Azərbaycanın musiqi mədəniyyəti...

Azərbaycanın musiqi mədəniyyəti...

Və yaxud Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyinin fəaliyyəti haqda nə bilirik?

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi 1967-ci ildә yaradılıb. Muzeyin fəaliyyətinin əsas məqsədi və vəzifələri Azərbaycan musiqi tarixi ilə bağlı materialların toplanması, saxlanması, araşdırması və təbliğidir.

Muzeyin fondunda 56 mindәn çox eksponat toplanmışdır. Bunlardan Azәrbaycan milli musiqi alәtlәri olan tar, kamança, saz, dәf, qoşanağara, zurna, ney, elәcә dә özunәmәxsus xususiyyәtlәri ilә fәrqlәnәn digәr musiqi alәtlәri - әsa-tar, әsa-saz, habelә qramofonlar, patefonlar, qramofon valları nümayiş etdirilir. Azәrbaycan professional musiqi sәnәtinin banisi Üzeyir Hacıbәyovun , milli professional vokal sәnәtinin banisi Bülbülun, gorkәmli bәstәkarlardan Qara Qarayevin, Fikrәt Әmirovun və başqa musiqi xadimlәrinin muәllif not әlyazmaları, şәxsi әşyaları, afişalar, proqramlar, fotoşәkillәr, tәsviri sәnәt nümunәlәri, notlar, kitablar vә s. materiallar da muzey ekspozisiyasında öz layiqli yerini tapmışdır Bütün bunlar Azәrbaycan milli musiqi mәdәniyyәtinin dәyәrli numunәlәridir. Muzeyin həmçinin asağıdakı filialları mövcuddur:

- Xalq calğı alәtlәri daimi sәrgisi

- Niyazinin mənzil-muzeyi

- Vaqif Mustafazadәnin mənzil-muzeyi

- Qara Qarayevin mənzil-muzeyi

Muzeyin nәzdindә 15 musiqiçini özundә birlәşdirәn “Qәdim Musiqi Alәtlәri Ansamblı” fәaliyyәt gostәrir.

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi 1967-ci ildən 1996-cı ilə qədər İçərişəhərdə, Karvansarayda, Həqiqət Rzayeva küç., 9, 1996-cı ildən 2015-ci ilə qədər Rəşid Behbudov küç., 7 ünvanında fəaliyyət göstərmişdir.

2015-ci ildə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi Muzey Mərkəzinə, Neftçilər prospekti, 49 ünvanına köçmüşdür. Hal-hazırda yeni ekspozisiyanın qurulması üzərində işlər aparılır.

***

Qeyd edək ki, Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi mühüm tədbirlərin təşkili ilə hər zaman diqqət mərkəzindədir. Məsələn, 26 oktyabr 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Azərbaycanın qədim musiqi alətlərinin tədqiqatçısı və bərpaçısı, görkəmli alim, Xalq artisti, professor Məcnun Kərimin xatirəsinə həsr olunmuş "Musiqinin Məcnunu" filminin təqdimatı keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.

Sonra muzeyin Xalq Çalğı Alətləri şöbəsinin müdiri Təranə Zeynalova çıxış etmişdir.

“Musiqinin Məcnunu” sənədli filminin təqdimatından sonra Məcnun Kərimin fəaliyyəti, musiqimizin təbliği sahəsindəki xidmətləri haqqında filologiya üzrə fəlsəfə doktoru, Həsən bəy Zərdabi mükafatı laureatı, yazıçı-publisist Şövkət Hüseynova, Mədəniyyət müəssisələri və xalq yaradıcılığı şöbəsinin müdiri Fikrət Babayev çıxış etmişlər.

Tədbirdə Məcnun Kərimin yaradıcısı və bədii rəhbəri olduğu Qədim Musiqi Alətləri Ansamblının ifasında musiqi proqramı təqdim olunmuşdur.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 2 noyabr 2017-ci il tarixində saat 16:00-da Azərbaycanın ilk qadın opera müğənnisi, SSRİ Xalq artisti Şövkət Məmmədovanın anadan olmasının 120 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Muzeyin şöbə müdiri Xanım Abdinova Şövkət Məmmədovanın yaradıcılıq yolu, xidmətləri haqqında çıxış etmişdir.

Tədbirdə Bakı Musiqi Akademiyasının professoru, musiqişünas-alim, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxış etmişdir.

Bütün çıxışlar muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou və sənədli videokadrlar ilə müşayiət olunmuşdur.

Tədbir Azərbaycan Dövlət Akademik Opera və Balet teatrınin solistləri: Xalq artisti Qərinə Kərimova, Əməkdar artistlər İlahə Əfəndiyeva, Səbinə Vahabzadənin, solistlər Tural Ağasıyev və Taleh Yahyayevin ifalarında Qərbi Avropa və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət musiqi proqramı ilə davam etmişdir.

***

16-18 noyabr 2017-ci il tarixlərində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru Alla Bayramova Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyətinin tərkibində VI Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumu çərçivəsində İncəsənət Tarixi İnstitutunun təşkilatçılığı ilə keçirilən“Peterburq və milli musiqi mədəniyyətləri”, “Peterburq şərqşünaslığı: Avrasiya xalqlarının musiqi ənənələri Böyük İpək Yolunda” VIII Beynəlxalq elmi konfransında iştirak etmişdir. O, “Azərbaycan poeziyasında ənənəvi musiqi alətləri və musiqi” məruzəsi ilə çıxış etmişdir. Forum günlərində Teatr və Musiqi İncəsənəti Muzeyində “Mstislav Rostropoviç: portretə ştrixlər” sərgisinin nümayişi sona yetmişdir. Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi bu sərginin iştitakçılarından biridir.

***

Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində 24 noyabr 2017-ci il tarixində görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti, Dövlət mükafatı laureatı Tofiq Quliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar tədbir keçirilmişdir.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmış, Tofiq Quliyev haqqında xatirələrini bölüşmüşdür.

Sonra muzeyin şöbə müdiri Xanım Abdinova görkəmli bəstəkarın musiqi mədəniyyəti tarixindəki əvəzsiz xidmətləri, yaradıcılıq yolundan danışmışdır. Onun çıxışı muzeyin arxiv materialları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunmuşdur.

Tədbirdə Tofiq Quliyev haqqında çəkilən sənədli filmlərdən kadrlar nümayiş olunmuşdur. Sonra Güllü Məmmədova, Bakı Musiqi Akademiyasının tələbələri Günel Rizvanova, Mədinə Süleymanzadə, Rəhimə Qurbanova, Beynəlxalq Müsabiqə Laureatı Fidan Tağıyeva, Azərbaycan Milli Konservatoriyasının tələbələri Elşən Məmmədov, Nərgiz Məmmədovanın ifalarında bəstəkarın sevilən mahnıları və indiyə qədər Azərbaycan səhnəsində ifa olunmamış musiqi nümunələri ifa olunmuşdur.

***

29 noyabr 2017-ci il tarixində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyi ilə birlikdə görkəmli Azərbaycan bəstəkarı, Xalq artisti Emin Sabitoğlunun anadan olmasının 80 illik yubileyinə həsr olunmuş “Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi” tədbiri keçirilmişdir. Tədbirin hazırlanmasında bəstəkarın qızı, musiqişünas, professor Ceyran Mahmudovanın böyük əməyi olmuşdur.

Tədbiri giriş sözü ilə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açmışdır.

Muzeyin şöbə müdiri Xanım Abdinova Emin Sabitoğlunun həyat və yaradıcılığı haqqında danışmışdır.

Tədbirdə Azərbaycan teatrşünası, tənqidçi, professor, Əməkdar incəsənət xadimi İlham Rəhimli, kino tədqiqatçısı, Əməkdar incəsənət xadimi Aydın Kazımzadə, musiqişünas alim, Əməkdar incəsənət xadimi, Bakı Musiqi Akademiyasının professoru Zümrüd Dadaşzadə Emin Sabitoğlu yaradıcılığında teatr və kino musiqisi haqqında danışmışlar.

Xalq artistləri Amaliya Pənahova, Yalçın Rzazadə, Hacı İsmayılov, həyat yoldaşı, müğənni Xədicə Abbasova Emin Sabitoğlu haqqında xatirələrini tamaşaçılarla bölüşmüşlər. Şair-publisist Fəxrəddin Meydanlı bəstəkara həsr etdiyi şeirini ifa etmişdir.

Tədbirdə Azərbaycan Dövlət Musiqili teatrının aktyorları, Əməkdar artistlər Səidə Şərifəliyeva, Almaz Ələsgərova, Svetlana Bulax, artistlər Telnaz Hüseynova, Nadejda Paveliçina, musiqiçilər Arzu Ələsgərli, Emin Həsənov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimi Hüseyn Bakılı, tələbələr Valeriya Hüseynzadə, Məlik Məmmədov, konsertmeysterlər Zəhra Babanlı, Amin Novruzov və Akif İsgəndərlinin ifalarında Emin Sabitoğlunun kinofilmlərə və teatr tamaşalarna yazdığı musiqilərdən ibarət konsert proqramı təqdim olunmuşdur.

Tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin və Azərbaycan Dövlət Teatr Muzeyinin zəngin arxiv materialları əsasında hazırlanmış videoçarx və slayd-şou nümayiş olunmuşdur.

Tədbirin qonaqları musiqi ictimaiyyəti, Emin Sabitoğlunun ailə üzvləri, teatr, kino xadimləri, Bakı muzeylərinin əməkdaşları, KİV-nin nümayəndələri və başqaları olmuşlar.

Azәrbaycan Musiqi Mәdәniyyәti Dövlәt Muzeyi bu kimi önəmli tədbirlərin təşkilini davam etdirməkdədir. Azərbaycan musiqi mədəniyyətinin təbliğində göstərdikləri fəaliyyətə görə muzeyin kollektivinə uğurlar arzulayırıq.

Məmməd Mirzəliyev

  • Hamısı
  • Loading...