Azərbaycanda Nuh peyğəmbərin nəsli yaşayan kənd

  • 2018-06-29 15:26:31
  • |
  • Tarix /

Azərbaycanda Nuh peyğəmbərin nəsli yaşayan kənd

Xınalıqda yeni tikililərin ucaldılması kəndin tarixi görkəmini dəyişdirməkdədir

Xınalıq və ya yerli dildə Kətiş - Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzidir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə[2], 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir.

Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni hesab olunur. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, 1999-cu ildən Xınalıq bələdiyyəsinin mərkəzidir. Dünyanın ən yüksək yaşayış məntəqələrindən biridir. Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir.

Xınalıq adının onun tarixi ilə heç bir əlaqəsi yoxdur. Kəndə Xınalıq adı onun qarşısında yerləşən dağın günəş çıxanda verdiyi rəngə uyğun olaraq verilmişdir. Xınalıq adı təxminən XIX əsrin 50-60-cı illərindən sonra işlənməyə başlanmışdır.

Tədqiqatçıların fikrincə, oykonim "xeni" sözündən və Azərbaycan dilində mənsubiyyət anlayışı bildirən "lıq" şəkilçisindən düzəlib, "Xenidən olanlar, xenililər" mənasındadır.

Qədim zamanlardan indiyə qədər Xınalıq kəndi və əhalisi özlərini "Kətş xalqı" ("Kədid" və ya "kədtid"), öz kəndlərini isə "Kətiş" adlandırırlar. Bu da çoxlu sayda "kətid"lərin yaşadığı yer mənası verir. Bu sözlərin mənası "müqəddəs" deməkdir.

8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur.

Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir.

Xınalıq kəndində Quba rayon İcra Hakimiyyəti Başçısının Xınalıq inzibati ərazi vahidi üzrə nümayəndəliyi, Xudat Sərhəd Dəstəsinin "Xınalıq" sərhəd zastavası, poçt şöbəsi, Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun müdiriyyəti, Mədəniyyət evi, orta ümumtəhsil məktəbi, Şadlıq evi, Azercell və Bakcell mobil operatorlarının stansiyaları vardır. Kənddə həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin 25 nömrəli polis sahə məntəqəsi yerləşir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının nəzarət-buraxılış məntəqəsi inşa edilmişdir.

Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf etmişdir. Son illərdə turizm inkişaf etməkdədir.

Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır.

Kənd küçələrinin uzunluğu təxminən 5 kilometrdir.

Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxmış və hazırda Xınalıq çayının kənarında yeni yaşayış massivi salınmışdır. Xınalığın yeni yaşayış massivindəki 53 evdə 58 ailə yaşayır.

2011-ci ilin əvvəlinə Xınalıqda 370 təsərrüfat vardır.

Tarixi tədqiqatlar

Xınalıq barəsində tarixi tədqiqatlar çox azdır. Tarixçilərin ilkin araşdırmalarına görə, Xınalıq kəndi bizim eramızdan əvvəl salınıb. Əsasən Xınalıq etnosunun və dilinin tarixi araşdırmalarına və rəvayətlərə əsaslanan tədqiqatçılar Xınalıq kəndinin tarixinin təxminən 5000 il olduğu ehtimal edirlər.

Xınalıq orta əsr yaşayış yeri Qudyalçayın sol sahilində, dəniz səviyyəsindən 2300 metr hündürlükdə, Qızılqaya yastanının cənub-şərq yamacında, strateji baxımdan çox əlverişli məkanda salınmışdır və hal-hazırda müasir kənd tikililəri ilə davam etdirilmişdir. Qala divarlarının qalıqları Xınalığın şimal və şimal-qərb tərəfində dar bərzəxdə arxeoloqlar tərəfindən qeydə alınmışdır. Yaşayış yerinin cənub-şərq tərəfindən yerləşən giriş isə piramida biçimli qüllə ilə mühafizə olunurdu[16]. Xınalığın orta əsrlərdə mahal mərkəzi olduğu ehtimal edilir.

Xınalıqlılar özlərini Nuh peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə, Nuh peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salamat qalmamışdır, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi həlak olmuşdur. Sağ qalanlar isə, çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə də Xınalıq yaranmışdır. Xınalıqlılar hesab edilər ki, tufandan sonra Nuhun oğulları – Sam və Ham müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan da Qafqaz xalqları törənmişdir. Dəniz səviyyəsindən 2000 metrdən də artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümüklərini xınalıqlılar bu rəvayətin təsdiqi kimi göstərilir, burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Bəzi müəlliflərin fikrincə eramızdan əvvəl I əsrdə bu ərazidə "get" tayfaları yaşamışdır.

Xınalıqlıların qədim yunan alimi Strabonun 17 cildlik "Coğrafiya" əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından biri olduğu güman edilir. Xınalıqlılar həmin 26 alban tayfasından biri olmasını Xınalıq kəndi ərazisində olan çoxsaylı alban qəbiristanlıqları və digər alban tayfalarının məlum olan dillərindən fərqli olan dili təsdiq edir.

Alban tarixçisi Musa Kalankatlının "Alban tarixi" əsərində Albaniyanın şimal–qərbində bir əyalət Xeni adlandırılır. Tədqiqatçılar müəyyən etmişlər ki, Xınalıq kəndinin adı həmin əyalətin adını əks etdirir.

Müxtəlif tarixi mənbələrə görə, Xınalıq erkən orta əsrlərdə mahal mərkəzi, kiçik şəhər olmuşdur.

Şeyx İbrahimin fərmanı ilə XIV əsrin sonu – XV əsrin əvvəllərində Xınalığın idarə olunması qaytaq usmisinin (hakiminin) oğlu Məhəmməd bəyə həvalə edilmişdi.

Nadir şah Əfşar Xınalıqda

Kəndə aid ən qədim tarixi faktlardan biri Nadir şah Əfşarın dövrünə aiddir. "Gülüstani-İrəm" əsərində Abbasqulu ağa Bakıxanovun yazdığına görə, Dağıstana yollanan Nadir Altı-Ağac istiqamətindən Dərəkəndə gedir və Dağıstan sərdarına ərzaq toplamaq barədə göstəriş verir. O, buradan oğlu Rzaqulu mirzəni Şabran yolu ilə Dərbəndə göndərir. Qoşun hissələri üç yerə ayrılır və Nadirin özünün başçılıq etdiyi dəstə Buduq və Xınalığa gedir və buradakı qaçaqları cəzalandırır. Həmin ərazilərdə qətl-qarət törədən Nadir qayıdıb Qubanın Gilyar adlı yerində öz ordusuna yetişir.

Quba xanlığı dövrünə aid XVIII yüzilliyin sənədlərində göstərilir ki, Xınalıq kəndi Xınalıq mahalının mərkəzi olmuşdur. Həmin dövrdə xanlıq 10 mahala bölünmüşdü və həmin mahallardan da biri Xınalıq mahalı idi[26]. Tarixi ədəbiyyatda olan bir məlumata görə Xınalıq mahalının kənd icmaları nəinki xəzinəyə vergi və mükəlləfiyyətlərdən azad idilər, hətta xandan bəxşişlər alırdılar.

F.F.Simonoviçin yazdığına görə isə, Quba malikanəsi 8 mahala bölünmüşdü. Buduq və Xınalıq həmin mahallardan idilər və hər biri 9 kəndi birləşdirirdi. İki mahalın ərazisi birlikdə, coğrafi mövqeyinə görə "Dağıstan" adlanırdı. Həmin mahallar Qonaqkənd, Yerfi, Cimi, Xaltan, Utuq, Dərk, Söhüb, Buduq, Zeyid, Cek, Qrız və Xınalıq kəndlərini birləşdirirdi. Bu kəndlərdə 950-yə qədər təsərrüfat mövcud idi[28]. P.Q.Butkov da Buduq və Xınalıq mahallarını birlikdə "Quba Dağıstanı" adlandırır və bildirir ki, Buduq mahalı 13 kəndi əhatə edir və həmin kəndlərdə 387 təsərrüfat vardır. Buduq, müəllifin sözünə görə, həmin kəndlərin ən böyüyüdür. Xınalıq mahalında cəmi 4 kənd birləşmişdi. Bunlar Xınalıq (200 ev), Qrız (180 ev), Cek (130 ev) və Əlik (100 ev) kəndləri idi.

Müasir dövrdə

Uzun illər gediş-gəlişin çətin olduğu bu məkanda yaşayan xınalıqlıların müasir dövrümüzə qədər öz varlıqlarını qoruyub saхlamalarının əsas səbəbi, məhz başqa хalqlarla inteqrasiyada olmamalarıdır. Lakin buna baхmayaraq, onlar heç də Azərbaycanda və dünyada cərəyan edən başlıca qlobal hadisələrdən kənarda qalmamış, ölkənin digər хalqları qədər bu hadisələrin iştirakçısı olmuş və problemlərin həllinə öz töhfələrini verməklə yanaşı, bu problemlərin yaratdığı fəsadlardan da öz nəsiblərini almışlar.

Digər şahdağlılar kimi xınalıqlılar da Birinci və İkinci dünya müharibələrində, həmçinin Qarabağ müharibəsində iştirak etmiş, müharibənin digər iştirakçıları kimi onlar da ağır itkilərə məruz qalmış, Vətənin azadlığı uğrunda canlarını fəda etmişlər. Xüsusilə, 1941—1945-ci illərdə baş vermiş Böyük Vətən Müharibəsi onların demoqrafik inkişafına ciddi təsir göstərmişdir. Belə ki, əsasən Quba – Qusar – Şabran zonasında 1941-ci ilin oktyabrında təşkil edilmiş 223-cü diviziyanının tərkibində müharibəyə yollanmış yüzlərlə şahdağlıların çox böyük əksəriyyəti cəbhədən öz doğma yurdlarına dönməmişdir. Lakin onların müharibədə iştirakı barədə lazım olduğu qədər informasiya toplamaq çox çətindir. Bunun əsas səbəbləri indiyə qədər bu sahədə heç bir fundamental tədqiqatın aparılmamasıdır. Xüsusilə də şahdağlıların özlərinin mövzunu araşdırmaması bu sahədə həqiqətlərin üzə çıxmaması ilə nəticələnmiş və boşluqlarla müşahidə olunan bir müstəvi yaratmışdır.

Qəsəbə statusu

1987-ci ildə Azərbaycan SSR hakimiyyət orqanlarının xüsusi qərarına əsasən Xınalıq kəndinin qəsəbəyə çevrilməsi məsələsi Sentrosoyuzlayihə İnstitutunun Bakı filialına həvalə olunmuşdur. Arxitektorlar Xınalıq qəsəbəsinin baş planını və layihəsini hazırlamışlar. Həmin baş plana əsasən qədim Xınalıq kəndi tarixi dövlət qoruğu kimi saxlanılmalı və kəndin cənub sahilində qəsəbə salınmalı idi[34]. Azərbaycan SSR Nazirlər Soveti tərəfindən Xınalığın sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına dair verilmiş xüsusi sərəncamda ayrı-ayrı nazirliklər, idarə və təşkilatların yerinə yetirəcəkləri vacib vəzifələr konkret göstərilmişdir.

Lakin Azərbaycan SSR Nazirlər Sovetinin 23 sentyabr 1987-ci il tarixli sərəncamı tam icra olunmamış və Xınalıq qəsəbə statusunu ala bilməmişdir.

Xınalığın tarixi-mədəni-etnoqrafik kompleks kimi tamlığı hazırda təhlükə altındadır. Bunun əsas səbəbləri XX əsrin 60-cı illərindən etibarən başlamışdır. Həmin vaxtdan Xınalığın tarixi görkəmi dəyişməkdədir. Öncə rabitə və telefon xətləri, sonra isə mobil operatorların Xınalıq kəndinin üstündə yüksələn qüllələri, kəndə çəkilmiş dəmir su borlarından və su çənindən ibarət su təminatı sistemi, kəndin tarixi hissəsində tikilmiş mədəniyyət evi və şadlıq sarayı, evlərin müasir materiallardan istifadə olunmaqla tikilən damları və pəncərələri kəndin tarixi görkəmini dəyişdirməkdədir.

Məmməd MİRZƏLİYEV,

Tarix üzrə fəlsəfə doktoru

Loading...

QALEREYA