Azərbaycanın çoxtərəfli diplomatik inkişaf siyasəti

Azərbaycanın çoxtərəfli diplomatik inkişaf siyasəti

Ölkəmizin beynəlxalq siyasətdə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi

Dövlətlərarası münasibətlərin əsasını suveren dövlətlər arasındakı münasibətlər təşkil edir. Heç də təsadüfi deyil ki, dövlətimizin başçısı tərəfindən Azərbaycanın dünya ölkələri ilə ikitərəfli əlaqələrinin inkişaf etdirilməsi xarici siyasətimiz qarşısında prioritet vəzifə kimi qoyulub. Azərbaycanın 2012-ci ildə 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi ölkəmizin dünya ölkələri ilə uğurlu ikitərəfli əlaqələrə malik olmasının göstəricisidir. İkitərəfli əlaqələrin inkişaf etdirilməsində qonşu dövlətlərlə hərtərəfli əməkdaşlıq prioritet istiqamətlərdən biridir. Ermənistan istisna olmaqla, bu gün bütün qonşu dövlətlərlə Azərbaycanın ikitərəfli siyasi, iqtisadi, humanitar və digər əlaqələri ardıcıl surətdə inkişaf edir. Qonşu dövlətlərlə ikitərəfli əməkdaşlığımız regional əməkdaşlıq mexanizmi olaraq üçtərəfli formatlarda da davam etdirilir.
Mərkəzi Asiya, MDB ölkələri, ərəb-İslam dünyası, Cənub-Şərqi Avropa və Avropa İttifaqına üzv dövlətlər, Asiya ölkələri, Şimali və Cənubi Amerika və Afrika qitəsi ölkələri ilə əlaqələrimiz qarşılıqlı faydalı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Bu xüsusda, MDB və İƏT-ə üzvlüyümüz, Avropa İttifaqı ilə institusional əlaqələr, Ərəb Dövlətləri Liqası, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı yanında müşahidəçi statusumuz, “Asiyanın ürəyi - İstanbul prosesi”ndə fəal iştirakımız, Şanxay Əməkdaşlıq Təşkilatının Dialoq Tərəfdaşı statusumuz üzv dövlətlərlə ikitərəfli əməkdaşlığımızın inkişafı üçün əlverişli zəmin yaradır.

Beynəlxalq inkişafa töhfə vermək

İkitərəfli əlaqələrin inkişaf etdirilməsi məqsədilə diplomatik təmsilçiliyimizin coğrafiyası genişlənir. Azərbaycanın Livanda, Əlcəzair və İraqda diplomatik nümayəndəliyini qurması nəticəsində hazırda dünya boyunca Azərbaycanın 80-dən artıq diplomatik nümayəndəliyi mövcuddur. Çoxtərəfli diplomatiyanın inkişaf etdirilməsi prosesində Azərbaycan universal beynəlxalq təşkilat kimi BMT və onun ixtisaslaşmış təsisatları ilə əməkdaşlığa, BMT-nin ali orqanları olan Təhlükəsizlik Şurası və Baş Assambleyanın dövrün islah edilməsi və effektivliyinin artırılmasına xüsusi önəm verir. Birləşmiş Millətlər Təşkilatı beynəlxalq sülh və təhlükəsizliyin qorunub saxlanılması, dövlətlər arasında dostluq münasibətlərinin inkişaf etdirilməsi və beynəlxalq əməkdaşlığa nail olunması kimi nəcib məqsədlər naminə universal təşkilat kimi mühüm rol oynamaqdadır. 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə öz mühüm töhfəsini verdi. Azərbaycanın təşəbbüsü ilə ilk dəfə BMT Təhlükəsizlik Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında birgə iclas keçirildi. Azərbaycan BMT Baş Assambleyasında keçirilmiş səsvermədə iştirak edən 184 üzv dövlətdən 176-nın səsini qazanmaqla 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçildi. ECOSOC davamlı inkişafa dair peşəkar müzakirələr aparmaq üçün mərkəzi platforma olmaqla, beynəlxalq inkişafa töhfə vermək üçün əlavə imkana sahib çıxıb.
BMT Baş Assambleyasından sonra 120 dövlətin iştirak etdiyi Qoşulmama Hərəkatı ən böyük beynəlxalq platformadır. 2011-ci ildə Azərbaycan Qoşulmama Hərəkatına üzv oldu. Qoşulmama Hərəkatı yarandığı tarixdən bəri beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır. Mövcud olduğu 50 ilə yaxın müddət ərzində Hərəkata üzv dövlətlər ortaq prinsip və dəyərləri qoruyub saxlayıb və qarşılıqlı əməkdaşlığa gətirib çıxaran fəaliyyət üçün ortaq zəmin yaratmaq bacarığı nümayiş etdirib.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının bu il sentyabrın 13-18-də Venesuelada keçirilmiş XVII Sammitinin yekun sənədində 2019-cu ildə XVIII Zirvə toplantısının Azərbaycanda keçirilməsi barədə qərar qəbul olunub. 2019-cu ildə Bakıda keçiriləcək XIX Sammit həm də rəmzi xarakter daşıyacaq. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən ev sahibliyi imkanı qazanacaq. 2019-2022-ci illər ərzində Azərbaycan Qoşulmama Hərəkatına sədrlik edəcək.

Tamhüquqlu üzvlük və yeni dividentlər

Azərbaycan tamhüquqlu üzv olduğu regional beynəlxalq təşkilatlar çərçivəsində də fəallıq nümayiş etdirir və yeni əməkdaşlıq formalarının müəyyən edilməsi üçün təkliflərlə çıxış edir. Bu xüsusda, ATƏT, Avropa Şurası, İƏT, MDB, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, İqtisadi Əməkdaşlıq Təşkilatı, GUAM, QDİƏT və başqaları qeyd oluna bilər. Azərbaycanın xarici iqtisadi əlaqələrinin inkişaf etdirilməsi, ölkənin iqtisadi potensialının xaricdə təşviq olunması, qeyri-neft sektorunun şaxələndirilməsi, ixracın təşviqi və genişləndirilməsi, xarici sərmayələrin ölkəmizə cəlb edilməsi, tərəfdaş ölkələrə Azərbaycan sərmayələrinin yatırılmasının təşviqi, Azərbaycanın və xarici ölkələrin dövlət və işgüzar dairələrinin nümayəndələrinin səfərlərinin təşkili, iqtisadi əməkdaşlıq üzrə Azərbaycanın xarici dövlətlərlə birgə hökumətlərarası komissiya və işçi qruplarının iclaslarının keçirilməsi, ölkəmizdə istehsal olunan məhsul və xidmətlərin yeni bazarlara çıxarılması, eyni zamanda, xarici ölkələrdə tətbiq olunan müasir texnologiyaların ölkəmizə cəlb edilməsi ikitərəfli əməkdaşlıqda əsas istiqamətlərdir.
Bu istiqamətdə Xarici İşlər Nazirliyi İqtisadiyyat Nazirliyi və digər aidiyyəti dövlət qurumları ilə birlikdə Hökumətlərarası Birgə Komissiyaların iclaslarının keçirilməsi, biznes forumların təşkil edilməsi üçün iş aparır. İkitərəfli iqtisadi əlaqələrin inkişaf etdirilməsində turizm sahəsində əməkdaşlıq da mühüm yer tutur. Mədəniyyət Nazirliyi və ölkəmizin diplomatik nümayəndəlikləri Azərbaycanın turizm imkanlarının tanıdılması üçün turizm baxımından cəlbedici ölkələrdə birgə iş aparırlar. Regional və beynəlxalq tərəfdaşlar ilə əməkdaşlıq çərçivəsində Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi enerji və nəqliyyat layihələri regional əməkdaşlığa töhfə verib.
Azərbaycan fəal əkildə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin həyata keçirilməsində iştirak edirik. Transxəzər beynəlxalq marşrutunun yaradılması və tezliklə istifadəyə verilməsi, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tikintisi əhəmiyyətli layihələr sırasındadır.
Çinin İpək Yolu İqtisadi Kəməri konsepsiyasının tam reallığa çevrilməsi sözügedən dəmir yolunu regionun ən vacib infrastrukturları sırasına qoşacaq. Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan Qəzvin-Rəşt-Astara (İran)–Astara (Azərbaycan) dəmir yolu layihəsinin erkən tamamlanması iqtisadi artıma yeni stimul verəcək, layihəyə cəlb olunan ölkələr, eləcə də bütün region üçün nəqliyyat imkanlarını genişləndirəcək. Azərbaycan irimiqyaslı enerji layihəsinin – “Cənub Qaz Dəhlizi” layihəsinin təşəbbüskarıdır. Bu, enerji əməkdaşlığı və enerji təhlükəsizliyi layihəsidir. Bu enerji və nəqliyyat dəhlizləri yalnız enerji və yüklərin daşınması demək deyil. Bu, hərtərəfli əməkdaşlıq dəhlizləridir. “Cənub Qaz Dəhlizi” layihəsinin üzvləri Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliyadır. Sonrakı mərhələdə Balkan ölkələri də bu layihəyə qoşulacaqlar. “Cənub Qaz Dəhlizi”nin vacib komponentləri olan “Şahdəniz-2”, TANAP və TAP layihələrinin icrası istiqamətində Azərbaycan tərəfdaşlarla birlikdə davamlı siyasətini davam etdirir.

Xəzər dənizinin statusunun müəyyən edilməsi və beynəlxalq münasibətlər

Danışıqlar prosesi çərçivəsində Xəzər dənizinin hüquqi statusu ilə bağlı Konvensiya layihəsinin müddəalarının razılaşdırılması ilə bağlı əhəmiyyətli işlər görülüb. Qəbul olunmuş siyasi qərarlar və Xəzəryanı dövlətlərin rəhbərlərinin sammitləri çərçivəsində əldə olunmuş razılaşmalar bütövlükdə Konvensiya layihəsinə dair gələcək danışıqların effektivliyinə kömək edir. Xəzər dənizi Xəzər regionu ölkələrinin xalqlarının iqtisadi inkişafı və rifahına, həmçinin dünya enerji təhlükəsizliyinin təmin olunmasına yönələn bir çox beynəlxalq və regional layihələrin mühüm tərkib hissəsidir.
Beynəlxalq əməkdaşlığın möhkəmləndirilməsi, enerji resurslarının əldə olunması və beynəlxalq bazarlara nəqli ilə bağlı investisiya mühitinin yaxşılaşdırılması, etibarlı və təhlükəsiz əlaqələrin yaradılması, yüksək gəlirli və ekoloji cəhətdən təmiz texnologiyanın cəlb olunması ilə bağlı məsələlər Xəzəryanı dövlətlərin vacib prioritetləri olaraq qalır.
Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizinin hüquqi statusu ilə bağlı bütün məsələlər Xəzəryanı dövlətlərin suveren hüquqlarına hörmət və qarşılıqlı faydalı tərəfdaşlıq ruhunda, həmçinin tərəflər arasında, xüsusən regional sabitlik, təhlükəsizlik və Xəzər hövzəsində iqtisadi və elmi-tədqiqat fəaliyyəti ilə bağlı məsələlərdə inam və etibarın möhkəmləndirilməsi yolu ilə həll olunmalıdır. Etimad tədbirlərinə, həmçinin bütün Xəzəryanı dövlətlər üçün bərabər təhlükəsizlik şəraitinin təmin olunması da daxil olmalıdır.
Azərbaycan tərəfi əmindir ki, Xəzər dənizində sabitliyin möhkəmləndirilməsi bütün tərəflərin maraqlarının nəzərə alınmasına, eləcə də bir-birilərinin təhlükəsizliyinə zərər vurmaması, Xəzəryanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və müstəqilliyinə hörmət göstərilməsi və bir-birilərinin daxili işlərinə qarışmamasına əsaslanmalıdır. Xəzərin ətraf mühitinin bugünkü vəziyyəti ilə bağlı Xəzəryanı dövlətlərin ümumi narahatlıqlarını bölüşürük və Xəzər dənizinin ekoloji problemlərinin və digər məsələlərin həlli üçün əməkdaşlığın genişləndirilməsində Azərbaycan tərəfi hər zaman maraqlı tərəf kimi çıxış edibdir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA