Azərbaycanın artmaqda olan nüfuzu

Azərbaycanın artmaqda olan nüfuzu

Beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin qazandığı reputasiyanın ifadəsidir

Azərbaycan müstəqil bir dövlət olaraq beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara və nüfuzlu tədbirlərə ev sahibliyi edir. Bu iri miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi təsadüfi deyil. Azərbaycanın faktiki olaraq Cənubi Qafqazda əldə etdiyi uğurlar və qazandığı mövqeyin, ölkəmizin beynəlxalq çəkisinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında qazandığı reputasiyanın ifadəsidir. Eyni zamanda,belə tədbirlər ölkəmiz, dövlətimiz üçün müəyyən dividendlər gətirir. Bu mənada siyasi, iqtisadi və mədəni inkişafımızın addım- addım yüksəlişinnə səbəb olan ən mühüm faktorlardan birinə çevrilməyimizdir.

Hədəflər varsa, bunun uğurları da vardır

Azərbaycan Cənubi Qafqazın ən böyük dövləti olmaqla yanaşı, coğrafi mövqeyi ilə də bir sıra beynəlxalq strateji hədəflərə görə önəmli bir məkan sayılır. Ona görə də inkişafın bütün istiqamətləri üzrə öz modelini ortaya qoymaqdadır. Bu gün Azərbaycan dünya miqyasında elə də böyük dövlət deyil, lakin sözümüzün çəkisi böyükdür. Sözün həqiqi mənasında,ölkəmizin çəkisini, rolunu dünya siyasətində hər bir dövlət görür və buna görə də bizləri qiymətləndirir, ölkəmizi dünya siyasətində etibarlı tərəfdaş kimi dəyərləndirirlər. Təsadüfi deyil ki, Azrbaycan 2012-2013-cü illərdə BMT Təhülkəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, iki dəfə bu nəhəng təşkilata sədrlik etdi. Azərbaycan dünyada baş verən proseslərə təsir etmək gücündədir və çoxdan regional səviyyəni aşıb. Aparılan siyasi xətt, irəli sürülən hədəflər həm də Azərbaycanı dünyanın inkişaf etmiş dövlətləri sırasına daxil olması üçün geniş zəmin yaradır. Bunun üçün ölkəmizin çox geniş potensialı var. Həm də ən böyük gücümüz ondadır ki, ölkəmizdə ictimai-siyasi sabitlik var və dinamik inkişaf tempi qorunub-saxlanmaqdadır. Bütün bunlar dünya üçün Azərbaycanı cəlbedici edir. Odur ki, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər heç də təsadüfi deyil.

2012-ci ildə Evrovision musiqi yarışmasına, 2015-ci ildə Birinci Avropa Oyunlarına, indi isə “Formula-1” yarışlarına evsahibliyi etdi. Hər üç yarış Avropa ilə bağlıdır. Azərbaycan müsəlman ölkəsidir, İslam Əməkdaşlıq Təşkilatının üzvüdür və bununla yanaşı, eyni zamanda bir Avropa ölkəsidir və Avropa Şurasının üzvüdür. Biz iki sivilizasiya arasında körpüyük. “Formula-1” yarışları bir daha onu göstərdi ki, Azərbaycan sürətlə inkişaf etməkdədir. Tədbirin təşkilatçıları olan tərəfdaşlarımız da qeyd etdilər ki, belə tədbirlərin keçirilməsi üçün ölkəni seçərkən,ilk növbədə sabitliyin, təhlükəsizliyin təmin olunduğu, inkişaf gedən ölkələrə etimad göstərirlər. Bu yarışlarla dünya Azərbaycanı kəşf etməyə davam etdi. Təxminən dünyanın müxtəlif coğrafi məkanlarında 500 milyondn artıq insan bu yarışı izlədi. Və beləliklə də,paytaxtımızı, onun inkişaf səviyyəsini gördü, tariximizlə tanış oldu. Ən başlıcası bizim ən böyük sərvətimiz olan insanlarımızı gördü, mehriban, xoşsimalı, qonaqpərvər insanlarımızı gördü. Bütün bunlarla yanaşı, bu yarışlara qatılan xarici qonaqlar və xüsusilə turistlər, iri şirkətlər Azərbaycan həqiqətlərini canlı şəkildə gördülər və mənsub olduqları ölkənin mətbuatına bunları çıxara bildilər. “Formula-1”növbəti dəfə bu baxımdan unikal imkan yaratdı. Dünyanın nəhəng telekommunikasiya koorporasiyaları, mətbuat nümayəndələri, çap və elektron media təmsilçiləri Bakı və Azərbaycanımız haqqında çoxsaylı məlumatları dünyaya yaydılar. Təbii ki, hər bir turist getdiyi ölkə haqqında informasiyalar toplamaqda maraqlı olur. Bu yarışlarla, tədbirlərlə bu cür informasiyaların yayılması Azərbaycanın daha da tanınmasına xidmət edir. Bu yarış zamanı təxminən 15 minə yaxın turist ordusu Azərbaycana gəldi. Hesablamalar görə, növbəti illərdə bundan 4-7 dəfə çox turistin ölkəmizə gəlməsi gözlənilir. Turizmin ölkəmizə axını həm də turizm sənayesinin inkişafı üçün böyük bir təkandır. Bununla da qeyri neft sektorunun daha böyük uğurlar qazanması üçün geniş imkanlar yarana bilər. Bu, həm də Qarabağ həqiqətlərinin dünyaya çatdırılması baxımından əla imkandır.

Uzun və incə yolun hədəfləri

Böyük inkişaf yolu keçən Azərbaycan bir çox sahələrdə mühüm uğurlara imza atmışdır. Bu fakt da, təbii ki, dünya ictimaiyyətinin diqqətindən kənarda qalmamışdır. Unutmaq olmaz ki, beynəlxalq təşkilatlar öz tədbirlərini keçirərkən bu məqama mütləq fikir verirlər. Azərbaycandakı ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edilməsi Yaxın Şərq və Cənubi Qafqazda bütün sabitliyin əsas mərkəzi kimi dəyərləndirilməkdədir. Məhz elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanda beynəlxalq təşkilatların yüzlərlə siyasi, iqtisadi və idman tədbirləri keçirilmişdir. Bu tədbirlərin Azərbaycanda keçirilməsi, bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırıb. Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara evsahibliyi etməsində iqtisadi nailiyyətlərimiz də əsas rol oynamışdır. Çünki, ölkəmiz artıq dünyada yüksək templərlə inkişaf edən bir məkana çevrilib. İdman və Olimpiya hərəkatının inkişafında da böyük canlanma var. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bütün bunlar Azərbaycanda həyata keçirilən idman siyasəti, həmçinin idmanın inkişafına dövlət tərəfindən göstərilən diqqət və qayğının məntiqi nəticəsidir. Azərbaycanda keçirilən Avropa, Dünya çempionatları silsilə xarakteri daşıyır. 2010-cu ildən bu yana müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, güləş, qılıncoynatma, taekvondo, boks, karate, avarçəkmə, FİFA U-17 Qadınlararası Dünya çempionatı, “Baku World Challenge” avtomobil yarışı və Olimpiya növlərinə daxil olan digər beynəlxalq idman tədbiri, o cümlədən Dünya və Avropa çempionatlarının təşkili ölkəmizə böyük imic qazandırmışdır. Ölkəmiz tarixdə ilk dəfə təşkil olunan “Bakı-2015” Avropa Oyunlarını layiqincə həyata keçirməklə tək özünün deyil, qitənin idman tarixinə möhürünü vurdu. Avropa Oyunlarına evsahibliyi etmək missiyasının Bakıya həvalə edilməsinə böyük etimad, təbii ki, Azərbaycana olan inamdan doğmuşdur. Bu yarışlar həm də ölkəmizdə idmanın inkişafda olduğunu, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. Azərbaycan 2016-cı ildə Dünya Şahmat Olimpiadasını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını keçirib. UEFA İcraiyyə Komitəsinin qərarı ilə Bakının 2020-ci ildə futbol üzrə Avropa çempionatının oyunlarının keçiriləcəyi 13 şəhər arasına düşməsi son dərəcə sevindirici hadisədir. Bakı həm də digər mötəbər tədbirlərə - zirvə toplantılarına, elmi konfranslara, idman, teatr, kino festivallarına evsahibliyi edir. NATO Parlament Assambleyasının seminarı, ATƏT Parlament Assambleyasının illik sessiyası, IV Bakı Beynəlxalq Humanitar, Gənclər siyasəti üzrə I Qlobal forumu, Caz Festivalı, “Teatr sənətinin multikulturalizm-universal dəyərlər sistemində yeri” mövzusunda keçirilən Bakı Beynəlxalq Teatr Konfransı, "Eurovision-2012" musiqi yarışması, “Bakı Elm Festivalı-2014”, BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu, Dünya Azərbaycanlılarının Qurultayları kimi mühüm əhəmiyyət kəsb edən tədbirləri misal çəkmək olar. Azərbaycanda keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, respublikamızın imicinə müsbət təsir göstərir.

Milli hədəflərin dividentləri və iqtisadi yüksəliş taktikası

Benəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunkasiya imkanları hər zaman həlledici rola malikdir. Bir çox ölkələrə beynəlxalq tədbirlərə evsahibliyi etmək üçün rəqabət aparırlar,yarış və tədbirlərin ev sahibləri 5-10 il sonra üçün belə müəyyən olunur. Beynəlxalq yarış və tədbirlərin Azərbaycanda keçirilməsi ölkəmizin böyük uğurudur. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur. Eyni zamanda, belə tədbirlərin keçirilməsi Azərbaycana iqtisadi və strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına,əməkdaşlığa açıq olması ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur. Bunlarla bərabər bu tədbirlər Azərbaycan həqiqətlərinin, Azərbaycanın ədalətli mövqeyinin dünyaya yayılmasına böyük təkan verir. Gənclərin bu tədbirlərdə könüllülər formasında aktiv iştirakı onlar üçün də böyük təcrübə olur. Daha peşəkarlaşan gənclər isə Azərbaycanın gələcəyi üçün əvəzedilməz işgüzarlıq vərdişləri qazanırlar. “Formula-1” yarışları dünyanın ən çox izlənilən və ən prestijli ,idman yarışları sırasındadır. Hər yarışı təqribən 500 milyon televiziya tamaşaçısı izləyir. Bakıda keçirilən yarış həm də yolun uzunluğuna, sürət imkanlarına və ən əsası da şəhər içində keçirilməsinə görə fərqləndi. Əslində,yarış iştirakçılarının dediyinə görə,Bakı yolu digər bir neçə yolun qarışığından yaranan özünəməxsus yoldur.
Artıq bütün idman yarışlarının həm də iqtisadi və siyasi tərəfləri mövcuddur. Bu müasir dünyanın reallığıdır. İqtisadi hesablamalar həmişə maraq kəsb edib. “Formula-1” yarışlarının iqtisadi faydası spesifik iqtisadi hesablamalar ilə aparılır. Beynəlxalq iqtisadi təhlil mərkəzləri də hər yarışdan sonra bununla bağlı xüsusi hesabatlar da hazırlayırlar.

Adətən,dünyanın bütün ölkələri “Formula-1” yarışlarını,əsasən,ölkənin, şəhərin tanıdılması, turistlərin cəlb olunması və dolayısı ilə iqtisadiyyatın qazanması məqsədilə təşkil edirlər. Və hər bir ölkə bunun üçün büdcə vəsaitlərindən istifadə edir.

Ölkəmizdə keçirilən sonuncu tədbir, “Formula-1” yarışı ilə bağlı bir sıra rəqəmlərə diqqət yetirək. Yarışların sponsorlarının (yollarda, avtomobillərin üzərində, pilotların geyimlərində olan markalar) 3 gün ərzində reklam kontaktlarının dəyəri orta hesabla 70 milyon dollar miqyasında qiymətləndirilir. Bu,o demək ki, 420 milyon insan televiziya ekranlarında yarışlar zamanı neçə dəfə o markaları görürsə, o saya çatmaq üçün televiziya reklamlarının adi agent qiymətləri 70 milyon dollar dəyərindədir. Sponsorlar içində ən çox reklam kontaktı Red Bull markasına aiddir. Bu kontaktların dəyəri 22-27 milyon dollar miqyasında qiymətləndirilir. Nəzərə alsaq ki, bütün yarış boyu 500 milyon insan “Baku” sözünü, şəhərin bütün mənzərəsini bir marka kimi görürdü və bu görüntü sponsor görüntülərindən bir neçə dəfə daha intensiv idi, bu,o deməkdir ki, Bakı şəhərinin və Azərbaycanın turizm məqsədilə reklamı üçün eyni intensivlik və göstərmə sayının dəyəri ən azı 60 milyon dollardan çoxdur. Əlavə olaraq təqribi hesablamalara görə,Bakıya azından 10 mindən artıq turistin gəlmişdi. Yarışlardan sonra otellərdən verilən bilgilərə görə bütün otellərin otaqları demək olar ki, tam sifariş olunmuşdu. Orta hesabla bir turistin 3 gün ərzində bütün xərci 1000 dollar ətrafında qiymətləndirilir. Bu isə əlavə olaraq 10 milyon dollar ölkəyə gəlirin gəlməsi deməkdir. Bunlar birbaşa iqtisadi mənfəət sayılır. Amma birbaşa iqtisadi mənfəətdən başqa dolayısı iqtisadi mənfəət də mövcuddur. Məsələn, xarici investisiyaların cəlb olunması. Xarici investorların investisiya qərarları həmişə bir neçə göstəricinin məcmusu əsasında reallaşır. Bunlar - ölkə nə dərəcədə təhlükəsizdir, beynəlxalq arenada nə dərəcədə tanınır, müasir meyllər bu ölkədə necə təmsil olunur, kontingent necədir, hökumət etibarlı tərəfdaşdırmı və s. göstəricilərdir. Belə mötəbər yarışların keçirilməsi bu sadaladığım göstəricilərin təmin olunmasını bütün dünyaya nümayiş etdirir. Bu isə xarici investisiyaların daha intensiv cəlb olunması, onların özləri ilə bərabər müasir texnologiyaları gətirməsi və bütün bunların nəticəsi kimi iqtisadiyyatın inkişaf edərək əhalinin sosial rifahının yaxşılaşması ilə nəticələnir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA