“Azərbaycanın Qərb qapısının ciddi təhdid altında qalması olduqca təhlükəlidir” - POLİTOLOQ

“Azərbaycanın Qərb qapısının ciddi təhdid altında qalması olduqca təhlükəlidir” - POLİTOLOQ

“Son dövrlər Rusiya Gürcüstanda geniş təbliğat şəbəkəsi yaradır”

“Gürcüstanda İvanaşvilinin yeni baraj qərarı Gürcüstanın təhlükəsizliyi və regionun geostrateji tranzit qapısı üçün ciddi təhlükələr formalaşdırır. Gürcüstanda Provaslav Assambleyasının sədri Sergey Qavrilovun Gürcü parlamentində baş kürsüdə oturmasına görə başlanan etirazlardan müxalifət məharətlə istifadə etdi və seçki sisteminin dəyişdirilməsini tələb etdi. Buna qədər Gürcüstanda seçki qarışıq sistemdə aparılırdı. Yeni qaydalara əsasən isə seçki proporsional formatında, lakin 0 barajla həyata keçiriləcək”. Hurriyyet.org xəbər verir ki, bu barədə politoloq Kamran Sultanlı şərh edib.

“Gürcü kilsəsi hələ də Moskva patriarxlığının kanonik ərazisidir”

K. Sultanlı hesab edir ki, barajın aradan qaldırılması İvanaşvilinin iqtidarının ömrünü uzatmaq üçün atdığı addımdır: “Bu addım ona dəlalət edəcək ki, istənilən marginal qruplar parlamentə düşəcək. Burada daha önəmli məsələ xarici güclərin maraq dairəsində olan qrupların parlamentə düşməsidir. Bu qüvvələr arasında Rusiya ilk pillədə gəlir. Onsuz ölkənin aparıcı partiyaları Qərb yönümlü kursun dəstəkçiləridir. Lakin Rusiya çalışacaq ki, 2020-də keçirilən seçkilərdə özünə yaxın qrupları parlamentə daxil etsin. Hazırda bunun üçün Rusiyanın əlində geniş imkanları var. Parlamentə rus yönümlü “Gürcü Marşı”ndan əlavə başqa dini mövqeli qruplarda düşə bilər. Bu isə Rusiyaya Gürcüstanda siyasi təsir imkanı verə bilər. Təbii ki, İvanaşvili barajı aradan qaldırmaqla müxalif partiyaların mövqeyini zəiflətmək və səsləri bölməyə çalışır. 2020-də tək iqtidar qurmaq çətinləşə bilər. Belə olan halda isə Gürcüstan parlamentində mozaik durum formalaşa bilər. Bu, həm Azərbaycana qarşı yeni həmlələrə yol aça bilər.
Gürcü toplumunun dindarlığının yüksək olmasından istifadə edən Moskva Gürcüstan daxilində seçki öncəsi geniş təbliğat şəbəkəsi formalaşdırır. Rusiya eyni ssenarini digər Qərbyönümlü kursu seçən Ukraynada həyata keçirməyə çalışır. Prezident seçkilərində də rus yönümlü şəxslərə dəstək oldu. Boyko və Medvedçuk tandemini parlamentə salmaqla daha çox təsir mexanizmləri əldə etməyə çalışır. Gürcüstanda bu imkanlar genişdir. Üstəlik Gürcü kilsəsi hələ də Moskva patriarxlığının kanonik ərazisidir və onun mövqeyini nəzərə alır. Gürcü kilsəsinin isə Gürcü ictimaiyyəti arasında çox böyük nüfuzu və təsiri var. Çünki gürcü toplumu dinə olduqca böyük qiymət verir və buna görə gürcü siyasiləri Gürcü Ortodoks Kilsəsinin mövqeyi ilə hesablaşırlar. Hələ də Gürcüstan dövləti Ukraynanın avtokefal statusunu tanımır. Rusiya dini hissləri manipulyasiya etməklə Keşikçidağ istiqamətindən də aktiv təbliğat maşını qurur. Təbii ki gürcü toplumu da Rusiya olmasa belə Keşikçidağa iddia edir. Bunun digər bir səbəbi də, dini hisslərin milli hisslərə proyeksiyasidir”.

“Son illər Gürcüstanda 24-dən çox institut anti-Qərb baxışları təbliğ edir”

K. Sultanlı vurğulayıb ki, son dövrlər Rusiya Gürcüstanda geniş təbliğat şəbəkəsi yaradır: “Moskva Gürcüstanda bir-neçə media qrupunu aktiv şəkildə maliyələşdirir. Bunlar arasında “Gürcüstan və dünya”(Geworld.ge), “Asavali-Dasavali” və “Alia” qəzəti, Gürcüstan “Vətənpərvərlər Alyansı”nın media qurumu olan Obyektiv Tv, Sakinform, Rusiya ilə əlaqələri geniş şəkildə təbliğ edir. Gürücüstan “Vətənpərvər Alyansı” isə tez-tez Moskvada səfərdə olur və Rusiya ilə kompromisi problemlərin həlli üçün yeganə vasitə hesab edir. Son illər 24-dən çox institut anti-Qərb baxışları təbliğ edir. Rusiya Avrasiya institutu, Primakov adına mərkəz, “Alianskiy senter” kimi platformalar vasitəsilə Rusiya ilə əməkdaşlığın Gürcüstana daha çox xeyir verəcəyini ictimaiyyətə təlqin edirlər. Rusiya Gürcüstanda bu cür təbliğat platformalarının xərclənməsinə araşdırılmış rəqəmlərə əsasən 35 milyon dollardan çox vəsait xərcləyib”.

“Azərbaycanın Qərb qapısının ciddi təhdid altında qalması olduqca təhlükəlidir”

K. Sultanlının fikrincə, Rusiyanın son dövrlər Gürcüstanda genişlənməsi və Gürcüstanın Rusiyadan assimetrik asılılığı Ermənistanın deblokdası və Azərbaycanın Qərb qapısının ciddi təhdid altında qalması baxımından olduqca təhlükəlidir: “Rusiya bu üsulla həm Qərbə gedən yolda söz sahibi olmaq, ABŞ-ın Qara dənizdə güclənməsini önləməyi və Ermənistanı quru yolu ilə təchiz etməyi hədəfləyir”.

Şamo EMİN, Hurriyyet.org

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz