“Azərbaycanda fəaliyyət göstərən vəkillərin əksəriyyəti mənə görə Paşinyandır”

“Azərbaycanda fəaliyyət göstərən vəkillərin əksəriyyəti mənə görə Paşinyandır”

Əlistan Səfərov: “Rüşvətlə kimlərinsə maraqlarına uyğun kassasiya şikayəti yazıb, məni imzalamağa dəvət edirlər”

“Hürriyyət”in ötən nömrələrindən birində dərc etdiyimiz “Sahibi içində yaşamayan mənzil məhkəmə yolu ilə ələ keçirilib” başlıqlı yazıda oxucularımızı Gədəbəy rayonunun Qala kəndində anadan olan, hazırda Sumqayıtda yaşayan Səfərov Əlistan Novruz oğlu tərəfindən redaksiyamıza daxil olan şikayət məktubu ilə tanış etmişdik.

Həmin məktubda Əlistan Səfərov vəkalətli nümayəndəsi olduğu Həsənova Həvayətin və onun ailə üzvlərinin qeydiyyatda olduğu Gəncə şəhərinin 1-ci mikrorayonunda yerləşən 7 saylı binadakı 2 otaqlı mənzilinin qanunsuz olaraq əllərindən alındığını diqqətə çatdırırdı.

Şikayətçinin sözlərinə görə, həmin mənzil Həvayət Həsənovanın həyat yoldaşı Həsənov Rafiq Hüseyn oğluna 1984-cü ildə o vaxtkı Gəncə şəhər İcrayyə Komitəsi tərəfindən verilib (5 nəfərdən ibarət ailəyə ikiotaqlı mənzilin orderi verilib-daimi yaşayış üçün. Order hazırda Əlistan Səfərovdadır). 18 il ailə həmin mənzildə yaşayıb. Ailənin dördüncü üzvü 1986-cı il doğumlu Həsənov Elgün Rafiq oğlu həmin mənzildə anadan olub. Onu da qeyd edim ki, sözügedən mənzilin yerləşdiyi bina Gəncə şəhəri İcra Hakimiyyətinin (keçmiş İcrayyə Komitəsinin) balansındadır, sadəcə həmin binada bir neçə mənzil Müdafiə Nazirliyinin əməkdaşlarına verilib.

Rafiq Həsənovun Şəmkir rayonunun Seyfəli kəndində yaşayan yaşlı anası ağır xəstəliyə düçar olduğundan oğlu, gəlini və ailənin kiçik oğlu ona qulluq etmək üçün Şəmkirdəki evə daşınıb. Evin 3 böyük oğlu isə qazanc arxasınca Rusiyaya üz tutub.

Vəziyyətdən istifadə edən Müdafiə Nazirliyinin Gəncə Rayon Mənzil-İstismar Hissəsinin rəisi mayor Namazov F. R. 2002-ci ildə Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edir. Ərizədə Cavabdeh Rafiq Hüseyn oğlunun hərbi xidmətdə olduğu dövrdə 1984-cü ilin 31 mayında 1-ci mikrorayon, bina 7, mənzil 14-ə order aldığı qeyd edilir.

Sənəddə sözügedən mənzilin 10 il boş qaldığı, sahiblərinin başqa dövlətə köçdüyü, mənzildə yaşayış olmadığı üçün yararsız hala düşdüyü iddia olunur. Eləcə də mənzilin yerləşdiyi binanın dam örtüyünün şiferlərinin və pəncərələrinin dağılaraq yararsız hala gəldiyi, yağan yağışın binanın sonuncu (7-ci) mərtəbəsində yerləşən mənzili yuyub apardığı, oradan da aşağı mərtəbələrə axdığı və bunun qonşuların haqlı narazılığına səbəb olduğu, adıçəkilən mənzilin “ev pulu” və kommunal xidmət borcunun (sənəddə məhz bu cür yazılıb) 147.000 manat təşkil etdiyi də bildirilir.

Ərizənin sonunda məhkəmədən bütün söylənənləri nəzərə alaraq, adıçəkilən mənzilin orderinin ləğv edilməsi və mənzildə qeydiyyatı olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qətnamə qəbul etməsi xahiş edilir.

Məktubda qeyd olunmuşdu ki, həmin iddia ərizəsinə, deyilənləri təsdiq edəcək heç bir sənəd əlavə olunmadığı halda məhkəmə iddia ərizəsini təmin edir və məhkəmənin 2002-ci ilin 27 mayında çıxardığı qətnaməyə əsasən order ləğv edilir, Həsənovlar yaşadıqları mənzilin qeydiyyatından çıxarılırlar. Halbuki, qanunvericiliyə əsasən, məhkəmə əsassız iddia ərizəsini icraata qəbul etməməli və mülkiyyəti sahiblərinə qaytarmalı idi.

Əlistan Səfərov öz məktubunda sözügedən işlə bağlı yazdığı şikayət ərizələrinə baxılmadığını vurğulayır və ölkə prezidentinə, aidiyyati qurumlara müraciət edərək, onlardan vəkalətli nümayəndəsi olduğu Həvayət Həsənovanın işinə obyektib baxılmasını xahiş edirdi.

“...Həmişəki kimi, sadəcə “quş qoymaq xatirinə” verilən cavablardır”

Adıçəkilən yazının “Hürriyyət”də dərcindən bir ay sonra, yəni bu gün Əlistan Səfərli təkrar redaksiyamıza gəldi. Gəlişinin məqsədini isə belə izah etdi:

“Mən “Hürriyyət” qəzetinə şikayət məktubu ünvanlamışdım. Ötən ayın 22-də məktubum çap olundu. Həmin məqalənin bir neçə surətini çıxarıb işlə əlaqədar qətnamə və ərizələrlə birgə ölkə Prezidenti İlham Əliyevə, onun xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini - İnsan hüquqları komitəsinin sədri Bahar Muradovaya, Baş prokuror Zakir Qaralova, Ali Məhkəmənin sədri Ramiz Rzayevə, Ədliyyə naziri Fikrət Məmmədova, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevə göndərmişəm. Onlara ünvanladığım müraciətin sonunda hər birindən xahiş etmişəm ki, yolladığım yazı ilə bağlı həm qəzetə, həm də mənə cavab yazsınlar və sözügedən iş təkrar məhkəməyə verilsin və məndə olan tutarlı faktlar araşdırılsın.

Bir müddət sonra bəzi instansiyalardan məktublarıma cavab gəldi. Amma cavabların heç biri məni qane etmədi. Çünki heç bir məktubda işlə bağlı konkret bir söz deyilmir, məsələyə doğru-dürüst münasibət bildirilmir. Həmişəki kimi, sadəcə “quş qoymaq xatirinə” verilən cavablardır.

“Azərbaycanda fəaliyyət göstərən vəkillərin əksəriyyəti mənə görə “Paşinyan”dır”

Misal üçün, Baş prokurora ünvanladığım məktubun cavabında vətəndaşların qəbulu şöbəsinin rəisi Valeh Ələkbərov mənə bildirir ki, yolladığım yazı Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə yönləndirilib. Halbuki, baş prokuror sözügedən işlə bağlı cinayət işi qaldırmalıdır.

Digər məktublar da təxminən eyni məzmundadır. Bircə Bahar Muradovadan aldığım cavab ədalətin zəfər çaqlacağına az da olsa, ümid yaradır. Bahar xanımın mənim müraciətimlə bağlı Azərbaycan Respublikasının Ədliyyə naziri, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanladığı məktubda (mənə həmin məktubun surəti göndərilib) deyilir:

Hörmətli Fikrət müəllim! Məhkəmə qərarından narazılığı barədə vətəndaş Əlistan Novruz oğlu Səfərov tərəfindən Milli Məclisə daxil olmuş 400 saylı 28.01.2019-cu il tarixli müraciət aidiyyəti üzrə baxılmaq üçün Sizə ünvanlanır.

Nəticə barədə Milli Məclisə və ərizəçiyə məlumat verilməsinə dair müvafiq göstəriş verməyinizi Sizdən xahiş edirəm”.

Ölkə başçısı ilə vitse-prezidentdən isə hələ məktub almamışam.

Əslində sizə cavab verməməklə “Hürriyyət”ə də hörmətsizlik etmiş olurlar. Əgər mən yanlış bir söz demişəmsə öz məktubumda, yaxud siz qərəzli mövqedən çıxış etmisinizsə, qoy məni də sizin qəzeti də məhkəməyə versinlər. Bunu etmirlər, amma təqdim olunan faktlara münasibət də bildirmirlər.

Artıq neçə illərdir bu süründürməçilik davam edir. Haqqımda açılan cinayət işindən üzü bəri haqq-ədalət uğrunda mübarizə aparıram. Hər addımda da bürokratik əngəllərlə, korrupsiya və rüşvətxorluqla qarşılaşıram.

Odur ki, artıq heç kəsə inamım qalmayıb. Hətta Bahar Muradovanın məktubu da məni ədalətin zəfər çalacağına tam inandırmır.

Sanki 67-ci maddəni əsas gətirərək Paşinyana deyirlər ki, Əlistana bir ərizə yaz. Mən bu gün müşahidə etdiyim prosesləri belə qiymətləndirirəm. Paşinyan mənim düşmənim ola-ola, mənimçün düzgün əlavə kassasiya, yaxud kassasiya şikayəti yazarmı?!

Dediyim odur ki, bu gün Azərbaycanda fəaliyyət göstərən vəkillərin əksəriyyəti mənə görə Paşinyandır. Çünki rüşvətlə kimlərinsə maraqlarına uyğun kassasiya şikayəti yazıb, məni həmin şikayəti imzalamağa dəvət edirlər. Mən də mənim iştirakım olmadan, dediklərim, əlimdə olan faktlar nəzərə alınmadan hazırlanan sənədi imzalamaqdan imtina edirəm.

Qəzetiniz vasitəsilə bir daha ölkə başçısına və aidiyyati qurumlara müraciət edib, sözügedən işin obyektiv araşdırılmasını xahiş edirəm.

Hazırladı: İnci TÜRKEL, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA