Azərbaycanın BVF ilə əməkdaşlığı və müasir durum

Azərbaycanın BVF ilə əməkdaşlığı və müasir durum

Azərbaycanın BVF ilə əməkdaşlığının əsasları və ilkin şərtləri. İki əsrə yaxın müstəmləkə şəraitində yaşayan Azərbaycanda keçən yüzilliyin 70- ci illərində və 80-ci illərinin birinci yarısında mərhum prezident Heydər Əliyevin fəaliyyəti nəticəsində mövcud məhdudiyyətlərin çoxu dəf edilərək respublika iqtisadiyyatının yüksək və hərtərəfli inkişafına nail olundu. Bu hadisə göstərdi ki, müstəmləkə rejiminin yaratdığı hər cür yasaqlara baxmayaraq, nəinki Azərbaycan iqtisadiyyatının artım imkanları böyükdür, hətta o, müstəqil yaşamaq üçün geniş resurs potensialına da malikdir. Yeni şəraitə uyğun olaraq normativ - hüquqi baza yaradıldı və iqtisadiyyatda genişmiqyaslı islahatlar və özəlləşdirmə proqramları həyata keçirildi. Torpaq islahatları nəticəsində fermer təsərrüfatları sistemi formalaşdırıldı, əkin sahələrinin qismən bərpası təmin edildi, nəticədə bir sıra sahələrdə əvvəlki yüksək yığım səviyyələrindən də artıq məhsul istehsal edildi. Nəqliyyatda, tikintidə, xidmət sahələrində özəlləşdirmənin nəticələri istehsalın həcmini xeyli artırmaqla yanaşı, əhalinin məşğulluq səviyyəsini də yüksəltdi. Maliyyə, pul - kredit siyasəti, vergi və gömrük əməliyyatlarının bazar iqtisadi sisteminə uyğunlaşdırılması iqtisadiyyatın təkmilləşdirilməsinə səbəb oldu, ölkədə sahibkarlıq fəaliyyəti daha da genişləndi.

Beynəlxalq müstəvidə maliyyə əlaqələrində regional təhlükəsizlik

Beynəlxalq iqtisadi əməkdaşlıq Azərbaycanda məhsuldar qüvvələrin ən vacib inkişaf amillərindən birinə çevrildi. Beynəlxalq təşkilatlara üzv olmaq üçün və hər bir ölkə daxili qanunvericilik bazasını təkmilləşdirirdi. Azərbaycanda da beynəlxalq maliyyə təşkilatlarına üzv olmanın qanunvericilik bazası təkmilləşdirilmişdir. Buna misal olaraq “Beynəlxalq müqavilələrinin bağlanması, icrası və ləğv edilməsi qaydaları haqqında” 13 iyun 1995-ci il tarixli 1057 saylı Azərbaycan Respublikasının Qanunu (14 iyul 2010-cu il tarixli 295 saylı Fərmanı ilə dəyişikliklər edilmişdir), “AR-nın beynəlxalq müqavilələrinin bağlanması və ya ləğv edilməsi haqqında təkliflərin mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında AR Prezidentinin 19 yanvar 2011-ci il tarixli 373 nömrəli Fərmanı, “Beynəlxalq maliyyəkredit təşkilatlarında AR-nın nümayəndələrinin təyin edilməsi haqqında AR Prezidentinin 20 fevral 2003-cü il tarixli Fərmanı”nı göstərmək olar. Bildiyimiz kimi Azərbaycan 1991-ci ildə müstəqillik əldə etdiyi zaman artıq hələ bir neçə il əvvəldən ölkədə iqtisadiyyatın əksər sektorları üzrə inkişaf əhəmiyyətli dərəcədə azalmışdır. Bu istiqamətdə iqtisadi inkişaf 1991-ci ildən sonra daha da zəiflədi. Nəticədə 1992-1993-cü və 1994-cü illərdə iqtisadiyyat bütövlükdə böhran vəziyyətə düşmüşdü ki, bu da istehsalın azalması ilə əlaqədar ÜDM-in həcminin hər təxminən 20% aşağı düşməsi ilə müşaiyət olunurdu. Bu da öz növbəsində təbii şəkildə ölkədən kapital axınına və əvvəlki dövrlərdə yaradılmış infrastrukturanın da talanaraq xaricə satılmasına səbəb oldu. Nəticədə tüğyan edən inflyasiya istər əhali, istərsə də dövlət üçün ən böyük problemə çevrilmişdi. Əsas səbəb isə yuxarıda qeyd olunduğu kimi tələb və təklif arasında fərqin yaranması idi. Burada ən böyük məsuliyyət dövlətin üzərinə düşürdü. Əslində dövləti də tam günahkar saymaq olmazdı. Çünki, birncisi sabit dövlət yox idi, ikincisi dövlətə tabe orqanların və iri müəssisələrin olmasına baxmayaraq de fakto onların böyük hissəsi işlək deyildi. Belə şəraitdə isə dövlət praktiki gücə sahiblikdən məhrum olur. Sivil bazar iqtisadiyyatı ölkələrində belə durumda əhalinin sosial vəziyyəti pis olmaya da bilər. Çünki orada iqtisadiyyat dövlətin yox sahibkarların yəni,insanların üzərində qurulub. Bizdə isə istehsalla məşğul olmaq üçün nə dövlətdə, nə də sahibkarda güc yox idi. Hesab edirəm ki, heç sahibkarın özü belə yox idi. Digər tərəfdən də effektli nəzarətin olmaması maliyyə sahəsində müsbət irəliləyişlərə imkan vermirdi. Bütün bunlar 1993-cü ilin sonunadək davam etdi. 1994-cü ilin birinci yarısında müəyyən stabillik əldə olunmuşdu, lakin, ilin sonuna doğru inflyasiya yenidən artmağa başladı və noyabr-dekabr aylarında 50%-ə çatdı. Aylıq inflyasiya isə həmin il üçün 29%-lə müşahidə olunurdu. 1995-ci ildə isə maliyyə siyasətinin daha da sərtləşdirilməsi və həyata keçirilən məqsədyönlü siyasət nəticəsində artıq mart 1995-ci ildə aylıq infiliyasiya 3%-ə enmişdi. Əlbətdə Azərbaycan dövləti həm infiliyasiyanın qarşısını ala bilməzdi, həm də iqtisadi islahatlar keçirməkdə çətinlik çəkirdi. Bu baxımdan ölkəmizin bir sıra iqtisadi qurumlara üzv olması onun üçün çox böyük iqtisadi və siyasi əhəmiyyətə malik olduğunu 1994-96-cı illərdə bir daha göstərdi. Bu qurumlardan ilki və ən mühümlərindən biri Beynəlxalq Valyuta Fondudur (BVF).

İqtisadi yüksəlişə doğru atılan addımların strateji hədəfləri

90-cı illərin əvvəllərində hələ İEOÖ sırasına çatmağa uzun yolu olan Azərbaycan üçün isə BVF-nun xidmətləri daha çox zəruri idi. Bu qeyd ediləni artıq zaman özü sübut edib, lakin bir neçə səbəb üzərində dayanaq:
1. Bazar iqtisadiyyatına yenicə “düşmüş” bir ölkə üçün məsləhət xarakterli görüşlər əhəmiyyətlidir. Lakin qeyd edim ki, hər bir ölkə müstəqildi və BVFnun məsləhətlərini uyğun bilirsə əməl edə bilərdi.
2. Azərbaycan maliyyəyə olan ehtiyacını özü çətin qarşılaya bilərdi.
3. Azərbaycan o dövrdə təbii ehtiyatlarının genişliyinə baxmayaraq kasıb ölkə idi (adambaşına gəliri, sosial vəziyyəti çox aşağı idi), deməli PRGF (Yoxsulluğun Azaldılması və İqtisadi Artımın dəstəklənməsini maliyyələşdirmə mexanizmi) üzrə kreditlər ala bilər. Bu kreditin isə faizi əvvəlki fəsillərdə qeyd etdiyimiz kimi 0,5%-dən yüksək deyil.
4. Hər dəfə BVF Azərbaycana kredit verdikdə əslində o, həm də xarici investorlara sübut etmiş olurdu ki, Azərbaycan hökuməti onun razılaşdığı iqtisadi siyasəti həyata keçirəcək. Nəticədə ölkəmizə beynəlxalq aləmdə müəyyən əminlik yaranırdı.
Bütün bunları nəzərə alaraq deyə bilərik ki, BVF-na üzv olmaqla Azərbaycan həm öz iqtisadi inkişafına, həm də beynəlxalq iqtisadi inteqrasiyaya yardım etmişdir. Müstəqillik illərində Beynəlxalq Valyuta FondununAzərbaycanda fəaliyyəti və iqtisadi islahatların həyata keçirilməsində iştirakı. Azərbaycanın beynəlxalq maliyyə təşkilatları ilə münasibətlərinin əsasları əvvəlki bölmədə qeyd edildiyi kimi 20-ci əsrin son 10 illiyindən - Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra başlayır. Belə ki ilk olaraq 1992-ci il sentyabrın 18-də Azərbaycan Beynəlxalq Valyuta Fondunun üzvü olmuşdur. Azərbaycanın BVF-də kvotası 160,9 miyon SDR və ya BVF-nin ümumi kvotasının 0,07%-i, səs hüququ isə 2346 və ya ümumi səslərin 0,09%-I həcmindədir. Təbii ki, müstəqil iqtiasdi siyasətə malik bir dövlət kimi respublikamızın iqtisadi vəziyyəti stabilləşdirmək və inkişafı bərpa etmək üçün fondun dəstəyindən istifadə olunması çox önəmli idi. Ona görə də fonda üzv kimi daxil olmağın çox böyük əhəmiyyəti vardır. BVF-nin Direktorlar Şurası 1992-95-ci illərdə 20-dək müxtəlif missiyalar vasitəsilə Azərbaycanda aparılan iqtisadi islahatlarla yaxından tanış olduqdan və onun əsaslarını təhlil etdikdən sonra, islahatlar xəttinin müvafiq şəraitə uyğun olmasını nəzərə alaraq, bütövlükdə bəyənmişdir.

STF xətti və inkişafın artan düsturları

Bu strateji xəttin dəstəklənməsini həyata keçirmək məqsədilə Direktorlar Şurası 1995-ci ilin aprelin 19-da Azərbaycana ilk kredit ayrılması barədə öz razılığını bildirmişdir. Bu kredit “STF” xətti – “Sistemli Transformasiyanın maliyyələşdirilməsi” mexanizmi üzrə ayrılmışdır və ümumi məbləği 58,5 milyon SDR (təxminən 89 milyon ABŞ dolları) təşkil etmişdir. Azərbaycanın təcrübəsində beynəlxalq maliyyə institutlarından alınmış ilk borc olan “STF” kredit mexanizminin əsas məqsədi makroiqtisadi stabilliyin yaradılması və sistemli islahatların başlanması idi. Kredit iki mərhələdə həyata keçirilmişdir.
1. 1995-ci ilin apreli – 46 milyon ABŞ dolları;
2. 1995-ci ilin noyabrı – 43 milyon ABŞ dolları.
Sistemli Transformasiyanın maliyyələşdirilmsi mexanizmi Azərbaycan hökumətinin 1995-ci ildə iqtisadi artımın bərpası üçün vacib tədbirlərin, o cümlədən qiymətlərin stabilləşdirilməsi, inflyasiyanın tempinin aşağı salınması və bütövlükdə struktur islahatlarının başlanması kimi tədbirləri nəzərdə tutan proqramın yaranmasını tələb edirdi. Hökumətin bu məqsədlə qəbul etdiyi ilk iqtisadi proqramın əsas məqsədləri aşağıdakılar qəbul edilmişdir.
1. Real məcmu daxili məhsulun aşağı düşməsinin 6%-lə məhdudlaşdırılması;
2. İlin sonuna qədər aylıq infilyasiyanın tempinin 2%-ə qədər endirilməsi;
3. Cari əməliyyatlar üzrə kəsrlərin daxili məhsulun 10%-dən yuxarı olmamasının və Mərkəzi Bankın xarici ehtiyatlar üzrə mövqeyinin möhkəmlənməsinin təmin edilməsi. Yuxarıda göstərilən məqsədlərə nail olmaq üçün hökumət büdcə kəsirini azaltmalı və səviyyəsini 1994-cü illə müqayisədə 1995-ci ilin sonunda ÜDM-in 4,8%-i həcminə endirməlidi. Hökumət proqramı 1995-96-cı illərdə bir sıra digər proqramları nəzərdə tuturdu ki, onların içərisində xəzinədarlıq sisteminin yaradılması, dövlət xərclərinin azaldılması və sərt pul-kredit siyasətinin formalaşdırılması mühüm əhəmiyyətə malik idi. Proqram 1996-cı ilin sonuna kimi inflyasiyanın aylıq artım tempini 1%-ə endirmək və iqtisadi artıma nail olmaq kimi məqsədləri qarşıya qoymuşdur. Makroiqtisadi stabilləşdirmə sahəsində dövlət tərəfindən güclü nəzarətin təsiri və BVF-nun etdiyi tövsiyələrin və stabilləşdirmə prosesinə verdiyi maliyyə yardımı nəticəsində əldə edilmiş müvəffəqiyyətlər gələcək üçün (konkret olaraq 1996-1997-ci illər üçün) zəmin və əsaslı rol oynadı. Belə ki, 1995-ci ilin sonu üçün inflyasiya tempinin sabit qalması, tədiyyə balansının kəsrinin azalması bu sahələrdə verilən proqnozların özünün doğrultmasını isbat edirdi. Azərbaycanda baş verən dəyişiklikləri nəzərə alaraq BVF bu naliyyətləri davam etdirmək və gələcək iqtisadi islahatlar proqramını dəstəkləmək məqsədilə 1995-ci ilin noyabrında Azərbaycana “Stend bay” mexanizmi üzrə vəsait ayrılmasına qərar verdi.

(ardı var)

“Hürriyyət”