Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri - II HİSSƏ

Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatı ilə münasibətləri - II HİSSƏ

(Əvvəli bu linkdə: )

Azərbaycan dövlət müstəqilliyinə qovuşduqdan sonra, artıq beynəlxalq aləmdə tam azad şəkildə təmsil olunmaqla yanaşı, həm də ötən müddətdə bir çox uğurlard da imza atıbdır. İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ilə olan əlaqələrinin sayəsində həm də dövlətimiz beynəlxalq birliyin tam bərabərhüquqlu üzvü kimi özünü təsdiq etmişdir. İƏT-lə olan genişmiqyaslı əməkdaşlığın sayəsində Azərbaycana beynəlxalq səviyyədə yatırımların, kreditlərin və birgə əməkdaşlığın da cəlb olunması çox sürətlə inkişaf edir.
İƏT çərçivəsində Azərbaycan Respublikası Ermənistanın təcavüzkar və işğalçılıq siyasətinin bütün çalarlarını gündəmə gətirməklə bir çox dövlətlər tərəfindən bu gün dəstək almaqdadır. Yəni həmin dövlətlər birmənalı şəkildə Ermənistanı təcavüzkar kimi tanıyır və İrəvanla əməkdaşlıq məsələlərində həvəsli mövqe nümayiş etdirmirlər.

İƏT tədbirlərində Azərbaycanın mövqeləri

24-31 yanvar 2010-cu il tarixlərində Uqandanın paytaxtı Kampala şəhərində İKT Parlament İttifaqı Konfransının 6-cı sessiyası keçirilmişdir. 51 dövlətin parlament heyətləri başçılarının iştirak etdiyi Konfransda İslam Konfransı Gənclər Forumunun (İKGF) təşəbbüsü ilə “İKGF və İKT PB arasında əməkdaşlıq” haqqında qətnamə qəbul edilmişdir. Bu qətnamədə Xocalı faciəsinə “Erməni silahlı qüvvələri tərəfindən dinc əhalinin kütləvi qətliamı” və “insanlığa qarşı cinayət” kimi qiymət verilib. 7-8 mart 2010-cu il tarixlərində Qətərin paytaxtı Doha şəhərində keçirilmiş İKT üzv ölkələrinin humanitar təşkilatının III konfransında Heydər Əliyev Fondunun nümayəndə heyəti iştirak etmişdir. 12-14 aprel 2010-cu il tarixlərində İKT Xarici İşlər Nazirləri Surasının 37-ci sessiyasına hazırlıq məqsədi ilə Səudiyyə Ərəbistanının Ciddə şəhərində Yüksək Rütbəli məmurların toplantısı keçirilmişdir. AR xarici işlər nazirinin müavini V.Sadıqovun rəhbərliyi altında nümayəndə heyətinin iştirak etdiyi toplantıda “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamə layihələri toplantının gündəliyinə daxil olunmuş və iştirakçılar tərəfindən yekdilliklə qəbul edilmişdir.

18-20 may 2010-cu il tarixlərində Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun rəhbərliyi altında nümayəndə heyəti Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Surasının 37-ci sessiyasında iştirak etmiş və sessiya çərçivəsində Azərbaycan Hökuməti və İslam Konfransı Gənclər Forumu (İKGF) arasında qurumun regional ofisinin Azərbaycanda yerləşməsinə dair Saziş imzalanmışdır. İKT XİN Şurasının 37-ci sessiyasında məqsədyönlü səylərimiz nəticəsində, “Ermənistanın Azərbaycana qarşı təcavüzü” və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” haqqında qətnamələr yekdilliklə qəbul edilmişdir.

“Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü” haqqında İKT Baş katibinin ənənəvi hesabatına siyasi əhəmiyyət kəsb edən müvafiq dəyişikliklər edilmiş və həmin sənəd İKT XİN 37-ci sessiyasının diqqətinə təqdim edilmişdir.

23-24 iyun 2010-cu il tarixlərində Bakıda İslam İnkişaf Bankının Direktorlar Şurasının XXXV illik toplantısı keçirilmişdir. Bu mötəbər tədbirin açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev iştirak etmişdir. Keçirilmiş tədbir çərçivəsində ölkəmizin bank və maliyyə sistemi üçün bir sıra yeni imkanlar əldə edilmiş və bu istiqamətdə müvafiq sənədlər imzalanmışdır.

Əlaqələndirmə strategiyasının uğurları

28-30 iyun 2011-ci il tarixlərində Azərbaycanın xarici işlər naziri E.Məmmədyarovun rəhbərliyi altında nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində keçirilmiş İKT Xarici İşlər Nazirləri Şurasının 38-ci sessiyasında iştirak etmişdir. Burada İslam Konfransı Təşkilatının adı İslam Əməkdaşlıq Təşkilatı adı ilə əvəz olunmuşdur.

“Ermənistanın Azərbaycana qarşı təcavüzü” haqqında İƏT Baş katibinin ənənəvi hesabatına siyasi əhəmiyyət kəsb edən müvafiq dəyişikliklər edilmiş və həmin sənəd İƏT XİN Şurasının 38-ci sessiyasının diqqətinə təqdim edilmişdir. 23 sentyabr 2011-ci il tarixində Nyu-Yorkda keçirilmiş BMT BA-nın 66-cı sessiyası çərçivəsində İƏT üzv dövlətlərinin Xarici İşlər Nazirlərinin illik əlaqələndirmə görüşü zamanı AR xarici işlər naziri E.Məmmədyarov çıxış etmişdir. 3-5 iyun 2012-ci il tarixlərində İƏT Baş katibi Ekmələddin İhsanoğlunun başçılıq etdiyi nümayəndə heyəti AR xarici işlər naziri E.Məmmədyarovun dəvətinə əsasən ölkəmizdə rəsmi səfərdə olmuşdur. Səfər çərçivəsində E.İhsanoğlu AR Prezidenti cənab İlham Əliyev, Milli Məclisin Sədri O.Əsədov, xarici işlər naziri E.Məmmədyarov və Qafqaz Müsəlmanları İdarəsinin Sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir. 14-15 avqust 2012-ci il tarixlərində Məkkədə keçirilmiş İƏT üzv ölkələrin dövlət və hökumət başçılarının dördüncü fövqəladə Zirvə Toplantısında Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir.

10 oktyabr 2012-ci il tarixində Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatına 3 milyon ABŞ dolları həcmində könüllü yardım etmişdir. 15-17 noyabr 2012-ci il tarixlərində Cibuti Respublikasının paytaxtı Cibuti şəhərində keçirilmiş İƏT XİN Şurasının 39-cu sessiyasında AR xarici işlər naziri E.Məmmədyarovun başçılıq etdiyi nümayəndə heyəti iştirak etmişdir. Sessiya zamanı Azərbaycanın maraqlarına tam uyğun olan müvafiq qətnamələr qəbul edilmişdir.

6-7 fevral 2013-cü il tarixlərində AR xarici işlər naziri E. Məmmədyarovun başçılığı ilə nümayəndə heyəti Misir Ərəb Respublikasında keçirilən İƏT-in XII Zirvə Toplantısında iştirak etmişdir. Zirvə toplantısında qəbul edilmiş Yekun Kommunikenin 61-ci bəndində Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı İƏT-in yekdil və birmənalı mövqeyi, 117-ci bəndində isə Xocalıya Ədalət beynəlxalq təbliğat-təşviqat kampaniyasına dəstək əks olunur və 1992-ci ilin fevralında Ermənistan hərbi qüvvələri tərəfindən Xocalıda törədilən qətliam faciəsi soyqırım aktı və insanlığa qarşı törədilmiş cinayət kimi tanınıb. Sözügedən bəndə əsasən, üzv dövlətlər Kampaniyanın fəaliyyətlərində aktiv iştirak etməyə, milli və beynəlxalq səviyyədə bu soyqırım aktının insanlığa qarşı cinayət kimi tanınmasına səy göstərməyə çağırılır. Sessiya zamanı Azərbaycanın maraqlarına uyğun olan müvafiq qətnamələr qəbul edilmişdir.

İƏT-in haqlı addımları və Azərbaycan

25-26 aprel 2013-cü il tarixlərində Bakıda İƏT-in Əmək Nazirlərinin Konfransı keçirilmişdir. Bu toplantıda əmək, miqrasiya, işçi qüvvəsi, təcrübə mübadiləsi və sosial müdafiə sahəsində üzv ölkələr arasında gələcək prioritetləri müəyyən edən “Çərçivə Sənədi” qəbul edilmişdir. Konfransda qəbul edilmiş ən mühüm qərarlardan biri isə, Prezident İlham Əliyevin təklifi ilə İƏT Əmək Mərkəzinin (OIC Labour Center) yaradılması olmuşdur. Azərbaycan Respublikasının İƏT Əmək Mərkəzinə ev sahibliyi etməyə hazırlığı və Mərkəzin uğurla fəaliyyət göstərməsi üçün hər cür köməklik göstərəcəyi vurğulanmışdır. 11 iyun 2013-cü il tarixində Bakıda İƏT Xarici İşlər Nazirlərinin Müqəddəs Əl-Qüds şəhərinə dəstək məqsədilə donor Konfransı və Fələstin Dövlətinə yardım məqsədilə İslam Maliyyə Təhlükəsizlik Şəbəkəsinin təsis Konfransı keçirilmişdir.
Azərbaycanın 2013-cü ilin oktyabr ayından etibarən BMT TŞ-da başlayan ikinci sədrlik dövründə BMT tarixində ilk dəfə olaraq, Azərbaycanın təşəbbüsü ilə 2013-cü ilin 28 oktyabr tarixində “Birləşmiş Millətlər Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatı arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi” mövzusunda qurumun yüksək səviyyəli iclası təşkil edilmişdir. İclasın məqsədi BMT və üzv dövlətlərinin sayına görə dünyada ikinci ən böyük hökumətlərarası təşkilat olan İƏT arasında beynəlxalq sülh və təhlükəsizliyin qorunması üzrə əməkdaşlığın hazırkı vəziyyətinin nəzərdən keçirilməsi və tərəfdaşlıq əlaqələrinin daha da gücləndirilməsinə dair birgə fəaliyyət üzrə müzakirələrin aparılması olub. Azərbaycanın xarici işlər naziri cənab E. Məmmədyarovun sədrlik etdiyi iclasda BMT Baş katibi Pan Gi Mun və İƏT Baş katibi Ekmələddin İhsanoğlu iştirak etmişlər.

2013-cü ilin 9-11 dekabr tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının 40-cı sessiyasında XİN naziri E. Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak etmişdir. Konakri Bəyannaməsinin 16, 38, 45, 46 və 47-ci bəndləri Azərbaycanla bağlı idi. Sessiya zamanı Azərbaycanın maraqlarına uyğun olan müvafiq qətnamələr qəbul edilmişdir.

Bakı toplantıları və gözləntilər

2014-cü ilin 5-7 mart tarixlərində İƏT Baş katibi İyad Əmin Mədəninin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri baş tutmuşdur. Səfər çərçivəsində Baş katib AR Prezidenti İlham Əliyev, XİN naziri E.Məmmədyarov, mədəniyyət və turizm naziri Ə. Qarayev, Qafqaz Müsəlmanları İdarəsinin sədri A.Paşazadə tərəfindən qəbul edilmişdir.

17-18 iyun 2014-cü il tarixlərində Bakıda İƏT-in Əmək Nazirlərinin ikinci Konfransının qərarına əsasən təsis edilmiş Əmək, Məşğulluq və Sosial müdafiə ilə bağlı çərçivə sənədinin icrası üzrə Rəhbər Komitəsinin ilk iclası keçirilmişdir. 18-19 iyun 2014-cü il tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçirilmiş İƏT Xarici İşlər Nazirləri Şurasının növbəti 41-ci sessiyasında Azərbaycanı xüsusi tapşırıqlar üzrə səfir A.Mehdiyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil etmişdir. İƏT XİN Şurası tərəfindən “Ermənistan Respublikasının Azərbaycana qarşı təcavüzü”, “Azərbaycana iqtisadi yardımın göstərilməsi” və “Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması” adlı qətnamələr qəbul edilmişdir. Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu tərəfindən təqdim olunan və İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul olunan qətnamədə “Xocalıya Ədalət” kampaniyasına həsr edilmiş xüsusi bənd öz əksini tapmışdır. Həmin bəndə əsasən, İƏT üzv ölkələrinin xarici işlər nazirləri tərəfindən “Xocalıya Ədalət” beynəlxalq məlumat kampaniyası alqışlanır və üzv dövlətlər bu soyqırım aktının milli və beynəlxalq səviyyədə insanlığa qarşı cinayət kimi tanınması üçün kampaniyanın işində fəal iştirak etməyə və lazımi səylər göstərməyə çağırılırlar. İclasın nəticəsi olaraq, İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən qəbul edilmiş yekun Ciddə Bəyanaməsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyi ilə həmrəylik ifadə olunmuşdur.

(ardı var)

“Hürriyyət”