Azərbaycanın regional lider statusunda olan önəmli mövqeyi

Azərbaycanın regional lider statusunda olan önəmli mövqeyi

Azərbaycanın sürətli inkişafının və yüksək beynəlxalq nüfuzunun əsas şərtlərindən biri rasional və praqmatik xarici siyasət kursudur. Belə ki, həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren liderinə çevrilib. Eyni zamanda, Azərbaycanın xarici siyasət strategiyası bir neçə istiqamətdə ölkəmizi nəzərə alınan lokomotiv aktorlardan birinə çevirib. Qeyd etdiyimiz kimi, bu gün dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı, inkişaf mənbəyi adlandırırlar. Ölkəmiz tərəfindən reallaşdırılan müstəqil və balanslaşdırılmış enerji siyasəti regionətrafı coğrafiyanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Azərbaycanı dünyanın enerji bazarında aparıcı ixracatçılardan birinə çevirib. Belə ki, bu gün praqmatik siyasəti ilə Xəzər hövzəsinin bayraqdarı hesab edilən Azərbaycan sahib olduğu zəngin enerji ehtiyatlarından səmərəli şəkildə istifadə etməklə beynəlxalq miqyasda enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayan başlıca aktorlardan biri kimi çıxış edir.

Milli dövlət hədəflərinin balanslaşdırılmış strategiyası

Ölkəmiz milli dövlətçilik prinsiplərinə müvafiq olaraq həyata keçirilən praqmatik və rasional əsaslara söykənən siyasət nəticəsində miqyasına görə regional, əhəmiyyətinə görə isə qlobal xarakterli transmilli layihələrin mərkəzi oyunçusu qismində çıxış etməkdədir. Xəzər dənizinə xarici sərmayədarları ilk dəfə dəvət etməklə uzunmüddətli qarşılıqlı-faydalı əməkdaşlığın sağlam təməlini atan Azərbaycanın iştirakı olmadan bu gün regionda heç bir layihə gerçəkləşdirilə bilməz. Beləliklə Azərbaycanın dünya dövlətlərinin strateji əməkdaşlıqlar perspektivində kəsb etdiyi önəmi aydın şəkildə əks etdirir. Azərbaycan sahib olduğu bütün bu üstünlüklərlə başlıca aktorların - dünyanın aparıcı dövlətləri və transmilli şirkətlərin uzunmüddətli perspektivdə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə can atdığı tərəfdaş ölkələrdəndir.

Azərbaycan bir dövlət olaraq balanslaşdırılmış xarici siyasət strategiyasının fonunda Cənubi Qafqazın hərbi-siyasi və iqtisadi təhlükəsizliyinin təmin olunmasına birbaşa töhfələr verməkdədir. Artıq dünyanın aparıcı dövlətləri və təşkilatları Azərbaycanı Cənubi Qafqazın təhlükəsizlik qarantı və inkişaf mənbəyi adlandırırlar. Təkcə onu demək kifayətdir ki, ölkəmizin iştirakı olmadan regionda heç bir strateji əməkdaşlıq platforması gerçəkləşdirilmir.
Gerçəkləşdirilən bütün regional layihələrin mərkəzi oyunçusu qismində məhz Azərbaycan çıxış edir və Cənubi Qafqazın təhlükəsizlik sisteminin strateji korreksiyasında əhəmiyyətli faktor kimi dəyərləndirilir. Eyni zamanda, ölkəmizin milli maraqlarına adekvat olmaqla yanaşı, suverenlik səviyyəsini, heç bir dövlətdən, təşkilatdan asılı olmadığını da təsdiq edir. Sadalananlardan belə bir qanunauyğun nəticəyə gəlmək olur ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizi dünya siyasətinin təmsilçisi qismində çıxış edən və müstəqil xarici siyasət yürüdən milli dövlətlərin etibarlı strateji tərəfdaşına çevirib.

Azərbaycanın rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Artıq Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər. 2011-ci ilin oktyabr ayının 24-də BMT Baş Məclisinin plenar iclasında gizli səsvermənin nəticələrinə əsasən, Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Birləşmiş Millətlər Təşkilatının Təhükəsizlik Şurasında (BMT TŞ) təmsil edəcək yeni qeyri-daimi (müvəqqəti) üzv seçilməsi bunun başlıca göstəricisidir.

Cənubi Qafqaz və regional üstünlük taktiksının səmərəli nəticəsi

Uğurlu sosial-iqtisadi model yaratmaqla Azərbaycan ölkə daxilində sabitliyə və dayanıqlı iqtisadi inkişafa nail olub. Bu gün milli iqtisadiyyatımız modern sosial-iqtisadi və fiziki infrastruktura, yüksək məşğulluq səviyyəsinə və rəqabət imkanlarına malikdir. Neftdən daxil olan gəlirlər və düşünülmüş büdcə siyasəti ölkənin maliyyə gücünü xeyli artırıb, valyuta ehtiyatlarını yaratmağa imkan verib və inflyasiyanı idarəolunan səviyyədə saxlayıb.
Hazırda iqtisadiyyatın qeyri-neft sektorunun inkişafı neft sektorundan daha da sürətlə irəli gedir və ölkəmizdə xarici təsirlərə dayanıqlı iqtisadiyyat formalaşmaqdadır. Ümumiyyətlə, son 3 ildə iqtisadiyyatın qeyri-neft sektorunun davamlı olaraq yüksələn xətlə artması və 10 faizlik səviyyəni üstələməsi ölkə iqtisadiyyatının modernləşdirilməsi və şaxələnməsinə, neft faktorundan asılılığın azaldılmasına, qeyri-neft sektorunun sürətli inkişafına yönəlmiş iqtisadi inkişaf modelinin uğurla həyata keçirilməsinin nəticəsi kimi qiymətləndirilməlidir.
Aparılan müşahidələrə əsasən onu da qeyd etmək gərəkdir ki, ötən 10 il ərzində ölkə iqtisadiyyatı 3 dəfə artıb, iqtisadiyyatın şaxələndirilməsi uğurla həyata keçirilib, ölkədə müasir sosial-iqtisadi infrastruktur yaradılıb. 2003-cü ildə 1,5 milyard dollar olan dövlət büdcəsi 2013-cü ildə 25 milyard dollara çatıb. Beləliklə də ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərinin statistikasına gəlincə, ötən ilin müvafiq dövrü ilə müqayisədə Ümumi Daxili Məhsul (ÜDM) istehsalı 5,0 faiz, yaxud müqayisəli qiymətlərlə 1,3 milyard manat artaraq 27,2 milyard manata çatıb.

Beynəlxalq Valyuta Fondunun (IMF) açıqladığı dünya ölkələrinin adambaşına düşən milli gəlirin siyahısına görə, Azərbaycan 80-ci yerdə (10.033 dollar) qərarlaşıb. Həmin siyahıda Rusiya 52 (15.837 dollar), Türkiyə 64 (13.464 dollar), İran 73 (10.865 dollar), Gürcüstan 114 (5.114 dollar), Ermənistan isə 115-ci (5.100 dollar) yeri bölüşüblər.

Beləliklə, makroiqtisadi sabitliyin qorunub saxlanması, enerji, ərzaq və ekoloji təhlükəsizliyin təmin olunması, iqtisadiyyatının diversifikasiyası, bütün sahələrdə ardıcıl inkişaf strategiyasının uğurlu davamı nəticəsində bu gün Azərbaycan bütövlükdə Cənubi Qafqazın lideri və dünyanın ən sürətli inkişaf tempinə malik ölkələrindən biridir. Azərbaycan zəngin neft resurslarının satışından daxil olan valyuta ehtiyatlarını səmərəli şəkildə xərcləməklə, iqtisadiyyatın bütün sektorlarının dinamik inkişafı üçün əlverişli baza yaratmağa nail olub və hazırda qeyri-neft sektoru valyuta gətirə biləcək strateji bölməyə çevrilib. Yəni, milli valyutanın ölkə iqtisadiyyatının sahələrindən birinin istehsal məhsulunun ixracının artması hesabına möhkəmlənməsi və bununla da bütövlükdə iqtisadiyyatda baş verə biləcək böhranın qarşısı alınıb.
Müqayisə üçün bildirək ki, 90-cı illərdə tənəzzül dövrünü yaşayan digər Cənubi Qafqaz ölkəsi Gürcüstan 2010-cu ildə Cənubi Qafqaz iqtisadiyyatının yalnız 15,5 faizini formalaşdırırdı. Halbuki, artıq 2011-ci ildə sözügedən regionun iqtisadiyyatının 80 faizi Azərbaycanın payına düşürdü. 2013-cü ilin iyununda Gürcüstanda ÜDM-in artımı keçən ilin analoji dövrü ilə müqayisədə mənfi olub və -0,8 faiz təşkil edib.
Gürcüstan Milli Statistika Xidmətinin ilkin məlumatına görə, ÜDM-in artım tempi cari ilin ilk 6 ayı ərzində 1,8 faizə çatıb. Bu göstəricilər onu bildirir ki, ötən 20 il ərzində Gürcüstan iqtisadiyyatında artım çox cüzi olub. Ermənistanda isə rəsmi statistikaya görə cari ilin ilk yarısında inflyasiya 4,1 faiz təşkil etdiyi halda, orta aylıq əməkhaqqı cəmi 2,1 faiz artıb. Qiymətlər əməkhaqlarından daha sürətlə artdığına görə ölkədə həyat səviyyəsi aşağı düşüb. Bu müddət ərzində Ermənistan dramının məzənnəsi də düşüb. Hazırda, 1000 dram 1,9089 AZN, 2,4361 ABŞ dollar dəyərində ölçülür.

MDB məkanında Azərbaycanın yüksəliş mərhələsi

Azərbaycanda sürətli inkişaf təbii olaraq dövlət quruculuğunun bütün sahələrinə, o cümlədən, sosial sferaya ciddi sirayət edib. Bazar iqtisadiyyatı ilə sosial müdafiənin uğurlu kombinasiyası qazanılan bir çox uğurların təməlini təşkil edən əsas amillərdəndir. Təsadüfi deyil ki, son illər ərzində bir sıra Avropa ölkələrində qlobal böhranla bağlı büdcə xərclərinin azaldıldığı və ciddi sosial gərginliyin müşahidə edildiyi halda, Azərbaycanda sosialyönümlü layihələrin reallaşdırılmasında hansısa ləngiməyə, yaxud çətinliyə rast gəlinməyib. Əldə edilən gəlirlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilib. Dövlət büdcəsində sosial xərclərə ayrılan vəsaitin təqribən 30 faiz olması hökumətin bu sahəyə göstərdiyi diqqətin nəticəsidir.
Qeyd etmək yerinə düşər ki, cari ilin 6 ayında dövlət büdcəsi xərclərinin 26,7 faizi və ya 2 milyard 331 milyon manatı sosial təyinatlı xərclərin maliyyələşdirilməsinə yönəldilməklə, 2012-ci ilin eyni dövrü ilə müqayisədə 31 milyon manat çox olub. Hesabat dövründə əhalinin pul gəlirlərinin artım tempi 7,1 faiz təşkil edib və inflyasiyanı ənənəvi olaraq xeyli üstələyib. Ölkə üzrə orta aylıq əmək haqqı 6,8 faiz yüksələrək 408,8 manat təşkil edib. Respublika üzrə xarici dövlət borcunun ÜDM-yə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması Azərbaycanın milli iqtisadi inkişaf modelinin maliyyə dayaqlarını özündə ehtiva edir.
Dünya Bankının hesabatında milli gəlirin ədalətli bölgüsünə görə, Azərbaycan 110 inkişaf edən ölkəni geridə qoyur və bu da iqtisadi inkişafın səmərəliliyini göstərir. Hesabata görə, Azərbaycan dünyanın 153 ölkəsi arasında ən aşağı yoxsulluğa malik 20 ölkədən biridir. Avropa Komissiyasının maliyyə dəstəyi ilə hazırlanan "Aİ ilə Şərq Tərəfdaşlığı ölkələri arasında əmək mobilliyinin xərcləri və səmərəsi" adlı hesabatda bildirilir ki, son 10 ildə Azərbaycanda məşğulluq səviyyəsi xeyli yüksəlib. Azərbaycan məşğulluq səviyyəsinə görə (60 faiz), bölgədə ən yüksək göstəricilərdən birinə sahibdir. 2000-2011-ci illərdə Azərbaycanda məşğulluğun səviyyəsi 18 faiz artıb ki, Azərbaycan bu göstəriciyə görə MDB ölkələri sırasında da ön sıralardadır. Hesabata əsasən, Azərbaycanda immiqrasiya prosesi də aktiv şəkildə davam edir. Bu prosesdə əsasən MDB ölkələrinin vətəndaşları iştirak edirlər. Azərbaycanda miqrasiya proqnozlarına gəldikdə isə, ölkəni tərk etmək istəyən insanların sayı ildən-ilə azalır.

“Hürriyyət”