Azərbaycanda turizmin inkişafına nələr əngəl olur? - Turizm sahəsi üzrə tanınmış mütəxəssisdən ŞOK AÇIQLAMALAR

Azərbaycanda turizmin inkişafına nələr əngəl olur? - Turizm sahəsi üzrə tanınmış mütəxəssisdən ŞOK AÇIQLAMALAR

Turizm sahəsi üzrə tanınmış mütəxəssis “Hürriyyət”ə şok açıqlamalar verdi; “İlk olaraq sərhədçilərin səriştəsizliyi...”

9 iqlim zonası və əlverişli coğrafi mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri, səfalı təbiəti, tarixi-memarlıq abidələri ilə tanınan Azərbaycanda nədən turizim inkişaf etmir? Ölkəmizdə bu sektorun inkişafına hansı amillər mane olur? Problemin həlli yolları nələrdir?

Bu və digər suallara Azərbaycanın turizm sahəsi üzrə azsaylı mütəxəssislərindən biri ilə söhbətləşdim. Müəyyən səbəblərdən həmsöhbətimin adını açıqlamasam da, onun dəyərli fikir və təklifləri ilə oxucularımızı tanış edirik:

- Xoş gördük. Uzun illərdir turizm sahəsində çalışırsınız, bu sahənin mütəxəssisisiniz. Odur ki, Azərbaycanda turizmin bu günkü durumu ilə bağlı fikrinizi öyrənmək qərarına gəldik. Belə bir deyim var: “Vətən sərhəddən başlayır”. Sizcə, ölkəmizə ayaq basan turistlərə sərhəddə münasibət necədir?

- Xoş gördük. Söz vaxtına çəkər. Ötən ilin elə bu ayı idi. Dubaydan yaxın bir dostum ailəsi ilə birgə Bakıya səfər etmişdi. Onu da deyim ki, mən 6 il Dubayda yaşayıb işləmişəm. O üzdən orda dostlarım, tanışlarım var. Bu insan da onlardan biridir. Kifayət qədər nüfuzlu və hörmətli şəxsdir, general rütbəsinin daşıyıcısıdır. Dubaydakı 4 terminaldan birinin miqrasiya şefidir.

Həmin dostum sərhəddən mənə zəng vurub bürokratik əngəllərdən şikayət etdi. Dedi ki, asan viza sistemindən istifadə etməklə özünə və ailə üzvlərinə viza açmasına baxmayaraq, saatlarla sərhəddə gözləməli olublar.

Dünyanın bir çox dövlətində, o cümlədən də geridə qalmış saydığımız ərəb ölkələrində miqrasiya ilə polis sistemi, eləcə də sərhəd xidməti dövlətin əsas sütunu olan təhlükəsizlik xidmətinə (DTK) tabedir. Çünki məlumat eyni bazaya ötürüldüyü zaman proseslərə nəzarət etmək, təhlükəsizliyi təmin etmək daha rahat olur.

Haşiyəyə çıxaraq onu da qeyd edim ki, Dubayda neftdən gələn gəlirin böyük bir hissəsi turizmin inkişafına sərf olunur, bunun sayəsində turizm sektoru çox yüksək inkişaf həddinə çatıb.

Bizim ölkəmizin sərhəd sistemi isə sovet dönəmindən qalmadır. Bu gün heç bir Avropa dövlətində, eləcə də BƏƏ-də sərhəddə sərhədçi görə bilməzsiniz. Yalnız Azərbaycan, Rusiya və səhv etmirəmsə, Ukrayna sərhəddində əcnəbi qonaqları sərhədçilər qarşılayır. Sərhədçilərin bu sahədə səriştəsizliyi isə bir çox problemlərə meydan açır. Bir misal çəkim. Bilirsiniz ki, sərhəd keçidində kamera sistemi qurulub. Dünyanın heç bir yerində ölkəyə gələn ziyarətçilərdən kameraya baxmaq rica edilmir. Sadəcə, sənə adınla müraciət olunur və sən də biixtiyar başını səs gələn tərəfə döndərirsən və həmin an kamerada görüntülənirsən. Yəni turistə yoxlanıldığı bəlli edilmir, ona hörmətlə yanaşılır. Bizdə isə bunun tam əksi baş verir. Bütün turistlərə “zəhmət olmasa, kameraya baxın”, - deyilir. Ümumiyyətlə, sərhəd keçidində yoxlamalar çox vaxt aparır, insanlar yorulur, bu da onların haqlı narazılığına səbəb olur.

Bundan əlavə, sərhədçilərimizin əksəriyyəti əcnəbi dilləri bilmir, bu da ünsiyyət problemi yaradır. Bizim sərhəddə hərbi sistem olduğuna görə düşüncə tərzi də fərqlidir.

Yenə də haqqında danışdığım ərəb dostumun üzərinə qayıtmaq istəyirəm. Ailəsi ilə birgə sərhəddi keçib oteldə yerləşdikdən sonra, nəhayət, günün sonunda onunla əlaqə saxlaya bildim, görüşdük və olayların təfsilatı ilə maraqlandım. Dostum dedi ki, mən bir də bura gəlmərəm. Özüm bu işin təşkilatçılarından, rəhbərlərindən biriyəm. Axı insanı bu qədər gözlətmək olmaz. Üzərində ştrix kod olan vizam var, həmin ştrix kodda mənimlə bağlı bütün məlumatlar qeyd olunub. Bundan əlavə, Azərbaycana səfər öncəsi miqrasiya xidmətiniz məni yoxlayıb. Hətta həmin yoxlamanın nəticələrini saxtalaşdırmış olsam belə, ştrix kodu saxtalaşdıra bilmərəm, axı.

Bəs belə olduğu halda məni, ailəmi gülərüzlə qarşılayıb ölkəyə yola salmaq əvəzinə, nə səbəbə düz saat yarım sərhəddə saxlamalı idilər? Təbii ki, gözləyən tək mən və ailəm deyildi, bizimlə birgə bütün ziyarətçilər bu üzücü prosesi yaşamalı oldu. Və deyim ki, bu çox acınacaqlı, gülünc bir vəziyyətdir.

Hava limanımızda da təşkilatçılıq zəifdir. Ötən ay qızmı Türkiyəyə imtahana yola salanda gördüm ki, aeroportumuzda 4 monitordan yalnız biri işləyir. Bu isə təbii ki, çox böyük problemlərə, yubanmalara səbəb olur. Bütün bunlar isə təbii ki, ölkəmizə istirahət etmək üçün gələn insanların əhvalını pozur, Azərbaycanın beynəlxalq imicinə zərbə vurur, xalqımız haqda mənfi rəy formalaşdırır və sonucda turizmin inkişafına əngəl olur.

Bu problemi necə aradan qaldırmaq olar? Təbii ki, dünya dövlətlərinin praktikasından yararlanmaqla. Misal üçün, Dubayda və Türkiyədə yerli vətəndaşlar üçün pasport nəzarəti ayrıdır, turistlər üçün isə ayrı. Özü də hər bir ölkə üçün ayrıca monitor var, bu da prosesləri sürətləndirir və turistlərin rahatlığı pozulmur.

Bundan əlavə, gömrükdə də insanlar bürokratik əngəllərlə qarşılaşır. Halbuki, "Yaşıl Dəhliz" buraxılış sistemindən rahat keçən şəxslərin təkrar-təkrar yoxlanmasına heç bir ehtiyac yoxdu. Dünyada belə bir praktika var. Bəlli ölkələrin, misal üçün, Afrika dövlətlərinin adları qara siyahıya salınıb. Çünki orda mütəmadi olaraq qaçaq mal keçirmək cəhdləri olur. Həmin ölkələrdən olan ziyarətçilər diqqətlə yoxlanılır. Problemsiz ölkələrin vətəndaşları isə keçid prosesini daha rahat adlayır.

Bizdə isə həm yerli sakinləri, həm də qonaqları hərtərəfli yoxlayırlar. Tutaq ki, Dubaydan gələn ziyarətçilərdən biri özü ilə hədiyyə etmək üçün bir telefon, yaxud 1 cüt qulaqcıq gətirir. Turistlər üçün bu adi haldı. Odur ki, yol çantaları xüsusi canfəşanlıqla yoxlananda heyrətə gəlirlər.

Dediyim odur ki, ölkəmizə gələn əcnəbi qonaqlar ölkəmizə ilk qədəm qoyduqları zaman məyus edən əsas məsələ sərhəddəki təşkilatsızlıqdır.

- Turistlərin sərhəddən keçib gəldikləri zaman ilk qarşılaşdıqları biz, Azrəcan vətəndaşları, Bakı sakinləri olur. Əslində paytaxtımız, vətənimiz haqda təəssürat yaradan əsas amillərdən biri bizim əcnəbi vətəndaşlara göstərdiyimiz münasibət olur. Sizcə, Azərbaycanda turizmin inkişafı ilə bağlı biz vətəndaşların üzərinə hər hansı vəzifə düşürmü? Ümumiyyətlə, ölkədə, özəlliklə də paytaxtda turistlərə münasibət necədir?

- Yəqin ki, ölkəmizdəki 4 il əvvəlki vəziyyəti xatırlayırsınız. O dönəmdə bura çox az sayda turist gəldiyindən, ölkədə iqtisadi böhran yaşanırdı. Təbii ki, bu gün də iqtidasi böhran tam aradan qaldırılmayıb, amma o dövrə nisbətən daha firavan yaşayırıq. Misal üçün, “Yaşıl bazar”da bu gün çeşid-çeşid məhsullar, növbənöv ədvalar, çərəzlər satılır, hətta əlavə piştaxtalar da qurulub. Bu isə alverin yaxşı getdiyinə işarədir. Təbii ki, turistlərin bu məsələdə xüsusi rolu var. Dörd il əvvə isə bazarda çalışanlar gileylənirdi ki, alver yoxdur, vəziyyət ağırdır.

Eynilə Azərbaycana mili adət-ənələrimizə aid suvenirlər, əl xalçaları və s. də ötən illərə nisbətən daha çox və daha baha qiymətə satılır.

Amma bir məsələ var. Tutaq ki, yerli əhaliyə qutusu 20 manatdan satılan çayı əcnəbilərə 50, hətta 100 manata satırlar. Təbii ki, aldanıldıqlarını öyrənən turistlər çox məyus olurlar, vətənlərinə qayıtdıqda doğmalarına, tanışlarına bu haqda danışırlar, bu da ölkəmiz və xalqımız haqda neqativ fikir formalaşdırır, ölkəmizi ziyarət edənlərin sayı azalır, bundan həm ölkə iqtisadiyyatı, həm də birbaşa və dolayı yolla turizmdən gəlir əldə edənlərin çörəyi kəsilir.

Dəfələrlə olub ki, ərəb dostlarımız bizdən xəbərsiz Bakıya gəliblər. Dənizkənarı parkda onlara qiyməti 1 manatdan baha olmayan adi plombir dondurmanı 50 manata satıblar. Bizi tanıyan ərəb dostlarımız bütün azərbaycanlıların fırıldaqçı olmadığını anlayır, amma ölkəmizə ilk dəfə gələn, xalqımızla tanış olmayan əcnəbi qonaqlar bu mənzərədən dəhşətə gəlir və ölkəmizə yolu birdəfəlik unudur.

Rayonlarımızda vəziyyət daha bərbaddır. Ərəblərə hətta ağac kölgəsi belə pulla satılır.

Ümumiyyətlə, ölkəmizdə vətəndaşlara turizm haqda lazımi məlumat verilmir, bu sahə ilə bağlı maariflənmə yox dərəcəsindədir. Halbuki, buna xüsusi yer ayrımalıdır, treninqlər keçirilməli, televiziya proqramları hazırlanmalıdır, vətəndaşlara turizm mədəniyyəti, əcnəbi qonaqlarla ünsiyyət qaydaları aşılanmalıdır.

Təbii ki, müsbətə doğru dəyişən məqamlar da az deyil. Məsələn, iki il öncəyədək geyimi, görkəmi bizdən fərqlənən insanları görəndə onlara qəribə baxırdıq, niqablı xanımlardan, uzun saqqal saxlayan kişilərdən ehtiyat edənlər də vardı. Bu gün isə Bakı küçələrində, eləcə də Aərbaycanın müxtəlif şəhər və rayonlarında şortla gəzən, saçını müxtəlif rənglərə boyayan, eləcə də tamamilə örtülü şəxslər görəndə bunu adi hal kimi qarşılayırıq. Fikir vermisinizsə, son iki ildə yerli əhalinin geyim tərzi də nəzərə çarpacaq dərəcədə dəyişib. İdman üslubunda geyinən, klassik üslubla idman üslubunu sintez edən insanların sayı artıb, şəhərdə şortla gəzmək adi hal alıb, velosiped sürənlərin sayı artıb. Eyni zamanda xarici dil öyrənənlərin, turizm sahəsi üzrə təhsil alanların, təhsilini müxtəlif dövlətlərin təhsil ocaqlarında davam etdirənlərin sayı da xeyli artıb. Bütün bunlar təbii ki, turizmin inkişafı ilə bağlıdır.

- Biz bir çox məsələlərdə, hətta siyasi məsələlərlə bağlı da özümüzü qonşularımızla müqayisə edirik. Misal üçün, turizm sahəsində kiçik qonşumuz Gürcüstanın praktikası diqqətimizi çəkir. Gürcüstanın dövlət büdcəsinin 50 faizə yaxını turizmdən gələn vəsait hesabına formalaşır. Amma Azərbaycanda turizmdən gələn gəlirin büdcədə yeri demək olar ki, yoxdur, yəni bir faizdən də azdır. Bunun səbəblərini nədə görürsünüz?

- Gəlin yaxın tarixə nəzər salaq. 2003-cü ilədək Azərbaycanda bu günkü möhtəşəm otellərin heç biri yox idi. Bakıda sovetlər dönəmindən qalma yüngülvari təmir edilmiş, modernləşdirilmiş “Abşeron”, “İnturist”, Şəkidə “Karvansara”, Nabranda “Atlant” kimi bir neçə otel vardı.

2003-cü ildə mən Azərbaycanda turizmin inkişafına təkan vermək məqsədi ilə Moskvada uzun illər turizmlə məşğul olan dostlarla iş birliyi qurdum. Biz öz hesabımıza Azərbaycanın səfalı guşələrini, tarixi abidələrini vəsf edən rəngarəng kataloq yaratdıq. Bu kataloq maliyyəsi çox böyük oldu. Mənim üçün çox ağır idi, çünki dövlətdən heç bir yardım almırdım. Bir maşın tutdum, telekanallardan birinin operatorunu kamerası ilə birgə çəkilişlərə cəlb etdim, iki model xanım isə turist qismində çıxış etdi. Çəkilişlərə Bakıdan başladıq. Bakinin bütün otellərini, İçərişəhəri, tarixi abidələri çəkdik. Kataloqa disk də əlavə etdik. Çox gözəl, rənarəng, möhtəşəm bir kataloq ərsəyə gətirdik.

Hər ilin mart ayında Moskvada beynəlxalq turizm sərgisi keçirilir. Biz kataloqumuzu həmin sərgidə nümayiş etdirdik. Hər kəs tərəfindən çox bəyənildi. Rusiyanın turizm agentliklərinin sahibləri heyran oldular. Amma bir məsələdə ilişdik.

Məsələ ondadır ki, səviyyəli, gözəl reklam hər şey demək deyil. Turizmlə məşğul olan peşəkarlar turist kimi düşünməyi, turistlərin nə istədiyini anlamalıdırlar və işlərini buna uyğun qurmalıdırlar.

Turist nə istəyir? Turist ucuz qiymət və keyfiyyət axtarışındadır. Həmin vaxt turistlərdən biri ofisə gəlib kataloqla tanış oldu, hər şeyi bəyəndi. Hətta Tailanddan imtina edib, Bakını seçən turistlər də oldu. Amma uçuş qiyməti, oteldə qalmaq xərci həddən artıq yüksək olduğundan, turistlərin əksəriyyəti Bakıya səfərdən imtina etdi.

Qiymətlərin belə yüksək olmasının əsas səbəbi isə sağlam rəqabətin olmamasındadır. Hər kəs istədiyi qiyməti təyin edir. Çünki standartlaşdırma müəyyən olunmayıb. Deyilənə görə, bu problem tez zamanda öz həllini tapacaq. Amma hələ ki, bu sadəcə söz olaraq qalır.

- Sizcə, neft ölkəsi olan Azərbaycanda təyyarə biletlərinin qiyməti nəyə görə bu qədər bahadır?

(Ardı var)

Hazırladı: Banu OĞUZ