“Azərbaycandan bəyanat gözləyirik” - Paşinyan

  • 2019-03-05 12:51:20
  • |
  • Aktual /

“Azərbaycandan bəyanat gözləyirik” - Paşinyan

“Qarabağ münaqişəsinin hərb yolu ilə həllinin olmadığını vurğulamaq vacibdir. Və biz sülh yolu ilə nizamlanma üçün atmosfer yaratmalıyıq”.

Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Brüsselə səfəri çərçivəsində Avropa Parlamentinin xarici əlaqələr komitəsində çıxışı zamanı deyib.

“Bizim hökumətimiz bunun üzərində işləyir. Sentyabrda parlamentimizdə indiyədək verilməmiş bir bəyanat səsləndirib dedim ki, münaqişənin istənilən həlli Dağlıq Qarabağın erməni əhalisi və Azərbaycan əhalisi üçün məqbul olmalıdır” – Paşinyan vurğulayıb.

Ermənistan baş naziri ümid edir ki, bu açıqlamasından sonra Azərbaycan tərəfi analoji bəyanat səsləndirəcək.

Paşinyan həmçinin, nizamlanma prosesində Minsk qrupu həmsədrlərinin səylərinin dəstəklənməsinin, Dağlıq Qarabağ “xalqının” öz taleyini müəyyənləşdirmək “hüququnun” dərk edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, sülh danışıqları yalnız Dağlıq Qarabağın nizamlanma prosesində tərəf kimi masa arxasında oturduğu halda nəticə verəcək.

Bu cür destruktiv bəyanatlardan sonra Paşinyan əlavə edib ki, rəqibləri tərəfindən Ermənistanın silahlanma yarışına qoşulmağa məcbur edilməsi region üçün əlavə problemlər yaradır. Onun sözlərinə görə, həll olunmamış Dağlıq Qarabağ münaqişəsi və bölgədə gərginliyin davam etməsi Ermənistanın investisiya cəlbediciliyini azaldır.

Azvision.az xatırladır ki, ATƏT-in Minsk qrupu həmsədrlərinin 1 mart bəyanatında Ermənistan və Azərbaycan liderlərinin yaxın zamanlarda görüş keçirməyə razılıq verdikləri bildirilib.

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

QALEREYA