Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri

Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri

Təşkilat haqqında ümumi məlumat. Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci il iyunun 15-də Şanxayda 6 ölkənin ( Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, Tacikistan və Qırğızıstan) prezidentlərinin birgə görüşü zamanı yaradılmış, daimi əsaslarla fəaliyyət göstərən regional beynəlxalq birlikdir. Üzv dövlətlər isə bunlardır: Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistandır. Əfqanıstan, İran, Monqolustan və Belarus müşahidəçi statusuna malikdir, Azərbaycan, Türkiyə, Kambociya, Nepal, Ermənistan və Şri-Lanka “dialoq üzrə tərəfdaş”dır.

Bu beynəlxalq qurumun məqsədləri: ŞƏT-in məqsədləri iştirakçı dövlətlər arasında mehriban qonşuluq və dostluq, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsidir.

Azərbaycanla əməkdaşlıq. 10 iyul 2015-ci il tarixində ŞƏT üzv dövlətlərinin başçıları Şurasının iclasında Azərbaycana ŞƏT-də dialoq üzrə tərəfdaş statusunun verilməsi barədə qərar qəbul edilmişdir. İyulun 13-də Nazirlər Kabinetinin müşavirəsində prezident İlham Əliyev bu faktı rəsmi şəkildə təsdiqləmişdir. Bununla bağlı, sözügedən statusun verilməsinə dair Memorandum layihəsi Azərbaycana təqdim edilmişdir. 16 sentyabr 2015-ci il tarixində Çinin Sian şəhərində ŞƏT xarici ticarət və xarici iqtisadi əlaqələr üzrə məsul nazirlərinin 14-cü toplantısında iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədov iştirak etmişdir. 14 mart 2016-cı ildə Pekində ölkəmizlə ŞƏT arasında ümumi əməkdaşlıq istiqamətlərini nizamlayan “Azərbaycan Respublikasına Şanxay Əməkdaşlıq Təşkilatının dialoq üzrə tərəfdaşı statusunun verilməsi haqqında Memorandum” imzalanmışdır. ŞƏT-in Bank Birliyi ilə əməkdaşlığın qurulması üzrə işlər görülməkdədir. 2005-ci ildə yaradılmış bu strukturun əsas məqsədi ŞƏT üzv dövlətləri tərəfindən dəstək verilmiş layihələrin maliyyələşdirilmə mexanizminin təşkil olunmasıdır. Bu məqsədlə ŞƏT məkanında aparıcı iqtisadi qurumlar ilə əməkdaşlıq, investisiya layihələrin maliyyələşdirilməsi, təcrübə mübadiləsi, kadr hazırlığı və digər istiqamətlər müəyyənləşdirilib.

Azərbaycanın beynəlxalq əməkdaşlıq prinsipləri davam edir

Azərbaycanın təşkilatla sıx əməkdaşlığa indi başlamasını qurumun və özünün bu günkü iqtisadi mövqeyinin dəyişməsi ilə əlaqələndirir. Azərbaycanla Çini bu təşkilatda bir araya gətirən səbəb həm də ortaq iqtisadi maraqlarla müşahidə olunur. Çin iqtisadi cəhətdən bu gün Xəzər dənizinin Şərqinə qədər gəlib çıxıb. Çinin bu əməkdaşlıqda Azərbaycanın “boynuna öhdəlik” qoymaması da vacib məqamlardan biridir. Digər yandan isə, Şanxay Əməkdaşlıq Təşkilatı ilə işbirliyi qurmaq və münasibətləri inkişaf etdirmək heç də Azərbaycanın Qərblə əməkdaşlığına heç bir xələl gətirmir. Bir çox ekspetrlər çox haqlı olaraq qeyd edirlər ki, Azərbaycanın bu təşkilata qatılması balanslaşdırılmış siyasəti davam etdirmək xarakteri daşıyır. Azərbaycanın təşkilatdakı hazırki statusu ölkəyə yalnız regional layihələrdə iştirak etmək imkanı verir. Bu perspektivdən yanaşamaqla Azərbaycanın Çinlə Avropanı birləşdirən yeni dəhlizin tikilməsi layihəsində tranzit ölkə kimi iştirak imkanın genişləndirmək imkanları daha artmış olur.
Bir çox ekspertlər haqlı olaraq bildirirlər ki, Azərbaycan bərabərhüquqlu siyasət yeritmək istəyən hər kəslə əməkdaşlığa açıqdır. Yəni beynəlxalq təşkilatlarda daha çox təmsil olunmaqla yanaşı, həm də bir öhdəlik dolaraq, daha sıx və iqtisadi əlaqələr qurmaq Azərbaycan üçün çox vacibdir. Beləliklə də ölkəmizin Azərbaycanın ŞƏT-ə məhz üzv dölətlərin istəyi ilə qatılması bir sıra beynəlxalq layihələrdə iştirakımız üçün çox vacibdir.

Çünki, İpək Yolu üzərində yerləşən ŞƏT-in Azərbaycan ilə əməkdaşlığının genişlənməsi nəqliyyat sahəsində yeni imkanlar açmaqla yanaşı, beynəlxalq təhlükəsizliyin qoruna bildiyi əsas məkanlardan birinə çevriləcəkdir. Bu da öz nmövbəsində uzun illərdir davam edən və “Qordi düyünü”nə çevrilən Qarabağ problemininm həlli üçün vacib şçərtlərdən biri deməkdir.

Qütbləşmənin deyil, birgə əməkdaşlığın tövhəsi

Azərbaycanın belə bir təşkilata tərəfdaş statusunda üzv olmasının ölkəmizə nə verə biləcəyini dəyərləndirmək üçün təşkilatın beynəlxalq strateji əhəmiyyət daşıyan iqtisadi siyasətin çalarlarını dəyərləndirmək çox vacibdir. Bu təşkilat Avroasiyanın böyük bir hissəsini özündə birləşdirə biləcək. Əgər Çinin iqtisadi imkanlarını, Hindistanda son illər ərzində baş verən iqtisadi inkişafı da nəzərə alsaq, bu təşkilata üzv ölkələr üzrə böyük bir iqtisadi məkanın yaranacağı göz önünə gəlir. Nəzərə alsaq ki, Azərbaycan Asiya ilə Avropa arasında çox uğurlu bir məkanda yerləşib, onda gələcəkdə Şanxay Əməkdaşlıq Təşkilatı ilə ciddi əməkdaşlıq imkanlarının olacağı şübhə doğurmur.
Şanxay Əməkdaşlıq Təşkilatının yaradılması 1996-cı ilin 26 aprelinə təsadüf etsə də, təşkilat kimi formalaşması ilə bağlı Şanxayda anlaşma imzalanması 2001-ci ilə təsadüf edib. Artıq Şanxay Əməkdaşlıq Təşkilatı Asiyada yeni formalaşan və müəyyən təsir imkanları əldə etməyə çalışan bir qurumdur. Hazırda 6 tam üzvü, 6 müşahidə, 6 dialoq statusuna malik üzvü var. 3 ölkə isə qonaq kimi təşkilatda təmsil olunur. Azərbaycan dialoq tərəfdaşı ölkə kimi təşkilatla əməkdaşlığa başlayır. Azərbaycanın dialoq tərəfdaşı ölkə kimi təşkilata üzv olmasında məqsəd ölkəmizin sözügedən dövlətlərlə əməkdaşlığı gücləndirməkdir. Məqsəd həm Avropa, həm Asiya qurumları ilə əməkdaşlıq etməkdən ibarətdir. Eyni zamanda, regional nəqliyyat layihələrinin reallaşmasında sözügedən qurumun rolu böyükdür. Azərbaycan tranzit ölkə olaraq Asiya ilə Avropa arasında əməkdaşlıqda fəal iştirak edərək dövlət gəlirlərini artıra bilər. Burada əsas məqsəd iqtisadi tərəfdaşlığın inkişaf etdirilməsidir. Bu istiqamətdə imzalanmış sənədlər həm də beynəlxalq və nəqliyyat layihələrinin reallaşmasında Azərbaycanın iştirakına müsbət təsir göstərəcək. Azərbaycan xüsusilə qeyri-neft məhsullarının Asiya ölkələrinə çıxış imkanlarını artıra biləcək. Nəzərə alaq ki, xüsusilə Orta Asiya ölkələri Azərbaycan üçün bir bazardır. Bu tərəfdaşlıq imkan verəcək ki, Azərbaycan sözügedən ölkələrlə həm enerji, həm qeyri-neft sektorunda birgə regional layihələr reallaşdıra bilsin. O baxımdan, Azərbaycanın sözügedən quruma dialoq tərəfdaşı kimi qoşulmasında məqsəd Asiya və Avropa arasındakı ticari və iqtisadi əməkdaşlıqda daha fəal iştirak etmək, həm də tranzit ölkə olaraq gəlirləri artırmaq istəyidir.

“Şanxay İttifaqı”yla əməkdaşlıq Azərbaycana nə verə bilər?

Əhalisinin sayına görə dünyanın birinci, ərazisinə görə üçüncü ölkəsi olan Çin Azərbaycanın ən böyük iqtisadi tərəfdaşlarından biridir. İki ölkə arasında siyasi münasibətlər də yüksək səviyyədədir. Diplomatik anlaşma, ölkə rəhbərliyi arasında yüksəksəviyyəli dialoq iqtisadi sahədə tərəfdaşlığı da stimullaşdırır. Hazırda Çin və Azərbaycan arasında ticarət əlaqələri ilə yanaşı, nəqliyyat-tranzit sahəsində əməkdaşlıq da genişlənir. 1994-cü il 7-10 mart tarixində Azərbaycan prezidenti, mərhum Heydər Əliyevin Çinə rəsmi səfəri iki ölkə arasında əlaqələri praktik müstəviyə keçirdi. Səfər zamanı iki dövlət arasında səkkiz müqavilə imzalanmışdı. Eyni zamanda,iki ölkə arasında hava yolunun açılması haqqında, elmi-texniki və mədəni əməkdaşlıq, təbabət, radio və televiziya, turizm sahəsində qarşılıqlı fəaliyyət haqqında sazişlər bağlanmışdır. 1998-ci il sentyabrın 8-də Bakıda Heydər Əliyevin təşəbbüsü ilə tarixi Böyük İpək Yolunun bərpası üzrə TRASEKA proqramı çərçivəsində Avropa və Asiya dövlət başçılarının Zirvə görüşünə həsr olunmuş beynəlxalq konfrans keçirildi və bu layihə iki ölkə arasında əlaqələri yeni mərhələyə çıxardı. 2005-ci il martın 17-19-da Azərbaycan prezidenti İlham Əliyev Çinə rəsmi səfər etdi. ÇXR-in sədri Xu Szintao Azərbaycan prezidentinin bu ölkəyə səfərini iki ölkə arasında münasibətlərin tarixində çox mühüm hadisə kimi qiymətləndirdi. O, həmçinin, Azərbaycanın Cənubi Qafqazda liderlik mövqeyinin möhkəmlənməsindən məmnun olduğunu bildirdi.

Strateji nəqliyyat layihəsi

Azərbaycan Çinin “Kəmər - Yol” strategiyasını dəstəkləyir və onun uğurlu icrasında iştirak edir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə dövlət səfəri zamanı “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqi haqqında imzalanmış Anlaşma Memorandumu nəqliyyat-tranzit sahəsində əməkdaşlığın inkişafında mühüm önəm kəsb edir. Çinin “Kəmər və Yol” təşəbbüsünün reallaşmasında Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin əhəmiyyəti böyükdür. Bu dəhlizin potensialından istifadə iqtisadi sahədə, xüsusilə investisiya, ticarət, tranzit sahəsində əməkdaşlıq üçün əlverişli zəmin yaradır. Bu xətt beynəlxalq əhəmiyyətə malikdir və iştirakçı dövlətlər üçün mühüm iqtisadi dividentlər deməkdir. Bu ilin yanvar ayında Davosda Dünya İqtisadi Forumu çərçivəsində “Bir kəmər, bir yol” təşəbbüsünün inkişaf etdirilməsi: Çinin trilyon dollarlıq baxışı” mövzusunda keçirilən sessiyada Azərbaycan Prezidenti Azərbaycanın Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvü olduğunu, ölkəmizin Çin hökumətinin “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəklədiyini bildirib. Çindən Qərb istiqamətinə, xüsusilə Avropaya və ya əks yöndə yüklərin daşınmasında Azərbaycanın logistik potensialından istifadə edilməsi səmərəli və ucuz olmaqla yanaşı, Çin və Azərbaycan arasında əməkdaşlığa önəmli töhfə verəcək.

“Hürriyyət”