“Azərbaycanda regionçuluq və klançılıq ənənələrindən tam imtina ediləcək…” - “Müti, qorxaq insanlar ali dəyərlərə malik dövlət qura bilməzlər”

“Azərbaycanda regionçuluq və klançılıq ənənələrindən tam imtina ediləcək…” - “Müti, qorxaq insanlar ali dəyərlərə malik dövlət qura bilməzlər”

Qüdrət Həsənquliyev: “Biz millətləşəndən sonra arzuladığımız güclü dövlət qura biləcəyik. Bunun ardınca da ilk əlverişli tarixi şəraitdə Azərbaycanın bütövləşəcək”

“Fuad Abbasovun ağır cinayət törətmiş şəxs kimi həbsi onu göstərir ki, Rusiyanın həbsi sanksiyalaşdırmış rəsmi dairələrinin də mövqeyi onu alçatmaq, aşağılamaq və bu şəkildə ölkədən depotasiya etmək olub”

Ölkədə olduğu kimi, xaricdə də parçalanmışıq. Diaspora təşkilatlarımız bir-birinə qarşı mübarizədə hətta ermənilərlə əməkdaşlıq edə bilirlər. Bunun ən bariz örnəyini Fuad Abbasovun həbsi hadisəsində gördük. Biz niyə ən vacib milli məsələlərdə belə birləşə bilmirik? Milli bütövlüyümüzü təmin etmək və qorumaq üçün ilk işə nədən başlamalıyıq? Niyə millətləşmək əvəzinə, klanlaşırıq?

BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevlə budəfəki söhbətimizdə əsasən bu suallara cavab axtardıq və millətləşmə problemimizi masaya yatırdıq.

Millət vəkilinin “Hürriyyət” qəzetinə müsahibəsini təqdim edirik:

- Qüdrət bəy, Azərbaycan siyasilərinin 28 mayla bağlı keçirdikləri tədbirlərdən başlamaq istəyirəm. Novxanıda M.Ə.Rəsulzadənin heykəli qarşısında hər il müxalif qüvvələr toplantı keçirirlər. Bu il də həmin ənənə pozulmadı. Maraqlıdır ki, respublikaçılıq dəyərini özlərinin əsas şüarına çevirən bütün təşkilatlar hətta bayram günlərində belə bir araya gələ bilmir, aksiyalarını eyni günün müxtəlif saatlarında düzənləyirlər. Bu qədər parçalanmağımızın səbəbi nədir? Niyə bizi hətta ümummilli davalar belə bir araya gətirə bilmir?

- Hər bir siyasi təşkilat istədiyi əlamətdar günü ayrı-ayrılıqda qeyd edə bilər. Mən ayrılıqda ziyarət məsələsində hər hansı problem görmürəm. Amma siz o konteksdən deyirsinizsə ki, iqtidara münasibətdə mövqeləri üst-üstə düşən, ideoloji dəsti-xətləri eyni olan təşkilatlar niyə birgə aksiya keçirmirlər; bunun səbəbi həmin siyasi qurumların liderlərinin ambisiyaları və iddialarına görə kənar qüvvələrdən asılı vəziyyətə düşmələridir. Məsələn, Əli Kərimli prezident seçkilərində xaricdən verilən tapşırıqla İsa Qəmbərin səsini parçalamaq üçün onu yox, başqa bir namizədi dəstəklədi. Bir neçə şəxsin iddiası və asılı olması ənənəvi müxalif qüvvələr arasındakı birliyin yaranmasına imkan verməyib, bundan sonra da verməyəcək. Kənardan tapşırıq olacaqsa, Rüstəm İbrahimbəyovun ətrafında xaricdən idarə olunan islamçılarla və digərləri ilə birləşdilləri kimi yenə də birləşəcəklər. Amma bu birliklər baş tutsa belə həmişə olduğu kimi, yenə də heç nəyi yaxşıya doğru dəyişən deyil. Ona görə də, gəlin, vəziyyəti dəyişə biləcək daha vacib məsələlərdən danışaq.

- Məsələ burasındadır ki, bu gün təkcə müxalif qüvvələr arasında deyil, bütünlüklə cəmiyyətimizdə bu bölünmüşlük hökm sürür. Hətta bu tendensiya xaricdə yaşayan soydaşlarımız arasında da yayılıb. Bu baxımdan, zənnimcə, cəmiyyətimiz üçün bundan vacib məsələ yoxdur. Amma Rusiyaya keçməmişdən əvvəl Milli Şuranın 28 may aksiyasısı zamanı polislərlə aksiya iştirakçıları arasında yaşanan xoşagəlməz anlar barədə fikrinizi öyrənmək istərdim. UEFA Avropa liqasının final yarışının keçirildiyi və bütün diqqətlərin Bakıya yönəldiyi bir zamanda bu insident nəyə lazım idi? Niyə Azərbaycan hökuməti heç olmasa sözügedən tədbirdə aksiya iştirakçılarının hərəkətlərinə təmkinli yanaşmadı?

- Hesab edirəm ki, sosial şəbəkələrdə yayılan müəyyən fraqmentlərə baxıb hadisəyə qiymət vermək olmaz. Biz bilmirik orada polis hansı səbəbdən aksiya iştirakçılarına müdaxilə edir. Ola bilsin ki, aksiya iştirakçıları orada təhqiramiz şüarlar səsləndirib, yaxud hansısa qaydaları pozmağa cəhd göstərib. Aksiya iştirakçıları arasında da təxribatçılar ola bilər. Arsenalla Çelsi klubları arasında keçirilən final matçına görə dünyanın diqqəti Azərbaycana yönəlmişdi. Belə bir vaxtda yaşanan bu hadisələr ölkəmizi beynəlxalq arenada nüfuzdan salmaq üçün düşünülmüş təxribat da ola bilər. Bu haqda hər hansı məlumata malik olmadığımdan hadisəni şərh etməyim doğru olmazdı. Hər hansı məsələyə münasibət bildirmək üçün hadisəni təfsilatlı araşdırmalısan. Ehtimallar üzərində fikir yürütmək obyektiv olmaz.

- Rusiyadakı diasporamızda yaşananlar barədə nə düşünürsünüz. Məlumdur ki, Rusiyada Azərbaycanın və qardaş Türkiyənin milli maraqlarını əzmlə müdafiə edən Fuad Abbasovun həbsində öz diaspora təşkilatlarımızın barmağı olduğu ortaya çıxdı. Məlumatlara görə, bir neçə Azərbaycan icması F.Abbasovun ölkədən deportasiya olunması tələbi ilə Moskva məhkəməsinə müraciət edib və Rusiya hüquq mühafizə orqanları da bu müraciəti əsas götürüb həmyerlimizi saxlayıb. Niyə biz ümummilli məsələlərdə belə eyni mövqedən çıxış edə bilmirik?

- Kimin müraciət etməsindən asılı olmayaraq, Fuad Abbasovun o şəkildə həbsinə haqq qazandırmaq mümkün deyil. Çünki Fuad Abbasov ictimai nüfuzu olan bir şəxsdir. Onu hörmətlə polis idarəsinə dəvət etmək, problemləri sivil qaydada araşdırmaq olardı. Fuad Abbasovun ağır cinayət törətmiş şəxs kimi həbsi onu göstərir ki, Rusiyanın həbsi sanksiyalaşdırmış rəsmi dairələrinin də mövqeyi onu alçatmaq, aşağılamaq və bu şəkildə ölkədən depotasiya etmək olub. Hesab edirəm ki, Azərbaycan vətəndaşının hüquqlarını daha ciddi şəkildə müdafiə etmək ilk növbədə bizim Moskvadakı səfirliyimizin borcu idi. İlk gündən məsələ ilə bağlı Rusiyanın rəsmi dairələrinə səfirliyimiz tərəfindən müraciət olunmalı, Fuad Abbasova hüquqi yardım göstərilməli idi.

Qaldı ki diaspora təşkilatlarımızın bir-birinə qənim kəsilməsinə, mən bunu Azərbaycan xalqının hələ millətləşmə prosesini tamamlamaması ilə əlaqələndirirəm. Biz millətləşmə dövrünü indi yaşayırıq. Azərbaycan xalqı öz həmvətəninin hüquqlarının pozulmasını öz hüquqlarının pozulması kimi qəbul etməli və onun müdafiəsinə qalxmalıdır ki, sabah hüququ pozulsa, bütün xalq onun müdafiəsinə qalxsın. Başqalarımın hüquqlarını pozanlar isə ciddi ictimai qınaqla qarşılanmalıdır ki, gələcəkdə kimsə belə bir yol tutmağa cəsarət etməsin. Öz aramızda bizim müxtəlif məsələlərə fərqli yanaşmalarımız ola bilər, amma bir-birimizi gedib başqa dövlətin hüquq mühafizə orqanlarının əli ilə zərərsizləşdirmək, aşağılamaq, alçatmaq siyasəti nəinki yolverilməzdir, bu, rəzalətdir. O adamlar başa düşməlidir ki, elan olunmuş o ittiham əsasında bir azərbaycanlının o şəkildə polisə aparılması və saxlanması bütün millətimizin aşağılanmasıdır.

- Siz Azərbaycanda millətləşmə prosesi getdiyini deyirsiniz. Bizdə isə deyəsən millətləşmə əvəzinə klanlaşma gedir. Fuad Abbasov məsələsində də bu, aydın sezilirdi. Hər halda diaspora mərkəzlərindən birinin təmsilçisi Vidadi Muşevanski adlı şəxs mediaya verdiyi müsahibəsində Rusiyada yaşanan gərginliklərin əsl səbəbinin klanlararası çəkişmələr olduğunu demiş və Fuad Abbasovu hansısa klanın təmsilçisi kimi təqdim etmişdi...

- Artıq heç kimə sirr deyil ki, bizdə intriqalar, qrupbazlıqlar var və bunlar dövlət hakimiyyətini zəiflədir, ölkəni inkişafdan saxlayır, millətləşmə prosesinə zərbə vurur. Buna baxmayaraq, ölkəmizdə millətləşmə prosesi gedir və mən əminəm ki, yaxın gələcəkdə bu proses əsasən tamamlanacaq. Azərbaycan xalqı ali dəyərləri mənimsəmiş bir millət kimi dünyada layiq olduğu yeri tutacaq. Etiraf etmək lazımdır ki, sosial şəbəkələrdə, mətbuatda millətləşmə prosesi ilə bağlı ardıcıl işlər gedir. Hələlik, bütün bunlar ideoloji təbliğat səviyyəsindədir. Bir gün cəmiyyətdə öz inikasını göstərəcək, hakim düşüncəyə, mövqeyə çevriləcək. Görünür, millətləşmə yolunda biz klançılıq mərhələsindən də keçməliymişik. Cəmiyyətdə bəzi proseslər təbii yolla getməli, insanlar sosial münasibətləri tənzimləyən bəzi vərdişlərin zərərli olduğunu anlamalı və bundan sonra yeni düşüncə sistemini qəbul etməlidirlər. Bir zamanlar ailə münasibətlərində poliqamiya-çox insanla evlənmə ənənələri mövcud idi. Cəmiyyət bu ənənələrin nə qədər iyrənc olduğunu anladı və monoqomiyaya-tək nigaha keçdi. Düşünürəm ki, bizdə də keçmişin qalığı olan bu regionçuluq və klançılıq ənənələrindən tam imtina ediləcəkdir. Biz millətləşəndən sonra arzuladığımız güclü dövlət qura biləcəyik və bunun ardınca da ilk əlverişli tarixi şəraitdə Azərbaycanın bütövləşəcək. Millətləşmə təkcə Şimali Azərbaycanla çərçivələnmir. Xarici dövlətlərdə yaşayan soydaşlarımız da özünü eyni millətin nümayəndəsi hesab etməli və bir-birinə arxa olmalıdırlar.

- Gözəl bir məqama toxundunuz. Şimali Azərbaycandakı siyasi rejim, bizim cənublu qardaşlarımız üçün cazibə mərkəzi ola bilmir. Bəlkə də onlar bizim halımızı görüb yaşadıqları rejimin ətəyindən daha çox yapışırlar. Eyni sözləri Rusiyadakı, digər ölkələrdəki soydaşlarımız üçün deyə bilərik. Pis nümunə olduğumuz üçün onlar da yad ölkələrə sığınıblar. Bu gün ölkəmizdə yaşayan gənclərin əksəriyyətinin ən böyük arzusu hansısa xarici dövlətə qaçmaq və orda məskunlaşmaqdır. Sizə elə gəlmirmi ki, biz millətləşmə prosesinə indiki rejimi dəyişməkdən başlamalıyıq?

- Məncə, vəziyyəti dramatikləşdirirsiniz. Arzuladığımız ali dəyərlərə sahib olan dövləti qurmaq üçün ilk öncə millətləşmək lazımdır. Sivil dövlət öz-özünə qurulmur ki. Onu xalq qurur. Xalq necədirsə, qurduğu dövlət də o cür olur. Sizinlə mənim baxışımdakı təməl fərq də burdadır. Siz hesab edirsiniz ki, ilk əvvəl arzuladığımız sivil dövlət qurulmalı, sonra millətləşmə prosesi getməlidir. Mən isə fikirləşirəm ki, bu, mümkün deyil. Öncə millətləşməliyik ki, milli məfkurəmizə çevrilən həmin dövləti qura bilək. Nə ayrı-ayrı xanlıqlar kimi istila olunduğumuz çar müstəmləkəsi dövründə,nə də Sovet dönəmində biz buna tam nail ola bilmədik. Kobud bir misal çəkim. Çiy kərpiclə hündürmərtəbəli bina tikmək olmaz. Belə bir cəhd onu tikmək istəyən bənnanı da, içində yaşayanları da məhv edər. Hazır olmayan cəmiyyətdə tətbiq olunan ifrat demokratiya XX-ci əsrin əvvəlində Cümhuriyyət qurmaq istəyənləri, sonunda isə Elçibəyi və vətənpərvər gəncliyi məhv etdiyi kimi. Əfqənıstan, Liviya, Misir, İraq və s. müsəlman ölkələrində yaşanan faciələr dediklərimin təsdiqidir. Bəziləri deyir ki, bizim xalq olaraq potensialımız var ki, 100 il öncə Respublika qurmuşuq. Həmin Respublikanı geniş xalq kütlələri yox, tarixi şəraitdən istifadə edən parlaq, azsaylı ziyalılarımız elan etmişdi. Ona görə də ilk həmlədəcə çökdü.

- Siz millətləşmə deyəndə nəyi nəzərdə tutursunuz?

- Millətləşmə odur ki, eyni dili danışan, eyni mədəniyyəti, ortaq genləri daşıyan və eyni dəyərləri paylaşan insanlar vahid bir orqanizm kimi bir araya gəlirlər; mən sizin problemlərinizi öz problemim kimi görür, ağrı-acılarını öz dərdim kimi qəbul edir və onların həllinə çalışıram. Millətləşmə odur ki, sən öz millətindən olan digər bir şəxsin əlindən alınmış hüququnu, alçaldılan qürurunu özününkü kimi hiss edirsən. Başqa bir həmvətəninin haqqı tapdalanırsa, zorakılıqla üzləşirsə, dövlət onun hüquqlarını qorumursa, hesab edirsən ki, onun faciəsini sən yaşayırsan. Öz xalqından olan birinin faciəsinə seyrçi qalmırsan. Məsələn, düşmən hansısa bir soydaşını öz yurdundan didərgin salıbsa, bir azərbaycanlı qadınının namusuna toxunublarsa, sən bunu öz namusun kimi qəbul edirsən. Sən başqasının problemini özünün problemin kimi qəbul etmirsənsə, dövlət, millət və s. daha ali dəyərlər barədə də düşünə bilməzsən. O gün saytlarda bir şəkil diqqətimi çəkdi. Şəkildə Arsenalın iki azarkeşi Mxitaryanın köynəklərini geyinib, Bakının küçələrində gəzirlər. Bu yolla bizim heysiyyatımıza toxunurlar. Onların yanından keçən gənclərimiz isə buna reaksiya vermirlər. Mən demirəm ki, bu, onlara toxunmur. Toxunur, amma susmağa üstünlük verirlər. Mən hesab etmirəm ki, bu təhqirə dözüm qanuna hörmətdən, yaxud siyasi mədəniyyətdən qaynaqlanır. Açığı, mən Mxitaryanın Bakıya gəlib futbol oynamasına da qarşı deyiləm. Hətta erməni futbolçu buraya gəlsəydi, öz adı yazılmış köynəklə şəhərdə gəzsəydi, ona hücum edilməsini istəməzdim. Çünki o, idmançıdır, məqsədi öz klubu üçün oynamaqdır. Başqa bir millətin nümayəndəsinin Mxitaryanın formasını geyinib nümayişkaranə şəkildə küçədə dolaşması isə Azərbaycan xalqını aşağılamaq məqsədi daşıyır. Onlara bizim gənclərimiz reaksiya verə bilmir. Çünki cəza tətbiqindən qorxurlar. Milli qüruru üçün əziyyətlərə hazır olmayan, müti, qorxaq insanlar isə ali dəyərlərə malik olan sivil dövlət , mülki cəmiyyət qura , torpaqlarını işğaldan azad edə bilməzlər.

- Sanki Azərbaycan xalqının bu cür mütiləşdirilməsində Rusiyanın da rolu var. Rusiyada rəsmən fəaliyyət göstərən azərbaycanlı icmalarına nəzər salsaq, görərik ki, təşkilatların liderləri ermənilərlə yaxınlığı ilə seçilirlər. Bir zamanlar “Azerros”-un fəallarından olan, daha sonra reketçilik ittihamı ilə Dağıstanda həbs edilən Söyün Sadıqovun və bəzi diaspora rəhbərlərinin “erməni soyqırımı”nı dəstəklədiyi məlum olmuşdu. “Azerros”-un sədri Mehriban Sadıqova Qarabağ probleminin Rusiyada yaşayan soydaşlarımızın problemi olmadığını iddia edir. Moskvada bir diaspora rəhbəri qızını ermənilərə verir və bu qohumluq əlaqəsindən fəxarətlə danışır. Azərbaycanın milli maraqları ilə qətiyyən maraqlanmayan bu cür adamlardan təşəkkül tapan təşkilatlar niyə Moskva tərəfindən rəsmən dəstəklənir?

(Ardı var)

Söhbətləşdi: Heydər Oğuz

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA