Azərbaycanda Rusiya qəzetlərini kimlər və hansı məqsədlə paylayır?

Azərbaycanda Rusiya qəzetlərini kimlər və hansı məqsədlə paylayır?

Elçin Şıxlı: "Əgər Rusiya qəzetləri makulatura adı altında ölkəyə daxil olursa, onda gömrük bu istiqamətdə işləməlidir"

Şakir Ağayev: "Ola bilər ki, bu işdə marağı olan hansısa qrup hər hansı bir məqsəd üçün Rusiya qəzetlərini ölkəyə bu yolla daxil etsin"

“Hürriyyət”in ötən sayında Rusiya Federasiyasının Dağıstan Respublikasından son zamanlar Azərbaycana rus qəzetlərinin kütləvi axınının müşahidə olunduğunu qeyd etmişdik. Məsələnin maraqlı tərəfi ondadır ki, həmin qəzetlər ölkənin şimal sərhədindəki gömrük postundan makulatura adı altında daxil olur. Çünki Nazirlər Kabinetinin 1995-ci il 24 aprel tarixli 90 saylı qərarına görə, oduncaqdan və ya bitki mənşəli başqa lifli materiallardan kağız kütləsi, kağız və karton tullantıları, o cümlədən makulatura ölkəyə gətirilərkən gömrük idxal rüsumuna cəlb olunmur.

Bununla bağlı verilən bilgilərdə deyilir ki, Nazirlər Kabinetinin sözügedən qərarından yararlanan bir sıra işbazlar Rusiya qəzetlərinin gömrük idxal rüsumuna cəlb olunmaması üçün bu yola baş vurur və beləcə, qəzetləri makulatura adı altında ölkəyə daxil edirlər. Bu isə öz növbəsində, qanunazidd əməl olmaqla yanaşı, xaricə kütləvi valtuya axınına, ölkə iqtisadiyyatına ağır zərbə vurulmasına, kağız və karton tullantıları, o cümlədən makulatura ticarəti ilə məşğul olan yerli iş adamlarının biznesinin ciddi ziyan görməsinə səbəb olur. Bundan başqa, ehtimal etmək olar ki, Rusiyadan ölkəmizə vergi ödəmədən daxil olan həmin qəzetlərdə Azərbaycanın maraqlarına zidd, Moskvanın isə həm iqtisadi, həm də siyasi çıxarlarına xidmət edən məqalələr, analitik yazılar dərc olunur. Bu isə onu deməyə əsas verir ki, Kreml Azərbaycanla bağlı planlarını reallaşdırmaq, ölkəmizdə mövqeyini daha da gücləndirmək məqsədiylə şimal rayonlarının sakinlərini ələ almağa, onları bizdən uzaqlaşdırıb Rusiyaya meylləndirməyə çalışır.

"Qəzetləri məhz bu yolla gətirirlərsə, deməli gömrük işləmir"

Похожее изображение

Mövzu ilə bağlı "Hürriyyət"ə açıqlama verən "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı bildirdi ki, Azərbaycandakı rusdilli qəzetlər kifayət qədər normal informasiya verirsə, o zaman ölkəyə rusdilli medianın gətirilməsinin heç bir təhlükəsi yoxdur: "Amma bizdə mətnin məzmun problemi var. Bu nöqteyi-nəzərdən yenə də uduzuruq". Rusiya qəzetlərinin gömrük idxal rüsumuna cəlb olunmadan, makulatura adı altında Azərbaycanın şimal bölgəsinə daxil olması ilə bağlı məsələyə gəlincə, o, qeyd etdi ki, bu gün ölkəmizdə o qədər makulatura qəzet var ki, makulatura kimi istifadə etmək üçün Rusiyadan şimal bölgəsinə və ya bir başqa yerə qəzet gətirməyə ehtiyac yoxdur: "Burada söhbət ondan gedə bilər ki, bizdə yayım şəbəkəsi yoxdur və buna görə də mərkəzdən bölgələrə ümumiyyətlə, heç makulatura kimi istifadəyə etməyə qəzet gedib çatmır. Ola bilsin ki, bu səbəbdən də o tərəfdən gətirirlər. İnanmıram ki, Rusiyadan şimal bölgəsinə qəzetləri oxumaq üçün gətirsinlər. Əgər həqiqətən də belə bir fakt varsa, yəni Rusiya qəzetləri gömrük idxal rüsumuna cəlb olunmamaq üçün makulatura adı altında ölkəyə daxil olursa, onda gömrük bu istiqamətdə işləməlidir. Təbii ki, Rusiya nəinki Azərbaycanın şimal bölgəsini, hətta bütün ölkəni təsir altına almaq istəyir. Lakin bunun üçün qəzetə o qədər də ehtiyac ola bilməz. Çünki televiziyası var və bu yolla təsirini yaymaq daha asandır. Qəzetləri məhz bu yolla gətirirlərsə, deməli gömrük işləmir".

Elçin Şıxlı hesab edir ki, bu gün müstəqil şəkildə, yəni kənardan dəstək olmadan qəzet işlətmək və satmaq mümkün deyil. Onun sözlərinə görə, bu, yalnız çap mətbuatına deyil, bütün mediaya aiddir: "Bildiyiniz kimi, qəzetin iki qazanc mənbəyi var. Onlardan biri satış, digəri isə reklamdır. Satış şəbəkəsi kağızda olsa da, əslində darmadağın edilib. Ona görə də satışdan xırda qəpik-quruşdan başqa nəsə qazanmaq mümkün deyil. Reklam bazarımız isə çox kasaddır. Reklam bazarı yoxdur və əgər bu məsələlər həll olunmasa, o zaman medianın, xüsusilə də çap mediasının ayağa qalxması mümkün deyil. Bir də təbii, bu illər ərzində Azərbaycanda gənc nəsildə oxumaq, xüsusən də qəzet oxumaq vərdişi və mədəniyyəti itirilib. Bu olmayan yerdə çap mediasının yaşaması mümkün deyil". "Ayna" və "Zerkalo" qəzetlərinin baş redaktoru bu qənaətdədir ki, mətbuatın heç kimdən asılı olmadan sərbəst fəaliyyət göstərməsi, bu və digər qurumun, məmurun təsir dairəsindən çıxması üçün informasiya və media ilə məşğul olan ali mənsəbli məmurlar bununla bağlı siyasəti kökündən dəyişməlidir: "Daha doğrusu, əvvəl həmin o məmurları dəyişmək lazımdır ki, sonradan köklü dəyişikliklər aparmaq mümkün olsun. Yəni informasiyaya yeni, kökündən dəyişmiş yanaşma olmasa, heç nəyi müsbət istiqamətdə dəyişmək mümkün olmayacaq. Bundan başqa, həmin o media strukturlarının maliyyə mənbələri şəffaf olmalıdır".

"İstisna deyil ki, kimlərinsə marağında olar və onlar hər hansı bir formada Rusiya qəzetlərini gətirə bilər"

Картинки по запросу Şakir Ağayev

İstər rusdilli, istər ingilis, istərsə də fransızdilli qəzetlərin qanuni yolla yayılmasının vacibliyini vurğulayan "Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev isə "Hürriyyət"ə açıqlamasında hər hansı bir dövlətin qəzetinin pulsuz paylanılmasını onun digər ölkəni təsir dairəsinə keçirmək kimi qəbul etmədiyini bildirdi: "Bildiyiniz kimi, indi saytlar, sosial şəbəkələr var və məhz bu yolla qısa vaxt ərzində dünyanın hər yerindən məlumat almaq olur. Ola bilər ki, kimlərsə gömrükdən keçərkən özü ilə 5-10 qəzet gətirir, burda onları kiməsə paylayır və ya hansısa marağı güdür. Lakin bu haqda məndə geniş məlumat yoxdur. Bu gün Azərbaycanda böyük rus icması və rusdilli əhali var. Odur ki, qanuni yolla hər hansı xarici ölkə qəzetlərinin satılmasına pis baxmıram". Ölkənin şimal zonasında çoxlu sayda rusdilli əhalinin yaşadığını, onların bir qisminin isə Rusiya ilə sıx bağlı olduğunu qeyd edən Şakir Ağayevin sözlərinə görə, ola bilər ki, bu işdə marağı olan hansısa qrup hər hansı bir məqsəd üçün Rusiya qəzetlərinin gömrük rüsumundan yayındırılması üçün onları makulatura adı altında ölkəyə daxil etsin: "Kimlərsə, hansısa bir qrup hər hansı bir məqsəd üçün bunu edə bilər. Yəni bu, istisna deyil. Amma onu da qeyd etmək lazımdır ki, Rusiya dövlətinin Azərbaycana qəzetləri pulla da yollaya biləcək geniş imkanları var. Ümumiyyətlə, Azərbaycanla Rusiya arasında bu haqda qanuni qüvvədə olan müqavilələr var. Lakin istisna deyil ki, kimlərinsə marağında olar və onlar hər hansı bir formada Rusiya qəzetlərini gətirə bilər. Ancaq Rusiya dövlətinin qəzetləri paylamaqla kimisə nəzarətə götürməsi mümkün olan bir şey deyil".

"Rusiya qəzetlərinin yayılması, sadəcə olaraq, bəzi rusdilli qəzetlərin şimal bölgəsində satılmasına marağı azalda bilər"

Bu gün bölgələrdə heç kimin qəzet ticarəti ilə məşğul olmadığını, bu biznesin əsasən Bakıda yerləşdiyini deyən baş redaktorun fikrincə, Rusiya qəzetlərini makulatura adı ilə Azərbaycana gətirənlər vergidən azad olmaq üçün bu yola baş vura bilərlər: "Əgər ölkənin şimal bölgəsində hər hansı tipoqrafiya olsaydı, qəzet çap edilsəydi, bir redaksiya yerləşsəydi, onda düşünmək olardı ki, bu, onların işinə əngəl yarada bilər. Lakin bildiyiniz kimi, bölgələrdəki bütün mətbəələr, dövlət səviyyəli orqanlar da Bakıda çap olunur. Odur ki, Rusiya qəzetlərinin yayılması, sadəcə olaraq, bəzi rusdilli qəzetlərin şimal bölgəsində satılmasına marağı azalda bilər. Amma onlar Rusiya, Dağıstan və ya Çeçenistandan yazırlar, biz isə Azərbaycandan yazırıq. Yəni oxucu kütləsinin maraq dairəsi də üst-üstə düşmür".

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA