Azərbaycanın qonşu ölkələrlə münasibətləri

Azərbaycanın qonşu ölkələrlə münasibətləri

Müasir dövrdə hər bir dövlətin beynəlxalq münasibətlər sistemində layiqli mövqe tutaraq özünü bərabərhüquqlu tərəfdaş kimi təsdiqləməsi, milli maraq və mənafeyini yüksək səviyyədə müdafiə etməsi, qlobal təhdid və çağırışlara adekvat cavab verməsi, diplomatik əməkdaşlıq sferasında həlledici uğurlara imza atması onun çağdaş dünya nizamının reallıqlarına cavab verən xarici siyasəti necə qurmasından bilavasitə asılıdır. Müşahidələr göstərir ki, beynəlxalq hüquq prinsiplərini əsas tutaraq praqmatizmə, qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan açıq xarici siyasət yeridən, qlobal geosiyasi məkanda cərəyan edən proseslərə çevik və adekvat reaksiyası ilə seçilən, çoxqütblü əməkdaşlığa üstünlük verən verən ölkələr tez bir zamanda qarşıya qoyduqları məqsədlərə nail ola bilirlər.

Prioritet strategiyanın uğurlu düsturu

Xarici siyasətdə varislik ənənələrinin qorunması, diplomatiyanın əsas istinad mənbəyi olan təməl prinsiplərinin dəyişməz qalması Azərbaycanın hazırkı çoxşaxəli uğurlarını təmin edən amillər sırasında xüsusi vurğulana bilər. Xarici siyasətdə ölkəmizin yeni dövrün tələblərinə uyğun beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsi, milli maraqların maksimum səviyyədə qorunması başlıca şərtlərdən birdir. Respublikamızın bütün sahələrdə sürətlə inkişaf etməsi eyni zamanda xarici siyasət sahəsində qarşıya qoyulmuş vəzifələri inamla gerçəkləşdirmək imkanı verir.
Ermənistanın dünya miqyasında təcavüzkar dövlət kimi tanınmasına nail olmaq, Azərbaycanın ərazi bütövlüyünü təmin etmək, dünya siyasətini istiqamətləndirən böyük dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, beynəlxalq aləmdə respublikamızda həyata keçirilən mütərəqqi islahatlar barədə dolğun təsəvvür yaratmaq, xaricdə güclü diaspor və lobbi formalaşdırmaq xarici siyasətinin prioritet məqsədləri olaraq qalmışdır. Balanslı xarici siyasət yeridən Azərbaycan regionun və dünyanın bir sıra dövlətləri ilə diplomatik əlaqələri inkişaf etdirmək siyasətinə üstünlük vermiş, sivil qaydalara əsaslanan enerji diplomatiyası həyata keçirmişdir. Beynəlxalq hüquq normalarına, qarşılıqlı etimada, faydalı əməkdaşlığa əsaslanan xarici siyasət yeridən Azərbaycan qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olmuş, regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləmişdir. Rəsmi Bakı tarazlı xarici siyasətlə regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına, Rusiya, ABŞ, İran və Avropa dövlətlərinin regionda toqquşan maraqlarının optimal şəkildə uzlaşdırılmasına çalışmışdır.
Milli maraqları maksimum dərəcədə qorumaqla İran, Rusiya, Çin və digər dövlətlərlə münasibətləri yüksək səviyyədə qurmağa yönəlmiş səylər Qərbdə hər hansı qıcıq doğurmur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.

Balanslı siyasətin qonşu dövlətlərlə münasibətlərdə yeri

Yaxın qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı özlərinə strateji tərəfdaş və dost ölkə sayır, respublikamızla hərtərəfli əməkdaşlığa böyük maraq göstərirlər. Avratlantik məkana inteqrasiya kursuna sadiqliyi ilə seçilən respublikamızın Qərblə münasibətlərdə Rusiyanın, İranın və digər dövlətlərin mənafeyinə toxunan hansısa addıma yol verməməsi də mövcud əməkdaşlığın səmimi etimad çalarları üzərində qurulmasını təmin edir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir. Uzağa getməyək, ABŞ Senatının Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində qondarma "erməni soyqırımı"nın tanınmasına sərt münasibət ifadə edən Azərbaycan milli maraqlarını istənilən səviyyədə qorumaq imkanının olduğunu nümayiş etdirmişdir. Eyni zamanda rəsmi Bakı 2010-cu ilin mayında İsrail hərbi dəniz qüvvələrinin Qəzzə bölməsinə humanitar yardım aparan "Azadlıq donanması"na hücumunu pisləməklə bütün məsələlərdə beynəlxalq hüquq normalarından çıxış etdiyini bir daha nümayiş etdirmişdir.

Azərbaycan prezidenti İlham Əliyevin işgüzar səfərləri respublikamızın hesabat dövründə yeritdiyi xarici siyasətin dinamikliyini və milli maraqlara əsaslandığını bir daha təsdiqləyir. Xüsusilə yaxın region dövlətlərilə qurulan münasibətlər respublikamızın bölgədəki mühüm roluna və imkanlarına dəlalət edir. Dövlət başçısının Rusiya, Türkiyə və Gürcüstana işgüzar səfərləri Azərbaycanın qonşu ölkələrlə münasibətlərinin qarşılıqlı faydalı əməkdaşlığa əsaslandığını göstərir. Xüsusilə də Türkiyə və Gürcüstanla iqtisadi əlaqələrin genişləndirilməsi regionda sülh və sabitlik, iqtisadi inkişaf üçün ciddi təminat yaradır. Azərbaycanın hər iki dost ölkə ilə əmtəə dövriyyəsinin həcmi əhəmiyyətli dərəcədə artmışdır.
Bu əlaqələr işğalçılıq siyasətindən əl çəkməyən Ermənistanı regionda həyata keçirilən strateji əhəmiyyətli layihələrdən kənarda saxlayır, beləliklə, həm də gələcək inkişafını sual altında qoyur. Ötən illər ərzində Azərbaycanın Rusiya ilə münasibətləri daha da intensivləşmiş, keyfiyyətcə yeni mərhələyə yüksəlmiş, hər iki ölkə rəsmilərinin işgüzar səfərlərinin sayı artmışdır. Ötən il enerji sahəsində əməkdaşlıqla bağlı əldə olunmuş mühüm razılaşmaya əsasən, Azərbaycandan Rusiyaya mavi yanacağın nəqlinə başlamışdır. Boru kəmərlərinin şaxələndirilməsi siyasətinə üstünlük verən Azərbaycan Rusiyaya qaz ixracını kommersiya prinsipləri baxımından cəlbedici sayır. Ümumiyyətlə, iqtisadi, siyasi və hərbi potensialı ilə beynəlxalq münasibətlər sistemində əlahiddə yeri olan Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, keçmiş sovetlər birliyi dövründən mövcud olan çoxşaxəli əlaqələri çağdaş geosiyasi gerçəkliklərə nəzərən inkişaf etdirmək rəsmi Bakının xarici siyasətində daim vacib məsələlərdən biri kimi nəzərdən keçirilir.
Bütün bunlar göstərir ki, Azərbaycan müstəqil dövlət olaraq xarici siyasət strategiyasını özünün iqtisadi gücü, qüdrəti və resursları, dünya siyasətindəki yerindən asılı olaraq milli məqsədlər üzərində qurur. Dövlətçiliyin, müstəqilliyin, ərazi bütövlüyünün və suverenliyinin, milli təhlükəsizliyin qorunması, beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların firavan, təhlükəsiz yaşayışının təmin olunması və həyata keçirilən xarici siyasətdə yenə də üstünlük təşkil etmişdir. Rəsmi Bakının praqmatik, çevik, milli maraqların prioritetliyinə əsaslanan diplomatiyası Azərbaycanı həm də bütövlükdə Avropa məkanında strateji önəmi birmənalı etiraf olunan dövlətə çevirmişdir.

Çoxtərəfli münasibətlərin strateji qaynaqları

Azərbaycan onun çoxtərəfli münasibətlərilə məntiqi vəhdət yaradan ayrı-ayrı xarici dövlətlərlə ikitərəfli münasibətlərinə, o cümlədən qonşu ölkələrlə münasibətlərinə xüsusi əhəmiyyət verir. Azərbaycanın müstəqilliyini tanımış ilk dövlət olan və bugünədək mövqeyimizi dəstəkləməkdə davam edən Türkiyə ilə münasibətlər son dərəcə mühümdür. Etnik, mədəniyyət və dil baxımından bir-birilə sıx bağlı olan bu iki ölkə arasında qarşılıqlı münasibətlər bu gün strateji əməkdaşlıq səviyyəsində daha da genişlənməkdə və dərinləşməkdədir. Azərbaycan və Türkiyənin bölgədə baş verən geosiyasi və iqtisadi vəziyyətin inkişafına, trans-regional iqtisadi layihələrin gerçəkləşdirilməsinə münasibəti, eləcə də rəsmi Ankaranın Ermənistan-Azərbaycan münaqişəsinin həllinə yönəldilmiş səyləri, müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində atdığı addımlar da daxil olmaqla, onların mövqelərinin tam uyğunluğunu və bu iki ölkə arasında əməkdaşlığın keyfiyyət səviyyəsini nümayiş etdirir.

Rusiyanın Cənubi Qafqazda nüfuzunu nəzərə alaraq, Azərbaycanın xarici siyasəti böyük əhəmiyyətə malik şimal istiqamətinə xüsusi diqqət ayırır. Bölgədə gərginliyin azaldılması və mehriban qonşuluq şəraitinin yaradılması naminə səylər göstərən Azərbaycan Rusiya ilə iqtisadi, siyasi, ictimai və mədəni sahələrdə qarşılıqlı faydalı əməkdaşlığın daha da təkmilləşdirilməsinin tərəfdarıdır. Belə konstruktiv mövqeyi sayəsində burada özünü büruzə verən müsbət meyllərdən, ilk növbədə ikitərəfli münasibətlərin "istiləşməsi"ndən xəbər verən prezidentlərin qarşılıqlı səfərlərindən, Xəzər dənizinin milli sektorlara bölünməsi üzrə Azərbaycan-Rusiya sazişindən, eləcə də hər iki tərəfin təhlükəsizliyinin təmin edilməsi də daxil olmaqla, müxtəlif sahələri əhatə edən əməkdaşlıq olduqca vacib şərtlərdən biridir.

Tarix və mədəniyyət sahələrində zəngin müştərək irsə malik Azərbaycanla İran arasında münasibətlər Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir. Müstəqilliyinin ilk günlərindən Azərbaycan İranla münasibətlərinə böyük əhəmiyyət vermişdir. Azərbaycan qonşu İranla siyasi, iqtisadi və mədəni sahələrdə qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsinə çalışır. Azərbaycanla maraqları oxşar olan Gürcüstan və Ukrayna arasında əməkdaşlıq və tərəfdaşlığın hərtərəfli intensivləşməsi ölkəmiz üçün başlıça əhəmiyyət kəsb edən məsələlərdən biridir. Azərbaycanın bu dövlətlərlə ümumi maraqlarının mövcudluğu, Xəzərin hidrokarbon ehtiyatlarının dünya bazarlarına çatdırılması və Avropanı Asiya ilə birləşdirmək naminə tarixi "İpək Yolu"nun bərpa edilməsi, eləcə də ümumi təhlükəsizliyə qarşılıqlı təminatların verilməsi kimi birgə trans-regional layihələrdə iştirak həmin münasibətlərin vacibliyini bir daha sübuta yetirir.

Mərkəzi Asiya ölkələrilə münasibətlər də Azərbaycanın xarici əlaqələr sistemində əhəmiyyətli yer tutur. Mərkəzi Asiya dövlətlərinin Azərbaycanın əsas iştirakçılardan biri olduğu layihələrə qoşulması ümumi tarixi və mədəni köklərdən əlavə, bu ölkələrlə iqtisadi və siyasi təmasın da daha sıx olmasına öz töhfəsini vermişdir. Həmin siyasətin nəticələrindən biri odur ki, Azərbaycan Mərkəzi Asiya üçün Avropa məkanına və bazarlarına etibarlı körpü ola bilmişdir.

Azərbaycanın Yaxın və Orta Şərq dövlətlərilə münasibətləri böyük potensiala malikdir. Bu münasibətlər Yaxın və Orta Şərqin geosiyasi əhəmiyyətini, zəngin enerji ehtiyatlarını və bu bölgədə böyük sərmayə potensialının mövcudluğunu əsas götürərək qurulur. Azərbaycan bu bölgə ölkələrinin ticarət, texnoloji və maliyyə imkanlarını çox cəlbedici hesab edərək, Yaxın və Orta Şərq dövlətlərilə qarşılıqlı faydalı münasibətlərin daimi inkişafını müsbət qarşılayır.

Beləliklə, Azərbaycanın apardığı uğurlu ölçülüb-biçilmiş və tarazlaşdırılmış xarici siyasət sayəsində Azərbaycan millətinin təhlükəsiz və xoşbəxt gələcəyini təmin edən xarici mühit yaradılıb-qorunaraq, Azərbaycanın həm dünya miqyasında mövqelərinin möhkəmləndirilməsi, həm də Xəzər-Qafqaz bölgəsində ən vacib ölkəyə çevrilməsinə nail olunur.

“Hürriyyət”

Loading...
Xəbərlərin arxivinə buradan baxa bilərsiniz



QALEREYA