Azərbaycanda yeni müxalif blok yaranır - Siyasi partiyalar seçki bloku ətrafında müzakirələr aparırlar

Azərbaycanda yeni müxalif blok yaranır - Siyasi partiyalar seçki bloku ətrafında müzakirələr aparırlar

İqbal Ağazadə: “Müxalifət daxilində blokların yaradılması istiqamətində danışıqlar gedir”

Həsrət Rüstəmov: “Ölkədə demokratik ab-hava yoxdur”

Bəlli olduğu kimi, 2020-ci ildə Azərbaycanda növbəti parlament seçkiləri keçiriləcək. Hərçənd ki, ilin sonuna kimi növbədənkənar parlament seçkilərinin keçirilməsi də istisna deyil. Bir sözlə, parlament seçkiləri artıq “qapı önündədir”. Buna baxmayaraq ölkədə seçki ab-havası yoxdur, siyasi durğunluq hökm sürməkdədir. Halbuki, təcrübəyə əsasən deyə bilərik ki, adətən seçkilərə bir il qalmış ölkədə siyasi situasiya da dəyişir, xüsusən də müxalif partiyalarda canlanma əmələ gəlir və müxtəlif seçki blokları yaradılır.

Az sonra bələdiyyə seçkiləri, gələn il isə parlament seçkilərinin keçiriləcəyi gözlənilsə də, müxalifət və ya iqtidar düşərgəsində seçki hazırlıqları hiss olunmur.

Əslində, bir seçki bitəndən sonra digər seçkiyə hazırlıq prosesi getməlidir. Müxalifət isə sanki yenə də nəyisə gözləyir. Seçkilərlə əlaqədar heç bir seçki bloku və yaxud seçkiyə istiqamətlənən hansısa birlik modeli ortada yoxdur. Görünür, elə bu səbəbdəndir ki, son seçkilərin hər birində müxalif namizədlər xalqdan yetərli səs ala bilmirlər.

Maraqlıdır ki, qardaş Türkiyədə və ya qonşu Gürcüstanda bir seçki bitəndən bir az sonra növbəti seçkiyə hazırlıq işləri görülür. Seçkilərdə iştirak edən partiyalar əhali arasında təbliğat aparır, gələcək namizədinin və yaxud namizədlərinin qazanması üçün çalışır, bizdə isə seçki bitəndən sonra uzun müddət ölkədə siyasi fəallıq aşağı düşür. Partiyalar gözləmə mövqeyi tuturlar ki, nə vaxt seçkilər elan olunacaq, onda da fəallaşacaqlar.

“Müxalfətin seçkiyə gedəcək hissəsi ilə bağlı öz aralarında müzakirələr, hətta dəyirmi masalar da keçirilir”

Картинки по запросу iqbal ağazadə

Parlament seçkilərindən əvvəl müxalfət partiyalarının seçki bloklarının yaranmaması ilə bağlı Ümid Partiyasının sədri İqbal Ağazadə “Hürriyyət”ə öz fikirlərini açıqladı: “Hələlik bu istiqamətdə müxalifət öz partiyaları daxilində müzakirələr aparır. Müxalifət daxilində də blokların yaradılması istiqamətində müəyyən danışıqlar gedir. Yəqin yaxın aylarda bunun şahidi olacaqsınız. Əslində, belə danışıqlar var. Sadəcə, hələlik mətbuat üçün qapalıdır. Müxalfətin seçkiyə gedəcək hissəsi ilə bağlı öz aralarında müzakirələr, hətta dəyirmi masalar da keçirilir. Ona görə də, demək olmaz ki, müxalifət bu məsələdə susqundur və yaxud da bu məsələdə hələlik bloklaşma barədə düşünmür. Bloklaşma istiqamətində danışıqlar gedir”.

“Bizdə demokratik seçki mühti üçün çox şey çatmır”

“Seçkilərin vaxtına elə də uzun zaman qalmayıb. Belə olduğu halda, hələ bir-iki ay sonra blok yaradılması və daha sonra rayonlarda seçililərlə işlənilməsi gec olmayacaqmı” sualına İ. Ağazadə belə cavab verdi: “Yox, gec deyil. Hər halda öz partiyaları daxilində namizədlər bəlli dairələri müəyyənləşdiriblər, alt yapı hazırlayırlar. Bloklar istiqamətində hələ zaman var, işləyirik”.

“Bizdə demokratik seçki mühti üçün çox şey çatmır”

“Gürcüstanda demokratik proses fərqli inkişaf edir, orada sərbəst toplaşmaq, partiyaların yerlərdə insanlarla görüşməsi, platformlarını elan etməsi üçün fərqli mühit var, Azərbaycanda o mühit yoxdur.

Türkiyədə də ən azı demokratik mərhələ bizdən fərqlidir, biz də demokratiyanın fərqli mərhələsindəyik. Bizdə demokratik seçki mühiti üçün çox şey çatmır. Hələlik həllinin tapılması istiqamətində çalışırıq. Müxalifət alt yapıda bununla bağlı danışıqlar aparır. Bitəndə yəqin ki, mətbuatın xəbəri olacaq”, - deyə partiya sədri qeyd etdi.

“Vətəndaşlarda çox partiyalı sistemə maraq azalıb”

“Hakimiyyət öz idarəetmə fəlsəfəsini dəyişir” - HƏSRƏT RÜSTƏMOV

Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov isə dedi ki, həqiqətən ölkədə seçki əhval-ruhiyyəsi yoxdur: “Bu, düzdür. Çünki ölkədə demokratik bir ab-hava yoxdur. Hamıya məlum olduğu kimi, indiyə qədərki seçkilərdə vətəndaşların iradəsi seçkinin nəticələrində əks olunmadığına görə, insanlarda seçkiyə ümid azalıb. Normal ölkələrdə olduğu kimi seçki yolu ilə hakimiyyəti dəyişmək, yaxud parlamentə hökumətdə təmsil olunmayan müxalif qüvvələrin düşməsi halları olmadığına görə seçki ümidi azdır. Ona görə də nəinki siyasi partiyaların seçkiyə marağı azalıb, ümumiyyətlə, vətəndaşlarda çoxpartiyalı sistemə maraq azalıb. Amma seçki bloklarının yaradılması qanuna görə yalnız seçkilər elan olunandan sonra mümkündür. Buna qədər ki, siyasi bloklar, müəyyən təşəbbüs qrupları ola bilər. Təbii ki, bu cür siyasi blokların əvvəlki Azərbaycan təcrübəsində olduğu kimi indi olmamasının əsas səbəbi siyasi süstlükdür. Mənə elə gəlir ki, seçkilər elan olunandan sonra fəallıq bir qədər artacaq. Xüsusilə də bəzi ekspertlərin dediyi kimi vaxtından əvvəl seçki keçirilsə, bu siyasi fəallığın yaxın zamanlarda artmasına gətirib çıxara bilər”.

“İnsanlar siyasi partiyalara dəstək vermirlərsə, seçki arası dövrdə siyasi süstlük olacaq”

H.Rüstəmov onu da vurğuladı ki, Türkiyə ilə Azərbaycan seçki sistemləri arasında çox ciddi fərq var: “Eyni zamanda Türkiyənin dövləti, dövlətçilik ənənələri ilə Azərbaycan dövləti, dövlətçilik ənənələri arasında fərq var. Azərbaycanda ümumiyətlə, demokratizim yoxdur, çatışmır. Bilirsiniz ki, seçki demokratik institutların formalaşma üsuludur. Yəni seçki bir vətəndaşın iradəsinə bağlı olaraq hökumətin ayrı-ayrı qollarının formalaşması deməkdir. Azərbaycanda da bu ənənə yoxdur. Bunun zorlanmış şəkildə qarşını alan qüvvələr, hökumət var. O baxımdan, nə qədər ki, Azərbaycan hökuməti siyasi islahatlar iradəsinə sahib deyil, öz siyasi baxışlarına ziddi siyasi qüvvənin parlamentdə təmsil olunmağına və yaxud çoxluq təşkil etməsinə hazır deyil, hakimiyyəti dinc yolla xalq tərəfindən dəstəklənən başqa bir siyasi qüvvəyə təhvil vermək iradəsinə malik deyil, təbii ki, Azərbaycanda Türkiyədəki kimi olmayacaq. Yəni siyasi sistemin dəyişdirilməsinə insanlar da hələ hazır deyillər. Partiya mücərrəd bir şey deyil ki, partiya da insanlardan təşkil olunub. Bu insanlar da əgər kifayət qədər siyasi partiyalara dəstək vermirlərsə, təbii ki, seçki arası dövrdə siyasi süstlük olacaq. İndi ölkədə əsas vəziyyəti şərtləndirən amil budur. Amma bunun əsl günahkarı hökumətdir. Çünki bu iqtidar uzunmüddət seçkiləri saxtalaşdırıb və nəticədə insanlarda seçkiyə də, siyasi partiyalara da, siyasətə də ümid azalıb. Yəni siyasi yolla hakimiyyətin dəyişməsinə ümid yoxdur. Ona görə də siyasətdə iştirakdan boyun qaçırırlar. Bu baxımdan, elə hesab edirəm ki, ölkədəki vəziyyətin dəyişməsi yalnız siyasi partiyaların haradansa özündə güc tapıb insanları fəallaşdırmasından və yaxud da hökumətin özündə siyasi iradə tapıb siyasi , demokratik, sosial islahatlara başlamasından keçə bilər. Söhbət əsl islahatlardn gedir. Yəni görüntü yaratmaq üçün atılan addımlardan getmir”.

“Siyasi süslük çoxfaktorlu haldır”

H. Rüstəmov hesab edir ki, ölkədəki siyasi süstlüyə regionda gedən proseslər də təsirini göstərir: “Bilirsiniz, vaxtilə Qərb ölkələri SSRİ parçalanadan sonra, onun ayrı-ayrı respublikalarına, o cümlədən Azərbaycan Respublikasına çox böyük maraq göstərdilər. Burada demokratik institular işləyirdi. Xatırlayırsınıza, Amerika Milli Demokratiya İnstitutu, Respublikaçılar İnstitutu var idi, burada təlimlər keçirilirdi, insanları fəallaşdırırdılar, demokratiyanı, seçki keçirməyi həm iqtidara, həm də müxalifətə öyrədirdilər. İndi bunların heç biri yoxdur, onlar da fəallığa çox ciddi təsir göstərirdi. Beynəlxalq təşkilatlar qrant ayırırdı, yerli qeyri-hökumət təşkilatları fəallıq göstərirdi, demək olar ki, bunlar da aradan çıxıb. Ona görə də siyasi süslük çox faktorlu haldır. Elə hesab edirəm ki, bunun aradan qaldırılması üçün ilk növbədə, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti fəallığını artırmalıdır. Seçkilər arası dövrdən fərqli olaraq seçki elan olunanda həmişə fəallıq artıb. Biz bunun Azərbaycanda daima şahidi olmuşuq. Elə hesab edirəm ki, seçki elan olunarsa, yaxud seçki yaxınlaşdığı hiss olunarsa, onda insanlarda istər-istəməz fəallıq artacaq”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA