Azərbaycanın BMT ilə əməkdaşlığının 27 illiyi

Azərbaycanın BMT ilə əməkdaşlığının 27 illiyi

Dövlət müstəqilliyimizə qovuşduqdan sonra ölkəmizin BMT üzvlüyünə qəbul edilməsinin 27-ci ili tamam olub. 1992-ci il martın 2-dən bu günə qədər tərəflər arasında əlaqələrin xüsusi dinamika ilə inkişaf etdiyi ilə bağlı ekspertlərin yekdil fikri vardır. Keçən müddətdə bütün sahələr üzrə Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatla əlaqələrini yüksələn xətlə inkişaf etdirib. Lakin müstəqilliyin ilk illərində BMT ilə münasibətlərdə problemlər mövcud idi. O dövrdəki rəhbərliyin siyasi naşılığı və bir sıra dairələrin təxribatçı fəaliyyəti nəticəsində ölkəmiz bu beynəlxalq təşkilatla fəal əməkdaşlıq edə bilmədi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə vəziyyət kökündən dəyişdi. O zamandan bu yana Azərbaycanla BMT arasında əməkdaşlıq həm sistemli xarakter aldı, həm də Azərbaycanın müstəqil dövlətçilik maraqlarına tam cavab verdi. Həmin kontekstdə Azərbaycan-BMT münasibətlərinin geosiyasi aspektinin analizi üzərində bir qədər geniş dayanmağa ehtiyac görürük.

Əməkdaşlığın zirvəsinə doğru

Böyük güclərin illərdir çarpışdığı bir təşkilatda düzgün mövqe tutmaq və milli dövlətçiliyi müdafiə etmək siyasi iradə, ustalıq və diplomatik bacarıq tələb edir. Azərbaycan nəinki hüquqlarını müdafiə edə bilirdi, hətta dövlət olaraq tarixdən silinməsi təhlükəsi ilə üzləşmişdi. Bunun səbəbi dolayı yolla naşı rəhbərlik və havadarlarının ciddi yardımı və istiqamətləndirmələri ilə Ermənistanın aramsız olaraq Azərbaycan torpaqlarını işğal etməyə çalışması idi. 1993-cü ilin iyun ayına qədər bu istiqamətdə Azərbaycan üçün çox əlverişsiz bir vəziyyət yaranmışdı. Məhz bu cür ağır, məşəqqətli və təhlükəli dövrdə tədricən bütün istiqamətlərdə dövlətin siyasəti sistemli və səmərəli xarakter almağa başladı. Azərbaycanın yeni rəhbərliyi aspektdə beynəlxalq təşkilatlarla, ilk növbədə isə BMT ilə əməkdaşlığa çox böyük önəm verdi. 1994 və 1995-ci illərdə BMT tribunasından çıxış edən dövlət başçısı Heydər Əliyev gənc Azərbaycanın müstəqil xarici siyasətinin və demokratik dövlət quruculuğu konsepsiyasının əsas məqamlarını dünyaya bəyan etdi. Məlum oldu ki, Cənubi Qafqazda yeni demokratik və sülhsevər bir dövlət yaranıb. Bu, Azərbaycan-BMT münasibətlərinin perspektivindən xəbər verirdi. Təcrübə göstərdi ki, rəsmi Bakı bu təşkilatla əməkdaşlığa ciddi diqqət yetirir və onun Nizamnaməsinə tam əməl edir.

Qeyd etdiyimiz kimi, böyük güclər arasında öncədən mövcud olan mövqe fərqliliyi bütün məsələlərdə BMT-nin ədaləti müdafiə etməsinə əngəllər törədirdi. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində erməni silahlı qüvvələrinin işğalı altında qalan torpaqların azad edilməsi məsələsi dolaşıqlığa salındı. BMT bu məsələ ilə bağlı dörd qətnamə qəbul etsə də, indiyə qədər onlara əməl olunmayıb. Azərbaycanın BMT-yə üzv qəbul olunmasının 27-ci ilində vəziyyətin bu şəkildə qallması, təbii ki, ürəkaçan deyil. Ölkə böyük ümidlərlə daxil olduğu nüfuzlu beynəlxalq təşkilatın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi sənədləri icra edə bilməməsini böyük üzüntü ilə qarşılayır. Bu, birbaşa BMT-nin Nizamnaməsinin pozulması və beynəlxalq hüquq normalarının tapdanmasıdır. Vəziyyətin bu cür olmasında BMT Təhlükəsizlik Şurasının üzvlərinin tutduqları mövqe az rol oynamır. Bu səbəbdəndir ki, hələ 1995-ci ildə BMT-nin 50 illik yubileyinə həsr olunmuş tədbirdə çıxış edən dövlət başçısı Heydər Əliyev təşkilatda ciddi islahatların aparılması zərurətini vurğulamışdı. Nitqində Ulu öndər xüsusi olaraq qeyd etmişdi ki, geosiyasi qaydalar dünyada yeni əsaslara keçməlidir və bu prosesdə BMT ayrıca rol oynamalıdır. Xüsusilə BMT TŞ-nin fəallığı və obyektivliyi yüksəldilməlidir. Çünki Təhlukəsizlik Şurası beynəlxalq huququn əsas prinsiplərinin pozulması faktlarına kollektiv reaksiya prosesinin sistemli olaraq formalaşdırılmasında çox vacib funksiya yerinə yetirməlidir. Həmin normaların pozulması isə beynəlxalq sulhə və təhlukəsizliyə ciddi təhdiddir.

Çoxşaxəli əlaqələr: reallaşan uğurlu proqramlar

Azərbaycanın BMT ilə əməkdaşlığı yeni səviyyədə sistemli xarakter aldı. Nəticədə, Azərbaycan BMT-nin müxtəlif orqanları ilə səmərəli əməkdaşlıq əlaqələri qura bildi. Ölkəmiz onun seçkili orqanlarında, alt komitələrində, ixtisaslaşmış və digər qurumlarında kifayət qədər fəaldır. Azərbaycan 1995-ci ildən başlayaraq BMT-nin çox sayda komissiya və şurasına üzv qəbul edilib və orada kifayət qədər aktiv fəaliyyət göstərir. Həmin komissiyalar sırasında UNESCO-nu, UNICEF-i, ECOSOC-u, habelə Qadınların vəziyyəti haqqında Komissiyanı, İnsan Hüquqları Komissiyasını, Dünya Səhiyyə Təşkilatı İcraedici Şurasını və başqalarını göstərmək olar. Bunlardan başqa, Azərbaycan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin Heyətinə, BMT-nin Təhlükəsizlik Şurasına və Ümumdünya Turizm Təşkilatının İcra Şurasına üzv seçilib. Azərbaycan BMT-nin Davamlı İnkişaf üzrə Komissiyasının da üzvüdür. BMT-nin ixtisaslaşmış və digər qurumları ilə də yaxın əməkdaşlığı diqqəti çəkir. BMT-nin İnkişaf Proqramı, Qaçqınlar üzrə Ali Komissarlığı, Uşaq Fondu, Təhsil, Elm və Mədəniyyət Təşkilatı, Sənaye İnkişaf Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı ilə daim inkişaf edən əlaqələri göstərə bilərik. Azərbaycan UNESCO ilə də sıx əməkdaşlıq edir. BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan bu qurumla əlaqələr üzərində bir qədər geniş dayanmaq olar. 1994-cü ildə prezident Heydər Əliyevin sərəncamı ilə Azərbaycanın UNESCO nəzdində Milli Komissiyası təsis edilib. Elm, təhsil və mədəniyyətin dünya miqyasında əhəmiyyətini nəzərə alaraq Azərbaycan rəhbərliyi bu prosesə xüsusi diqqət yetirib.

1996-cı ildə dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 500 illik yubileyi Parisdə – UNESCO-nun qərargahında təntənə ilə qeyd edilmişdi. 2000-ci ildə isə "Kitabi-Dədə Qorqud" dastanının 1300 illik yubileyi orada təşkil edildi. Bütövlükdə UNESCO-nun Yubileylər Proqramı çərçivəsində onlarca yubiley tədbiri beynəlxalq səviyyədə qeyd edilib. Azərbaycanın maddi-mədəni irs nümunələri – İçərişəhər, Qız qalası və Şirvanşahlar Saray Kompleksi və Qobustan Qaya Sənəti Mədəni Landşaftı UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib. Bundan başqa, Azərbaycan muğamı, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti, eləcə də tar və onun ifaçılıq sənəti Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınıb. Çovkən ənənəvi atüstü oyunu da UNESCO-nun Təcili qorunmaya ehtiyacı olan Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. Bunlara bir sıra görkəmli Azərbaycan alim, filosof və mədəniyyət xadimlərinin yubileylərinin təşkil edilməsini də əlavə etmək olar. Deyilənlər Azərbaycanın elm, təhsil və mədəniyyət sahəsində BMT ilə əməkdaşlıq etdiyini təsdiqləyən konkret faktlardır.

Yeni mərhələ: Siyasi iradə və düşünülmüş əməkdaşlıq kursu

2003-cü ildə BMT Baş Assambleyasının 58-ci sessiyasında Azərbaycan çıxış edən İlham Əliyev BMT Təhlükəsizlik Şurasının şəraitə uyğun çevik və adekvat münasibət göstərə bilməməsini qeyd etmişdi. Bunun beynəlxalq aləmdə mürəkkəb proseslərin cərəyan etdiyi dövrdə üzvlər arasında qarşılıqlı anlaşılmazlıqların meydana çıxması fonunda baş verməsini və BMT TŞ-də müəyyən islahatların zəruri olduğunu ifadə etmişdi. Konkret olaraq, İlham Əliyev BMT mexanizmlərinin yenidən işlənməsinə olan ehtiyacı açıq ifadə etmişdi. O cümlədən Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququna yenidən baxılması təklifini irəli sürmüşdü. Bundan bir il sonra prezident kimi İlham Əliyev BMT Baş Assambleyasının 59-cu sessiyasında (2004-cü ilin sentyabrı) çıxış edərkən vurğulamışdı ki, "təkmilləşdirilmiş Təhlükəsizlik Şurası daha geniş tərkibli, daha çox məsuliyyətli və demokratik, onun iş metodları daha şəffaf olmalı, XXI əsrin yeni təhdidləri, riskləri və təhlükələrinə daha operativ cavab verilməlidir".

Dövlət başçısı həmin sessiyada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamənin yerinə yetirilmədiyini diqqətə çatdırdı. Dövlət başçısı onların həyata keçirilməsinin BMT TŞ üçün vacib olduğunu ifadə etmişdi. Bundan sonra, oktyabrın 29-da BMT Baş Assambleyasının sessiyasında Azərbaycan nümayəndə heyətinin təşəbbüsü ilə "Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət" adlı məsələ iclasın gündəliyinə salındı. Bu fəaliyyətin məntiqi nəticəsi olaraq Baş Assambleyanın 2006-cı il sentyabrın 7-də keçirilən 60-cı sessiyasının 98-ci plenar iclası və 2008-ci il martın 14-də keçirilən 62-ci sessiyanın 86-cı plenar iclasında "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı qətnamələr qəbul edildi. Bu sənədlərdə Təhlükəsizlik Şurasının məlum qətnamələrinə istinad edilir və göstərilir ki, Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərin məskunlaşdırılması qəbuledilməzdir. Bundan əlavə, işğal edilmiş Azərbaycan torpaqlarında ermənilərin təxribatlar törətməsi, dağıntılar yaratması, təbiətə zərər vurması qətiyyətlə pislənilir.

Sülh və təhlükəsizlik üçün atılan addımlar

Azərbaycan-BMT əməkdaşlığında sülh və təhlükəsizlik məsələləri üzrə əlaqələr də xüsusi yer tutur. Azərbaycan BMT orqanlarında sülh və təhlükəsizlik məsələlərinə dair siyasi müzakirələrdə aktiv iştirak edir. Bakı BMT-nin mandatı ilə həyata keçirilən praktiki fəaliyyətə töhfə verir. Bu baxımdan Azərbaycanın BMT çərçivəsində terrorizmə qarşı aparılan mübarizədə fəal iştirakı ayrıca vurğulanmalıdır. Ölkəmiz BMT TŞ-nın Terrorizmə qarşı Komitəsi ilə yaxından əməkdaşlıq edir və ona Azərbaycanda terrorizmə qarşı mübarizə sahəsində görülən tədbirlər haqqında müvafiq hesabatlar təqdim edir. Azərbaycan-BMT münasibətlərindən bəhs edərkən Azərbaycan Respublikasının 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə keçirilən seçkilərdə Şərqi Avropa dövlətləri qrupundan namizədliyinin irəli sürülməsini unutmaq olmaz. Azərbaycan seçkilərdə 155 səs əldə edərək BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçildi. İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında Təhlükəsizlik Şurasının iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biridir. Bu, həm də Azərbaycanın beynəlxalq aləmdə çəkisinin artması və ayrılıqda BMT-də böyük etibar qazanmasının əlaməti idi. Azərbaycan sivil, demokratik və əməkdaşlığa üstünlük verən dövlət kimi BMT çərçivəsində siyasi, iqtisadi və mədəni sahələrdə həyata keçirilən proqramların bəşəriyyətin rifahına xidmət etməsi naminə də fəallıq göstərir. Bu məsələdə ölkəmiz geosiyasi, siyasi və təhlükəsizlik aspektləri arasında uyğunluq yaradılmasına çalışır. Məsələn, Azərbaycan BMT-nin davamlı inkişafa aid proqramlarında iştirak edir. Bu baxımdan 2015-ci il BMT sammitində növbəti 15 il ərzində (2030-cu ilə qədər) qlobal inkişafa dair bır sıra konkret hədəflərin (17 Davamlı İnkişaf Məqsədi üzrə 169 hədəf) müəyyən edilməsi xüsusi vurğulanmalıdır. Azərbaycanın bu istiqamətdə BMT ilə əməkdaşlığı iqtisadi artım, yoxsulluğun ləğvi, ərzaq təminatı, təhsil, ətraf mühit, gender bərabərliyi və s. kimi mühüm inkişaf məsələlərini əhatə edir. Şübhə yoxdur ki, həmin kontekstdə Azərbaycan-BMT əməkdaşlığı uzunmüddətli olacaqdır.

Beləliklə, BMT ilə Azərbaycanın əməkdaşlığı 27 ildir ki, yüksələn xətt üzrə inkişaf edir və güclənir. Bu, həm nüfuzlu beynəlxalq təşkilat üçün, həm də Azərbaycan üçün faydalıdır. Azərbaycan artıq dünyanın nüfuzlu təşkilatlarında öz yeri, rolu və müstəqil mövqeyi olan ölkə kimi qəbul edilir.

“Hürriyyət”