Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və Avroatlantik institutlarla inteqrasiyası

Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığı və Avroatlantik institutlarla inteqrasiyası

1992-ci il fevralın 7-də Hollandiyanın Maastrixt şəhərində Avropanın 12 dövlət başçısı tərəfindən Avropa İttifaqının (Aİ) yaradılması haqqında müqavilə imzalandı. Müqavilədə Roma müqaviləsinin müddəalarına bir sıra düzəlişlər olundu və bu sənəd 1993-cü il noyabrın 1-dən qüvvəyə mindi. Müqaviləyə Avropa İqtisadi və Valyuta İttifaqının yaradılması, eləcə də bu qurum çərçivəsində vahid valyutaya keçmə prosesinə dair bir sıra maddələr daxil edildi. Həmin vaxtdan Avropa Birliyi Avropa İttifaqı adlanmağa başlandı.
2004-cü il may ayının 1-də Kipr, Malta, Polşa, Çexiya, Slovakiya, Sloveniya, Macarıstan, Latviya, Litva və Estoniya, 2007-ci il yanvarın 1-də isə Bolqarıstan və Rumıniya İttifaqa üzv qəbul edildilər. Beləliklə Aİ-nin genişlənməsi nəticəsində təşkilatın üzvlərinin sayı 27-yə çatmış oldu. Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti ölkədə islahatların həyata keçirilməsi və dünya inteqrasiya proseslərinə daha sıx cəlb olunması istiqamətində qısa müddət ərzində bir sıra beynəlxalq və regional təşkilatlarla çoxtərəfli əlaqələr yaratmışdır.

Avroatlantik strukturlarla əməkdaşlıq

Azərbaycanın xarici siyasət prioritetləri içərisində Avroatlantik strukturlara və institutlara inteqrasiya mühüm yer tutur. 1993-cü ildən Azərbaycan dövlətinin xarici siyasətində Avropaya inteqrasiya prioritet istiqamətə çevrilmiş və bu kontekstdə beynəlxalq təşkilat kimi Avropa İttifaqı ilə fəal əməkdaşlığa başlanmışdır. Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Aİ-na dövlətlərin də eyni zamanda, ölkəmizlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək marağını daha da artırmışdır.

Azərbaycan-Aİ əlaqələri xüsusi proqramlar çərçivəsində qurulmuş və müxtəlif sahələr üzrə: iqtisadi və sosial islahatlara yardım, Şərq-Qərb nəqliyyat-kommunikasiya (TRASEKA) dəhlizinin yaradılması, infrastrukturların inkişafı və s. istiqamətlərdə aparılır.

TASİS proqramının Azərbaycanla bağlı hissəsində əməkdaşlığın üç əsas istiqamətinə üstünlük verilir: infrastruktur, özəl sektor və insan resurslarının inkişafı.
Bundan başqa, TASİS-in Azərbaycanla əlaqədar əsas çoxtərəfli şəbəkə layihələri mövcuddur. Bunlar 1995-ci ildən başlayaraq ali təhsil müəssisələrinə və onların əməkdaşlarına yardım göstərən TEMPUS proqramı, neft və qaz kəmərləri sisteminin regional inteqrasiyasını təmin etmək məqsədilə yaradılan İNOQEYT proqramı, TRASEKA-dır. Bununla yanaşı bu əməkdaşlıq “humanitar yardım” (ECHO) və digər proqrmlar çərçivəsində də inkişaf etdirilmişdir. 1993-cü ilin mayında Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz nəqliyyat dəhlizi" (TRASEKA) layihəsinin və 8 təsisçi dövlətin (Azərbaycan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Tacikistan və Ermənistan) ticarət və nəqliyyat nazirlərinin konfransında təsis edilmişdir.
"Brüssel Bəyannaməsi" adlanan iki rəsmi sənəddə qədim Şərq-Qərb "İpək yolu" dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alınmışdır. 1998-ci il sentyabrın 8-də Bakıda Azərbaycan və Gürcüstan prezidentlərinin təşəbbüsü və TRASEKA proqramının dəstəyi ilə "Tarixi İpək yolunun bərpası" adlı beynəlxalq konfrans keçirilmişdir.
32 ölkə və 13 beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilən konfransın sonunda "Avropa-Qafqaz-Asiya nəqliyyat-kommunikasiya dəhlizinin inkişafına dair çoxtərəfli saziş" adlanan mühüm bir sənədlə yanaşı, iştirakçılar adından Avrasiya ölkələri arasında hərtərəfli əməkdaşlığı və regional inteqrasiyanın əsas prinsiplərini əks etdirən "Bakı Bəyannaməsi" də imzalanmışdır. TRASEKA layihəsi Azərbaycanla 25 texniki və 11 investisiya layihəsinin həyata keçirilməsini dəstəkləyir ki, bu da layihələrin 26-da Azərbaycanın payı ümumilikdə 100 milyon avrodan artıq olmuşdur.

Enerji dəhlizləri müstəqil dövlətin təhlükəsizliyinin qarantı kimi

Avropaya dövlətlərarası neft və qaz ixracı (İNOQEYT) Aİ-nin yeni müstəqil dövlətlərə maliyyə dəstəyi çərçivəsində həyata keçirilən əsas regional proqramlardan biri kimi, 1999-cu ilin iyulunda Azərbaycan da daxil olmaqla 15 dövlətin iştirakı ilə imzalanan Çərçivə Sazişi əsasında fəaliyyət göstərir. INOGATE çərçivəsində həyata keçirilən texniki əməkdaşlığa əlavə olaraq, Aİ zəngin təbii ehtiyatlara və strateji coğrafi əraziyə malik olan Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya ölkələrinin enerji təminatını və tranzit ehtiyatlarının səmərəli istifadəsinə yönəlmiş fəaliyyətində Avropa Qonşuluq Siyasətinə daxil olan ölkələr bütün maraqlı tərəfdaşların dəstəyi ilə enerji əməkdaşlığı prosesini genişləndirməkdədir.
Bu əməkdaşlıq “Bakı Prosesi” təşəbbüsü ilə genişlənmişdir. “Bakı Prosesi”nə 2004-cü il noyabr 13-də Bakıda Enerji Nazirliklərinin Konfransında Avropa ittifaqı, Qara Dəniz və Xəzər dəniz hövzəsi ölkələri arasında enerji sahəsində əməkdaşlığın gücləndirmək məqsədi daşıyan siyasi dialoq şəklində başlanmışdır.

1996-cı il aprelin 22-də Lüksemburqda Aİ və Azərbaycan arasında ticarət, sərmayə, iqtisadiyyat, qanunvericilik, mədəniyyət, immiqrasiya və qeyri-qanuni ticarətin qarşısının alınması sahəsində əməkdaşlığı nəzərdə tutan “Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" (TƏS) imzalanmışdır. Bu müqavilənin imzalanması Azərbaycanın xarici siyasətinin ən uğurlu səhifələrindən biri kimi qiymətləndirilir. Dövlətimiz və xalqımız üçün mühüm tarixi əhəmiyyət kəsb edən bu müqavilə Azərbaycanın Avropa strukturları və institutları ilə əlaqələrinin genişlənməsi, xüsusilə inteqrasiya istiqamətində hüququ baza rolunu oynayır.
Müqaviləni imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il iyunun 22-dən qüvvəyə minən və prezident Heydər Əliyevin imza atdığı bu saziş tərəflər arasında yüksək səviyyəli əməkdaşlığın təşəkkül tapmasını təsdiqləyir.

TƏS-də müvafiq siyasi dialoq çərçivəsində tərəflər arasında siyasi münasibətlərin inkişafının təmin edilməsi, Azərbaycanda demokratiyanın möhkəmlənməsi, iqtisadi inkişaf, bazar iqtisadiyyatına keçid məqsədilə bəzi struktur islahatların aparılması, ticarət və investisiyanın inkişafı, iqtisadi, sosial, maliyyə, elmi-texniki və mədəni əməkdaşlıq məsələləri nəzərdə tutulmuşdur. Bu məsələlərin təmin edilməsi üçün Azərbaycan qanunvericiliyinin Avropa İttifaqı qanunvericiliyinə uyğunlaşdırılması sahəsində geniş iş prinsipləri müəyyənləşdirilmişdir. "Saziş"də nəzərdə tutulur ki, Əməkdaşlıq Şurası Aİ ilə Azərbaycan arasında əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir və qarşıya qoyulan məqsədlərə nail olmaq üçün lazımi tədbirləri həyata keçirir.
Bundan başqa, fəaliyyət göstərən Əməkdaşlıq Komitəsi Şuranın tövsiyələrinin həyata keçirilməsinə nəzarət edir. Komitənin nəzdində ticarət və sərmayə qoyuluşu ilə əlaqədar müzakirələr aparmaq məqsədilə Xüsusi Alt Komitə yaradılmışdır. Aİ ilə Azərbaycan arasında energetika və nəqliyyat məsələləri üzrə ayrıca Alt Komitə də təsis edilmişdir. Dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək üçün Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılmışdır. 2004-cü il mayın 17-19-da prezident İlham Əliyevin Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqına on üzvün qoşulması ilə əlaqədar olaraq "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokol imzalanmışdır.
Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 43-cü maddəsinə əsasən Azərbaycanın qanunvericiliyin uyğunlaşdırılması sahəsində üzərinə götürdüyü öhdəliyinin icra edilməsi məqsədilə Aİ-nin hüquq ekspertlərinin dəstəyi ilə "Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı" hazırlanmış və Azərbaycanın Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının 23 oktyabr 2009-cu ildə keçirilmiş 3-cü iclasında təsdiq edilmişdir. Aİ-nin Azərbaycanla əlaqələri təkcə TRASEKA layihəsi və "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, eyni zamanda bölgədə sülhün və sabitliyin təmin olunmasına dair digər proqramlar çərçivəsində reallaşır.

Əməkdaşlığın perspektivləri

Aİ öz nümayəndəsini 1998-ci ildə Azərbaycana göndərmiş, 2000-ci ildə isə Brüsseldə Azərbaycanın Aİ-də Daimi Nümayəndəliyi açılmışdır. Bundan əlavə, 2008-ci il fevralın 4-dən Bakıda Avropa Komissiyasının Azərbaycandakı Nümayəndəliyi fəaliyyət göstərir. Cənubi Qafqazda mövcud olan münaqişələrin aradan qaldırılması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, region dövlətləri arasında əməkdaşlıq və təhlükəsizlik sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa İttifaqının əsas şərtlərindəndir.
2003-cü il iyulun 7-də Aİ Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsini təyin etməsi və regionda fəallığının artmasını göstərən addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir. Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il mayın 19-da Brüsselə səfəri və Aİ ilə münasibətlərində tamamilə yeni mərhələ oldu və ölkəmizin adı çəkilən İttifaqla "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi. Aİ-nin region dövlətləri ilə həm ikitərəfli, həm də regional inteqrasiya kontekstində çoxtərəfli münasibətlər qurması və gələcəkdə onların təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə adı çəkilən təşkilat öz sərhədlərini bir qədər də genişləndirmişdir.
Bununla da, sərhədləri genişlənən İttifaq Avropada yeni qonşular qazanmış və 2003-cü ildə "Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü" adlı proqram qəbul etmişdir. Avropa İttifaqının xarici işlər nazirləri 2004-cü ilin yanvarında üç Cənubi Qafqaz respublikasını bu təşəbbüsə qoşmaq üçün Avropa Komissiyasına təkliflər hazırlamaq haqqında tapşırıq vermişlər.
2004-cü il mayın 12-də Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə dair Strategiya sənədini qəbul etdi. Adı çəkilən sənəddə Avropa Komissiyası Azərbaycan, Gürcüstan və Ermənistanın bu siyasətə daxil edilməsi üçün Aİ Şurasına tövsiyə etmişdir. 2004-ci il iyunun 14-də Avropa Komissiyasının tövsiyəsinə təşkilatın Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Şura Cənubi Qafqaz dövlətlərini qeyd edilən siyasətə daxil etməyi qərara aldı. Qonşuluq Siyasətinin strategiya sənədinə əsasən Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət planları olacaqdır ki, bu sənəddə İttifaq ilə ikitərəfli münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA