Azərbaycanın ATƏT-lə əlaqələrinin inkişaf yolu

Azərbaycanın ATƏT-lə əlaqələrinin inkişaf yolu

Azərbaycan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvlüyünə 1992-ci ilin 30 yanvarında qəbul olunmuşdur. 1 yanvar 1995-ci ilədək ATƏM (Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi) adlanan bu qurum Azərbaycanın daxil olduğu ilk Avropa təşkilatıdır. 1992-ci ilin fevral ayından başlayaraq Ermənistan-Azərbaycan münaqişəsi ATƏM-in prinsiplərinə uyğun olaraq üzv olan dövlətlərin daha çox diqqət obyektinə çevrildi. Bu məqsədlə fevral ayının ortalarında ATƏM-in ilk xüsusi missiyası Azərbaycanda oldu. Fevralın 27-28-də ATƏM-in Yüksək Vəzifəli Şəxslər Komitəsinin (YVŞK) iclasında ilk dəfə olaraq

Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı müzakirələr aparıldı. Dağlıq Qarabağın Azərbaycana mənsub olmasını təsdiq edən sənəddə, sərhədlərin dəyişdirilməməsi şərti ilə, münaqişənin sülh yolu ilə həllinə çağırış öz əksini tapdı. 1992-ci ilin mart ayının 24-də ATƏM-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) birinci əlavə görüşündə Dağlıq Qarabağda vəziyyət müzakirə olundu. Görüşdə ATƏM-in Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edildi.

Beynəlxalq əlaqələr vasitəsilə dinc nizamlama prosesi

Azərbaycan ilk dəfə olaraq 1992-ci ilin iyulun 8-10-da Helsinkidə keçirilən ATƏM-in Zirvə Toplantısında iştirak etmiş, onun sənədlərini imzalamışdır. Azərbaycan 20 dekabr 1993-cü ildə ATƏM-in Paris Xartiyasına qoşulmuşdur. 5-6 dekabr 1994-cü ildə ATƏM-in Budapeşt Zirvə Toplantısı keçirilmişdir. Budapeşt sammitinin nəticəsinə əsasən ATƏM 1 yanvar 1995-ci ildən yeni Avropanın sivilizasiyalı birgəyaşayış qaydalarını müəyyən edən, sülhün, demokratiyanın və insan hüquqlarının qorunmasını təmin edən, üzv ölkələrinin təhlükəsizliyini və qarşılıqlı faydalı əməkdaşlıq prinsiplərini həyata keçirən, özünüidarə mexanizmləri olan ümumavropa təşkilatına - ATƏT-ə çevrilmişdir. Budapeşt Sammitində ilk dəfə olaraq ATƏT çərçivəsində Avropa təhlükəsizlik tədbirlərində iştirak edə biləcək sülhməramlı qüvvələrinin yaradılması və münaqişəli ərazilərə göndərilməsi qərara alınmışdır.

Bundan başqa Budapeştdə Minsk prosesi çərçivəsində həmsədrlik institutu təsis olunmuşdur. Ermənistan-Azərbaycan münaqişəsinə dair Budapeşt sammitinin işinin konkret yekunu olaraq “Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar ATƏT-in fəaliyyətinin intensivləşdirilməsi” adlı qətnamənin qəbulu təşkil etmişdir.

Budapeşt Sammitinin nəticələrinə əsasən 20 dekabr 1994-cü ildə Vyanada Ermənistan-Azərbaycan münaqişəsi üzrə ATƏT-in üzv ölkələrinin təyin etdiyi hərbi nümayəndələrdən ibarət olan Yüksək Səviyyəli Planlaşdırma Qrupu (YSPQ) təsis olunmuşdur. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəl Finlandiya ilə Rusiya, sonra isə 1995-1997 - ci illər ərzində İsveç ilə Rusiya başçılıq etmişlər. 28 avqust 1995-ci ildə ATƏT-in Fəaliyyətdə olan Sədrinin ATƏT-in Minsk Konfransının müzakirəsində olan münaqişə üzrə Şəxsi Nümayəndəsi vəzifəsi təsis olunmuşdur. 1 yanvar 1997-ci ildən bu vəzifəni Səfir Anjey Kasprşık (Polşa) icra edir.

1996-cı il 2-3 dekabr tarixlərində keçirilən ATƏT-in Lissabon sammitində 54 iştirakçı dövlət tərəfindən Avropada XXI əsrdə ümumi və hərtərəfli təhlükəsizlik modeli adlı Bəyannamə qəbul edilmişdir. Bəyannamədə üzv ölkələrinin təhlükəsizliyinə yönələn təhdidlər qeyd edilmiş və bu təhdidləri aradan qaldırmaq üçün birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanmışdır.

Lissabon Zirvə görüşündə Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair ATƏT-in iştirakçı dövlətləri tərəfindən (Ermənistandan başqa) aşağıdakı prinsiplərə razılıq verilmişdir:

1. Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü;

2. Dağlıq Qarabağa Azərbaycanın tərkibində ən yüksək özünüidarəetmə statusun verilməsi;

3. Dağlıq Qarabağın bütün əhalisinin təhlükəsizliyinin təminatı.

1 yanvar 1997-ci ildən ATƏT-in Minsk Prosesinə Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Hazırda Minsk Qrupunun tərkibinə ABŞ, Almaniya, Azərbaycan, Belarus, Ermənistan, İsveç, İtaliya, Niderland Krallığı, Portuqaliya, Rusiya, Türkiyə, Finlandiya, Fransa dövlətləri daxildir.

ATƏT və Təhlükəsizlik Xartiyasının prinsipləri

1997-1998-ci illər ərzində Ermənistan-Azərbaycan münaqişəsinin həllinə dair Minsk Qrupunun Həmsədrləri tərəfindən üç təklif tərtib edilmişdir. İlk iki təklif Ermənistan tərəfindən, son təklif isə Azərbaycan tərəfindən qəbul edilməmişdir. 18-19 noyabr 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in üzv ölkələrinin Dövlət və Hökumət Başçılarının növbəti Zirvə görüşündə iştirak edən Azərbaycan İstanbul Bəyannaməsinə və Avropa Təhlükəsizliyi Xartiyasına qoşulmuşdur. Azərbaycanla ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (DTİHB) arasında sıx əməkdaşlıq münasibətləri əldə olunmuşdur. 1998-ci ildən başlayaraq DTİHB Azərbaycan Hökuməti ilə fəal əməkdaşlıq aparmış və aparılan birgə əməkdaşlıq nəticəsində demokratikləşdirmə, qanun aliliyi, qanunvericiliyin, xüsusilə də seçki qanunvericiliyinin təkmilləşdirilməsi, miqrasiya, gender bərabərliyi və digər sahələrdə bir çox layihələr həyata keçirir. DTİHB Azərbaycanda keçirilmiş prezident, parlament və bələdiyyə seçkilərində fəal iştirak edir. ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsi ilə də əməkdaşlığa Azərbaycan hökuməti tərəfindən xüsusi önəm verilir. 2001-ci ilin dekabrında ATƏT-in Mətbuat Azadlığı üzrə Nümayəndəsinin Ofisi və ARin XİN-in birgə təşəbbüsü əsasında Azərbaycanın gənc jurnalistləri üçün keçirilmiş “Azərbaycanda mətbuat azadlığı və məsuliyyətinin inkişafı” mövzusunda seminarın Ofislə Azərbaycan arasında əməkdaşlığın dərinləşdirilməsi və jurnalistikada davranış məcəlləsi, həmçinin digər müvafiq məsələlərin müzakirəsi baxımından vacib əhəmiyyət kəsb etmişdir. ATƏT-in tamhüquqlu üzvü olduğundan Azərbaycan ATƏT-in Milli Azlıqlar üzrə Ali Komissarının Ofisi ilə əlaqələr yaratmışdır. Lakin Milli Azlıqlar üzrə Ali Komissarının mandatına (mandata uyğun olaraq,

Komissarın Ofisi adətən milli zəmində münaqişə ocağının yaranması ehtimal olunan bölgələrlə geniş fəaliyyət göstərir), eyni zamanda ölkəmizin milli azlıqların hüquqlarının müdafiəsi sahəsində əldə etdiyi nailiyyətlərə və həyata keçirdiyi tədbirlərə baxmayaraq, Ali Komissarının Ofisi ilə Azərbaycan arasında əməkdaşlıq hələ arzu olunan səviyyədə deyil və müntəzəm qaydada həyata keçirilmir. 300-dən çox deputatdan ibarət olan ATƏT-in Parlament Assambleyası (PA) ilə Azərbaycan Respublikasının Milli Məclisi arasında sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. ATƏT-in PA-da təmsil olunan Azərbaycandan olan deputatlar hər il PA-nın iclaslarında iştirak edirlər. ATƏT-in Bakıda Ofisinin yaradılması haqqında 16 noyabr 1999-cu ildə ATƏT-in Daimi Şurası qərar qəbul etmişdir. 18 iyul 2000-ci ildə ATƏT-in Bakıda Ofisi açılmışdır. 1999-cu ilin noyabrın 25-də imzalanmış Qarşılıqlı Anlaşma Memorandumu ATƏT və Azərbaycan arasında əməkdaşlığa yeni təkan vermişdir. Azərbaycan ATƏT-in Xarici İşlər Nazirləri Şurasının (XİNŞ) illik iclaslarında iştirak etmiş, Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparmış və sözügedən iclaslarda münaqişə ilə bağlı müvafiq bəyanatların verilməsinə nail olmuşdur.

Qarabağ həqiqətlərinin beynəlxalq etirafı

ATƏT-in XİNŞ-in Buxarest (2001) və Portu (2002) iclaslarında ATƏT-in iştirakçı dövlətlərinin xarici işlər nazirləri Ermənistan və Azərbaycanı münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan erkən həllinə nail olmağa çağırmışdır.

Portuda keçirilən iclasda Azərbaycan nümayəndə heyəti münaqişə ilə bağlı qəbul olunan müvafiq sənədə dair şərhedici bəyanat vermişdir. Həmin bəyanatda Azərbaycanın münaqişənin həlli ilə bağlı beynəlxalq hüququn norma və prinsiplərinə əsaslan mövqeyi qeyd olunmuşdur. Azərbaycan münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini ATƏT-in XİNŞ-in Maastrixdə keçirilən iclasında bir daha bəyan etmişdir.

2004-cü ilin dekabrında ATƏT-in XİNŞ-in Sofiyada keçirilən iclasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı 2004-cü ildə əldə olunan irəliləyişləri alqışlayan bəyanat qəbul olunmuşdur. Bəyanatda münaqişənin həlli istiqamətində, xüsusi ilə Ermənistan və Azərbaycan prezidentləri arasında ATƏT-in Minsk Qrupunun dəstəyi ilə keçirilmiş üç görüş və yaradılmış “Praqa Prosesi” çərçivəsində xarici işlər nazirlərinin dörd görüşü alqışlanmışdır. 2005-ci ilin 30 yanvar-5 fevral tarixlərində Azərbaycanın işğal olunmuş ərazilərinə ATƏT Minsk Qrupunun məskunlaşma üzrə faktaraşdırıcı missiyası səfər etmişdir. 2005-ci ilin 3 iyul tarixində ATƏT-in Parlament Assambleyasının (PA) Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker münaqişə ilə bağlı hesabatını ATƏT PA-nın nümayəndə heyətlərinin başçılarına təqdim etmişdir. 2005-ci ilin 5-6 dekabr tarixlərində Lyublyanada ATƏT-in Nazirlər Şurasının 13-cü iclası keçirilmişdir. Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə ATƏT-in Nazirlər Şurasının toplantısı çərçivəsində görüşü baş tutmuşdur. ATƏT-in Nazirlər Şurasının Lyublyana görüşündə ayrı sənəd kimi Ermənistan-Azərbaycan münaqişəsinə dair Nazirlər Şurasının Bəyanatı qəbul edilmişdir. 2005-ci ilin 16-20 dekabr tarixlərində ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun 8 ildən sonra ilk dəfə Ermənistan-Azərbaycan münaqişəsi bölgəsinə səfər etmişdir. Səfər zamanı 16 dekabr tarixində Xarici İşlər Nazirliyində YSPQ-nin 1995-ci ildə tərtib etdiyi sülhməramlı əməliyyat planlarının təqdimatı keçirilmişdir. Həmçinin, YSPQ Azərbaycanın münaqişə bölgəsinə yaxın rayonlarına səfər edərək yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə dərəcədə uyğun olmasını araşdırmışdır. 2006-cı il yanvarın 21-27-də ATƏT-in Yüksək Səviyyəli Planlaşdırma Qrupunun Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri baş tutmuşdur. YSPQ Azərbaycan hakimiyyətinin nəzarətində olmayan işğal edilmiş ərazilərə səfər edərək, yerli infrastrukturun sülhməramlı əməliyyatların keçirilməsi üçün nə dərəcədə uyğun olmasını araşdırmışdır. 2006-cı ildə iyun ayının 22-də ATƏT Daimi Şurasının plenar iclasında Azərbaycanın işğal altında olan ərazilərində yanğınlar məsələsi səsləndirilmiş və müvafiq kosmik fotoşəkillər yayılmışdır. Azərbaycan tərəfi müvafiq beynəlxalq təşkilatların, həmçinin Ermənistan və Azərbaycan mütəxəssislərinin iştirakı ilə hərtərəfli ekoloji əməliyyatın keçirilməsi üçün ATƏT-ə müraciət etmişdir.

(ardı var)

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA