Azərbaycanın beynəlxalq münasibətlərinin inkişaf yolu

Azərbaycanın beynəlxalq münasibətlərinin inkişaf yolu

Azərbaycan müstəqil xarici siyasətini Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüzü, beynəlxalq münasibətlərdə ziddiyyətlərin kəskinləşməsi və gərginliyin artması, beynəlxalq hüququn norma və prinsiplərinin kobud pozulması ilə müşayiət olunan fəaliyyətlər, ölkəmizə yaxın regionlarda yeni münaqişə ocaqlarının yaranması, beynəlxalq terrorizm təhlükəsinin, dövlətlərin daxili işlərinə müdaxilə cəhdlərinin artması, o cümlədən yerləşdiyimiz regionun geosiyasi çətinlikləri şəraitində həyata keçirir. Həmçinin ölkəmizə qarşı davamlı şəkildə dezinformasiya və hibrid müharibə əməlləri aparılır. O da bəllidir ki, ölkəmizdə daxili təhlükə mənbələri mövcud deyil. Potensial təhlükələr ölkəmizin xaricində formalaşır. Çevik, praqmatik və tarazlaşdırılmış çoxşaxəli xarici siyasət ölkəmiz ətrafında xoşməramlı mühitin formalaşmasına, xaricdən olan hədə və təhdidlərin preventiv əsaslarla neytrallaşdırılmasına xidmət edir. Ona görə də bu gün Azərbaycan regionda sabitlik və təhlükəsizlik adası kimi tanınır.

Qarşılıqlı partnyorluq münasibətlərin inkişaf yoludur

Azərbaycanın milli maraqlarına əsaslanan müstəqil və çevik xarici siyasətin həyata keçirilməsində qonşu və digər dövlətlərin başçıları ilə görüşlər, yüksək səviyyəli dialoq və müzakirələr müstəsna əhəmiyyətə malik amildir. Daxili siyasətdə olduğu kimi, xarici siyasət məsələlərində də dövlət səviyyəsində Türkiyə, Rusiya, Böyük Britaniya, İsveçrə, Fransa, Xorvatiya, Belçika, Qazaxıstan, Qırğızıstan, Belarus və Türkmənistan olmaqla 16 rəsmi və işgüzar səfəri həyata keçirilib. Həmçinin Türkiyə, İran, Rusiya, İtaliya, Tacikistan, Makedoniya, Monqolustan, Albaniyanın dövlət başçıları, Almaniyanın Kansleri, Bolqarıstan, Gürcüstan və Slovakiyanın baş nazirləri, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü ölkəmizdə rəsmi və işgüzar səfərlərdə olub.

Faktiki olaraq, bu səfərlər nəticəyönümlü və praktiki xarakter daşıyır, strateji maraqlara əsaslanan qarşılıqlı faydalı əməkdaşlığın inkişafına xidmət edib. 2018-ci ildə prezident İlham Əliyevin qonşu dövlətlər Türkiyə, Rusiya və İranın dövlət başçıları ilə görüşləri, ikitərəfli əsasda həyata keçirilən səfərlər və mehriban qonşuluq əlaqələrimizin daha da inkişafında mühüm əhəmiyyət kəsb edib. Prezident İlham Əliyevin Avropa İttifaqının mənzil-qərargahına səfəri və Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Donald Tusk ilə görüşü, Aİ ilə Tərəfdaşlıq Prioritetləri sənədinin paraflanması və ABŞ-ın yüksək çinli nümayəndə heyətlərinin ölkəmizə səfərləri Azərbaycanın Aİ və ABŞ-la əməkdaşlığının daha da inkişafına təkan verib. Bundan əlavə, dövlət başçısının iştirakı ilə 2018-ci ildə xarici ölkələrlə 90-dan çox müqavilə, birgə bəyanat və digər bu qəbildən olan sənədlər imzalanıb. Bu sənədlər mahiyyət etibarilə ikitərəfli əməkdaşlığın müqavilə-hüquq bazasının genişlənməsinə xidmət edir. Xüsusilə onu da qeyd etməliyik ki, Azərbaycan üçün ən mühüm və strateji xarakter daşıyan

- Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya;

- “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yeddinci iclasının Protokolu”;

- “Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında strateji tərəfdaşlıq üzrə Birgə Fəaliyyət Planı”;

- Azərbaycan Respublikasının Prezidenti və Tacikistan Respublikasının Prezidentinin Birgə Bəyanatı;

- “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”;

- Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyanatı;

- Azərbaycan Respublikasının Prezidenti və Türkmənistan Prezidentinin Birgə Bəyanatı müstəsna rol oynamışdır.

Xəzər dənizinin su hövzəsinin status regional inkişafın təməlidir

2018-ci ildə Xəzər dənizinin hüququ statusu haqqında Konvensiyanın imzalanması Azərbaycanın, o cümlədən bütün Xəzəryanı dövlətlərin birgə nailiyyətidir. Region xalqları əsrlərboyu Xəzər dənizindən və onun resurslarından yararlansalar da, dənizin hüquqi statusunu tənzimləyəcək sənəd bu günədək mövcud olmamışdı. Məhz bu səbəbdən 2018-ci il avqustun 12-də Aktauda V Zirvə toplantısında dövlət başçıları tərəfindən imzalanmış Konvensiya ilk dəfə Xəzər dənizinin hüquqi statusunu müəyyən edərək, sahilyanı dövlətlərin dənizə münasibətdə hüquq və öhdəliklərini təsbit etdi. Zirvə toplantısında çıxışı zamanı dövlətimizin qeyd edildiyi kimi, Konvensiya Xəzər dənizində hərtərəfli hüquqi rejimi müəyyənləşdirmiş oldu. İmzalanan sənədlərdə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinin təsbit edilməsi gündəliyin prioritet mövzulardan biri oldu. Belə ki, qeyd olunan digər sənədlərdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətləri müəyyən olunmaqla bərabər, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək və münaqişənin məhz bu prinsiplər, o cümlədən BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri əsasında həll edilməsi bir daha öz təsbitini tapıb.

Ötən il Azərbaycan rəsmiləri ölkə xaricində əcnəbi nümayəndə heyətləri ilə 230-dan çox görüş keçirib. Amma buraya hələ mədəniyyət, sosial və idman təyinatlı nümayəndə heyətləri ilə görüşlər daxil deyil. Dövlətimizin başçısı dünyada iqtisadi-siyasi və maliyyə gündəliyinin formalaşdırılmasında mühüm rol oynayan Davos İqtisadi Forumu kimi nüfuzlu çoxtərəfli platformada, NATO-nun Brüssel Sammiti, həmçinin MDB və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının zirvə toplantılarında, Qoşulmama Hərəkatının Bakıda keçirilmiş nazirlər toplantısında və digər mötəbər tədbirlərdə çıxış edərək Azərbaycanın qlobal və regional problemlərlə əlaqədar fundamental baxışını ortaya qoyub. Diplomatik münasibətlərin vacib tərkib hissəsi kimi diplomatik yazışmalar və korrespondensiyadır. İl ərzində Prezident İlham Əliyevlə dünya liderləri arasında olan məktub mübadiləsi və digər bu qəbildən olan diplomatik yazışmaların sayı 750-dən çoxdur.

Ermənistandakı hərbi xuntanın devrilməsində Azərbaycanın rolu

2018-ci il, həmçinin Ermənistanda Serj Sarkisyanın rəhbərlik etdiyi hərbi xunta rejiminin iflası ilə yadda qalıb. Azərbaycanın yürütdüyü siyasət, Ermənistanın təcridi Serj Sarkisyan rejiminin tarix səhnəsindən silinməsini şərtləndirən vacib amillərdən olub.

Ermənistanda baş verən siyasi böhrana münasibətdə Azərbaycan tərəfi strateji təmkinini və yüksək siyasi mədəniyyətini nümayiş etdirdi. Ermənistanın yeni siyasi rəhbərliyinin danışıqlar prosesinin formatını dəyişmək və siyasi iddialar irəli sürmək cəhdlərinin qarşısı alındı. MDB-nin Düşənbədə keçirilmiş Sammiti çərçivəsində prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutmuş söhbət əsnasında danışıqların münaqişə tərəfləri olaraq Ermənistan və Azərbaycan arasında aparılması və danışıqların davam etdirilməsi bir daha təsbit edildi. Həmçinin MDB-nin Sankt-Peterburqda keçirilmiş qeyri-rəsmi Sammitində dövlətimizin başçısının Ermənistan baş naziri ilə növbəti söhbəti baş tutub. ATƏT-in Milanda keçirilmiş nazirlər toplantısında Minsk qrupunun həmsədrləri ilə birlikdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin qəbul etdikləri birgə bəyanat danışıqların mövcud format əsasında davam etdirilməsini bir daha təsdiq edərək Azərbaycan diplomatiyasının qalibiyyətini nümayiş etdirir. Konstruktiv siyasət və münaqişənin substantiv danışıqlar yolu ilə həll edilməsi mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir, ictimai açıqlamalarda və keçirilən görüşlərdə bu dəstək açıq şəkildə ifadə olunur. Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın haqlı mövqeyinə dəstəyin gücləndirilməsi istiqamətində ardıcıl siyasət davam etdirilib. Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun iştirakı ilə Brüsseldə paraflanmış Tərəfdaşlıq Prioritetləri sənədində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına dəstək öz əksini tapıb. Dövlətimizin başçısının iştirak etdiyi NATO-nun Brüssel Zirvə toplantısının nəticəsi olaraq qəbul edilmiş yekun bəyanatda Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə dəstək və münaqişənin bu prinsiplər əsasında həllinə çağırış edən mövqe bir daha ifadə olunub.

Azərbaycan tərəfinin qəti və ardıcıl siyasəti Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində də marginal vəziyyətə düşməsini şərtləndirib. Azərbaycan bu təşkilatın üzvü deyil, amma Ermənistanın bu təşkilatdakı statusundan sui-istifadə edərək yürütdüyü siyasətə münasibətdə ölkəmiz biganə qala bilməzdi. Nəticə etibarilə, bu təşkilatın statusuna xələl gətirən Ermənistan nümayəndəsi baş katib postundan uzaqlaşdırıldı və Ermənistanın bu vəzifəni əlində saxlamasına imkan verilmədi.


Cənubi Qafqazda regional stabillikdə Azərbaycanın yeri

Azərbaycan bu gün regional və qlobal problemlərin həllinə fəal şəkildə töhfə verən dövlətdir. Ölkəmiz transregional nəqliyyat və enerji layihələri ilə region və onun hüdudlarından kənarda sülhün, sabitliyin möhkəmlənməsinə əhəmiyyətli dəstəyini verir. Regional mənsubiyyət və məsuliyyət prinsiplərindən çıxış edərək ikitərəfli və üçtərəfli əməkdaşlıq mexanizmləri ilə regionda sülhü, sabitliyi və əməkdaşlığı gücləndirir.

Azərbaycan beynəlxalq münasibətlərdə qanunun aliliyinə əsaslanan iqtisadi və siyasi düzənin formalaşdırılmasının tərəfdarı kimi çıxış edir. Azərbaycan 2019-2022-ci illərdə dünyanın 120 ölkəsinin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edəcək. 2018-ci ilin aprelində Qoşulmama Hərəkatı üzv dövlətlərinin Bakıda keçirilmiş xarici işlər nazirlərinin toplantısında çıxış edən Prezident İlham Əliyev hərəkatın əsasını təşkil edən Banduq prinsiplərinə uyğun olaraq Azərbaycanın sədrliyinin prioritetlərini, beynəlxalq sülh və təhlükəsizliyi möhkəmləndirmək istiqamətində baxışını təqdim etdi. Yürüdülən siyasətin nəticəsidir ki, Azərbaycan bu gün həm də qlobal əhəmiyyətli strateji dialoq platforması rolunda çıxış edir. 2017-ci ildən etibarən Bakıda ABŞ və Rusiya, NATO və Rusiya hərbi rəhbərliyinin görüşlərinin keçirilməsi artıq ənənəvi xarakter daşıyır. Belə ki, 2017-ci ilin fevralında Amerika Birləşmiş Ştatlarının Baş Qərargahlar rəisi ilə Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş qərargah rəisi, 2017-ci ilin sentyabrında isə NATO-nun hərbi komitəsinin sədri ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi arasında Bakıda görüşlər keçirilib.

Azərbaycan beynəlxalq ictimaiyyətin layiqli və məsuliyyətli üzvü olaraq, bu formatda görüşlərin keçirilməsinə ev sahibliyi etməklə qlobal sülh və təhlükəsizliyin, silahlara nəzarət rejiminin möhkəmləndirilməsinə, beynəlxalq səviyyədə gərginliyin azaldılmasına və strateji dialoq və qarşılıqlı etimad mühitinin formalaşmasına öz töhfəsini verir.

Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi töhfələr çoxşaxəlidir. Onlardan biri mədəni körpülərin qurulmasına yönələn səylərimizdir ki, bu da Asiya və Avropa, Avropa ilə müsəlman dünyası arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA