Azərbaycanın ədalətli mövqeyi və beynəlxalq təşkilatlarla əlaqələr

Azərbaycanın ədalətli mövqeyi və beynəlxalq təşkilatlarla əlaqələr

Azərbaycanın əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirdiyi Avropa təsisatlarından biri də Avropa İttifaqıdır. Avropa İttifaqı Azərbaycanla əlaqələrini təkcə TRASEKA və "Tərəfdaşlıq və əməkdaşlıq sazişi" çərçivəsində deyil, həm də Cənubi Qafqazda həyata keçirilən regional əməkdaşlıq layihəsi, Avrasiya bölgəsində sülhün, sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına yönəlmiş digər proqramlarla reallaşdırır.

Yeni qonşuluq siyasətində necə önə çıxırıq

Azərbaycan Avropa İttifaqının "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində qurum ilə iqtisadi, siyasi, hüquqi və inzibati islahatları həyata keçirmək imkanı qazanır, bu məqsədlə təşkilatın texniki-maliyyə dəstəyini alır. Ölkəmiz "Yeni qonşuluq siyasəti" proqramı çərçivəsində təşkilatdan onun daxili bazarlarına çıxış kvotası, işçi, əmtəə, xidmət, investisiya-kapital resurslarının sərbəst dövriyyə imkanını əldə edir. Bundan əlavə, yeni proqram çərçivəsində əməkdaşlıq Azərbaycana Avropa ölkələri ilə qarşılıqlı iqtisadi əlaqələrin qurulması, güzəştli ticarət və kredit rejiminin yaradılması, əmək, bazar münasibətləri və miqrasiya, narkobiznes və mütəşəkkil cinayətkarlıqla mübarizə, investisiyaların təşviqi, yeni maliyyə mənbələrinin cəlb edilməsi imkanı qazandırır.

2006-cı il noyabrın 14-də Avropanın "Yeni qonşuluq siyasəti üzrə fəaliyyət planı" təsdiq edilmiş, ölkəmizin ərazi bütövlüyü ilə bağlı prinsiplər dəstəklənmişdir. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmişdir. Azərbaycanın qoşulduğu 7 ili əhatə edən fəaliyyət planında Avropa qonşuluq siyasətinin əsas istiqamətləri - iqtisadi inteqrasiya, mütəmadi siyasi və mədəni əlaqələr, eləcə də sərhəd əməkdaşlığı nəzərdə tutulub. Fəaliyyət planında tərəflərin mövqeyinə uyğun genişmiqyaslı islahatlar da öz əksini tapıb. Belə ki, Azərbaycan Respublikası Avropaya inteqrasiya yolunda iqtisadi və siyasi sahədə qanunvericiliyi təkmilləşdirməlidir. Sənədin Qafqazdakı münaqişələrin, həmçinin Dağlıq Qarabağ probleminin həll edilməsində əhəmiyyətli rol oynayacağı istisna olunmur. Proqram çərçivəcində tərtib edilən bu sənəd Avropa İttifaqını öz qonşuları ilə yaxınlaşdırmağa, təhlükəsizliyə, strateji sabitliyə, rifah halının yüksəldilməsinə xidmət edir. Sənəd Avropa İttifaqının qonşu olduğu dövlətlərlə hansı şərtlər əsasında əməkdaşlıq etmək məramlarını ortaya qoyur. Avropa İttifaqı qonşularına imtiyazlı əlaqələr təklif edir, əvəzində isə demokratiya, suverenlik, insan hüquqlarının qorunması, bazar iqtisadiyyatı prinsiplərinə riayət etməyi tövsiyə edir. Avropa qonşuluq siyasəti mövcud əlaqələrin statusundan daha yüksək statusa malik siyasi əməkdaşlığı və ölkələrin Avropaya iqtisadi inteqrasiyasını təmin edən proqramdır.

Cənubi Qafqazın lideri olan Azərbaycan

2010-cu il mayın 20-də Avropa Parlamenti "Avropa İttifaqının Cənubi Qafqazda strategiyasına dair tələb" adlı qətnamə qəbul etmişdir. Qətnamədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələlərinə xüsusi yer verilmişdir. Sənəddə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsindən və ona bitişik rayonlardan dərhal çıxarılması barədə tələb təsbit olunmuşdur. Münaqişənin beynəlxalq hüquq norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində nizamlanmasının vacibliyi, qaçqınların və məcburi köçkünlərin hüquqlarının və onların doğma yurdlarına qayıtması imkanlarının təmin edilməsinin zəruriliyi vurğulanmışdır. Qətnamənin hazırlanmasında Avropa Parlamentinin əsas fraksiyaları və siyasi qrupları - Avropa Xalq Partiyası, liberallar, sosialistlər, "yaşıllar" konstruktiv rol oynamışlar. Ermənistan diplomatiyasının sənədə düzəlişlər etmək, onun mahiyyətini dəyişdirmək məqsədilə qətnamə müəlliflərinə təsir etmək cəhdləri heç bir nəticə verməmiş, sənədi hazırlayan Avropa Parlamentinin Bolqarıstandan olan üzvü Yevgeni Kirilov öz prinsipial mövqeyini sonadək qoruyub saxlamışdır. Sənədin mətninə xalqların öz müqəddəratını təyin etmə hüququna istinadlar daxil etmək cəhdlərinə qarşı Y.Kirilov qəti etiraz etmişdir. Qətnamənin 55-ci bəndində erməni tərəfə bir daha xatırladılır ki, indiki vəziyyətdə təyini-müqəddəratın ən yüksək həddi "daxili təyini-müqəddərat" ola bilər. Azərbaycan tərəfi Avropa İttifaqının bir sıra ölkələrində sınaqdan keçirilmiş, qarşılıqlı faydalı və ən davamlı nizamlama variantını təklif edir. Qətnamənin bir neçə bəndində köçkünlərin öz evlərinə qaytarılmasının zəruri olmasından bəhs edilir. Belə ki, qətnamənin 8-ci bəndində Dağlıq Qarabağdan qovulmuş insanların oraya qaytarılmasından bəhs edilərkən onlar "qaçqınlar" deyil, məhz "daxili köçkün şəxslər" adlandırılır. Bu isə, 1951-ci il Cenevrə Konvensiyasına əsasən o deməkdir ki, Dağlıq Qarabağ növbəti dəfə Azərbaycanın tərkib hissəsi kimi tanınır. Avropa Parlamentinin məlum qətnaməsi Dağlıq Qarabağ münaqişəsinə beynəlxalq birliyin ədalətli yanaşdığını bir daha təsdiq etdi.

Cenevrə Konvensiyasını rədd edən Ermənistan

Bu sənədlə Avropa Yerevana açıq-aydın xəbərdarlıq edir ki, o, Dağlıq Qarabağın və ətraf rayonların azərbaycanlı əhalisini Dağlıq Qarabağın qəti statusu müəyyən edilənə qədər təqib etməkdən, onları girov kimi saxlamaqdan əl çəkməlidir. Dağlıq Qarabağın Azərbaycanın tərkibində statusu yalnız bütün əhalinin tam, birbaşa və bərabərhüquqlu iştirakı ilə müəyyən edilə bilər. Bu əhali həm erməni icmasını, həm də azərbaycanlı icmasını əhatə edir. Bunun üçün öz yurdlarından qovulmuş azərbaycanlıların doğma evlərinə təhlükəsiz qayıtması üçün şərait yaradılmalıdr, bu isə yalnız hərbi işğal başa çatandan sonra mümkündür. Avropa Parlamentinin qəbul etdiyi qətnamənin bütün müddəaları faktiki olaraq Ermənistana izah edir ki, XXI əsrdə normal dövlət, xüsusən münaqişələrin nizamlanması çərçivəsində hansı norma və prinsipləri rəhbər tutmalıdr. Avropa Parlamenti aydın şəkildə bəyan etmişdir ki, qonşu dövlətin ərazilərinin işğal edilməsinə heç bir arqumentlə, o cümlədən təyini-müqəddərat hüququ ilə bəraət verilə bilməz. Qətnamə beynəlxalq birliyin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ədalətli yanaşmasının möhkəmlənməsi işinə mühüm töhfə olacaq, problemin dinc nizamlama prosesinə müsbət təsir göstərəcəkdir.

Avropa Parlamentinin qətnaməsi ölkəmizin məqsədyönlü xarici siyasətinin, Azərbaycan diplomatiyasının mühüm uğurudur. BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı və digər beynəlxalq təşkilatlardan sonra Avropa Parlamentinin qəbul etdiyi mühüm sənəd beynəlxalq birliyin Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyini təsdiqləyir. Son illərdə dövlət rəhbərinin apardığı danışıqlar, nümayiş etdirdiyi mövqe, verdiyi bəyanatlar nəinki təbliğati prizmadan effektiv olub, eyni zamanda, münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda rəsmi Bakının psixoloji-siyasi üstünlüyünü təmin edib. Ölkənin iqtisadi cəhətdən qüdrətlənməsi, Azərbaycanın qlobal layihələrin həyata keçirilməsində əsas tərəf kimi beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilməsi problemin həlli ilə bağlı danışıqlarda rəsmi Bakının mövqelərinin güclənməsi ilə müşayiət olunur. Azərbaycanın iqtisadi potensialının güclənməsi, hərbi büdcəsinin ildən-ilə artması fonunda danışıqlar prosesi də keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. Avropa Parlamentinin qəbul etdiyi qətnamə Ermənistanın təcavüzkar dövlət olduğunu təsdiq etdi və sənəddə Azərbaycanın ərazi bütövlüyü bir daha dəstəkləndi. Nüfuzlu beynəlxalq təşkilatların ardıcıl olaraq ölkəmizin ərazi bütövlüyünü dəstəkləyən sənədlər qəbul etməsi haqq işimizin müdafiə edildiyini göstərir.

NATO-nun ədalətli mövqeyi Azərbaycanın uğurudur

Məlum olduğu kimi, NATO-nun Uelsdə keçirilmiş sammitinin yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən müddəa yer alıb. Bu isə dünyanın yeganə qüdrətli hərbi-siyasi alyansının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini ortaya qoymuş olub. Prezident İlham Əliyev də öz növbəsində sammitdəki nitqində NATO-nun bu mövqeyini yüksək qiymətləndirib: «Biz NATO-nun bu məsələ ilə bağlı mövqeyini və əvvəlki sammitlərdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə verdiyi tam dəstəyi yüksək dəyərləndiririk. Biz qətiyyətlə inanırıq ki, NATO-nun beynəlxalq hüququn bu cür mühüm hissəsinə sadiqliyi bundan sonra da davam edəcək. Beləliklə, o, ədaləti bərpa etməyə və beynəlxalq səviyyədə tanınmış sərhədləri güc hesabına dəyişmək kimi səhv düşüncədən yayındırmağa birmənalı şəkildə yardım edir». Əslində Dağlıq Qarabağ problemi ilə bağlı əsas platformanın ATƏT olmasına baxmayaraq, beynəlxalq münasibətlər sistemində NATO-nun rolunun güclənməsi qurumun bəyannaməsinin siyasi əhəmiyyətini bir qədər də artırır. Uels sammitində postsovet ölkələrinin ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı bəyanat verməsi isə qurumun bu münaqişələrin həllində rolunu tezliklə artıracağına inamı gücləndirir. Əslində Qarabağ münaqişəsinin də müxtəlif aspektlərdən NATO üzrə müttəfiqlərin maraqlarına təhdid doğurduğu ortadadır. Belə ki, bu gün Avropanın NATO-nun təsir dairəsində olan cənub regionunun enerji ilə, xüsusilə qazla təchizatında Azərbaycan mühüm rol oynayır. Həmçinin ölkəmizdən Avropa və dünya əhəmiyyətli tranzit yolların, tranzit layihələrin keçməsi də Azərbaycanın Qərb üçün əhəmiyyətini artırır. Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həll edilməmiş qalması NATO-nun maraqlarına cavab vermir. Digər tərəfdən Azərbaycan NATO üzvü olmasa da, daim onun missiyalarına ciddi dəstək verib. Kosovoda, Əfqanıstanda, İraqda NATO sülhməramlılarının tərkibində Azərbaycan əsgərləri də xidmət edib. Əfqanıstandakı NATO missiyasına Azərbaycanın dəstəyi, həmçinin digər sahələrdə də özünü göstərir. Belə ki, İSAF qüvvələri üçün məhvetmə gücünə malik olmayan malların tranzitinin 40 faizi Azərbaycan tərəfindən təmin edilir. Azərbaycanın müxtəlif akademiyalarında Əfqanıstanın hüquq-mühafizə və hökumət rəsmiləri üçün geniş təlim proqramları həyata keçirilir. Əfqanıstanın Milli Ordusunun Qəyyumluq Fonduna 3 milyon avro keçirilib, digər 1 milyon isə istehkam əməliyyatlarına sərf olunub. Bundan əlavə, gələcəkdə Azərbaycan “Qətiyyətli dəstək” əməliyyatı çərçivəsində mühüm tranzit imkanları yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə də Əfqanıstana öz yardımını edəcək. Xəzər regionunda ən böyük Azərbaycan Beynəlxalq Dəniz Limanı ilə birgə bu dəmir yolu xətti həm bütün region, həm də Əfqanıstan üçün böyük ticari və iqtisadi imkanlar açacaq. Bu, Uzaq Şərq ilə Avropanı birləşdirən marşrutun tam ortasında yerləşən Əfqanıstana iqtisadi inkişaf üçün də imkanlar yarada bilər. Göründüyü kimi, Azərbaycan NATO-nun missiyalarının işində aktiv iştirak etməklə qurumla qarşılıqlı maraq doğuran əlaqələrə malikdir. Bu mənada NATO-nun etibarlı və sərfəli tərəfdaşla münasibətlərin perspektivlərində də maraqlı olduğu şübhəsizdir. Bu mənada NATO-nun Azərbaycanın ərazi bütövlüyünü gələcəkdə də dəstəkləyəcəyi şübhəsizdir. Əlbəttə ki, Türkiyənin NATO-dakı aktiv rolu Ermənistanı qane edə bilməz. Beləliklə də aparılan təhlillər göstərir ki, son dövrlər baş verən hərbi münaqişələr fonunda dünyada NATO-nun siyasi-hərbi qüdrəti artmaqdadır. Qurum münaqişələrin həllində getdikcə həlledici missiyanı öz üzərinə götürür. Belə bir şəraitdə alyansın son sammitində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən mövqe nümayiş etdirməsi mühüm hadisədir və bundan maksimum şəkildə yararlanılmalıdır. Əlbəttə ki, NATO-nun bu mövqedən çıxış etməsində Azərbaycan və Türkiyə diplomatiyasının əhəmiyyətli rolu olduğu da sirr deyil. Bu istiqamətdə ardıcıl fəaliyyət isə Dağlıq Qarabağ münaqişə üzrə həll prosesinin NATO müstəvisinə keçirilməsi istiqamətində mühüm nəticələr verə bilər.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA