Azərbaycanın NATO ilə əməkdaşlığının perspektivi

Azərbaycanın NATO ilə əməkdaşlığının perspektivi

Bu əməkşdaşlıq və əldə olunan anlaşmalar alyansın Cənubi Qafqaz regionuna marağının artmasını göstərir

İPAP dövlətlərin islahat ehtiyacların qaldırmaq məqsədilə yaradılan yeni ikitərəfli mexanizmdir. Azərbaycanın NATO ilə əməkdaşlığlna dair İPAP sənədi əsas etibarilə 4 sahədə (siyasi məsələlər və ümumi təhlükəsizlik problemləri, hərbi, təhlükəsizlik və müdafiə sahəsindəki problemlər, ekologiya, elm problemləri və ictimai məsələlər, informasiya mübadiləsi və inzibati məsələlər) olan problemləri əhatə edir. İPAP-da NATO-ya üzv olmağa çalışan və alyansla əməkdaşlıq edən dövlətlərin silahlı qüvvələrində həyata keçiriləcək islahatların mahiyyəti, bu istiqamətdə lazımi əlaqələrin və planlaşdırmanın hazırlanması və bütün bunlar üçün ən optimal büdcə variantının seçilməsi öz əksini tapır.

Tərəfdaşlıq çərçivəsində sülh

Azərbaycanın «Sülh naminə tərəfdaşlıq» proqramına qoşulması və «Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət Planı»nı imzalaması nəticəsində NATO ölkələri ilə siyasi, hərbi, mədəni, humanitar əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanlar açılmışdır. Bir tərəfdaş olaraq, Azərbaycan Şimali Atlantika İttifaqının əsas məqsədinə-bütün Avroatlantika zonasında sülhün və sabitliyin möhkəmləndirilməsinə öz sadiqliyini nümayiş etdirir. NATO ilə yaradılmış hüquqi münasibətlər bu beynəlxalq təşkilata daxil olan ölkələrdə gələcəkdə Azərbaycan ordusu üçün zabit kadrlarının hazırlanmasına, NATO İttifaqının keçirdiyi sülhməramlı tədbirlərdə və hərbi manevrlərdə ordu hissələrimizin iştirakına, milli ordu quruculuğunda blokun imkanlarından istifadə edilməsinə əsas verir.

Azərbaycanla NATO arasında əməkdaşlıq təkcə “Sülh naminə tərəfdaşlıq” proqramı və İPAP-dan ibarət deyil. NATO ilə Fərdi Tərəfdaşlıq Planı (İPP) çərçivəsində hər il Azərbaycan Silahlı Qüvvələrinin 1000-dək nümayəndəsi NATO-nun 300-dək tədbirində iştirak edir. Həmçinin Azərbaycanda hər il NATO-nun Brüsseldəki mənzil-qərargahında, Monsdakı (Belçika) tərəfdaşlığın koordinasiya qrupunda, Neapoldakı (İtaliya) regional və Norfolkdakı (ABŞ) strateji komandanlıqda da xidmət edirlər. Bundan başqa, Azərbaycan Müdafiə Təsisatlarının Qurulması üzrə Tərəfdaşlığın Əməliyyat Planı (PAP DİB) proqramı çərçivəsində də NATO ilə əməkdaşlıq edir. Dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri Azərbaycan-NATO münasibətlərinin yeni mərhələsi kimi qiymətləndirilməlidir. Belə ki, 2006-cı il noyabrın 8-də Brüsseldə-NATO-nun qərargahında bu hərbi-siyasi qurumun baş katibi Yaap de Hoop Sxeffer ilə görüşən Azərbaycan Prezidenti İlham Əliyev adı çəkilən beynəlxalq təşkilatla əməkdaşlığın uğurla inkişaf etdiyini söyləyərək «Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət planı» çərçivəsində həyata keçirilən tədbirlərin bunun yaxşı nümunəsi olduğunu qeyd etdi və bu əlaqələrin bundan sonra da genişlənəcəyinə əmin olduğunu bildirdi.

NATO ilə əməkdaşlığın genişləndirilməsi baxımından prezident İlham Əliyevin Brüsselə çox böyük əhəmiyyət kəsb edən səfəri zamanı keçirdiyi görüşlər, aparılan danışıqlar Azərbaycanın bu beynəlxalq təşkilatlara inteqrasiyasına yeni təkan verdi. Bununla yanaşı, dövlət başçısı İlham Əliyevin Belçika Krallığına səfəri bir daha sübut etdi ki, Avroatlantik strukturlara, xüsusilə NATO-ya inteqrasiya Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. 2006-cı il noyabrın 28-29-da NATO üzvü olan 26 ölkənin dövlət və hökumət başçılarının iştirakı ilə Riqada keçirilən Zirvə toplantısının yekunu olaraq qəbul olunmuş 46 bənddən ibarət kommunikenin 43-cü bəndində alyans üzvü olan ölkələrin Cənubi Qafqazdakı münaqişələrin hələ də həll edilməməsindən narahatlığı əks olunmuşdur. NATO-nun Zirvə toplantısının yekun bəyannaməsində Azərbaycanın ərazi bütövlüyünün, suverenliyinin dəstəklənməsini ölkəmizin regionda və beynəlxalq aləmdə qazandığı uğurların nəticəsi kimi qiymətləndirmək olar. Bununla yanaşı, Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edən bu bəyannamənin qəbul olunması, həm də alyansın Cənubi Qafqaz regionuna marağının artmasını göstərir.

Şimali Atlantika İttifaqı ilə əməkdaşlıq

Hazırda Azərbaycanın Şimali Atlantika İttifaqı ilə «Fərdi Tərəfdaşlıq üzrə Fəaliyyət planı» çərçivəsində əməkdaşlıq etməsi və alyansın üzv olan dövlətlərin ölkəmizə xüsusi diqqət verməsi buna bariz sübutdur. Məhz qarşılıqlı əməkdaşlığın inkişafı nəticəsində NATO regionda sülhün və sabitliyin bərpasına çalışır.

NATO-Azərbaycan əlaqələrinin inkişaf etdirilməsi müstəqil dövlətimizin beynəlxalq aləmdəki mövqelərinin daha da möhkəmləndirilməsinə zəmin yaradır. Bu baxımdan NATO-nun Buxarest sammiti bizim üçün xüsusi əhəmiyyət daşımışdır. Belə ki, 2008-ci il aprelin 2-4-də NATO-nun Buxarestdə keçirilən Zirvə toplantısında regional münaqişələr xüsusi müzakirə obyekti oldu. Zirvə toplantısının Yekun Bəyannaməsinin 43-cü maddəsində ərazisində «dondurulmuş münaqişələr» olan dörd postsovet respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün dəstəklənməsi, eləcə də bu münaqişələrin həmin prinsiplər əsasında həll edilməsinin tövsiyə olunması bu gün Azərbaycan üçün olduqca mühüm əhəmiyyət kəsb edir.

Bundan əlavə, NATO-nun 60 illiyi ilə əlaqədar 2009-cu il aprelin 3-4-də Kil və Strasburqda keçirilmiş sonuncu Zirvə toplantısında qəbul edilmiş Bəyannamənin münaqişələrlə bağlı 58-ci bəndində təşkilatın Cənubi Qafqaz və Moldova ərazilərindəki münaqişələrin mövcudluğundan ciddi narahatlıq keçirdiyi bildirilməklə yanaşı, Azərbaycanın ərazi bütövlüyünün dəstəkləndiyi də öz əksini tapdı.

2009-cu il aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyevin Brüsselə səfəri zamanı NATO-nun baş katibi Yaap de Hoop Sxefferlə görüşündə Alyansın ali nümayəndəsi, respublikamızın NATO üçün regionda mühüm rol oynayan ölkə olduğunu bildirməklə yanaşı, qeyd etdi ki, təmsil etdiyi qurum Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində birbaşa rol oynamasa da, bu münaqişənin həllində ərazi bütövlüyü prinsipi sual altına qoyulmamalıdır. Azərbaycan - NATO əməkdaşlığını yüksək qiymətləndirən dövlət başçısı cənab İlham Əliyev bu təşkilatın tədbirlərində və proqraminda fəal istirak etdiyini, xüsusilə otən il ölkəmizin Alyansın 200 tədbirinə qatıldığını vurgulamaqla yanaşı, Şimali Atlantika Alyansının Ermənistan-Azərbaycan, Dağlığ Qarabağ münaqişəsində qətiyyətli mövqe tutduğunu və bu mövqeyin ərazi bütövlüyü prinsiplərinə əsaslandıqını minnətdarlıq hissi ilə qeyd etdi.

Azərbaycanın NATO ilə əməkdaşlığı respublikamızın xarici siyasət strategiyasının bir neçə əsas amili baxımından qiymətləndirilməlidir. Birincisi, gənc Azərbaycan dövləti öz xarici siyasətində beynəlxalq təşkilatlarla əməkdaşlığa xüsusi əhəmiyyət verir. İkincisi, Azərbaycan beynəlxalq təşkilatların üzvü olan bütün dünya dövlətləri ilə əməkdaşlıqda maraqlıdır və çoxtərəfli diplomatiya siyasəti yeridir. Üçüncüsü, Azərbaycanın müharibə vəziyyətində olması tələb edir ki, bütün vasitə və yollarla beynəlxalq aləmdə təmasda olsun və onu müstəqillik problemlərimizin həllinə daha çox cəlb etsin. Bu üç faktor Azərbaycanın NATO proqramına qoşulmasında əsas rol oynamışdır.

Bu gün NATO ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi, Azərbaycanın dünya birliyinə inteqrasiya olunması, öz maraqlarını bilavasitə təmsil etməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyindən bu sahədə fəaliyyət müstəqil Azərbaycan dövlətinin xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir.

Tərəfdaşlıq prioritetləri və ərazi bütövlüyü

Azərbaycan Prezidenti İlham Əliyevin xarici səfərləri həmişə müsbət nəticələrlə yadda qalır. İyul ayında dövlət başçısının Brüssel səfəri isə iki aspektdən daha çox önəm kəsb edirdi. Onun birinci aspekti Avropa İttifaqı ilə qarşılıqlı əlaqələrin yeni müstəvidə necə davam etdiyinin müəyyənləşdirilməsi ilə bağlıdır ki, bu da iki cəhətdən aktual idi. Hər şeydən öncə, Azərbaycan-Aİ münasibətlərinə digər böyük geosiyasi güc mərkəzlərinin verəcəyi reaksiya maraq doğururdu. Çünki məlumdur ki, Rusiya Gürcüstan və Ermənistana onların Avropa ilə əməkdaşlığının məzmunu ilə bağlı xəbərdarlıq edib. İkinci cəhət isə Azərbaycanla Avropa İttifaqı əməkdaşlığının yeni məzmununun özəllikləri ilə əlaqəli idi.

Birinci aspektin hər iki cəhətinin digər geosiyasi güc mərkəzləri tərəfindən normal qarşılandığı artıq məlumdur. Belə ki, Moskva Bakının bu istiqamətdə atdığı addımlara qətiyyən etiraz etmir, əksinə, onları qəbul edir. Çünki bu əməkdaşlığın strategiyası heç kəsin maraqlarına qarşı yönəlməyib. Brüsseldə paraflanan "Tərəfdaşlıq prioritetləri" adlı sənədin birinci bəndindən bu, aydın görünür.

İndiyə qədər Avropa İttifaqı "dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinin toxunulmazlığının dəstəklənməsinə sadiqliyi" ifadəsini Azərbaycanla imzaladığı sənədlərə salmırdı. Bu, siyasi baxımdan bir çatışmazlıq idi. Çünki, ümumiyyətlə, Aİ ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini daim vurğulayırdı və Azərbaycanla bağlı bundan o tərəfə konkretlik etmirdi. İndi isə birmənalı vurğulanır ki, Azərbaycanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış siyasi sərhədləri toxunulmazdır. Deməli, bu prinsipin pozulması həm də Aİ üçün siyasi problemdir. Və Brüssel onun düzəldilməsinə çalışmalıdır. Onu vurğulayaq ki, Ermənistan siyasi dairələri bu məqamdan bərk narahat olublar. Nikol Paşinyan Brüsseldə pul dilənəndə, Azərbaycan rəhbəri yuxarıda vurğulanan mühüm sənədin paraflanması mərasimində iştirak edirdi. İlham Əliyev konkret siyasi uğura imza atırdısa, N.Paşinyan "yardım edin" deyə, hay-küy salmaqla məşğul idi. O, Brüssel hava limanında da şikayət etdi ki, Avropa "erməni inqilabı"na lazımi qiymət vermir. Əslində, Brüssel çox gözəl bilir ki, Ermənistanda inqilab deyilən proses nə demokratiya, nə də sivil inkişaf naminə edilib – məsələ ölkədəki klanlararası savaşın yeni mərhələsi ilə bağlıdır. Digər tərəfdən, kənardan böyük geosiyasi güclərdən biri öz təsirini göstərmişdi. Bu bağlılıqda hamı bilir ki, Ermənistan nə qədər atılıb-düşsə də, Rusiyanın hərbi və iqtisadi çətirinin altından çıxa bilməz. Bunlardan sənəddə vurğulanan məqamların birinci aspekti çərçivəsindəki ikinci cəhəti də olduqca əhəmiyyətlidir. Burada Azərbaycanın öz iqtisadiyyatının şaxələndirilməsinə yönəlmiş siyasətinə dəstək ifadə olunub və eyni zamanda, ölkəmizdə iqtisadi islahatlar prosesinə yardım edilməsi istiqamətində Avropa İttifaqının mümkün töhfəsi vurğulanıb. Aydındır ki, bu məqam da Brüsselin prinsipial mövqeyini əks etdirir. Belə ki, Azərbaycana dost olmayan dairələr ölkədə həyata keçirilən islahatların real məzmununa kölgə salmağa və onu antisivil məzmunda təqdim etməyə çalışırlar. Brüssel isə bu sənədlə bəyan edir ki, o, nəinki Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi proqramlarını müsbət qiymətləndirir, hətta bununla bağlı öz töhfəsini verməyə də hazırdır. Ermənistanla münasibətlərdə bu kontekstdə hansısa konkret sənəd varmı? Brüssel daim Ermənistanın normal bir proqram təklif etməsini istəyir. Əvəzində isə maliyyə yardımının vacibliyindən başqa bir fikir eşitmir. Çünki Ermənistan müstəqil deyil, o, Kremlin icazəsi olmadan hansısa proqram tərtib edib, Avropaya təqdim edə bilməz. "Tərəfdaşlıq prioritetləri" sənədində tərəflər arasındakı əməkdaşlığın geosiyasi aspekti prioritetlərdən biri kimi vurğulanıb. Orada qeyd edilib ki, Azərbaycan əlverişli geosiyasi mövqeyə malikdir. Bu, faktiki olaraq Azərbaycanı Cənubi Qafqazın geosiyasi qovşağı statusunda qəbul etmək deməkdir. Təbii ki, hazırkı mərhələdə məsələnin bu tərəfi çox önəmlidir və birbaşa strateji maraqlara aiddir.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz

Reklam
QALEREYA