Azərbaycanın Avropa İttifaqına inteqrasiyası - II HİSSƏ

Azərbaycanın Avropa İttifaqına inteqrasiyası - II HİSSƏ

(Əvvəli bu linkdə: http://hurriyyet.org/xeber/azerbaycanin_avropa_ittifaqina_inteqrasiyasi)

Avropa İttifaqı ilə Azərbaycan arasında energetika və nəqliyyat məsələləri üzrə ayrıca Alt Komitə də təsis edilmişdir. Bununla yanaşı, dövlət qurumlarının fəaliyyətini əlaqələndirmək üçün Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında Tərəfdaşlıq və Əməkdaşlıq üzrə Dövlət Komissiyası yaradılmışdır. 2004-cü il mayın 17-19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Brüsselə rəsmi səfəri zamanı Avropa İttifaqına on üzvün qoşulması ilə əlaqədar olaraq "Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Saziş"ə Əlavə Protokol imzalanmışdır. Tərəfdaşlıq və Əməkdaşlıq haqqında Sazişin 43-cü maddəsinə əsasən Azərbaycanın qanunvericiliyin uyğunlaşdırılması sahəsində üzərinə götürdüyü öhdəliyinin icra edilməsi məqsədilə Avropa İttifaqının hüquq ekspertlərinin dəstəyi ilə "Azərbaycan qanunvericiliyinin Avropa İttifaqının qanunvericiliyinə uyğunlaşdırılması üzrə 2010-2012-ci illər üçün Tədbirlər Planı" hazırlanmış və Azərbaycanın Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının 23 oktyabr 2009-cu ildə keçirilmiş 3-cü iclasında təsdiq edilmişdir.

Avropa İttifaqı ilə uzlaşma hədəfləri

Avropa İttifaqının Azərbaycanla əlaqələri təkcə TRASEKA layihəsi və "Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən ümumi regional əməkdaşlıq layihəsi, eyni zamanda bölgədə sülhün və sabitliyin təmin olunmasına dair digər proqramlar çərçivəsində reallaşır. Avropa İttifaqı nümayəndəsini 1998-ci ildə Azərbaycana göndərmiş, 2000-ci ildə Brüsseldə Azərbaycanın Avropa İttifaqında Daimi Nümayəndəliyi açılmışdır. Bundan əlavə, 2008-ci il fevralın 4-dən Bakıda Avropa Komissiyasının Azərbaycandakı ı Nümayəndəliyi fəaliyyət göstərir.

Cənubi Qafqazda mövcud olan münaqişələrin aradan qaldırılması, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli, region dövlətləri arasında vahid əməkdaşlıq və təhlükəsizlik sisteminə inteqrasiya mühitinin yaradılması da Avropa İttifaqının əsas şərtlərindəndir. 2003-cü il iyulun 7-də Avropa İttifaqı Cənubi Qafqaz üzrə Xüsusi nümayəndəsini təyin etməsi təşkilatın regionda fəallığının artmasını göstərən addım kimi qiymətləndirilməlidir. Eyni zamanda, Avropa Parlamenti də Cənubi Qafqazda təhlükəsizliyin təmin edilməsinə mane olan Ermənistan-Azərbaycan münaqişəsinin nizama salınmasının vacibliyini bildirmişdir.

Azərbaycan prezidenti İlham Əliyevin 2004-cü il mayın 19-da Brüsselə səfəri Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərində tamamilə yeni mərhələ oldu və ölkəmizin adı çəkilən İttifaqla "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində genişmiqyaslı əməkdaşlığına dair razılaşmalar əldə edildi. Avropa İttifaqının region dövlətləri ilə həm ikitərəfli, həm də regional inteqrasiya kontekstində çoxtərəfli münasibətlər qurması və gələcəkdə onların təşkilatla daha sıx əməkdaşlığı üçün ciddi fəaliyyət göstərməsi nəticəsində son illərdə adı çəkilən təşkilat öz sərhədlərini bir qədər də genişləndirmişdir. Bununla da, sərhədləri genişlənən İttifaq Avropada yeni qonşular qazanmış və 2003-cü ildə "Daha geniş qonşuluq: Şərq və Qərb qonşularla yeni çərçivə təşəbbüsü" adlı proqram qəbul etmişdir. Avropa İttifaqının xarici işlər nazirləri 2004-cü ilin yanvarında üç Cənubi Qafqaz respublikasını bu təşəbbüsə qoşmaq üçün Avropa Komissiyasına təkliflər hazırlamaq haqqında tapşırıq vermişlər.

2004-cü il mayın 12-də Avropa Komissiyası Avropa Qonşuluq Siyasətinə dair Strategiya sənədini qəbul etdi. Adı çəkilən sənəddə Avropa Komissiyası Azərbaycan, Gürcüstan və Ermənistanın bu siyasətə daxil edilməsi üçün Avropa İttifaqı Şurasına tövsiyə etmişdir. 2004-ci il iyunun 14-də Avropa Komissiyasının tövsiyəsinə təşkilatın Ümumi Məsələlər və Xarici Əlaqələr üzrə Şurasında baxılmış və Şura Cənubi Qafqaz dövlətlərini qeyd edilən siyasətə daxil etməyi qərara aldı. Qonşuluq Siyasətinin strategiya sənədinə əsasən Avropa İttifaqının tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət planları olacaqdır ki, bu sənəddə İttifaq ilə ikitərəfli münasibətlərin prioritetlərinin müəyyənləşdirilməsi nəzərdə tutulur.

Avropa Qonşuluq Siyasətinin prioritetləri

1) Siyasi, iqtisadi və inzibati islahatların səmərəli şəkildə həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişlərə nail olunması müqabilində tərəfdaşların tədricən Avropa İttifaqının daxili bazarında müəyyən paya sahib olmaq imkanı;

2) Vətəndaşların, əmtəənin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya prosesləri;

3) Avropa İttifaqı ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, investisiyaların təşviqi imkanları, yeni maliyyə mənbələri, Ümumdünya Ticarət Təşkilatına üzvlüyün dəstəklənməsi və s.

Bununla yanaşı, Avropa Qonşuluq Siyasəti tərəfdaş ölkələr, o cümlədən Azərbaycan üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən Avropa İttifaqı proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim etmişdir. 2004-cü ilin may ayında Avropa İttifaqı Qonşuluq Siyasətinin həyata keçirilməsi üçün 255 milyon avro vəsait ayıraraq, Cənubi Qafqaz dövlətləri ilə bu istiqamətdə məqsədyönlü iş aparır. Adı çəkilən proqrama qoşulan ölkələr İttifaq institutlarına insan hüquqlarına hörmətlə yanaşmaq, qanunların aliliyini təmin etmək, səmərəli və şəffaf idarəçilik yaratmaq, bazar iqtisadiyyatı tələblərinə hörmət bəsləmək və xarici siyasət sahəsində beynəlxalq hüquq normalarına əməl etmək əzmində olduqlarını nümayiş etdirməlidirlər.
Azərbaycan Respublikası da bu sahədə qarşıda duran vəzifələrin həlli istiqamətində ardıcıl addımlar atmaqla öz mövqeyini ifadə etmişdir. Bu məqsədlə Azərbaycan prezidenti İlham Əliyev 2005-ci il iyunun 1-də "Azərbaycanda Avropaya inteqrasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında" imzaladığı sərəncamda Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da gücləndirilməsi, İttifaqın Azərbaycan üzrə Fəaliyyət Planının hazırlanması və həyata keçirilməsi üzrə səmərəli, əlaqələndirilmiş işin təmin edilməsi məsələləri öz əksini tapdı. Bununla yanaşı, qəbul edilmiş sənəddə Avropa İttifaqı ilə siyasi, iqtisadi, hüquqi, nəqliyyat və enerji, təhlükəsizlik, insan hüquqları və demokratikləşmə, humanitar elm-təhsil və digər əməkdaşlıq sahələri üzrə işçi qrupun yaradılması nəzərdə tutulmuşdur.

Hazırda Avropa İttifaqının regionda həyata keçirdiyi “Yeni qonşuluq siyasəti” layihəsinin əsas məqsədi Cənubi Qafqaz dövlətlərinin siyasi, iqtisadi cəhətdən Avropa dəyərlərinə yaxınlaşmasını sürətləndirməkdən ibarətdir. Təbii ki, Cənubi Qafqaz ölkələri də bu məsələdə maraqlıdırlar və Avropa İttifaqı ilə ikitərəfli münasibətləri genişləndirməyə çalışırlar. Bu mənada prezident İlham Əliyevin 2006-cı il oktyabrın 6-8-də Brüsselə rəsmi səfəri mühüm əhəmiyyət daşıyır. Avropa İttifaqı Nazirlər Şurasının Baş katibi, xarici və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Xavyer Solana ilə keçirdiyi görüşdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələsinin başladığını bildirən dövlət başçısı İlham Əliyev bu səfərin İttifaqın Cənubi Qafqaz regionuna dair yeni qonşuluq siyasətinin gələn beş il ərzində ölkəmizdə siyasi və iqtisadi inkişaf meyarlarının Avropa İttifaqındakı göstəricilərinə uyğunlaşdırılmasının əsasını qoyacağını bəyan etdi: "Avroatlantik məkana inteqrasiya sahəsində Azərbaycanın neçə illər ərzində apardığı siyasət həm ölkəmiz, həm də bütövlükdə regional əməkdaşlıq üçün çox böyük nəticələr vermiş və verəcəkdir".

Azərbaycan prezidenti İlham Əliyev və Avropa Komissiyasının sədri Joze Manuel Barrozu 2006-cı il noyabrın 7-də Brüsseldə Azərbaycan və Avropa İttifaqı arasında enerji məsələləri üzrə strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzaladılar. Bununla da, Azərbaycan ilə Avropa ittifaqı arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar açılmışdır. Bu Memorandumun əsas məqsədləri Avropa İttifaqının enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir. Bu sənədin imzalanması Azərbaycanın Avropa İttifaqının enerji bazarlarına daha tez inteqrasiyasına kömək etməklə yanaşı, Xəzərin enerji daşıyıcılarının nəqli nəticəsində İttifaqın enerji təhlükəsizliyi daha da güclənəcəkdir. Bunun regional təhlükəsizlik, eləcə də əməkdaşlıq və ümumiyyətlə, Avroatlantik məkana inteqrasiya, xüsusilə, Azərbaycanın böyük neft, qaz ehtiyatları və ölkəmizin gələcək inkişafı üçün böyük əhəmiyyəti vardır. Dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri həm Avropa İttifaqı ilə əməkdaşlığın genişləndirilməsi, həm də münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilir.

Avropa və fəaliyyət istiqamətlərinin imkanları

Azərbaycan və Avropa İttifaqı Fəaliyyət Planı 2006-cı il noyabrın 14-də Brüsseldə Azərbaycan Respublikası – Avropa İttifaqı Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Bununla da, 1999-cu ildən Tərəfdaşlıq və Əməkdaşlıq sazişi ilə tənzimlənən Azərbaycan – Avropa İttifaqı münasibətlərinin gələcək inkişafının istiqamətləri Avropa Qonşuluq Siyasəti çərçivəsində Azərbaycan – Avropa İttifaqı Fəaliyyət Planı ilə müəyyənləşdirilmişdir. 1992-2006-cı illərdə Avropa İttifaqının TASİS və digər yardım proqramları çərçivəsində Azərbaycana 414 milyon avrodan çox məbləğdə humanitar, texniki və ərzaq yardımı göstərilmişdir.
2007-ci il yanvarın 1-dən etibarən TACİS proqramı Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) ilə əvəz olunmuşdur. Bu alət çərçivəsində 2007-2009-cu illər üçün Azərbaycan üzrə illik Fəaliyyət Proqramları çərçivəsində 61 milyon avro məbləğində yardım ayrılmışdır. Daha geniş mandat və əhatə dairəsinə malik olan AQTA Avropa Qonşuluq Siyasətinin Fəaliyyət Planlarının həyata keçirilməsi üçün əsas maliyyə alətidir. AQTA 3 başlıca strateji məqsədi ehtiva edir: demokratiya və insan hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davamlı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın inkişafı.

AQTA çərçivəsində 2007-2013-cü illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə Strategiya Sənədi Avropa İttifaqının yardım məqsədlərini və siyasət məsuliyyətini əks etdirərək prioritet olan əməkdaşlıq sahələrini dəqiqləşdirir. Bu prioritetlər Azərbaycanın bazar iqtisadiyyatına və demokratik idarəetmənin təşviqinə yardım, Fəaliyyət Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir. Bundan əlavə, 2008-ci il mayın 26-da Avropa İttifaqının Xarici İşlər Nazirlərinin Brüsseldə keçirilmiş görüşü zamanı Polşa və İsveç tərəfindən Şərq Tərəfdaşlığı təşəbbüsü irəli sürülmüşdür. Şərqi Avropa Qonşuluq Siyasəti ölkələri üçün vahid formatın təsis edilməsini nəzərdə tutan bu təşəbbüs Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarusu (Şərq tərəfdaş ölkələri) əhatə edir. 2008-ci il dekabrın 3-də Şərq Tərəfdaşlığı təşəbbüsü üzrə məlumat sənədi və onu müşayiət edən işçi sənəd Avropa Komisiyyası tərəfindən Avropa Parlamentinə və Avropa İttifaqının dövlət və hökumət Başçılarının Şurasına təqdim olunmuşdur. Bu iki sənəd Şərq Tərəfdaşlığına dair Avropa Komissiyasının mövqeyi və təkliflərini əks etdirərək, Avropa Qonşuluq Siyasəti çərçivəsində Avropa İttifaqının Şərq tərəfdaş ölkələri ilə gələcək əməkdaşlıq istiqamətlərini müəyyən etmişdir. 2009-cu il mayın 7-də Praqada Şərq Tərəfdaşlığı üzrə Zirvə görüşü keçirilmişdir. Zirvə görüşündə bu təşəbbüsün əsas məqsədləri və prinsipləri, həmçinin gələcək əməkdaşlıq prosesinin ümumi konturlarını müəyyən edən Birgə Bəyannamə qəbul edilmiş və bununla da Şərq Tərəfdaşlığı rəsmi səviyyədə başlanılmışdır.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA