Azərbaycanın modernləşməsi və fəal diplomatiya kursu

Azərbaycanın modernləşməsi və fəal diplomatiya kursu

Ötən əsrin 90-cı illərinin əvvəllərində Sovetlər birliyinin süqutu tək siyasi palitranın nisbətən yekrəng və sabit göründüyü Avropa qitəsinin deyil, bütövlükdə bütün dünyanın siyasi arxitekturasında müəyyən təshihlərə obyektiv zəmin yaratdı. Yenicə təşəkkül tapan və formalaşmaqda olan coğrafi-siyasi vahidlər dünya siyasi sisteminə fəal inteqrasiya xətti tutdular. Dünya siyasətini məşğul edən belə məkanlardan biri də Cənubi Qafqaz regionudur.

Regional lider kimi qlobal təhlükəsizlik sistemində iştirak

Sovetlər birliyinin süqutundan sonra Cənubi Qafqazda geosiyasi proseslərin intensivliyi ilə böyük dövlətlərin maraqlarının müəyyən məqamlarda kəsişməsi paralellik təşkil edir. Artıq dünyanın və regionun aparıcı dövlətləri həmin gerçəklikdən çıxış edərək Cənubi Qafqaz siyasətlərini tənzimləyirlər. Bunların fonunda region dövlətlərinin yeritdikləri daxili və xarici siyasətin aktuallığı daha da artır. Azərbaycanın bölgədəki mövqeyi daha böyük əhəmiyyət kəsb etməyə başlayır. Bunun əsas səbəbi Azərbaycanın Cənubi Qafqazın iqtisadi və mədəni baxımdan ən potensiallı dövləti olmasıdır. Azərbaycanı Cənubi Qafqazın lider dövləti kimi dünyanın aparıcı ölkələri də qəbul etmişlər, regionda yeritdikləri siyasətdə həmin faktoru ciddi olaraq nəzərə alırlar. Bu baxımdan prezident İlham Əliyevin 2005-ci il iyunun 16-da "Ukraynaya həsr edilmiş növbədənkənar "dəyirmi masa" beynəlxalq sərmayə forumunun ilk genişləndirilmiş iclasının açılışı zamanı söylədiyi aşağıdakı fikirlər diqqəti çəkir: "Biz hesab edirik ki, bölgəmizin gələcəyi bizim cəmiyyətimizin nə dərəcədə uğurla modernləşməsindən asılı olacaq. Yəni demokratik islahatların inkişafı, iqtisadi islahatların həyata keçirilməsi siyasi sistemin, bizim cəmiyyətimizin modernləşdirilməsi siyasətindəki aktivliyimizdən asılı olacaq".

Həmin fikirlərdə iki mühüm məqam lakonik şəkildə ifadə olunmuşdur. Birinci məqam cəmiyyətimizin modernləşməsi ilə daxili və xarici siyasətin bağlı olmasından ibarətdir. İkinci məqam isə bu modernləşmənin Azərbaycanın Cənubi Qafqazın lider dövləti kimi üzərinə düşən geosiyasi, demokratik, iqtisadi, diplomatik və sosial-mədəni vəzifələrin həyata keçirilməsi ilə birbaşa əlaqəli olmasıdır. Hər iki aspektin fonunda Azərbaycanın güclü və müasir dövlət qurmaq naminə modernləşməsində xarici siyasətin oynadığı rol aktual görünür. O prizmada Azərbaycanın modernləşməsinin ikinci mərhələsində (bu mərhələ 2008-ci ildən başlayır) xarici siyasətimizin regional liderlik və təhlükəsizlik baxımından oynaya biləcəyi rolun iki mühüm cəhəti üzərində dayanmaq istərdik. Bu cəhətlər cənab İlham Əliyevin çıxışlarında dolğun və dəqiq ifadə olunub. Prezidentin qarşıya qoyduğu vəzifələr Xarici İşlər Nazirliyinin praktiki fəaliyyətində bariz şəkildə əks olunmaqdadır. Həmin vəzifələr barədə akademik Ramiz Mehdiyevin "Gələcəyin strategiyasını müəyyənləşdirərkən: modernləşmə kursu" əsərində maraqlı təhlillər vardır.

Regional siyasətin müstəqil mərkəzi

Müasir dünya diplomatiyasında fəaliyyət metodikasında dəyişikliklər baş verir. Bu dəyişikliklərin bir qismi qloballaşma prosesinin yaratdığı bəzi çətinliklərlə bağlıdır. O cümlədən, müstəqil dövlətlərin suverenliyinin təmin olunması ilə böyük dövlətlərin maraqlarının təmin olunması arasında müəyyən ziddiyyətlər yaranmaqdadır. Bu ziddiyyətlər dünyanın yenidən fraqmentləşməsinə aparıb çıxara bilər. Qloballaşma regionlaşma və sonuncu da hər bir dövlətin öz marağını mütləqləşdirməsi ilə əvəz oluna bilər. Bu tendensiyanın qarşısının alınması üçün regional birliklərin aktivliyini artırmaq təklif edilən metodlardan biridir. Cənubi Qafqaz üçün bu məqam daha prinsipial məna kəsb edir. Çünki buradakı dövlətlər arasında münaqişələr mövcuddur və onlar artıq dünya siyasətinə ciddi təsir etməkdədir. İlk növbədə Ermənistanın Azərbaycana qarşı yeritdiyi təcavüzkar siyasət regional sabitliyə ən çox mənfi təsir edən faktor olaraq qəbul edilir. Bu gerçəklik fonunda yerli dövlətlərin regional siyasətinin mahiyyəti ön sıraya çıxmaqdadır. Təcrübə göstərir ki, Cənubi Qafqazda hələlik yalnız Azərbaycan regional siyasətin müstəqil mərkəzi kimi çıxış edə bilir. Bu, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilən müasir xarici siyasət kursunun məzmunundan qaynaqlanır. Azərbaycanın regional siyasətin mərkəzi kimi çıxış etməsinin iki konkret təzahür forması var. Onlardan biri regional məsələlərin həllində aktiv diplomatiyadan istifadə etməklə bağlıdır. Aktiv diplomatiya müasir tarixi şəraitdə daha əhatəli bir anlayışa çevrilmişdir. Yəni diplomatiyanın aktivliyi çoxlu sayda regional və qlobal geosiyasi faktorlara bağlılığıdır. Regional səviyyədə hər hansı bir məsələni həll etmək üçün diplomatiya qlobal miqyasdakı konkret məqamları nəzərə almalı olur. Bu, həm də dövlətin özünün geosiyasi maraqları ilə regional və qlobal reallıqların uzlaşdırılmasını tələb edir. Bu mənada aktiv diplomatiya yaradıcı münasibət tələb edir. Onun mühüm cəhətlərindən biri də situasiyadan asılı olaraq fəaliyyət məzmununun dəyişə bilməsi ilə əlaqəlidir. Obrazlı ifadə etsək, aktiv diplomatiya "situativdir". Diplomat hər yeni situasiyada fəaliyyət sistemini yeniləşdirməyə məcburdur - hətta oxşar situasiyalarda belə fərqli nəticələr alına bilər. Aktiv diplomatiyanın situativliyi konkret şəraiti hərtərəfli öyrənməklə yanaşı, diplomatın şəxsi keyfiyyətlərini də aktuallaşdırır. Müasir diplomat hərtərəfli biliyə, erudisiyaya, ünsiyyət peşəkarlığına, iradə möhkəmliyinə malik olmaqla yanaşı, çevik analitik təfəkkürə də sahib olmalıdır.

Bütün bunlara görə regional siyasətin mərkəzi statusunu daşımaq faktiki olaraq hər bir diplomatın konkret fəaliyyətindən asılıdır. Aktiv diplomatiyanın bu aspektlərini özündə birləşdirən Azərbaycan regional problemlərin həllində nəticələr almaqdadır. Bunu enerji layihələrinin həyata keçirilməsində, regional münaqişələrin həllində nümayiş etdirilən mövqedə, beynəlxalq terror və narkoticarətə qarşı aparılan mübarizədə və regionun sosial-iqtisadi, mədəni problemlərinin həllində iştirakda aydın görmək olar. Konkret olaraq, Azərbaycan Gürcüstanın bir sıra problemlərinin regional və dünya səviyyəsində həll olunması üçün aktiv diplomatiyadan istifadə edir. Gürcüstanın enerji təhlükəsizliyi, onun müxtəlif bölgələrinin iqtisadi və sosial-mədəni inkişafı üçün regional lider səviyyəsində dövlətimizin göstərdiyi fəallıq göz qabağındadır. Azərbaycanın aktiv diplomatiyadan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində də geniş istifadə etdiyi məlumdur. Məhz bunun sayəsində bölgədə nisbi sabitlik qalmaqdadır. Əgər Azərbaycan dərin məzmunlu aktiv diplomatiya yeridə bilməsəydi, Ermənistanın yeritdiyi qeyri-konstruktiv xarici siyasət nəticəsində Cənubi Qafqaz fəlakətlər zonası kimi qalmaqda davam edəcəkdi. Ona görə də Azərbaycanın aktiv diplomatiya taktikası faktiki olaraq regionun bütövlüyünü təmin edən əsas faktorlardan biridir.

Proseslər Azərbaycanın xeyrinə yönəlməkdədir

Regional siyasətin müstəqil mərkəzi olmağın ikinci tərəfi diplomatiyanın qlobal problemlərin həllinə aktiv cəlb edilməsindən ibarətdir. Məsələnin bu tərəfi olduqca ciddi əhəmiyyətə malikdir. Çünki Cənubi Qafqaz postsovet məkanının ən həssas regionudur və burada geosiyasi proseslərin dinamikası ilə yanaşı, məzmunu da sürətlə dəyişə bilir. Belə şəraitdə qlobal problemlərin çözülməsi metodları ilə regional problemlərin həlli üsulları arasında incə bir uyğunluq qurmaq lazım gəlir. Bu, özlüyündə mürəkkəb və uzun müddət davam edən prosesdir, lakin hər bir regional dövlət həmin istiqamətdə öz töhfəsini verməlidir. Azərbaycanın xarici siyasətinin təsir dairəsinin tədrici genişlənməsi taktikası həmin reallıqlardan qaynaqlanır. Prezident İlham Əliyevin "Əsrin müqaviləsi"nin imzalanmasının 15 illiyinə həsr edilmiş tədbirdə "Azərbaycanın enerji siyasəti regional miqyası aşaraq dünya səviyyəsinə qalxmışdır" fikrini qətiyyətlə vurğulaması məhz aktiv xarici siyasətin qlobal miqysada təsir gücünü artırmağa hesablanmışdır. Diqqəti çəkən odur ki, müasir tarixi mərhələdə məhz hər bir müstəqil dövlətin xarici siyasəti bu prosesdə yer tutmalıdır - burada ayrı-seçkilik konstruktiv qənaətlərə gəlməyə mane olur. Həmin şərt özlüyündə xarici siyasətdə çoxvektorluğu aktuallaşdırır. Azərbaycanın xarici siyasətində çoxvektorluq üstünlük təşkil etdiyindən onun qlobal miqyasda geosiyasi çəkisi durmadan artır. Bu məqamları nəzərə alsaq, belə nəticəyə gələ bilərik ki, Azərbaycanın regional siyasətin müstəqil mərkəzi olmasında çoxvektorlu xarici siyasət kursu həlledici rol oynamışdır. Həmin məqam regionda hər bir tərəfin təşəbbüs göstərməsinə geniş perspektivlər açır. Sadəcə, hər bir region dövləti səmimi olmalı və demokratik yönlü xarici siyasət yeritməlidir. Təəssüf ki, Ermənistan hələlik bu xətdən uzaqdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı rəsmi İrəvanın son zamanlar nümayiş etdirdiyi mövqe bunu bir daha təsdiq edir. Prezident Serj Sarkisyan hələ də Azərbaycanın ayrılmaz bir hissəsi olan Dağlıq Qarabağdan "ya müstəqillik, ya da Ermənistana birləşmə" kimi ikili məntiq çərçivəsində danışır. Bu səbəbdəndir ki, bugünə qədər Cənubi Qafqazın geosiyasi xəritəsində "qara rənglər" qalmaqdadır.

Dünya təhlükəsizlik sistemi və Azərbaycan

Regional liderliyin təməlində iqtisadi faktorun durduğu qəbul olunmuş reallıqlar sırasındadır. Azərbaycan iqtisadi sahədə bölgədə ən potensiallı ölkə olmaqla yanaşı, daha sürətlə inkişaf edən və islahatlar həyata keçirən dövlətdir. Azərbaycan rəqabətədavamlılıq göstəricisinə görə MDB məkanında öndə gedən dövlətlərdəndir. Beynəlxalq təşkilatların son hesabatına görə, ölkəmiz bu reytinqdə Rusiya və Qazaxıstan kimi ölkələri də qabaqlayır. İqtisadi infrastrukturun təkmilləşməsi və müasirləşməsi istiqamətində də Azərbaycan Cənubi Qafqazın şəriksiz lideridir.

İnstitutlaşma sahəsində Azərbaycanın MDB-də ilk sırada olduğunu demək lazımdır. Bütün bunlar ölkəmizin Cənubi Qafqazın lider dövləti kimi qəbul edilməsini təmin edən faktlardır. Burada enerji sahəsində aparılan siyasəti ayrıca vurğulamaq lazımdır. Həm də ona görə ki, müasir mərhələdə enerji təhlükəsizliyi digər təhlükəsizlik növləri ilə sıx bağlıdır. Geosiyasi, hərbi, mədəni, ekoloji, texnoloji və s. təhlükəsizliklər indi enerji təhlükəsizliyi bağlılığında daha çox nəzərdən keçirilir. Azərbaycan qonşu dövlətlərlə təhlükəsizliyin təmini aspektində regional lider səviyyəsində münasibətlər qurmuşdur, enerji təhlükəsizliyi məsələsi ilə əməkdaşlığın ında maraqlı harmoniya formalaşmışdır.

Azərbaycanın xarici siyasətində fəal istiqamətlərdən biri Şərqdir. Çünki XXI əsrdə Asiya-Sakit okean bölgəsinin dünya siyasətində rolu bir neçə dəfə artmalıdır. Dünyanın təcrübəli siyasətçiləri və diplomatlarının proqnozlarına görə, bu proses tədrici olaraq gedəcək. Azərbaycan regional lider olaraq həmin məqamı mütləq nəzərə almalıdır. Azərbaycanı Orta Asiya ilə həm də etnik və mədəni yaxınlıq birləşdirir. Ölkəmiz tarixdə "İpək yolu"nun əsas məntəqələrindən biri kimi də müəyyən geosiyasi və mədəni imic qazanıb. Bu faktorlar kompleks halda Azərbaycanın xarici siyasətində Asiya-Sakit okean istiqamətinin də mühüm yer tutmasını şərtləndirir. Bu sistemli prosesdə, şübhəsiz ki, Orta Asiya regionunun ayrıca yeri vardır. Beləliklə, Azərbaycanın regional lider qismində Asiya-Sakit okean məkanı istiqamətində xarici siyasətinin perspektivləri aydın görünür. Qərb istiqamətində isə ölkəmizin daha geniş əlaqələrə malik olduğu haqqında çox yazılıb. Bu iki istiqamət üzrə xarici siyasətin kompleks halda təsiri Azərbaycanın regional statusunu möhkəmlətməklə yanaşı, onun qlobal təhlükəsizlik sisteminin qurulmasında rolunu əhəmiyyətli dərəcədə artıracaqdır.

“Hürriyyət”