Azərbaycandakı dəhşətli meşə yanğınlarının sirri açıldı – İZİ İTİRMƏK ÜÇÜN MEŞƏLƏRƏ OD VURUBLAR…

Azərbaycandakı dəhşətli meşə yanğınlarının sirri açıldı – İZİ İTİRMƏK ÜÇÜN MEŞƏLƏRƏ OD VURUBLAR…

Təbii hadisələrdən yaranan faciələr təkcə Azərbaycanda deyil, bütün dünyada zaman-zaman qaçılmaz olur. Məsələn, zəlzələlər, qasırğalar və digər təbiət hadisələri nəticəsində hər il dünyada yüzlərlə, minlərlə insan həlak olur. O cümlədən, anomal istilər və yaxud ildırım çaxması səbəbindən baş verən meşə yanğınları da sıx-sıx görünən təbiət hadisələrindədir. Hansı ki, bu yanğınlar zamanı da on minlərlə hektar meşə və otlaq sahələri külə dönməklə yanaşı, bəzi hallarda insan təlafatı da yaşanır. Sözsüz ki, bu zaman da toplum həmin faciələrə “Allahın qəzəbi” kimi yanaşaraq, kimsəni ittiham etmək fikrindən uzaq olur. Amma, təəssüf ki, bəzən təbiət hadisələri hesab etdiyimiz olayların Allahın deyil, “məmurun qəzəbi” olduğunun fərqində olmuruq. Bu zaman heç ağlımızdan belə, keçmir ki, məsələn, yüzlərlə, minlərlə hektar meşə sahəsi hansısa məmurun, yaxud məmurların tamahının qurbanı olub. Doğrudur, bəzi hallarda mətbuat, müəyyən ekspertlər bu cür yanğın hadisələrini qəsd işi kimi qələmə verir. Lakin bu halda da qəsdçilər ölkə sınırlarından kənarda axtarılır, heç kim hansısa məmuru ittiham etmək fikrinə düşmür. Eynən ötən il Qəbələdə baş verən yanğılanlar ərəfəsində olduğu kimi...

Azərbaycandakı yanğınların pərdəarxası

Dəyərli oxuculara xatırladaq ki, təkcə 2017-ci ilin avqust-sentyabr aylarında Azərbaycanın bir çox rayonlarında güclü yanğınlar baş verdi. Xüsusən də Qəbələ, Lerik, Lənkəran rayonlarında bu yanğınların günlərlə və həftələrlə davam etdiyi hər kəsə bəllidir. Hansı ki, bu yanğınlar zamanı “Hürriyyət” də daxil olmaqla, bir sıra mətbu orqanlar və ekspertlər bu hadisənin hansısa vətəndaşın məsuliyyətsiz və yaxud ehtiyatsız davranışından qaynaqlanmadığı iddiasını ortaya qoymuşdu. Məsələn, belə fikir var idi ki, Qəbələdəki yanğınlar Rusiya xüsusi xidmət orqanları tərəfindən həyata keçirilib. Çünki bu hadisə Gürcüstanda baş verən kütləvi meşə yanğınlarından sonra qeydə alınmışdı. Həmin vaxt rəsmi Tiflis ölkədəki yanğının qəsdən törədildiyi ehtimalını ön plana çəkmiş və dolayısı ilə şimal qonşumuzu ittiham etmişdi. Azərbaycan da ölkə başçısı səviyyəsində Gürcüstandakı yanğının söndürülməsinə ciddi dəstək verdiyindən, müəyyən ekspertlər hesab edirdi ki, Qəbələdəki olaylar heç də təsadüfən meydana çıxmayıb, burada rus kəşfiyyatının əli var. İddia olunurdu ki, Qəbələdəki yanğınlar xüsusi dronlar vasitəsilə həyata keçirilib. Hətta sosial şəbəkələrdə belə fikirlər də irəli sürülürdü ki, rus kəşfiyyatçıları donuzun quyruğuna bağlanan yanan maddəyə od vuraraq, onu bizim meşələrə tərəf qovublar, nəticədə də yanğın baş verib.

Məmur tamahının təbiətimizə vurduğu böyük zərər

Əlbəttə, bütün bunlar sadəcə ehtimallar və mümkün variantlar olaraq dilə gətirilirdi və indinin özündə də həmin fikirləri birmənalı olaraq təkzib etmək doğru olmaz. Amma Hurriyyet.org-un əldə etdiyi sensasion faktlar Qəbələdə və Talış meşələrində baş verən yanğının arxasında məmur tamahının olduğunu ortaya qoyur. Hansı ki, bu faktlar açıqlandıqdan sonra digər rayonlarda baş verən genişhəcmli yanğınların da qəsd işi olduğu istisna olunmur.

Bu haqda əməkdaşımıza məlumat verən mənbə iddia edir ki, xüsusən də son illər Azərbaycanda baş verən meşə yanğınlarının böyük əksəriyyəti yüksək rütbəli məmurların razılığı, dolayısı ilə göstərişi əsasında törədilib. Söhbət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və yanğın baş verən rayonların rəhbərlərindən gedir. Mənbə bildirir ki, son illər ölkəmizdə meşələr kütləvi şəkildə qırılır. Belə ki, monopolist məmurların mebel sexlərini xammalla (taxta) təmin etmək üçün bahalı və iri ağaclar tədricən meşələrimizdən yoxa çıxır. Bundan sonra izi itirmək və cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün ağaclar kəsilən ərazilər qəsdən yandırılır...

Hər il təkcə Şəmkirdən Rusiyaya 10 milyon yeşik göndərilir

Təbii ki, meşələrin qırılması təkcə mebel sexlərini materialla təmin etmək məqsədilə həyata keçirilmir. Həmin bahalı ağaclar tikintidə də geniş istifadə olunur. Ağacların qol-budağı və kök hissəsi isə əsasən Qəbələ və Şəmkir rayonlarındakı yeşik sexlərinə satılır. Məlumata əsasən, hər il təkcə Şəmkir rayonundan Rusiyaya 10 milyon ədəddən artıq meyvə-tərəvəz dolu yeşik göndərilir. Bu yeşiklər əvvəllər Rusiyadan gətirilən şam ağaclarından hazırlanırdısa, son illər materiala olan təlabat öz meşələrimizin hesabına ödənilir. Ona görə ki, artıq Rusiyadan gətirilən şam ağaclarından yeşik hazırlamaq sərfəli deyil və çox baha başa gəlir. Məsələn, xaricdən gələn taxtanın hər kubu 320-350 manata alınırsa, yerli ağacların hər kub-metri bundan iki dəfədən artıq ucuzdur. Yəni bizdə yeşik hazırlanması üçün istifadə olunan taxtanın kubu təxminən 150 manatdır. Bu səbəbdən də, təbii olaraq, istehsalçılar yerli xammalın alınmasına daha çox üstünlük verirlər. Nəticədə isə meşələrimiz tədricən məhv olmaq təhülkəsi ilə üzləşib. Odur ki, bizim “uzaqgörən” məmurlarımız vəhşicəsinə talan edilən meşələri yandırmaq göstərişi verərək, kəsilən ağacların izini itirməklə yanaşı, hələ materiala yaramayan kiçik ağacları, yeni çıxan tingləri də onlarla birlikdə məhv edirlər. Bu cür “yaşıl soyqırım”a isə ən yaxşı halda vicdansızlıqdan başqa ad qoymaq mümkün deyil. Hansı ki, bu məsələdə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və yanğın baş verən rayonların rəhbərlərinin birbaşa məsuliyyət daşıdığı şübhəsizdir.

Məmurların vicdansızlığı...

Dəyərli oxucuların diqqətinə onu da çatdıraq ki, ötən il Qəbələdə və Talış dağlarında baş verən yanğının həftələrlə davam etməsi də təsadüf deyil. Məsələn, rəsmi qurumlar Qəbələdəki yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumlarının 500 nəfərə yaxın əməkdaşının cəlb olunduğunu bildirmişdi. Üstəlik, bu prosesə könüllü olaraq ictimaiyyət nümayəndələri də cəlb olunmuşdu. Lakin, mənbə deyir ki, bütün bunlar o zaman baş verdi ki, artıq qırılan meşələr tamamilə külə dönmüşdü. Yanğın ətraf ərazilərə keçdikdə əlavə qüvvələrlə yanaşı, ictimaiyyət nümayəndələrini də cəıb edərək, alovun qarşısını almışlar.

Daha bir maraqlı fakt isə odur ki, bu yanğınlar zamanı televiziyaların çəkiliş aparmasına da ilk günlər qadağa qoyulub. Çəkilişə yalnız qırılan meşələr tamamilə külə dönüb, yanğın ətrafa yayıldıqdan sonra icazə verilib ki, bu zaman da guya alovun zəbt edilməsinə böyük güc sərf edildiyi nümayiş olunub.

Hurriyyet.org

P.S. Mövzu ilə bağlı araşdırmamız davam edir. Növbəti yazımızda meşələrin qırılması ilə bağlı konkret faktları və bu “yaşıl soyqırım”ın arxasında duran məmurların adlarını açıqlayacağıq. Bizi izləyin.

Loading...

QALEREYA