“Azərbaycanda nazirliklər şəxsi obyektlər kimi işlədilir” - SABİQ DEPUTAT

“Azərbaycanda nazirliklər şəxsi obyektlər kimi işlədilir” - SABİQ DEPUTAT

Nazim Bəydəmirli: “Nazirlər Kabinetinin indiki tərkibindən 2-3 nəfəri çıxmaq şərtilə qalan hamısını istefaya göndərmək lazımdır”

“Nazirlər Kabineti və vitse-prezidentlik institutunu bir-birinə qarışdırmağın tərəfdarı deyiləm”

Aprelin 17-də Konstitusiya Məhkəməsi seçkinin nəticələrini təsdiq etdikdən sonra dövlət başçısı İlham Əliyev dünən and içib.

Konstitutsiyasnın 103-cü maddəsinin (Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andı) 1-ci bəndinə görə Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxs Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunları haqqında məlumatın elan olunduğu gündən başlayaraq 3 gün ərzində Konstitusiya Məhkəməsi hakimlərinin iştirakı ilə and içə bilər və dövlət başçısı and içdiyi gündən öz səlahiyyətlərinin icrasına başlamış sayılır.

Azərbaycan Konstitusiyasının 116-cı maddəsinə görə, yeni seçilmiş Azərbaycan Respublikasının prezidenti vəzifəsini tutduğu və səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verməlidir.

Xatırladaq ki, Konstitusiya Məhkəməsinin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 86,02 faiz səslə prezident seçkilərində qalib gəlib.

Bu gün Nazirlər Kabinetinin istefaya göndərilməsi ölkə mediasının ciddi müzakirə mövzusudur, desək yanılmaraq. Çünki ölkənin sosial, iqtisadi durumuna nəzarət edən Nazirlər Kabineti əslində, ciddi bir qurumdur. Ancaq bəzi ekspertlər düşünürlər ki, prezident səlahiyyətlərinin icrasına başladığı təqdirdə vitse-prezidentlik institutu daha sərt fəaliyyətə başlayacaqsa, Nazirlər Kabineti lazımsız quruma çevriləcək. Maraqlıdır ki, yeni formalaşacaq hökumət lazımsız quruma çevriləcək, yoxsa..?

“Nazirlər Kabineti və vitse-prezidentlik institutunu bir-birinə qarışdırmağın tərəfdarı deyiləm”

“NAZİRLƏR KABİNETİ LƏĞV OLUNMAMALIDIR"

“Vitse-prezidentlik institutu daha sərt fəaliyyətə başlayacaqsa, Nazirlər Kabineti lazımsız quruma çevriləcək” fikrini bölüşməyən keçmiş deputat Nazim Bəydəmirli “Hürriyyət”ə dedi ki, Konstitusiyaya görə, vitse-prezidentlik institutu icra hakimiyyətinin başçısı sayılır: “Amma əsas icraedici orqan Nazirlər Kabinetidir. Hansı ölkələrdə vitse-prezidentlik institutları varsa, o ölkələrdə Nazirlər Kabineti yenə öz fəaliyyətindədir. Mən bu mənada Nazirlər Kabineti və vitse-prezidentlik institutunu bir-birinə qarışdırmağın tərəfdarı deyiləm”.

“Azərbaycanın indiki Nazirlər Kabinetindən nəsə gözləyə bilmirəm”

“Qaldı ki, Nazirlər Kabinetinin özünün fəaliyyətinə, mən ciddi struktur dəyişikliyinin, institutsional islahatların tərəfdarı olmuşam və islahat keçirmiş ölkələrin əksəriyyətində, yəni Gürcüstandan tutmuş Polşa, Polşadan tutmuş İngiltərəyə qədər Nazirlər Kabineti dedikdə baş nazir və 15-17 nazirlik nəzərdə tutulur, daha bizim ki, baş nazirin 6 müavini olmur. O ölkələrdə 2, maksimum 3 nəfər baş nazirin müavini olur, onlar da ictimai əsaslarla həmin nazirlərin tərkibindən seçilir və yaxud təyin olunur. Həmin baş nazirin müavinləri də ölkənin prioritetinə uyğun nazirliklərarası koordinasiya işi ilə məşğul olurlar. Bizim kimi balaca, təbii resurslarla zəngin olan ölkələrdə əlavə “iş yerlərinin” açılması dinamikliyi azaldır. Ona görə, mən indiki duruma çox pessimist baxıram. Bir neçə ay bundan əvvəl Nazirlər Kabinetinin yeni strukturu ilə bağlı prezidentin yeni fərmanı var idi. Biz gözlədiyimizin əksinə olaraq Nazirlər Kabinetinin strukturunda baş nazir, baş nazirin müavinləri kimi maddələr salındı. Bu da onu göstərir ki, yenə də həmin köhnə strukturun qalmaq ehtimalı yüksəkdir. Ona görə, mən Azərbaycanın indiki Nazirlər Kabinetindən nəsə gözləyə bilmirəm”,- dedi keçmiş deputat.

“Parlament respublikası qurmuş bir dövlətin varisi olan indiki Azərbaycandan qurur hissi keçirə bilmirəm”

N. Bəydəmirli hesab edir ki, Azərbaycanda proporsional seçki sistemi bərpa olunmalıdır: “Azərbaycan kimi ölkələrdə proporsional seçki sistemi yoxdur və prezident respublikanın başçısıdır və nazirlər, komitə sədrləri birbaşa prezidentin səlahiyyətinə aiddir. Hətta formal olaraq baş nazir belə Milli Məclisin razılığı əsasında təyin olunur, Milli Məclisin bir mexanizmi yoxdur ki, prezidentin təqdim etdiyi baş nazirə imtina versin. Adətən başqa ölkələrin təcrübəsində baş nazir seçkilərdə qalib gəlmiş partiyanı təmsil edən şəxs olur. Hansı ki, həmin ölkələrdə parlament tipli respublikalardır. Digər nazirləri də baş nazir prezidentə təklif edir. Azərbaycanda olan ənənə onu göstərir ki, illər boyu baş nazir nominal bir funksiyanı yerinə yetirir. Hətta baş nazir istefa verib, sağlamlığını bərpa edib yenidən vəzifə başına qayıdıb. Bu da onu deməyə əsas verir ki, baş nazir və Nazirlər Kabinetində olan insanlar iqtisadiyyata və daxili siyasətə, insanların yaşayış səviyyəsinə birbaşa cavabdeh olan şəxslər olsalar da, bunlar prezidentin arxasında nominal olaraq “gizlənmiş” olurlar. Ona görə də istər istehlakçıların hüquqları, istərsə də vətəndaşların yaşam şəraiti ilə bağlı olsun, hər şeydən sorumlu bu və ya digər formada ölkə başçısını nəzərdə tuturlar. Hamı belədir. Bu baxımdan, hesab edirəm ki, bizi başqa ölkələrlə müqayisə etmək Nazirlə Kabinetinin funksionallığı, dinamikliyi və cavabdehliyi baxımında qüsurludur. Bizim ölkəmiz nə vaxta qədər parlament respublikasına keçməyibsə, belə olacaq. Arzu edirik ki, bu, tezliklə baş versin və Nazirlə Kabineti formalaşanda parlament seçkisində qalib gəlmiş partiyanın nümayəndəsi olaraq cavabdehlik daşısın. Öhdəlik götürdüyümüzə baxmayaraq, biz yeganə ölkəyik ki, Avropa Şurasına daxil olmuş ölkələrdən parlament respublikasına keçməmişik. Hətta qonşu düşmən ölkənin təcrübəsi bunu bir daha göstərdi. Gürcüstandan sonra Ermənistanın da parlament respublikasına keçməsi dünya çapında bizim nailiyyətlərimizi zəiflətmə nöqtəsinə gətirdi. Açığını deyim, mən bundan bir vətəndaş kimi, yüz il bundan əvvəl parlament respublikası qurmuş bir dövlətin varisi olan indiki Azərbaycandan qurur hissi keçirə bilmirəm. Əslində, Nazirlər Kabineti kollegial orqandır, orada hamılıqla cavabdehlik daşımalıdırlar. Ona görə, ayrı-ayır nazirliklər bu və ya digər formada gündəmə gələ bilir və bütövlükdə Nazirlər Kabineti, 6 baş nazir müavini və baş nazir bu hədəflərdən kənarda qalır. Ona görə də mən bu fikirləri bölüşmürəm ki, Nazirlər Kabineti “canlı” bir orqanizmdir”.

“2-3 nəfəri çıxmaq şərtilə, qalan hamısını istefaya göndərmək lazımdır”

“Bəzi nazirlərin, xüsusən xarici işlər naziri Elmar Məmmədyarovun, fövqalədə hallar naziri Kəmaləddin Heydərovun, o cümlədən baş nazir Artur Rasizdənin istefaya göndərilməsi ehtimalları mətbuatda müzakirə olunur. Sizcə, bu ehtimallar nə dərəcədə doğru ola bilər” sualına N. Bəydərmirli belə cavab verdi: “Bayaq qismən olaraq dedim ki, Azərbaycan kimi ölkələrdə hər şey mümkündür. Çox təəssüf edirəm ki, bu və ya digər formada fikirlər yayındırılır. Mənim şəxsi fikrim ondan ibarətdir ki, əslində, Nazirlər Kabinetinin indiki tərkibindən 2-3 nəfəri çıxmaq şərtilə qalan hamısını istefaya göndərmək lazımdır. Əslində, bu istefa 2008-ci ildə baş verməli idi. Biz ən azı bu islahatlarda 10 il gecikmişik. Təbii ki, bu islahatlar keçirilmiş olsaydı, biz ölkənin inkişaf perpektivini nəzərə alaraq 2009-cu ildə parlament respublikasına keçidi referendumla qəbul etməliydik. Əslində, mənim arzum ondan ibarət idi ki, biz parlamentli respublikaya keçəydik. Mənim arzularım budur, amma digərlərinin də arzuları başqadır. Təbii ki, arzu edərdim ki, mənim dediyim formula və yaxud Gürcüstan modeli Azərbyacanda olsun. Nazirlə Kabineti 2 müavini ictimai əsaslarla nazirlərin içərisindən seçsin və 15-17 nazirlik olsun, komitələrin isə hamısı ləğv olunmalıdır. Ancaq bu mənim arzum olsa da, nə baş verəcək, deyə bilmərəm. Ola bilər ki, 3-4 nəfər istefaya göndərilsin. Yəni həm yaşına görə, həm də debatlarda, kütləvi informasiya vasitələrində və yaxud sosial şəbəkələrdə səslənən fikirlərə görə, hansı nazirliklərdən şikayət varsa, nəzərə alınsın”.

“Yeni təyin olunmuş, perspektivli göstərilən nazirlər belə öz komandasını formalaşdırır”

Bəydəmirli vurğuladı ki, hər bir nazirlik özlərini müstəsna olaraq o sahənin monopolisti hesab edirlər və idarəetmədə monopoliya yaradılıb: “İndiki halda nazirliklər özəlləşdirilmiş kimi görünür, hətta siz özünüz şahidisiniz ki, bütün nazirliklərdə nazir müavinlərini nazir özü seçir, təqdim edir. Bir komanda başqa bir yerə dəyişdirildikdə, bir nazir başqa bir nazir postuna getdikdə, bir komitə sədri başqa bir yerə transfer olduqda öz ətrafında olan şəxsləri, aparat rəhbərini, müavinlərini, hamısını ora transfer edir. Bu, nazirliklərin özlərinin özəl bir şirkət kimi fəaliyyət göstərməsinin göstəricisidir. Bu mənada mən heç bir yenilik görmürəm. Təbii ki, Nazirlər Kabinetinin yeni tərkibi açıqlanan zaman biz proqnoz verə bilərik ki, nə qədər funksional, dinamik olacaq və bizim gözləntilərimizə cavab verəcək. Ancaq indiyə qədər olan proseslər onu deməyə əsas verir ki, hətta yeni təyin olunmuş, bizim gözümüzdə cavan, perspektivli göstərilən nazirlər belə öz şəxsi komandasını formalaşdırır. Bu cəhdlər bir daha onu göstərir ki, başqa ölklərin nümunələrindən fərqli olaraq Azərbaycanda nazirliklər şəxsi obyektlər kimi işlədilir. Bunu bir daha vurğulamaq məcburiyyətində qalırıq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...

QALEREYA