə qalmaq olmur. Hakimiyyətin əsas dayağı xalqdır, siz isə imkan vermisiniz ki, imansız bur zümrə sizi məhz bu dayaqdan mərhum etsin.

İdeoloji işi pulgir nadana etibar etməyin özü xəyanətdir

Bizim başabəla məmur-ideoloqlar hələ indiyə qədər qanıb başa düşməyiblər ki, neçə-neçə qüdrətli imperiya, əzəmətli dövlət tarix səhnəsindən ancaq vətəndaşlarının mənən sınması nəticəsində silinib gedib.

Bəli, vətəndaşı mənən sınmış ölkəni heç bir silah xilas etməyib. Misilsiz sivilizasiya, mükəmməl idarəetmə sistemi yarada bilmiş Sasani imperiyası ümumi sayı heç qırx minə çatmayan müsəlman ordusunun qarşısında aciz qaldı.

Çünki hakim zümrənin səhlənkarlığı üzündən nəhəng imperiyada elə ideoloji boşluq yaranmışdı, elə təbəqələşmə getmişdi ki, ordunun lokal toqquşmalarda dalbadal məğlubiyyəti, özündən qat-qat zəif düşmən qarşısında əyilməsi xalqın vecinə deyildi.

Bizim doğma Albaniyada VIII əsrdə baş vermiş deetnizasita prosesi xalqı tarix səhnəsindən sildiyi kimi, bizi də cəmiyyəti sarmış laqeydlik, biganəlik, cəzasızlıq sindromu fəlakətə doğru aparır.

Bizim rüşvətxor məmurlar üstlərində oturduqları budaqları kəsən cahillərə oxşayırlar. Özləri də bilmədən biganələr, laqeydlər ordusu yaradıblar. Bu qan çanağı da sınsa, əvvəl-axır onların başında sınacaq...

Əksər icra başçıları işlədikləri rayonlara həmişə müvəqqəti işğal edilmiş ərazi kimi baxıblar. Əvvəlcə qohum-əqrəbasını, yerlilərini tökür rayona, satılmamış torpaqları, şərlənib həbs edilımiş zavallıların mal-mülkünü, gəlirli yerləri dədəsinin malı kimi verir onlara. Sonra da satılmayan, camaatın baxmaq belə istəmədiyi iqtidar qəzetlərinə zorla abunə təşkil edir ki, onun haqqında tez-tez “zəfərnamələr” çap olunsun, fonoqramlı “el şənlikləri”, heykəl qoymaq, fəvvarələr qurmaq, bər-bəzəkli muzey sahmanlamaq da öz yerində.

Bəzən mənə sual verirlər, a kişi, sən özünə nə əl qatmısan, maşallah camaat cakuzili, çarhovuzlu, saunalı imarətlərdə kefə baxır, nökərləri, kənizləri qabaqlarında əmrə müntəzir durublar, biri Havay adalarına başmaq seyrinə çıxır, digəri tropik Afrika ölkələrinə üz tutur, guya oralarda Qarabağ həqiqətlərini tuareqlərə izah edəcək. Onlar neyləsinlər ki, kasıbların qızları bir tikə çörək xatirinə pis yola düşür, kasıbın yaxını öləndə bilmir harada basdırsın, sən dərmana pul tapmırsan, sənin də əlində imkan var idi, çapıb talayaydın.

Azadlıq, müstəqilli, bərabərlik deyib boğazını yırtdın, özünü tankların üstünə atırdın, bu da sənin müstəqilliyin, otur, qoy dünən müstəqillik əleyhinə səs verənlər milyona pul deməsinlər, sən də kinindən, qəzəbindən partla.

...Ən nadan, ən cahil adam da bizim telekanallara ikrahla baxır, imkanı olan ya təknə - antenna qoydurur, ya da telekabel çəkdirir. Camaat nəyə baxsın?

Toyxana həşəratının (bunların hamısı fəxri adlara layiq görülüblər) ızilib-büzülərək ağzına gələni danışması sırtıq aparıcıların hər zövqsüz xalturaçını az qala dahi kimi tərifləyib göyə qaldırmaları, titullu məddahların primitiv ritorikası, hər dəfə təkrar-təkrar göstərilən psevdotarixi filmlər hamını bezdirib.

Yaxın tarixə qanrılıb baxanda adamı ağlamaq tutur. Vaxtilə məmləkətin ideoloji atmosferini ensiklopedik biliklər sahibi Cəfər Cəfərov, odlu-alovlu vətənpərvər, nəsillərə nümunə Şıxəli Qurbanov kimi nadir şəxsiyyətlər idarə edirdilər. Bəli, onlar kommunist idilər, marksizm-leninizm ideologiyasının keşiyində dururdular. Amma, bununla belə, o rəhmətliklərin vətən, millət təəsübkeşliyini mən qram-qram indiki məddahlara paylayardım. Taleyin istehzasına baxın, onların işlərinə görün kimlər aparır.

(Ardı var)

Firuz Haşımov

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA