Azərbaycanın korifey sənətkarı - Mehdi Məmmədov

Azərbaycanın korifey sənətkarı - Mehdi Məmmədov

İki gün əvvəl - yanvarın 28-də Azərbaycanın görkəmli teatr rejissoru, aktyoru və pedaqoqu, SSRİ Xalq Artisti, sənətşünaslıq doktoru, professor Mehdi Əsədulla oğlu Məmmədovun anım günü idi. Mehdi Məmmədov kim olub?

1918-ci il may ayının 22-də Şuşada doğulsa da, məktəb təhsilini Bakıda alıb. Yeddinci sinifdən Bakı Türk Işçi Teatrının tamaşalarında kütləvi səhnələrə çıxan Mehdi Məmmədov Bakı Teatr Məktəbini bitirərək Moskvada ali rejissor təhsili almağa gedib.

1940-ci ildə Gəncə Dövlət Dram Teatrında Məmmədhüseyn Təhmasibin "Bahar" dramını diplom işi kimi tamaşaya hazırlayıb. Təyinatla Gəncəyə göndərilən gənc rejissor 1945-ci ilin yay mövsümünün sonunadək burada işləyərək sentyabrda Bakıya gəlib, burada müxtəlif sənət ocaqlarında, əsasən, monumental səpkili tamaşalar hazırlayıb.

"Dedilər ki, "Biz sənə göstərərik, Allah var, ya yox!"

Mehdi Məmmədov aktyor kimi də fəaliyyət göstərib. Teatr məktəbində Karl Moor ("Qaçaqlar", Şiller), Hacı Əhməd ("Almaz", Cəfər Cabbarlı), Moskvada Lunaçarski adına Ali Teatr Sənəti İnstitutunda Evstiqneyko ("Günəş övladları", Maksim Qorki), Neznamov ("Günahsız müqəssirlər", Aleksandr Ostrovski) rollarını oynayıb. İşçi teatrında Süleyman Rüstəm və Hacıbaba Nəzərlinin "Yanğın", Seyid Hüseynin "Kölgə" dramlarındakı Gənc aqronom və Bəxtiyar, Gəncə teatrında Səməd Vurğunun "Vaqif", "Xanlar", Mirzə İbrahimovun "Madrid", Məmmədhüseyn Təhmasibin, "Bahar", Mehdi Hüseynin "Nizami" pyeslərinin tamaşalarında Eldar, Söhbət, Karton, Qaya və Əbdək rollarında səhnəyə çıxıb. Akademik teatrda isə "Alov"da Kamalov, "Canlı meyit"də Protasov, "Xəyyam"da Xəyyam, "Meşşanlar"da Terenti Teterov rollarında çıxış edib.

"Azərbaycanfilm"in 1959-cu ildə istehsal etdiyi "Onu bağışlamaq olarmı?" filmində Qaya roluna çəkilib. Radio teatrında Şekspirin "Hamlet" faciəsində baş rolu səsləndirib.

Ayrı-ayrı illərdə Gəncə Dövlət Dram Teatrında (1942-1945), Milli Dram Teatrında (1960-1963), Opera və Balet Teatrında (1956-1960), Azərbaycan Dövlət Rus Dram Teatrında (1978-1982) baş rejissor kürsüsünü tutub.

Mehdi Məmmədov 1985-ci il yanvar ayının 8-də qəflətən vəfat edib. Bakıda Fəxri xiyabanda dəfn olunub. Məmmədov aktrisa Barat Şəkinskayanın həyat yoldaşı olub və aktyor Elçin Məmmədovun atasıdır. Mehdi Məmmədov həmçinin aktrisa Şəfiqə Məmmədovanın həyat yoldaşı olub.

Картинки по запросу Mehdi Məmmədov

Görkəmli rejissorun hazırladığı tamaşalar

Gəncə teatrında "Bahar" (Məmmədhüseyn Təhmasib), "Madrid" (Mirzə İbrahimov), "İntiqam" və "Qatır Məmməd" (Zeynal Xəlil), "Məşədi İbad" (Üzeyir bəy Hacıbəyov), "Od gəlini" və "Oqtay Eloğlu" (Cəfər Cabbarlı), "Toy" (Sabit Rəhman), "Vaqif" (Sə-məd Vurğun), "Nə yardan doyur, nə əldən qoyur" (Lope de Veqa), "İntizar" (İlyas Əfəndiyev və Mehdi Hüseyn), "Nizami" (Mehdi Hüseyn), "Partizan kostya" (Nadejda Filippova), "Vasvası xəstə" (Jan Batist Molyer) dramlarının quruluşçu rejissoru olub.

Milli Dram Teatrında ilk işi 1946-cı ildə Şekspirin "On ikinci gecə" komediyasının tamaşası olub. Müəyyən fasilələrlə bu sənət ocağında Cəfər Cabbarlının "Yaşar" (1947), Aleksandr Fadeyevin "Gənc qvardiya" (1948), Sabit Rəhmanın "Aydınlıq" (1949), "Əliqulu evlənir" (1961), Lope de Veqanın "Rəqs müəllimi" (1949), Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" (1950), Məmmədhüseyn Təhmasibin "Çiçəklənən arzular" (1951), Nikolay Qoqolun "Müfəttiş", Karlo Haldoninin "Mehmanxana sahibəsi" (1952), Yuri Yanovskinin "Prokurorun qızı" (1954), Nəcəf bəy Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük" (1955), İmran Qasımovla Həsən Seyidbəylinin "Uzaq sahillərdə" (1956), Viktor Rozovun "Şadlıq sorağında" (1961), Mehdi Hüseynin "Alov" (1961) Mirzə İbrahimovun "Kəndçi qızı" (1962), Lev Tolstoyun "Canlı meyit" (1968), Hüseyn Cavidin "Xəyyam" (1970) və "İblis" (1983), Səməd Vurğunun "İnsan" (1974), Maksim Qorkinin "Meşşanlar" (1975), Cəlil Məmmədquluzadənin "Dəli yığıncağı" (1978) əsərlərinə müxtəlif janrlarda səhnə həyatı verib.

Opera və Balet Teatrında Fikrət Əmirovun "Sevil" (1953 və 1959), Leo Delibin "Lakme" (1957), Cahangir Cahangirovun "Azad" (1957), Üzeyir bəy Hacıbəyovun "Leyli və Məcnun" (1958 və 1978), "Koroğlu" (1959), Cakomo Puççininin "Toska" (1960) operalarına quruluş verməklə, bu teatrda fəlsəfi-monumental teatrın imkanlarına genişlik açıb. Rus Dram Teatrında Maksİm Qorkinin "Həyatın dibində" və Mixail Şatrovun "Mənim Nadejdalarım" dramlarının quruluşçu rejissoru olub.

Картинки по запросу Mehdi Məmmədov

Elmi fəaliyyəti

Mehdi Məmmədov həm romantik, həm də realist səpkili tamaşalara quruluşlar verib. O, rejissor-pedaqoq kimi aktyorun rol-obraz üzərində analitik təhlilini əsas, mühüm prinsip kimi götürürdü.

1945-cı ildən ömrünün sonuna qədər Azərbaycan Dövlət Teatr İnstitutunda aktyor və rejissor sənətindən dərs deyib, kafedra müdiri vəzifəsində işləmişdir. 1968-ci ildə "Azəri dramaturgiyasının estetik problemləri" mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdiı. 1960-cı ildən professor vəzifəsini tutan, sənətşünaslıq doktoru Mehdi Məmmədov "Azəri dramaturgiyasının estetik problemləri", "Teatr düşüncələri", "Teatrlar. Aktyorlar. Tamaşalar", "Hüseyn Ərəblinski". "Onun sənət ulduzu", "Moskva Akademik Bədaye Teatrı", "Aleksandr Tuqanov" (rus dilində), "Rejissor sənəti", "Sabit Rəhman" və digər kitabların müəllifidir.

Zəngin elmi təfəkKürə malik olan Mehdi Məmmədov milli teatrşünaslıq elmimizin inkişafında, resenziya janrının formalaşmasında səmərəli fəaliyyət göstərib. 1971-1976-cı il-lərdə Azərbaycan Teatr Cəmiyyətinin (hazırki Teatr Xadimlərı Ittifaqı) sədri seçilmişdi. Görkəmli alimin yazdığı və dərslik kimi keçilən "Rejissor sənəti", "Həyat və sənət yollarında", "Mah teatr" kitabları elmi dəyərlərini bu gün də saxlamaqdadır.

Картинки по запросу Mehdi Məmmədov

«Dəli yığıncağı» - dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi əsəri

Müsahibələrinin birində Mehdi Məmmədov etiraf etmişdi ki, quruluş verdiyi səhnə əsərləri arasında dünya səhnəsinə çıxarmağa ən çox layiq bildiyi məhz «Dəli yığıncağı»dır.

M.Məmmədov: «Bədii bütövlüyünə, müasir fikir dərinliyinə görə «Dəli yığıncağı»nı daha üstün hesab edirəm».

Belə bir fakt məlumdur ki, 1974-cü ildə Moskva teatr ictimaiyyətinin görkəmli nümayəndələri Mehdi Məmmədov sənətkarlığına ehtiramlarını təzimlə bildirirmişlər. Onun portreti indiyədək Moskva Teatr Akademiyasının divarını bəzəyən korifeylərin portretləri ilə bir sıradadır.

Mehdi Məmmədovda bütün böyük şəxsiyyətlərə xas olan iddia və bu iddianın arxasında qaya kimi durmaq bacarığı hələ yeniyetmə çağlarından özünü göstərməyə başlamışdı.

Ümumilikdə 60 səhnə əsərinə bir-birindən mükəmməl quruluş verən Mehdi Məmmədov dönə-dönə qeyd edib ki, bədii əsərlə daxili aləmi arasında tam yaxınlıq duymayana qədər məşqlərə başlamır. Ciddi-cəhdlə diqqət ayırdığı daha bir cəhət isə gələcək tamaşanın forması idi. Mehdi Məmmədova görə, bədii forma bədii məzmun qədər önəmlidir. Başqa sözlə, rejissor təqdim edəcəyi tamaşanın bədii formasını bütün görünən və görünməyən incəlikləri ilə təsəvvür etmirsə, onun məşq etməsi bir az qəribədir.

Mehdi Məmmədov ömrünün sonuna qədər pedaqoji fəaliyyətlə məşğul olub. M.Əliyev adına İncəsənət İnstitutunda (indiki Mədəniyyət və İncəsənət Universiteti) çalışmaqla yanaşı, Azərbaycan Dövlət Universititetində (indiki Bakı Dövlət Universiteti) etika və estetikadan dərs deyib.

Onun İncəsənət İnstitutunun tələbə heyətinin təşkilinə son dərəcə tələbkarlıqla yanaşması barədə isə əfsanələr də yaranmışdı.

Mehdi Məmmədovun Hökumə Qurbanovaya həsr etdiyi «Onun sənət ulduzu» araşdırma və müşahidələr toplusu aktyorluq sənəti və aktyor şəxsiyyəti haqqında ən yaxşı kitablardan biridir. Rejissorun «Azərbaycan dramaturgiyasının estetik problemləri» adlı doktorluq dissertasiyası sənətşünaslıq elmində ən dəyərli tədqiqatlardandır.

Teatr tariximizdə fəlsəfi-psixoloji üslubun ustadı olan Mehdi Məmmədov bu barədə deyib: «İnsan, ümumiyyətlə, fəlsəfəyə meyllidir. Fəlsəfə həyatın dərin idrakıdır. Rejissor ciddi düşünürsə, elə o da filosofdur. Ancaq mən heç vaxt qarşıma filosof kimi görünmək məqsədi qoymamışam. Fəlsəfəyə meyl özümdən asılı deyil».

Məmməd MİRZƏLİYEV

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
51-ci buraxılışı
QALEREYA