Azərbaycanın beynəlxalq əmək təşkilatları ilə əlaqələri

Azərbaycanın beynəlxalq əmək təşkilatları ilə əlaqələri

Azərbaycanın bir dövlət olaraq beynəlxalq qurumlarla əməkdaşlığında yer alan prioritet istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial təminat sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bununla bağlı olaraq nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirir. Bu məqsədlə dünyanın 30-a yaxın ölkəsinin, o cümlədən Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Niderland, İsveç, Macarıstan, İtaliya, Bolqarıstan, Latviya, Gürcüstan, Türkmənistan, Belarus, Əfqanıstan, Özbəkistan, Moldova, Tacikistan və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələr qurularaq inkişaf etdirilir. İndiyədək Nazirliyin səlahiyyət dairəsi çərçivəsində xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 50-yə yaxın Hökumətlərarası və Nazirliklərarası Saziş, Protokol, Memorandum və Proqram imzalanmışdır.

Əməkdaşlıq perspektivləri və yaradılan imkanlar

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiya mühüm rola malikdir. 2018-ci ilin fevral ayında isə Türkiyə Respublikasının əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyə Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında Əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilmiş və iclasın yekunu olaraq gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən Protokol imzalanmışdır.

Belarus Respublikası ilə də əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri genişlənir. 2018-ci ilin noyabr ayında prezident İlham Əliyevin Belarusa rəsmi rəsmi səfəri çərçivəsində 19 noyabr 2018-ci il tarixdə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Bu sənədlərdən biri kimi, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev və Belarusun əmək və sosial müdafiə naziri İrina Kosteviç “Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Respublikasının Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu” imzalamışlar.

Prezident İlham Əliyevin 2018-ci ilin oktyabr ayında imzaladığı Sərəncamla Azərbaycan Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın Azərbaycan tərəfindən yeni tərkibinin təsdiq edilib. Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Komissiyanın Azərbaycan Respublikası tərəfindən həmsədri təyin olunub. 2018-ci ilin noyabr ayında Buxarest (Rumıniya) şəhərində Müştərək Komissiyanın 5-ci iclası keçirilib. İclasda ticarət-iqtisadi əlaqələr və elmi-texniki sahədə əlaqələrin mövcud vəziyyəti, bu sahələrdə gələcək əməkdaşlıq istiqamətləri ətraflı müzakirə olunub, təkliflər səsləndirilib. Yekunda Müştərək Komissiyanın 5-ci iclasının nəticələrinə dair Protokol imzalanıb.

2018-ci ilin sentyabr ayında Astana şəhərində (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev konfrans çərçivəsində Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Madina Abılkasımova ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanaraq, “Azərbaycan və Qazaxıstan arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqda olduğu qeyd edilmişdir.

Beynəlxalq münasibətlərdə əmək qanunlarının reallığı

Azərbaycan dövləti əmək və əhalinin sosial müdafiəsi məsələsində Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təşkilata üzv dövlətlər arasında bir sıra sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələri genişlənir. Bu istiqamətdə mühüm tədbir kimi, 2013-cü ilin aprelində Bakı şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilmişdir. Konfransda İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı təşviq edən Çərçivə sənədi və digər siyasi sənədlər qəbul olunmuşdur. İƏT-in 56 üzv ölkəsindən 36 ölkənin təmsilçiləri, ümumən 200-dən çox nümayəndə, həmçinin beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri tədbirdə iştirak etmişlər. Prezident İlham Əliyevin İƏT-ə üzv dövlətlərin nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Azərbaycanda İƏT-in Əmək Mərkəzinin yaradılması barədə təklifi konfrans iştirakçıları tərəfindən məmnunluq hissi ilə qəbul edilərək yekdilliklə dəstəklənmişdir. Mərkəzin yaradılmasının ötən dövrdə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənməsinin əsasında Azərbaycanın ötən dövrdə dünyada İslam həmrəyliyinin güclənməsinə, müqəddəs İslam dəyərlərinin təbliğinə verdiyi mühüm töhfələrə, İƏT və üzv ölkələrlə fəal əməkdaşlıq əlaqələrinə görə ölkəmizin İslam aləmində daim artan nüfuzu dayanır. Təşkilatın Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanması tələb olunur. Ötən dövrdə Türkiyə və Azərbaycan Hökumətləri tərəfindən imzalanan sənəd Səudiyyə Ərəbistanı Hökuməti adından da imzalanmaqla, Nizamnaməni imzalayan ölkələrin sayı 3-ə çatıb.

İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək və ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

2018-ci ilin fevral ayında isə Azərbaycan Respublikası 2018-2020-ci illər üçün İslam Əməkdaşlıq Təşkilatının Əmək Məsələləri üzrə Rəhbər Komitəsinin üzvü seçilmişdir.

Azərbaycan hökumətinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildən etibarən Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT-in nümayəndəliyi açılmışdır. Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaların prinsipləri nəzərə alınmaqla ölkəmizdə ən mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilmişdir və bu qanunvericilik daim təkmilləşdirilir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair Azərbaycan Hökumətinin hesabatları müntəzəm olaraq BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur.

BƏT-lə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün “Layiqli əməyin təminatı üzrə Ölkə Proqramı” uğurla icra olunmuş, 2016-cı ilin 30 sentyabr tarixində isə Azərbaycan Hökuməti ilə Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul olunması və Azərbaycan Respublikasında Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd, 2017-ci ilin fevral ayında isə “Azərbaycan Respublikası Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanmışdır.

Beynəlxalq Əmək Konfransı Azərbaycanın mövqeyindən razıdır

BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə 2017-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyası zamanı BƏT-in rəhbərliyinə 2017-2020-ci illər üçün seçkilər keçirilib. Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb. Bu isə ölkəmizə həmin mötəbər qurumla praktik fəaliyyət sahələrini əhatə edən əməkdaşlıq müstəvisini daha da genişləndirməklə bərabər, bu Təşkilatın fəaliyyətində, onun siyasi qərarlarının verilməsində və əmək sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliği və yayılmasında yaxından iştirak imkanı yaradıb.

BƏT-lə əməkdaşlıqda daha bir addım olaraq, Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilmiş, layihə çərçivəsində son illərdə bir qrup ali təhsilli gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında əmək müqavilələri imzalanmasını nəzərdə tutan “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi icra olunmuşdur. Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasətin və əldə olunan uğurlu təcrübənin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin daha bir ifadəsi olaraq, BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilmişdir.

(ardı var)

“Hürriyyət”