Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır? - MÜNASİBƏT

Azərbaycanda Türkiyənin hərbi bazaları yaradılmalıdır? - MÜNASİBƏT

Zaur Məmmədov: "Beynəlxalq aləmdəki mövcud vəziyyəti və geosiyasi konteksti nəzərə aldıqda, bu, o qədər də real görünmür"

Ramil Məmmədli: "Bu cür addımlar ölkəmizin beynəlxalq arenada manevr imkanlarını məhdudlaşdıra və rəsmi Bakının müstəqil siyasət yürütməsinin qarşısını ala bilər"

Kənan Paşayev: "Bunun reallaşması üçün Türkiyə güclü arqumentlərlə Rusiyanı özündən asılı hala salmalıdır"

Rusif Məmmədsoy: "Hesab edirəm ki, bizim üçün hazırda əsas çıxış yolu məhz budur"

Turan Rzayev: "Təklif edərdim ki, gələcəkdə qurulacaq hərbi bazalar Naxçıvan və Şəmkir, Gəncə istiqamətində olsun"

Kamran Sultanlı: "Türkiyədə siyasi islamın iqtidarda olması Ankaranın baxış bucağının Cənubi Qafqazdan uzaqlaşmasına, Yaxın Şərqə fokuslanmasına səbəb olur"

Bugünlərdə "Hürriyyət"ə verdiyi geniş müsahibəsində türk qoşunlarının Azərbaycana gəlməsinin vacibliyinə toxunan Azərbaycan Demokrat Partiyasının (ADP) sədri, prezidentliyə keçmiş namizəd Sərdar Cəlaloğlu hesab edir ki, işğal altında olan torpaqlarımızın azad edilməsi üçün ən optimal variant məhz budur. Onun fikrincə, Türkiyə ilə hərbi müttəfiqlik müqavilələrimizi inkişaf etdirsək, hərbi əlaqələrimizi genişləndirsək, bu, bizə kifayət edəcək. ADP sədri bu qənaətdədir ki, biz Türkiyə ilə hərbi müttəfiqliyi Rusiya-Ermənistan arasındakı hərbi müttəfiqlik səviyyəsinə qaldırmalıyıq: "Türk qoşunları Azərbaycana gəlməlidir. Necə ki, ruslar Ermənistan sərhədlərini ermənilərlə birgə qoruyur, Azərbaycan sərhədlərini də türk qoşunları ilə biz bir yerdə qorumalıyıq. Bizim başqa bir yolumuz yoxdur. Ya Rusiya Ermənistandan çıxmalıdır, biz Ermənistanla tərəf müqabil olmalıyıq, ya da Rusiya Ermənistanı öz dalına alıbsa, biz də Türkiyəni öz yanımıza alıb, hərbi cəhətdən öz təhlükəsizliyimizi təmin etməliyik. Bunun başqa variantı yoxdur. Kim ki, bundan başqa bir yolla Qarabağın azad olunmasını düşünür, o, tamamilə xəyalpərvərdir və reallıqlardan uzaq bir adamdır".

Qeyd edək ki, təxminən eyni mövqedən çıxış edən politoloq Elxan Şahinoğlu isə "İnanıram ki, bir gün gələcək Türkiyənin Qətərdə olduğu kimi Azərbaycanda da iki hərbi bazası – Naxçıvanda və Abşeronda mövcud olacaq", deyə bildirib. Qətər əmirinin ölkəsini açıq və gizli düşmənlərdən qorumaq üçün Türkiyədən ikinci hərbi bazasını yaratmağı xahiş etdiyini vurğulayan Elxan Şahinoğlu Türkiyənin Qətərdən əvvəl Azərbaycanın strateji müttəfiqi olduğunu deyib: "Azərbaycan Ermənistanla bacara bilər. Ancaq tək Ermənistanla iş bitmir ki. Başqa alternativimiz yoxdur. Haqqında çox danışdığımız arxa cəbhədən arxayın olmalıyıq".

"Azərbaycan istər Qərb ölkələri, istər Türkiyə, istərsə də İsrail və Rusiya ilə hərbi əməkdaşlıqda maraqlıdır"

Beləliklə, mövzu ilə bağlı mövqeyini "Hürriyyət"lə bölüşən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədovun sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı istəyər ki, onun təhlükəsizliyinin qorunması üçün ən optimal variantlardan istifadə edilsin: "Bildiyiniz kimi, dünya praktikasında müxtəlif ölkələrdə xarici hərbi bazaların mövcudluğu onların dövlət sərhədlərinin, ərazi bütövlüyünün qorunması, eyni zamanda qonşu ölkələrdən gələ biləcək hücumların qarşısının alınması baxımından xüsusi önəm daşıyır. Misal kimi, Ermənistanda Rusiyanın hərbi bazasının, habelə Abxaziya və Cənubi Osetiyada Rusiya sülhməramlıları kontingentinin, Polşada ABŞ silahlı qüvvələrinin mövcudluğunu göstərmək olar. Türkiyənin Azərbaycanda hərbi baza yaratması ilə bağlı səsləndirilən təklifə gəlincə, vurğulamaq lazımdır ki, Azərbaycanla Türkiyə qardaş ölkədir və onlar arasında hərbi əməkdaşlıq ən yüksək səviyyədə davam edir. Ümumiyyətlə, rəsmi Bakı hərbi əməkdaşlıq məsələsində uzun illərdir ki, balansı qorumağa çalışır. Bu səbəbdən də Azərbaycan istər Qərb ölkələri, istər Türkiyə, istərsə də İsrail və Rusiya ilə hərbi əməkdaşlıqda maraqlıdır".

"Azərbaycanla Türkiyə arasında bağlanan hərbi müqavilələr ona dəlalət edir ki, Azərbaycan çətinlik yaşayacağı zaman türk hərbçiləri bizim yanımızda yer alacaq"

Azərbaycanın gözləntisinin Qarabağ münaqişəsinin diplomatik yolla həll edilməsi olduğunu vurğulayan politoloq hesab edir ki, bu, çox çətindir: "Çünki Ermənistan iqtidarı gah bilərəkdən ölkədə hakimiyyət dəyişiklikləri edərək münaqişənin nizamlanmasına xələl gətirir, gah da geosiyasi havadarlarının köməyi ilə münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə maneə törədir. Belə olan halda, tez-tez Azərbaycan ictimaiyyətində Türkiyənin hərbi bazalarının ölkəmizdə yerləşdirilməsi məsələsi müzakirə olunur. Lakin beynəlxalq aləmdəki mövcud vəziyyəti və geosiyasi konteksti nəzərə aldıqda, bu, o qədər də real görünmür. Çünki bir sıra ölkələr buna isti yanaşmazlar. Ən azı Azərbaycanın qonşuluğunda yerləşən iki ölkə bu məsələ ilə bağlı çox sərt mövqe bildirmiş olarlar. Bu, məsələnin birinci tərəfidir. Məsələnin ikinci tərəfinə gəlincə, əslində Azərbaycanın hüququ var ki, istənilən ölkənin hərbi bazasını öz ərazisində yerləşdirsin. Biz qonşu ölkələrlə olan münasibətlərimizdə hər zaman onlar üçün maksimum yaxşılıq etmişik. Lakin onların bizə qarşı olan münasibətlərində bunu görmürük. Belə ki, bəzi dövlətlərin düşmən ölkə ilə əməkdaşlığı, Ermənistanla hərbi, iqtisadi və siyasi birliyi Azərbaycan qarşısında bir sıra suallar qoyur. Ancaq buna baxmayaraq, hazırda Azərbaycan üçün ən optimal siyasət balanslaşdırılmış siyasətdir. Məhz bunun nəticəsində son zamanlar Azərbaycanın regionda istədiyi demək olar ki, bütün iqtisadi layihələrin reallaşdırılmasına nail olmuşuq. Ən əsası odur ki, Azərbaycan bu illər ərzində çox rasional siyasət apararaq öz milli maraqlarının maksimum həyata keçirilməsinə nail olub".

Bu səbəbdən də indiki halda balanslaşdırılmış siyasətin davam etdirilməsini məqbul sayan Zaur Məmmədovun fikrincə, Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsi və ya xarici siyasətdə vektor dəyişmə kimi məsələlər xarici, əsasən də qonşu dövlətlər üçün bir çağırış olmalıdır: "Yəni bu yolla onların Cənubi Qafqazla bağlı siyasətlərində korrektə etmələrinə, Azərbaycanın maraqlarını maksimum şəkildə nəzərə almalarına nail olmaq mümkündür. Bu səbəbdən də bu cür müzakirələr, bu tip təkliflər onlara bir siqnal, çağırış olmalıdır. Hər bir halda bu gün Azərbaycanın güclü ordusu var və ümid edirəm ki, bizimlə dost, qardaş olan ölkələr münaqişə başladığı zaman yanımızda yer alacaqlar. Azərbaycanla Türkiyə arasında məsafə o qədər də böyük deyil. Ona görə də Türkiyə istənilən zaman Azərbaycanın yanında yer alacaq. Hərbi bazaların mövcudluğu isə bəzi hallarda formal mahiyyət daşıya bilər. Son zamanlar Azərbaycanla Türkiyə arasında bağlanan hərbi müqavilələr ona dəlalət edir ki, Azərbaycan çətinlik yaşayacağı zaman türk hərbçiləri bizim yanımızda yer alacaq".

"Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsinə nə regionun iri dövlətləri razılıq verər, nə də Azərbaycan özü belə bir addım atar"

Osmanlı imperiyasının və hazırkı Türkiyə Cümhuriyyətinin zaman-zaman belə bir istəkdə olduğunu deyən hərbi-siyasi icmalçı Ramil Məmmədli "Hürriyyət"ə açıqlamasında qeyd etdi ki, keçən əsrin əvvəllərində Osmanlı regiondakı vəziyyətdən istifadə edərək Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda hərbi birləşmələrinin yerləşdirilməsinə cəhd edib, lakin bu, uğursuz alınıb: "Növbəti belə bir fikirlər ötən əsrin sonlarında da səsləndirilib. Son bir neçə ildə də belə fikirlər səsləndirilib ki, Azərbaycanda Türkiyənin silahlı birləşmələrinin hərbi hissəsinin yaradılması lazımdır. Lakin mən bu qənaətdəyəm ki, Azərbaycanda nəinki Türkiyənin, ümumiyyətlə heç bir ölkənin silahlı qüvvələrinin yerləşdirilməsi məqbul deyil. Azərbaycanın özü də beynəlxalq aləmdə belə bir formatı dəstəkləməyib. Həm də bunun bizə hər hansı müsbət tərəfi yoxdur. Ümumiyyətlə, əvvəlcə Türkiyənin Azərbaycanda hərbi bazasının hansı əsasla yerləşdiriləcəyi araşdırılmalıdır. Yəni Türkiyə ordusu ölkəmizdə hansı missiyanı həyata keçirəcək? Bu və digər suallara cavab tapdıqda görərik ki, bu cür addımlar sadəcə olaraq Azərbaycana əlavə problemlər yarada, ölkəmizin beynəlxalq arenada manevr imkanlarını məhdudlaşdıra və rəsmi Bakının müstəqil siyasət yürütməsinin qarşısını ala bilər. Sözsüz ki, biz Türkiyədə yaşayan insanlarla eyni soyun daşıyıcılarıyıq. Lakin Türkiyə ayrı dövlətdir, onun öz maraqları var, Azərbaycan isə fərqli dövlətdir və buna görə də onun öz maraqları var. Odur ki, Türkiyə Azərbaycan üçün yarana biləcək siyasi və hərbi çətinliklərin qarşısında dayanmayacaq". Hazırda Azərbaycanda Rusiya, İran və ABŞ-ın strateji maraqları olduğunu bildirən hərbi-siyasi icmalçının sözlərinə görə, bu amillər də mütləq nəzərə alınmalıdır: "Bu baxımdan, hesab edirəm ki, Azərbaycanda Türkiyənin hərbi bazasının yerləşdirilməsinə nə regionun iri dövlətləri razılıq verər, nə də Azərbaycan özü belə bir addım atar".

"Yaxın illərdə Türkiyənin Naxçıvanda hərbi bazası açıla bilər"

"Atlas" Araşdırmalar Mərkəzinin eksperti Kənan Paşayev isə "Hürriyyət"ə bildirdi ki, Türkiyənin Azərbaycanda hərbi bazalarının yaradılması hər iki ölkə üçün vacib amildir: "Hərbi bazaların yaradılması həm Azərbaycan, həm də Türkiyənin çoxdankı arzusudur. Xüsusilə Türkiyə Rusiyadan S-400 raketlərini aldıqdan sonra bu məsələ aktuallaşdı. Türkiyənin raketlərdən birini Azərbaycanda yerləşdirəcəyi ehtimalı böyükdür. Lakin bu məsələ Rusiya ilə razılaşmalıdır. Yaxın illərdə Türkiyənin Naxçıvanda hərbi bazası açıla bilər. Amma eyni bazanın Abşeronda da açılması bir az zaman tələb edir. Zənnimcə, Rusiya bu məsələ ilə asanlıqla razılaşmayacaq. Bunun reallaşması üçün Türkiyə güclü arqumentlərlə Rusiyanı özündən asılı hala salmalıdır. Lakin hazırkı vəziyyət bunun əksini göstərir".

"Türkiyə burada daimi aktora çevrilərsə, bu zaman Ermənistanı çətin günlər gözləyəcək"

Türkiyənin Azərbaycanın regionda ən yaxın dostu, eyni zamanda strateji müttəfiqi olduğunu deyən siyasi şərhçi Rusif Məmmədsoy hesab edir ki, Türkiyə kimi hərbi sahədə böyük təcrübəsi olan bir dövlətin hərbi bazasını yaratmaq əlbəttə ki, bizim üçün çox gözəl olar: "Azərbaycan uzun illərdir ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı çox böyük çətinliklər çəkir. Bunun əsas səbəbi münaqişə tərəfdarı olan Ermənistan deyil, məhz Rusiyadır. Bu mənada, Azərbaycanda Türkiyənin hərbi bazalarının yerləşdirilməsi iki ölkə arasındakı münasibətlərdə mühüm addım ola bilər. Rusiyanın forpostu hesab etdiyi Ermənistanda hərbi bazaları var. Bu səbəbdən də erməni tərəfi müəyyən rahatlıq içindədir. Türkiyə kimi hərbi sahədə böyük təcrübəsi olan bir dövlətin hərbi bazasını yaratmaq əlbəttə ki, bizim üçün çox gözəl olar. Əgər bu, baş verərsə Ermənistan tərəfi müxtəlif təxribatlara əl atmaqla, hər vəchlə bunun qarşısını almağa çalışacaq. Qətər lideri də yaxın günlərdə Türkiyənin ölkəsində hərbi baza yaratmasını təklif etdi. Bu isə o deməkdir ki, Türkiyə regionda ən etibarlı tərəfdaşlardan hesab edilir. Təbii ki, Türkiyənin ölkəmizdə hərbi baza yaratmasına əks mövqe tutanlar da az deyil. Lakin hesab edirəm ki, bizim üçün hazırda əsas çıxış yolu məhz budur. Əks halda döyüşə atılarkən arxa cəbhədə problemlərlə üzləşə bilərik".

Əsas müzakirə mövzusunun Rusiyanın buna hansı reaksiya verəcəyi olduğunu deyən siyasi şərhçinin sözlərinə görə, təbii ki, Kreml bunu müsbət qarşılamayacaq: "Türkiyə ilə Rusiya hazırda nə qədər də tərəfdaş qismində iştirak etsələr də Rusiya Türkiyənin sərhədlərini Cənubi Qafqaza uzatmağına etiraz edəcək. Belə ki, Türkiyə burada daimi aktora çevrilərsə, bu zaman Ermənistanı çətin günlər gözləyəcək. Bunun da məntiqi nəticəsi kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın leyhinə həlli sürətlənəcək. Bununla da Azərbaycan və Türkiyə arasında müəyyən dəhliz yaranacaq. Rusiyanın hazırda Azərbaycanla münasibətləri normal səviyyədədir. Hansı ki, Azərbaycan Cənubi Qafqazın ən güclü dövlətidir. Gürcüstandan sonra Azərbaycanla da münasibətlərdə hər hansı radikal addımların atılacağını düşünmürəm. Lakin hər vəchlə buna mane olmağa çalışacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan əvvəllər də dəfələrlə Putinlə Dağlıq Qarabağ məsələsi ilə bağlı danışmaq istəmiş, lakin hər hansı söz ala bilməmişdi. Hazırda da elə olacaq. Çünki Türkiyənin Rusiyadan asılılığı artıb. Daha dəqiq desək, Türkiyədə Atom Elektrik Stansiyasının tikilməsində əsas investor Rusiyadır. Hansı ki, həmin investisiya qaytarılana qədər bu layihəyə Rusiya nəzarət edəcək. Bu isə təbii ki, Türkiyənin əl-qolunu bağlayır. İstənilən halda Türkiyə bunu dilə gətirməli və strateji müttəfiqi olan Azərbaycanın bu mübarizədə yalnız olmadığını göstərməlidir. İki ölkə arasındakı gecikmiş viza məsələsi də müəyyən töhvə verə bilər".

"Türkiyə Moskva müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehdir"

"Atlas" Araşdırmalar Mərkəzinin digər eksperti Turan Rzayev isə bildirdi ki, Türkiyə 2000-ci ildən başlayaraq istər öz regionu, istərsə də digər regionlarda olduqca fəal hərbi əməliyyatlar aparmaqdadır: "Bu, istər Türkiyənin regional dövlət statusundan qlobal aktor olmaq siyasəti, istərsə də tərəfdaş olduğu dövlətlərin Türkiyəyə olan güvənindən irəli gəlir. Bu gün Türkiyə regionda sözü keçən, eyni zamanda güvənilir bir güc halına gəlib. Türkiyənin bu gün bir çox ölkədə hərbi bazaları var. Misal üçün Türkiyənin Bosniyada 250, Kosovada 400, Albanyada 125, Livanda 100, Şimali Kiprdə 40000, Sudanın Savakin adasında 500, Suriyada 5000, İraqda 2500, Qətərdə 300, Somalidə 200, Əfqanıstanda 2000 hərbi personalı və texnikası mövcuddur. Son zamanlar isə Qətərin ardından BƏƏ-də də Türkiyə hərbi baza yaratmaq təklifi cəmiyyətimizdə belə bir sual yaradıb ki, Türkiyə Azərbaycanda da hərbi baza yarada bilərmi? Bu gün Azərbaycan Türkiyə üçün olduqca önəmli bir ölkədir. İstər strateji, istər iqtisadi, istərsə də digər bütün sahədə dünyada heç bir ölkə arasında görünməyən əlaqələr mövcuddur. Məhz bu baxımdan, gələcəkdə Türkiyənin Azərbaycanda hərbi baza yaratmağı realdır və ola bilər. Əslində, hazırda Türkiyənin Azərbaycanda 100-dən çox hərbi personalı fəaliyyət göstərir".

Gələcəkdə qurulması ehtimal olunan hərbi bazanın yerinə gəldikdə isə Turan Rzayev qeyd etdi ki, ictimaiyyətdə Naxçıvan və Abşeronun adı çox səslənir. Onun fikrincə, burada diqqət edilməsi vacib olan bir nüans ondadır ki, Naxçıvanda yaradılacaq hərbi baza real səslənir: "Çünki Naxçıvanın onsuz da belə bir hüququ var və Türkiyə Moskva müqaviləsinə əsasən Naxçıvanın təhlükəsizliyinə birbaşa cavabdehdir. Yəni qısa olaraq desək, gələcəkdə Naxçıvanda hərbi bazanın yaradılacağını gözləmək olar. Lakin Abşeronda belə bir hərbi baza real görünmür. Çünki bu, başda Rusiya olmaqla İranın maraqlarına ziddir. Həm də bəzi daxili faktorlar da Abşeronda hərbi baza yaradılmasını inandırıcı etmir. Mən təklif edərdim ki, gələcəkdə qurulacaq hərbi bazalar Naxçıvan və Şəmkir, Gəncə istiqamətində olsun. Çünki hazırda Ermənistana təzyiq etmək lazımdır və bu hərəkət düşməni qorxuya salacaq".

"Başqa bir dövlətin ölkəmizdə baza yaratması Azərbaycanın hərbi doktrinasına uyğun deyil"

Müstəqil ekspert Kamran Sultanlı isə "Hürriyyət"ə açıqlamasında bildirdi ki, başqa bir dövlətin ölkəmizdə baza yaratması Azərbaycanın hərbi doktrinasına uyğun deyil: "Türkiyə Azərbaycanın strateji müttəfiqidir. Bundan başqa, Naxçıvanın təhlükəsizliyinə Qars və Moskva müqavilələrinə əsasən Türkiyə cavabdehdir. Türkiyənin icazəsi olmadan Naxçıvanda hər hansısa dəyişiklik mümkün deyil. Lakin buna baxmayaraq, başqa bir ölkənin Azərbaycanda baza yaratması Azərbaycanın hərbi doktrinasına uyğun deyil. Təbii ki, bu doktrinanı dəyişmək çətin deyil. Lakin bunun geosiyasi olaraq Azərbaycana fayda verəcəyini düşünmürəm. Birincisi, bu cür gedişat üçün bu regionda Türkiyənin maraqları həyati vacib olmalıdır. Lakin hazırda Türkiyənin bu regionda maraqları həyati vacib deyil. Üstəlik Gürcüstan ssenarisini yadımıza salaq. Orada Gürcüstana dəstəyi ABŞ verirdi. Lakin ABŞ üçün bu region həyati olmadı və Rusiyanın həyati vacib maraqlarına toxunduğu üçün Rusiya hərbi müdaxiləyə belə, əl atdı. Lakin ABŞ Rusiya qarşısında Gürcüstanı qorumadı. Təbii ki, Rusiyanın Türkiyəyə hücum etməsi asan deyil. Türkiyə NATO üzvüdür. Lakin bunun Azərbaycan üçün geosiyasi riskləri var. Bu durumda Rusiya Şimali Qafqaz və İran isə Cənubi Azərbaycan istiqamətindən daha sərtləşə bilər. Həmçinin Rusiya və İran Ermənistana dəstəyi daha da artıra bilər. Bəllidir ki, Ermənistanın mövcudluğu İran və Rusiya üçün məhz Türkiyənin Cənubi Qafqazdan dekordinasiya edilməsi üçün vacibdir".

Kamran Sultanlı hesab edir ki, bundan sonra Rusiya Azərbaycanda, xüsusilə Qarabağda baza yaratmaq və ya sülhməramlıların yerləşdirilməsi istiqamətində daha da sərtləşə və təzyiqləri artıra bilər: "Son dövrlər Türkiyə özü də Rusiyadan assimetrik aslılığa gedir və Qərbdən qopur. Turkiyə üçün indi daha vacib olan Yaxın və Orta Şərq, onun episentrində olan Suriyadır. Burada Ankaranın Moskvaya ehtiyacı var. Türkiyə üçün Cənubi Qafqaz hazırda həyati maraqlı region deyil. Türkiyədə siyasi islamın iqtidarda olması Ankaranın baxış bucağının bu regiondan uzaqlaşmasına, Yaxın Şərqə fokuslanmasına səbəb olur. Bütün bunlara görə Türkiyənin burada baza açacağını zənn etmirəm və ya açsa belə, bunun geosiyasi səmərəli olacağını düşünmürəm".

Vazeh BƏHRAMOĞLU

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA