Azərbaycanın beynəlxalq əmək təşkilatları ilə əməkdaşlığı - II YAZI

Azərbaycanın beynəlxalq əmək təşkilatları ilə əməkdaşlığı - II YAZI

Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət istiqamətlərindən biri də əmək, məşğulluq, əmək bazarının tənzimlənməsi, əhali sakinliyi və demoqrafiya, sosial təminat sahələri üzrə beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulması və inkişaf etdirilməsidir. Bununla bağlı olaraq nazirlik müxtəlif ölkələrin aidiyyatı qurumları və mötəbər beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq həyata keçirir. Faktiki olaraq ölkəmiz dünyanın 30-a yaxın ölkəsinin, Türkiyə, Rusiya, Qazaxıstan, Almaniya, Avstriya, Niderland, İsveç, Macarıstan, İtaliya, Bolqarıstan, Latviya, Gürcüstan, Türkmənistan, Belarus, Əfqanıstan, Özbəkistan, Moldova, Tacikistan və digər ölkələrin aidiyyəti qurumları ilə ikitərəfli əməkdaşlıq əlaqələr qurularaq inkişaf etdirilir. İndiyədək xarici ölkələrin aidiyyəti dövlət qurumları və beynəlxalq təşkilatlarla 50-yə yaxın hökumətlərarası və nazirliklərarası saziş, protokol, memorandum və proqram imzalanmışdır.

Ölkələrarası əmək və sosial sahədə əməkdaşlığın inkişaf yolları

Azərbaycanla Türkiyə arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinin inkişafında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiya mühüm rola malikdir. 2018-ci ilin fevral ayında isə Türkiyənin əmək və sosial müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Türkiyənin n Əmək və Sosial Müdafiə Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 9-cu iclası keçirilmiş və gələcək əməkdaşlıq istiqamətlərini əhatə edən protokol imzalanmışdır. Belarusla əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələri genişlənir. 2018-ci ilin noyabr ayında Azərbaycan prezidenti İlham Əliyevin Belarusa rəsmi rəsmi səfəri çərçivəsində 19 noyabr 2018-ci il tarixdə Azərbaycan-Belarus sənədlərinin imzalanması mərasimi olmuşdur. Bu sənədlərdən biri kimi, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirliyi və Belarusun əmək və sosial müdafiə nazirliyi “Azərbaycannın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Belarus Əmək və Sosial Müdafiə Nazirliyi arasında sosial-əmək sahəsində əməkdaşlıq məsələləri üzrə Anlaşma Memorandumu” imzalanmışlar.

Prezident İlham Əliyevin 2018-ci ilin oktyabr ayında imzaladığı sərəncamla Azərbaycan və Rumıniya hökumətləri arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə üştərək komissiyanın Azərbaycan tərəfindən tərkibi təsdiq edilib. Sərəncamla əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Komissiyanın Azərbaycan tərəfindən həmsədri təyin olunub. 2018-ci ilin sentyabr ayında Astana şəhərində (Qazaxıstan) “Əfqanıstanda qadınların hüquq və imkanlarının genişləndirilməsi” mövzusunda keçirilən regional konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi naziri Madina Abılkasımova ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi üçün geniş potensialın olduğu vurğulanaraq, “Azərbaycan və Qazaxıstan arasında pensiya təminatı sahəsində Saziş” layihəsinə də hazırda baxılmaqda olduğu qeyd edilmişdir.

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycan hökumətinin adından Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Beynəlxalq Əmək Təşkilatı (BƏT), BMT-nin İnkişaf Proqramı (BMT İP), Dünya Bankı (DB), Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT), BMT-nin Əhali Fondu (BMT ƏF), BMT-nin Uşaq Fondu (UNİCEF), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK), BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (BMT İHAK), Avropa İttifaqının TACİS Proqramı, EuropeAid və BQXK ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Bu əməkdaşlıq əmək, məşğulluq, əmək miqrasiyası, sosial müdafiə, əlillərin reabilitasiyası və s. sahələrdə birgə layihələrin həyata keçirilməsi ilə müşahidə olunur və ölkəmizdə həmin sahələrin inkişafına öz töhfəsini verir.

İslam Əməkdaşlıq Təşkilatı və Əmək Mərkəzinin yaradılması

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində təşkilata üzv dövlətlər arasında bir sıra sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də əməkdaşlıq əlaqələri genişlənir. Bu istiqamətdə mühüm tədbir kimi, 2013-cü ilin aprelində Bakı şəhərində İƏT-ə üzv dövlətlərin əmək nazirlərinin ikinci konfransı keçirilmişdir. Konfransda İƏT çərçivəsində əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlığı təşviq edən Çərçivə sənədi və digər siyasi sənədlər qəbul olunmuşdur. İƏT-in 56 üzv ölkəsindən 36 ölkənin təmsilçiləri, ümumən 200-dən çox nümayəndə və beynəlxalq təşkilatların, aidiyyəti dövlət qurumlarının məsul şəxsləri tədbirdə iştirak etmişlər. Azərbaycan prezidenti İlham Əliyevin İƏT-ə üzv dövlətlərin nümayəndə heyətləri rəhbərlərini qəbul edərkən Azərbaycanda İƏT-in Əmək Mərkəzinin yaradılması barədə təklifi konfrans iştirakçıları tərəfindən məmnunluq hissi ilə qəbul edilərək yekdilliklə dəstəklənmişdir. Mərkəzin yaradılmasının ötən dövrdə üzv ölkələr tərəfindən yekdilliklə dəstəklənməsinin əsasında Azərbaycanın ötən dövrdə dünyada İslam həmrəyliyinin güclənməsinə, müqəddəs İslam dəyərlərinin təbliğinə verdiyi mühüm töhfələrə, İƏT və üzv ölkələrlə fəal əməkdaşlıq əlaqələrinə görə ölkəmizin İslam aləmində daim artan nüfuzu dayanır. Təşkilatın Bakıda yaradılacaq beynəlxalq statuslu Əmək Mərkəzinin təsis edilməsi üçün onun Nizamnaməsinin 10 ölkə tərəfindən imzalanması tələb olunur. Ötən dövrdə Türkiyə və Azərbaycan hökumətləri tərəfindən imzalanan sənəd bu günlərdə artıq Səudiyyə Ərəbistanı krallığı hökuməti adından imzalanmaqla, nizamnaməni imzalayan ölkələrin sayı 3-ə çatıb. İƏT-in mənzil-qərargahı Bakı şəhərində yerləşəcək və ixtisaslaşmış qurumu olacaq Əmək Mərkəzinin əsas məqsədi əmək, məşğulluq, sosial müdafiə və insan kapitalının inkişafı sahəsində üzv dövlətlərin səylərinin birləşdirilməsi, üzv dövlətlərin müvafiq qurumlarının və digər aidiyyəti İƏT təşkilatlarının fəaliyyətinin əlaqələndirilməsi, üzv dövlətlərdə əmək şəraitinin yaxşılaşdırılması, sosial tərəfdaşlığın gücləndirilməsi, layiqli əməyin tətbiqi, məşğulluq imkanlarının genişləndirilməsi və dayanıqlı sosial müdafiə sisteminin formalaşdırılmasını təşviq etməkdən ibarətdir.

2018-ci ilin fevral ayında isə Azərbaycan Respublikası 2018-2020-ci illər üçün İslam Əməkdaşlıq Təşkilatının Əmək Məsələləri üzrə Rəhbər Komitəsinin üzvü seçilmişdir.

Konvensiyalar üzrə əməkdaşlıq

Azərbaycan hökumətinin Beynəlxalq Əmək Təşkilatı (BƏT) ilə səmərəli əməkdaşlığının nəticəsi olaraq 2002-ci ildən etibarən Rusiya, Qazaxıstan, Belarus və Ukraynadan sonra Azərbaycanda da BƏT-in nümayəndəliyi açılmışdır. Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində əsas insan hüquqlarını əhatə edən 8 təməledici və 4 prioritet Konvensiyasına, ümumilikdə 57 Konvensiyasına qoşulmuşdur. Bu Konvensiyaların prinsipləri nəzərə alınmaqla ölkəmizdə ən mütərəqqi beynəlxalq standartlara cavab verən milli əmək qanunvericiliyi qəbul edilmişdir və bu qanunvericilik daim təkmilləşdirilir. BƏT-in Konvensiyalarının ölkəmizdə tətbiqinə dair Azərbaycan Hökumətinin hesabatları müntəzəm olaraq BƏT-in Cenevrə şəhərində yerləşən mənzil-qərargahına təqdim olunur. BƏT-lə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün “Layiqli əməyin təminatı üzrə Ölkə Proqramı” uğurla icra olunmuş, 2016-cı ilin 30 sentyabr tarixində isə Azərbaycan və Beynəlxalq Əmək Təşkilatı arasında əməkdaşlıq çərçivəsində “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın qəbul olunması və Azərbaycanda Sosial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiyanın yaradılması barədə birgə sənəd, 2017-ci ilin fevral ayında “Azərbaycan Hökuməti ilə BMT Əhali Fondu arasında Ölkə Proqramının 2016-2020-ci illər üçün Fəaliyyət Planı” imzalanmışdır. BƏT-in üzv dövlətlərinin hökumət nümayəndələri və sosial tərəfdaşlarının iştirakı ilə 2017-ci ilin iyun ayında Beynəlxalq Əmək Konfransının Cenevrədə (İsveçrə) keçirilən 106-cı sessiyası zamanı BƏT-in Rəhbər Orqanına 2017-2020-ci illər üçün seçkilər keçirilmişdir. Beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının növbəti təzahürü kimi, Azərbaycan Respublikası dünyanın mötəbər qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv seçilib. Bununla da ölkəmiz BƏT-ə üzv olduğu 25 illik dövrdə ilk dəfə olaraq bu Təşkilatın Rəhbər Orqanında təmsil olunmaq hüququ qazanıb. Bu isə ölkəmizə həmin mötəbər qurumla praktik fəaliyyət sahələrini əhatə edən əməkdaşlıq müstəvisini daha da genişləndirməklə bərabər, bu Təşkilatın fəaliyyətində, onun siyasi qərarlarının verilməsində və əmək sahəsi üzrə beynəlxalq səviyyədə mütərəqqi təşəbbüslərin təbliği və yayılmasında iştirak imkanı yaradıb. BƏT-lə əməkdaşlıqda daha bir addım olaraq, Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilmiş, layihə çərçivəsində son illərdə bir qrup ali təhsilli gənclə işəgötürənlər arasında həmin gənclərin ilk 6 ay ərzində əmək haqlarının yarısının subsidiya şəklində BƏT-in maliyyə dəstəyi ilə ödənilməsi şərti əsasında əmək müqavilələri imzalanmasını nəzərdə tutan “Təhsildən məşğulluğa: gənc, ali təhsilli, ilk dəfə iş axtaranlara dəstək” pilot layihəsi icra olunmuşdur. Azərbaycanda gənclərin əmək bazarına çıxışının və məşğulluğunun dəstəklənməsi istiqamətində aparılan fəal siyasətin və əldə olunan uğurlu təcrübənin beynəlxalq səviyyədə yüksək dəyərləndirilməsinin daha bir ifadəsi olaraq, BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması məsələləri ilə bağlı dolğun hüquqi bazası, siyasi və praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan 41 ölkənin sırasına daxil edilmişdir. Ümumiyyətlə, Azərbaycan nümayəndə heyətləri hər il Beynəlxalq Əmək Konfransının sessiyalarında, bu çərçivədə müvafiq mövzularda aparılan müzakirələrdə də fəal iştirak edir, Azərbaycanda əmək və məşğulluq sahəsində aparılan dövlət siyasəti, əldə olunmuş uğurlar barədə dolğun məlumatlar təqdim edirlər.

BƏT-lə əməkdaşlığın bir istiqaməti də ölkəmizdə özünüməşğulluq proqramının icrası işlərini əhatə etmişdir. Belə ki, prezident İlham Əliyevin müvafiq sərəncamının icrası olaraq, ölkəmizdə işaxtaran və işsiz vətəndaşların özünüməşğulluğuna yönələn proqramın həyata keçirilməsi sahəsində BƏT-lə əməkdaşlığa xüsusi önəm verilmiş, BƏT-in dəstəyi ilə Azərbaycanda özünüməşğulluq proqramı üzrə beynəlxalq sertifikatlı təlimçilər qrupu formalaşmışdır.

Azərbaycan BƏT-in layihə və təşəbbüslərində də yaxından iştirak edir. Bu sahədə növbəti tədbir kimi, BƏT-in “Əməyin gələcəyi” təşəbbüsünə uyğun olaraq, ölkəmizdə əməyin gələcəyi ilə bağlı aktual məsələlərə həsr olunmuş silsilə tədbirlər və bu mövzuda Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının, aidiyyəti dövlət qurumlarının, elm və təhsil müəssisələrinin, beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə milli dialoqun yekunlarına dair konfrans keçirilmişdir.

(ardı var)

“Hürriyyət”